Amma yetim nə təhər olur ey?! Atanın, ananın ölməyi ilə adam yetim qalmır. Əgər sənin şəhərin, qəbristanlığın, torpağın düşmən tapdağı altındadırsa və əgər sən hər gün, hər saat bunun xiffətini çəkirsənsə, ağrısını-acısını yaşayırsansa elə yetimsən də. Axırıncı dəfə atamı, anamı yuxuda deyəsən bir il bundan əvvəl görmüşəm. Amma Ağdamı yuxularımda həftədə 2-3 dəfə, bəlkə 4 dəfə görürəm. Nə isə, yetim söhbətini qurtardıq.
Məsələ nədi?
Bu yetim camaatın bir komandası var: «Qarabağ». Adamlar bu komanda ilə nəfəs alırlar, yaşayırlar. Və bu komanda uzun müddət evsiz-eşiksiz, yiyəsiz elə yetim kimi Bakının gah o stadionunda, gah bu stadionunda «ev oyunları» keçirirdi. Sonra o vaxtkı «Azərkimya»nın prezidenti Fikrət Sadıqov bu komandaya az-çox şərait yaratdı, komanda Sumqayıta köçdü, «ev oyunlarını» da Sumqayıt stadionunda keçirməyə başladı. Oxucular görməyib, amma mən görmüşəm. Görmüşəm ki, balaca-balaca uşaqlar yeganə təsəlliləri olan «Qarabağ»ın oyununa baxmaq üçün necə Sumqayıta gedən avtobusların arxasından sallaşıb gedirdilər. «Qarabağ» qalib gələndə sevincdən, uduzanda isə ağrıdan hönkür-hönkür ağlayırdılar.
Oyuna çıxmamışdan əvvəl mən tribunadakı uşaqları göstərib komandaya deyərdim:
- Sizə qurban olum, o uşaqları ağlatmayın.
Və futbolçular o uşaqların göz yaşlarının xətrinə özlərini öldürürdü. Onda bilirsiniz oyunçular nə qədər maaş alırdı? 100-150 dollar. Bəzən də elə olurdu ki, 2-3 ay komanda yeməkxanaya borclu qalırdı, amma oynayardı. Ac qarına çıxardı və oynayardı. Bax, o yetim komanda o şəraitdə çempion olurdu, kuboku alırdı və hər il Avropa çempionatlarında çıxış edirdi. Və onu da deyim ki, həmin vaxt komandanın 90 faizi Ağdam futbol məktəbinin yetirmələr idi. Özü də Ağdam futbol məktəbinin yetirmələri təkcə «Qarabağ»da deyil, ölkənin digər komandalarında da oynayırdılar.
Yəni bir Ağdam futbol məktəbi vardı və futbol məktəbinin yetirmələri də Ağdamın şərəfini qoruyurdular.
İndi day Ağdam futbol məktəbi yoxdu.
Sonra «Azərsun» komandanı sponsorluğa götürdü. Və bütün ağdamlılar sevindilər, «Azərsun» rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və bu gün də minnətdardılar. Bu bir həqiqətdir ki, «Azərsun» komandanı el diliylə desək, yağ içində böyrək kimi saxlayır. Və mən də bu komandanın bir pərəstişkarı kimi «Azərsun» rəhbərliyinə həmişə öz təşəkkürümü çatdırmışam.
Məsələ nədi?
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə Quzanlıda (Ağdamın dövlət strukturları bu qəsəbədə yerləşir) möhtəşəm bir Olimpiya Kompleksi tikildi. Bu Ağdam camaatına möhtərəm prezidentin ən gözəl hədiyyələrindən biri oldu. Və burada 2500 tamaşaçı tutan gözəl bir stadion da inşa edildi. Ölkəyə çox görkəmli idmançılar, futbolçular vermiş Ağdamın idman həyatında yenidən bir canlanma yarandı.
Və bundan bir qədər sonra mən, Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev AFFA-nın prezidenti Rövnəq Abdullayevlə «Qarabağ»ın ev oyunlarını öz doğma elində, obasında keçirməsini xahiş etdik, bir neçə dəfə bu barədə Milli Məclisdə söhbətlərimiz oldu. Nəhayət, bir gün Rövnəq müəllim bizi sevindirdi ki, Ağdam ictimaiyyətinin xahişini nəzərə aldıq, komanda ev oyunlarını Ağdamda, daha dəqiq desək, Quzanlıda keçirəcək. Bu yerdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin də xidmətini qeyd etmək istəyirəm.
Həmin gün Bərdə yolunda Ağdamın o vaxtkı icra başçısı Həsən Sarıyevlə birgə həsrətlə Bakıdan çıxmış «Qarabağ» komandasını gözləyirdik. Eləcə də minlərlə adam yollara çıxıb öz doğma komandasını gözləyirdi. Hətta çoxları komandanı Kürdəmirdə qarşılamışdı, Ucarda qarşılamışdı, Yevlaxda qarşılamışdı. «Qarabağ»ı gətirən avtobus Dördyola çatanda gördük ki, pəncərələrdən Azərbaycanın və «Qarabağ»ın bayraqları çıxarılmış onlarla maşın komandanı müşayiət edir. Komandayla bir yerdə PFL-in prezidenti Ramin Musayev də gəlirdi. Avtobusun önünə böyük bir plakat asılmışdı: «Bu gün Quzanlıya, sabah Ağdama!»
