"Neftçi"yə altı aydan bir baş məşqçi gətiriləcəksə, anarxiya olacaq" - Mircavadov

"Neftçi"yə altı aydan bir baş məşqçi gətiriləcəksə, anarxiya olacaq" - Mircavadov
XƏBƏR 27 May 2024 / 12:53 3512
-  A +

"Reallıqdan danışaq. "Qarabağ" hamıdan güclü idi. Mən hələ oktyabr ayında demişdim ki, "Qarabağ" çempion olacaq. Çempionluğa layiq idilər".

Bu sözləri QOL.az saytına açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib. O, Misli Premyer Liqasının 2023/24 mövsümünün yekunlarından danışıb.

Turnirdə "Qarabağ" 83 xalla çempion olub. "Zirə" 58 xalla 2-ci, "Sabah" eyni xalla 3-cü, "Sumqayıt" 57 xalla 4-cü yeri tutub. “Neftçi” 56 xalla 5-ci olub və avrokuboklardan kənarda qalıb. "Qəbələ" isə yarışı 26 xalla sonuncu pillədə başa vurub.

Beləliklə, yeni mövsümdə Azərbaycanı Avropa kuboklarında “Qarabağ” (Çempionlar Liqası), “Zirə” (Avropa Liqası), “Sabah” və “Sumqayıt” (hər ikisi Konfrans Liqası) təmsil edəcəklər.

A.Mircavadov komandaların nümayiş etdirdikləri oyuna uyğun nəticələr qazandıqlarını deyib: "Belə baxanda 2-c və 10-cu yer arasındakı komandaların gücləri eyni idi. Hansısa mərhələdə kimsə qələbə qazanırdı, ona görə xal toplayırdılar.

Oyun səviyəsinə gəldikdə isə bütün komandalar çox çalışmalıdırlar ki, "Qarabağ"a çatsınlar. Məsələ təkcə "Qarabağ"da deyil. Öz oyunlarını gücləndirməlidirlər. 2-ci, 3-cü və 4-cü yer uğrunda mübarizə gərgin oldu. "Zirə" layiqli yerini tutdu. "Sumqayıt"ın ehtiyat oyunçusu azdır, amma ağıllı iş gördülər. Məşqçi işi özünü biruzə verirdi. "Sabah" da avrokuboklara vəsiqə qazanmağa layiq idi. Murad Musayev getdikdən sonra hər şey qeyri-müəyyən olaraq qalırdı. Amma son oyunlarda özlərini topladılar. "Neftçi"ni layiqli şəkildə, öz oyunları ilə uddular. Hər bir komandamıza avrokuboklarda uğurlar arzu edirəm".

O, "Neftçi"nin avrokuboklardan kənarda qalmasına görə məyus olduğunu deyb: "Mən "Neftçi"nin avrokuboklara vəsiqə qazanmamasına heyfslənirəm. Mənimlə bərabər "Neftçi"də işləyənlər, oynayanlar da məyusdurlar. "Neftçi" avrokuboklarda niyə oynamayacaq? Bu barədə ayrıca müzakirə aparılmalıdır. Hər 6 aydan bir məşqçi dəyişikliyi indiyədək hansısa kluba xeyir verməyib. "Neftçi"nin "Sabah"la oyununda stadionda idim. Niyə "Neftçi" rəhbərləri veteranlarla əlaqə saxlamırlar? Bu da vacib amildir. Hərəmiz 15-20 il "Neftçi"də olmuşuq. "Neftçi"yə görə özümü pis hiss edirəm".

Əməkdar məşqçi "Neftçi"ni bu uğursuz zolaqdan çıxarmaq üçün böyük dəyişikliklər etməyin lazım gəldiyini deyib: "Çıxış yolu var. Amma bunlar uzun məsələlərdir. Həddindən artıq problemlər var. "Neftçi"yə gələn futbolçuları kim seçir? Biz görmüşük ki, baş məşqçi, onun köməkçiləri və idman diretoru bu işlə məşğul olmalıdır. "Neftçi"yə uyğun oyunçu dəvət etməlidirlər. Hər 6 aydan bir yeni baş məşqçi gətiriləcəksə, anarxiya olacaq. Bu "Neftçi" necə futbol oynayır, bunu özümüz də bilmirik. Özüm özümə sual verirəm ki, hazırkı "Neftçi" avrokuboklara vəsiqə qazansaydı, orada nə edəcəkdi? Çox dəyişikliklər lazımdır. Məşqçilər heyəti dəyişməlidir... Büdcəyə gəldikdə isə, mən inanmıram ki, Neftçi"nin büdcəsi zəif olsun. "Qarabağ"da sonra ən yaxşı büdcə "Neftçi"dədir. İş görmək lazımdır. İnsanlar orada futbolla məşğul olmalıdırlar. Futbolu bilən şəxsləri toplamaq lazımdır. Əfsuslar olsun ki, bizdə belə şeylər yoxdur".

A.Mircavadov "Neftçi"nin ötən gün baş məşqçi Miodraq Bojoviçi istefaya göndərməsinə də toxunub. O bildirib ki, Bakı klubu yerli mütəxəssisə həvalə edilməlidir: "Mən təkcə Bojoviçi günahlandırmıram. Onun da səhvi var, sözsüz. Amma "Neftçi"də məşqçi seçimi çox qəribə olur. Özüm də məəttəl qalıram. Adrian Mutunu gətirmişdilər. Oyunçu kimi Mutuya söz ola bilməz. Amma məşqçi kimi təcrübəsi, uğuru yox idi. Bojoviç isə 24-25 klub dəyişib. Belə şeyləri nəzərə almaq lazımdır ki, gələn məşqçi ailə qura biləcək, ya yox. Komanda ailə kimidir. Onu iki nəfər idarə etməlidir: biri klubun prezidenti, digəri də baş məşqçi. Bu iki şəxs bir-biri ilə əlaqəli iş görməlidir. Biz hazırda "Neftçi"də bunu görmürük. Ona görə də bu hala düşürlər. Yəqin ki, yenə əcnəbi məşqçi gətirəcəklər. Yerli mütəxəssislərə imkan vermirlər. Amma mən istərdim ki, yerli məşqçi gətirilsin. "Neftçi"nin tarixinə baxın, nə cür uğurlar qazanılıb. Bunların hamısını yerli məşqçilər edib".

Misli Premyer Liqasını 10-cu pillədə başa vuran "Qəbələ" qaydalara əsasən, çempionatı tərk etməli və gələn mövsüm 1-ci liqada mübarizə aparmalıdır. A.Mircavadov bu mövzu haqda da fikirlərini bölüşüb: "Bunun düzgün olub-olmadığını deyə bilmərik. Çünki qanun var, qayda var. Əgər İcraiyyə Komitəsi 10-cu yeri tutan komandanın Premyer Liqanı tərk edəcəyi ilə bağlı qərar verirsə, deməli, getməlidirlər. "Qəbələ"nin yaxşı infrastrukturu, meydançaları, akademiyası var deyə onların Premyer Liqanı tərk etmələrini istəməzdik. Amma eşitdiyimə görə, AFFA "Qəbələ"yə köməklik edəcək. Akademiyanın bütün xərclərini AFFA üzərinə götürəcək. Bu da çox yaxşı fikirdir. "Qəbələ" yüksək liqaya qayıtmaq istəyirsə, 1-ci liqada yaxşı mübarizə aparmalıdır. Premyer Liqada komanda sayı artırılsaydı, "Qəbələ" qala bilədi. Niyə artırmadılar, bu başqa məsələdir. İnanın ki, bölgələrimizdə stadionların durumu bərbaddır. Meydançalar yaxşı vəziyyətə gətirilməlidir. Özü də təbii örtük olmalıdır. Süni örtüklü meydançadan uzaq durmalıyıq. Futbolçu yetişdirmək həddindən artıq ağır olur. Ona görə də əsas belə şeylərə fikir vermək lazımdır. 1-ci liqadan Premyer Liqaya yüksələn komandaların infrastrukturuna diqqət ayrılmalıdır. Hər şey yaxşıdırsa, buyursunlar, yoxdursa, gedib düzəltsinlər. Bunlar şərtdir də. "Qəbələ" son oyunlarda yaxşı çıxış etdi. İş birliyi olmalıdır ki, 1-ci liqada lider olub Premyer Liqaya qayıtsınlar".

Nur Zeynalova


Son xəbərlər
16.06.24  14:40

"Milan"da qalır

16.06.24  12:40

Spaletti rekord qırdı