Hörmətli oxucu, sən görməmisən, amma mən görmüşəm. Avtobusu qarşılayan minlərlə insanın sevincdən ağlamağını görmüşəm. Ağlaya-ağlaya avtobusu öpənləri görmüşəm. Balaca uşaqların dırmaşıb o plakatı öpdüyünü görmüşəm. Onda mən də ağlamışdım. Və indi bu yazını yazanda da həmin mənzərə gözümün qabağında canlandı və yenidən kövrəldim.
Və sanki bu avtobus camaatı Ağdama aparacaqdı.
Bayram idi. Çox böyük bir bayram idi. İnsanlarda dəhşətli bir inam yaranmışdı. Neçə ildi gözlərinin içi gülməyən camaatın gözünün içi gülürdü. İnsanlar avtobusun böyrü ilə qaçırdılar.
Ayağı Ağdam torpağına dəyən komandanın uğurları başladı. Neçə müddətdi Avropa çempionatlarında iştirak edə bilməyən komanda yeni zəfərlər yazmağa başladı. Avropanın stadionlarını silkələdi, Avropanın özündəndeyən komandalarını xıxırtdı. Qısa bir zaman kəsiyində komandanın adı Avropanın ən güclü klubları ilə bir sıraya düşdü. Avropa klubları komandanın futbolçuları ilə maraqlanmağa başladı və sair və ilaxır. Bunlardan hamının xəbəri var.
Yaxşı, bəs məsələ nədi?
Amma «Bu gün Quzanlıya, sabah Ağdama» gedəcək komanda sonra qayıtdı Bakıya. Yetimin çuxasını götürüb qaçdılar və qaytarıb sevindirmədilər. O sevinci çox gördülər .
Bəli, «Qarabağ» bu gün «ev oyunlarını» Suraxanı stadionunda keçirir. Ev oyunlarını! Suraxanı nə vaxtdan ağdamlıların evi olub?!
«Azərsun» Suraxanı stadionuna çox gözəl maya qoyub və «Qarabağ» komandası stadionla 20 illik bir icarə müqaviləsi bağlamaq üzərədir.
20 illik bir icarə müqaviləsi!..
Ağdamlıları komandanın Suraxanıda oynaması bir o qədər ağrıtmır ki, bu 20 illik müqavilə ağrıdır.
Məntiqdən belə çıxır ki, ağdamlılar hələ 20 il Ağdamı görməyəcəklər?!
«Azərsun»un rəhbərliyi doğrudanmı o qənaətdədir ki, hələ 20 il Ağdam erməni işğalından azad olmayacaq?
Qaytarın biz yetimlərin çuxasını.
Qaytarın «Qarabağ»a Ağdam torpağını.
Bir dəfə televiziyada «Xəzər-Lənkəran»ı yüksək liqaya buraxmaq istəməyən Mübariz Mənsimovdan müxbir soruşdu ki:
- Bəs onda tikdirdiyin bu stadionu neyləyəcəksən?
Çox maraqlı və əsəbi bir cavab verdi:
- Eşşək otaracam.
İndi Quzanlıda tikilmiş o möhtəşəm stadion boş qalıb. Bəlkə biz Ağdamın Atçılıq Zavodunu başqa regiondan qaytaraq həmin stadiona və orda Qarabağ atları otaraq?!
Biz «Azərsun»un rəhbərliyindən, həmişə adını minnətdarlıqla çəkdiyimiz Gözəl bəydən, AFFA-nın prezidenti Rövnəq Abdullayevdən, PFL-in prezidenti Ramin Musayevdən çox xahiş edirik, qaytarın biz yetimlərin çuxasını.
Aqil ABBAS
"Barselona" xal itirdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."
"Qarabağ"ın rəqibindən böyükhesablı qələbə
Harri Keyn Bundesliqa rekordu qırdı
Orxan Məmmədov çempionlarla görüşdü - Şəkillər
Kompani narazıdır
Messi: "Barselona üçün çox darıxıram"
PSJ-nin Mbappe ilə bağlı şikayətinə cavab
“Arzulamadığım tək rəqib Türkiyə idi”
"Bayer"in ulduzu zədələndi
"Real" millimizə 4 qol vuran futbolçunu istəyir
Harri Keynin het-triki - Video
Blatter: “Futbol doğru istiqamətə getmir”
"İnter Mayami"nin sahibindən Messi açıqlaması
“Bavariya” liderliyini möhkəmləndirdi
“Monako” 3 xalı 3 qolla qazandı
"Əl Nəsr" mövsümdə ilk dəfə uduzdu
“Traktor” kubokla erkən vidalaşdı
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham