Milli komandamızın sabiq kapitanı, AZAL, “Neftçi” və “Keşlə”nin keçmiş baş məşqçisi Tərlan Əhmədov Qol.az saytına geniş müsahibə verib. Müsahibənin birinci hissəsini təqdim edirik.
- Uzun müddətdir işsizsiniz. Bu zaman kəsiyində sizə heç bir təklif gəlməyib?
- Xeyr. Məşqçilik işi qəribədir. Hərdən öz-özümə düşünürəm ki, bəlkə, heç mən futbol oynamamışam, Avropa çempionu olmamışam? Bəlkə, heç yığmanın, “Qarabağ”ın, AZAL-ın kapitanı olmamışam. Heç bir yerdən təklif yoxdur. Sanki mən adda futbolçu, məşqçi olmayıb. 2003-cü ildən sonra futbolda nə qədər tədbirlər keçirilib. Amma mən bu müddət ərzində ancaq millinin Lüksemburq, Qətərlə oyunlarına dəvət almışam. Başqa heç bir tədbirə çağırılmamışam. Allaha şükürlər olsun, mənim futbol oynadığım vaxt komandalarım həmişə liderlər qrupunda olub. Özüm məşqçi işləyəndə də çalışmışam ki, yaxşı nəticələr verim. Son pillədə olan komandanı yuxarı yerlərə qaldırmışam. Həmişə nəticə verən məşqçilər kənarda qalır. Amma nəticəsi olmayan adamlarla 3-4 illik müqavilə imzalayırlar. Bu, məni çox təəcübləndirir. Yəni, nə baş verir? Hazırda yada salan da yoxdur. Son 5-6 ayda bir neçə telekanalı çıxmaq şərti ilə nə zəng edən, nə də müsahibə alan var.
- Qeyd etdiniz ki, təklif göndərən yoxdur. Sizcə, bu, niyə belədir? Ortada hər hansısa bir qərəz var?
- Bilmirəm. Təkcə onu bilirəm ki, “Neftçi”də və “Keşlə”də işləmişəm, nəticə də vermişəm. Hər şey göz qabağındadır. Müqavilə uzadılmayıb, ona görə də yolları ayırmışıq. AZAL-da isə rəhbərlik dedi ki, ümumiyyətlə, komanda dağılır. Bundan sonra “Neftçi”yə baş məşqçilik etdim. Komanda sonuncu pillədə idi. Klubla əl-ələ verib, “Neftçi”ni 3-cü pilləyə yüksəltdik. “Keşlə” haqqında da eyni şeyi deyəcəyəm. Komanda ağır dövrünü keçirirdi. Biz yeni heyət formalaşdırdıq, nəticə verdik, 3-cü yerə yüksəldik. Amma yenə də müqavilə yenilənmədi. Bilmirəm ki, qərəz var, ya yox. Yəni, nə baş verdiyini anlamıram. Amma bildiyim qədər onu deyə bilərəm ki, “Neftçi”dən də, “Keşlə”dən də eyni ssenari ilə çıxarılmışam. Yeni komanda qurmuşam, futbolçular dəvət eləmişəm, sonra müqavilə yenilənməyib. Bəlkə də rəhbərlik daha yaxşı komanda formalaşdırmaq istəyib. Çünki artıq uğur zolağında idilər. Amma mənə qarşı edilən şey nədir, onu bilmirəm. Hazırda “Keşlə”nin əsas heyətində oynayan Pərviz Azadovu mən U-19 komandasından gətirmişəm. U-19-un baş məşqçisi Nadir Əliyevə zəng vurmuşdum ki, mənə özünüzün gözünüzlə gördüyünüz, bəyəndiyiniz bir futbolçu məsləhət görün. O da dedi ki belə bir oyunçu var, əslən Xaçmazdandır, çox istedadlıdır. Cavab verdim ki, gəlsin, məşqə qatılsın. Onun həqiqətən də istedadlı, Azərbaycan futboluna fayda verə biləcək bir oyunçu olduğunu gördüm. Sonra Pərvizlə müqavilə imzaladıq. O dövrdə əvəzedici heyətə ümumiyyətlə, yaxın buraxılmırdım. Amma çalışdırdım ki, akademiya ilə də maraqlanım.
“Neftçi”də Orxan Fərəcov adında futbolçu var idi. O, indi “Səbail”də oynayır. Mən Orxanı U-19-dan əsas komandaya gətirmişdim. Yəni, çalışırdım. Amma yerli mütəxəssislərə niyə laqeyd yanaşılır, bunun səbəbini mən özüm də bilmirəm. Məsələ burasındadır ki, deyirlər, Premyer Liqada klub sayı azdır. Amma 4 klubumuzdan 1-i Çempionlar Liqasında, 3-ü Konfrans Liqasında iştirak edir. Amma siz düşünün ki, “Qarabağ”dan başqa, digər 3 klubun heç biri nəticə vermir axı. Mən 2011-12-ci illərdə “Neftçi”də rəhmətlik Böyüyağa Hacıyevlə birlikdə işləyirdim. Avropa Liqasına düşən komandanın məşqçilərindən biri idim. Demək olar ki, ən ağır iş elə mənim üzərimdə idi. Hamımız bilirdik ki, Böyüyağa müəllimin vəziyyəti ağırdır. O, “Neftçi” adına böyük işlər görmüşdü. Yəni, məni təəccübləndirir ki, işlədiyim komandalar uğur qazansalar da, niyə yola mənimlə davam edilmədi. Mən işlədiyim vaxtda da demişəm, deyəcəm də, Azərbaycan futbolu o vaxt inkişaf edəcək ki, ilk növbədə milliləşdirilmiş oyunçulardan imtina edəcəyik. İkinci növbədə bütün regionlarımızda komandalar olmalıdır. Avrokubokların təsnifat mərhələlərində oynamış klublarımız – “Kəpəz”, “Turan Tovuz”, “Karvan”, “Şəmkir”, “Zaqatala”, “Bakı” ortada yoxdur. Nə vaxt bölgələrimizdə futbolçular yetişəcək, yaxşı oyunçular çıxacaq, onda futbolumuz inkişaf edəcək. Doğulub-böyüdüyüm Şirvan şəhərinin adı ilə idman təmayüllü internat məktəbinə daxil olub, sonra gəlib Avropa çempionu adını qazanmışam. İndi isə Şirvan şəhərində ümumiyyətlə futbol yoxdur.
Stadionun tikintisi də yarımçıq qalıb. Bu yaxınlarda mənə dedilər ki, Tərlan müəllim, stadionda artıq buynuzlu ilan da görüblər. Təsəvvür edin ki, bu stadion nə vəziyyətdədir. Biz idman cəmiyyətlərini inkişaf etdirəndən, yeni nəsilə dəyər verəndən sonra, futbolumuz inkişaf edə bilər. Ali Baş Komandanımız, ölkə Prezidenti İlham Əliyev idmanın inkişafı üçün hər bir şərait yaradıb. Qardaş, başqa sahələrdə yeni nəsillə bağlı tədbirlər görülür, tapşırıqlar verilir. Amma biz yenə də futbola cavan nəsilə üstünlük vermirik. Elə milliləşdirmək istəyirik. O gün baxdım ki, millidə 12 nəfər legioner var, yəni milliləşdirilmiş futbolçu. Bəs, bizim bu akademiyalarımız nə üçündür? Uşaqlar arasında keçirilən çempionlatlar nə üçündür? Klub sayı artırılsa, yerli mütəxəssislərimiz üçün də iş yaranar. Amma fakt ortadadır ki, nəticə verdiyim komandalardan uzaqlaşdırılmışam. Axı, bu, istər-istəməz insana çox təsir edir.
- Azərbaycan millisi bir neçə gün əvvəl Malta ilə yoxlama oyunu keçirdi və 0:1 hesabı ilə uduzdu (müsahibə Latviya ilə bugünkü yoxlama matçından əvvəl götürülüb – red.). Siz millimizin oyununda müsbət nə isə gördünüzmü?
- Xeyr. Mən bu oyunda futbol adına heç nə görmədim. Çünki milli komandada yerli futbolçular, milli ruh olmalıdır. Canni de Byazi yığmaya baş məşqçi gələndən sonra komanda Millətlər Liqasında ilk oyununu keçirdi. Mən həmin vaxtdan bəri deyirəm ki, komandada milli, döyüşkən ruh yoxdur. Yığmanın Azərbaycan adına meydana çıxıb, vuruşmasını görmürəm. Uduzmaq başadüşüləndir, bu, futboldur. Amma mübarizə aparmaq lazımdır. Hər dəfə 1 xal qazanmaq olmaz. Artıq biz qələbəyə həsrət qalan milli üçün utanırıq. Hərdən mənə deyirlər ki, sizin vaxtda filan şey filan idi. Deyirəm ki, bizim vaxtı kənara qoyun e. Biz elə dövr yaşadıq ki, heç bir şəraitimiz yox idi. Sadəcə biz futbolumuzun inkişafı, gələcəyi üçün mübarizə apardıq. Biri var heç nə olmasın, biri də var heç olmasa, insanlarda maraq yaransın. Bizim dövrümüzdə vəziyyət çətin idi. Amma Allaha şükürlər olsun, indi dövlətimiz idmançılar üçün hər bir şəraiti yaradıb. Stadionlar, idman kompleksləri tikilib, akademiyalara vəsaitlər ayrılıb. Yəni, biz artıq nəyisə bəhanə gətirə bilmərik. Düzgün struktur və sistem qurmalıyıq. Regionlarımızda futbola diqqət ayrılmalıdır. Ən birinci şərt odur ki, “Kəpəz”, “Turan Tovuz” və “Zaqatala” çempionata qayıtsın. Premyer Liqamızda rəqabət olmalıdır. 7-8 il əvvəl 5 komanda çempionluq uğrunda mübarizə aparırdı. Bu gün isə biz hamımız bilirik ki, “Qarabağ”dan başqa kiminsə çempion olmağa gücü çatmayacaq. Heç kim də ağlından keçirmir ki, 12 xallıq fərqin qapanması üçün “Qarabağ” 4 oyunda uduzacaq. Bu, həyatdır, hər şey ola bilər. Amma hazırda real görünmür. Əvvəl isə mövsümün sonuna qədər 4-5 komanda arasında rəqabət gedirdi. Görürdük ki, son turlarda 3-4 komandanın xalı eyni idi. İndiki dövrdə bu yoxdur. Düşünürəm ki, idman akademiyalarının hamısı Gənclər və İdman Nazirliyinin nəznində olmalıdır. Çünki bütün dünyada belədir. Bu gün Hövsanda aşağı yaş qrupları üzrə komandaların çempionatını keçirirlər. Oyunlar saat 9-da olur. Gediş-gəliş və digər amillərdə problem yaranır. Belə şeylər həll olunmalıdır. Akademiyaların məşqçiləri də savadlandırılmalıdır. Onların təhsillə əlaqələri olmalıdır. Futbolçuların təhsilinə vaxt ayırmasına da imkan verilməlidir, psixoloji dərslər keçirilməlidir. Çünki yaş artdıqca futbolçuların məşqləri də ağırlaşır. Gənclər belə şeylər üçün hazır olmalıdır. Aşağı yaş qruplarındakı futbolçuların məşq prosesinə xüsusi nəzarət edilməlidir. Çünki bizim U-19 komandalarında oyunçuların çoxu artıq yuxarı yaşlı komandalara keçə, ağır yükləri qəbul edə, uyğunlaşa bilmirlər. Çox az oyunçu bunu bacarır. Ona görə də belə məsələlərin hər biri öz həllini tapmalıdır. Yəni, millimizin oyununda müsbət məqam görmək üçün futbolçular akademiyalarda milli ruhla yetişdirilməlidir. Onlar üçün uşaqlıqdan təbliğat aparılmalıdır. Keçmişdəki dünya, olimpiya çempionları necə olub, bu gün nə tələb edilir, nə etmək lazımdır, bunların hamısı cavan nəsilə aşılanmalıdır. 44 günlük müharibədə zəfər necə qazanılıb, bunlar hamısı futbol akademiyalarında təbliğ edilməlidir. Əlbəttə ki, 12 nəfər milliləşdirilmiş əcnəbi oyunçunun milli ruhu ola bilməz. Onlar sadəcə olaraq maddiyyatı düşünürlər. Bu da hər dəfə uğur gətirmir. Son 3 ildə yığmada ümumiyyətlə, milli ruh görməmişəm. Bu da getdikcə hamıda mənfi fikir formalaşdırır. Artıq heç kim milliyə inanmır. Ötən il yığmanın heyəti son ilin ən yaxşısı idi. Heyətdə Mahir Emreli, Namik Ələskərov, Maksim Medvedev, Qara Qarayev kimi oyunçular var idi. Amma son 10 ilin ən yaxşısı olan komanda uğursuz çıxış etdi. Çatışmayan əsas şey isə milli ruhdur. Bunu futbolçulara aşılamaq lazımdır. Çünki klub psixologiyası, hazırlığı başqadır, milli isə başqa. Mən hazırkı komandaya milli deyə bilmirəm. Çünki yığma komandadır. Ümid edirəm ki, milli ruh komandaya qayıdacaq. Ola bilər ki, bu məğlubiyyət futbolçuları silkələsin. Məncə, yığma qarşıdakı Millətlər Liqasındakı oyunlarda yeni mərhələnin təməlini qoymalıdır. Demirəm ki, tamamilə gəncləşdirilmə siyasəti aparılmalıdır. Sadəcə biz yaşlı legionerlərdən imtina etməli, özümüzün gənc, yerli futbolçularımıza üstünlük verməliyik. Komanda formalaşdırılmalıdır. Baş məşqçi kim olacaq, necə olacaq, artıq bu, AFFA tərəfindən həll ediləcək bir məsələdir. Amma Malta ilə matçda milli ruh adına heç nə görmədim.
- Siz də bilirsiniz ki, əvvəlcə milliyə bir az gənc futbolçuları çağırdılar. Sonra bu, komandaya uğur gətirmədi. Bu dəfə isə Eddi İsrafilov, Dimitri Nazarov kimi oyunçular dəvət edildi. Sizcə, bu addım niyə atıldı?
- Məsələ bundadır ki, komandada tandem olmalıdır. Birdən birə bütün yığmanı gəncləşdirmək olmaz. Bu mümkün deyil. Təcrübəli oyunçuların əhatəsində yeni nəsil futbolçulara yer vermək lazımdır. Hansı mövqedə yaşlı futbolçu artıq keyfiyyətli oynaya bilmirsə, oraya cavan oyunçu gətirilməlidir. Bizdə deyirlər ki, 21 yaşlı futbolçu cavandır. Amma Avropada 21 yaşlı oyunçu artıq cavan sayılmır. Bizdə deyilir ki, hələ 21, 23 yaşı var, potensialı qabaqdadır. Amma belə deyil. Yığmanı tam cavanlaşdırmaq da olmaz, bütün komandanı yaşlılardan, legionerlərdən qurmaq da olmaz. “Qarabağ”da İsmayıl İbrahimli, “Keşlə”də Cəlal Hüseynov, “Qəbələ”də Rövlan Muradov, Ülvi İsgəndərli kimi oyunçular var. Artıq uzun müddətdir ki, Rövlan Muradov və Ülvi İsgəndərli milliyə dəvət olunmur. Bu futbolçular bəlkə də Dimitri Nazarovdan daha keyfiyyətli, istəklidir. Onlar mütəmadi olaraq əsas milliyə çağırılmalıdırlar. Həmin oyunçularda istər-istəməz vətən sevgisi var. Onların komandaları da Premyer Liqada liderlər qrupundadır. Niyə dəvət almırlar? Ülvi İsgəndərli texnikalıdır, qol hissiyatı var, fiziki göstəriciləri də yaxşıdır. Yavaş-yavaş hər mərhələdə gənc oyunçular dəvət olunmalıdır ki, artıq yaşlıların yerinə gənc futbolçuformalaşsın. Bu yaşlı legioner oyunçuları görəndə adam düşünür ki, bəlkə, elə bütün milli sırf gənclərdən qurulsun. Uduzanda da 1 il uduzarlar, sonra təcrübə yığarlar. Guya, Eddi İsrafilov, Dmitri Nazarov gələndə nə oldu? Bəlkə də Eddi “Neftçi” üçün nə isə edə bilər, amma artıq belə futbolçuların yaşları keçib. Onlar 1 il sonra millidə heç kimə lazım olmayacaqlar. Amma yeni nəsil formalaşdırmaq mümkündür. Biz qəfil hansısa oyunçunu çağırırıq ki, gəl, millidə oyna. Əlbəttə ki, belə olmaz. Sadəcə Qara Qarayevin, Maksim Medvedevin əhatəsinə yeni futbolçular cəlb edib, onları yığmaya uyğunlaşdırmaq lazım idi. Bu işlər tədricən həyata keçirilməli idi. Rəşad Sadıqov son illərin ən yaxşı müdafiəçisi idi, karyerasını başa vurdu. Biz onun yerinə yeni futbolçu yetişdirməli, uyğunlaşdırlmalıyıq. Bəhlul Mustafazadə, Rahil Məmmədov hələ ümidi doğrultmur. Onların yerinə daha yaxşı futbolçular da tapmaq olar. Yaşlı oyunçular onsuz da səhv edir və məğlub oluruq. Qoy elə gənc futbolçu gəlsin, təcrübə qazansın, peşəkarlaşsın. Bu məsələ belə həll olunmalıdır.
- Qarşıdan Millətlər Liqasının oyunları gəlir. Yığmamızın yaxşı çıxış edəcəyinə ümid etmək olarmı?
- Düzü, bilmirəm. Gedişat, Malta ilə son oyun, komandada milli ruhun, istəyin olmaması ciddi problemlərin göstəricisidir. Təcrübəli futbolçuya kimsə öyrətmir ki, necə oynamalısan. Bir komandaya yeni futbolçu cəlb edəndə bir mövsüm keçir, görürsən ki, hələ tam uyğunlaşa bilmir. Amma yığmadakı oyunçuların hamısı təcrübəlidir. Bu futbolçuların təcrübəsi onları bir-birinə uyğunlaşdırmalıdır. Bir-birlərini gözüyumulu başa düşməlidir. Lakin millinin oyununda uyğunlaşma yox idi. Ancaq Maltanın hücumlarını, qol vəziyyətlərini gördük. Adamın lap ürəyi ağrıyır. Belə oyunla nəyəsə ümid etmək olmur. Hətta əvvəlki matçlara, Lüksemburqla, Qətərlə görüşlərə baxanda da görürsən ki, bu oyun gələcək üçün ümid vermir. Malta ilə matçda da müsbət nəsə görmədik. Əgər biz Malta ilə oyunda çətinlik çəkiriksə, Slovakiya, Belarus, Qazaxıstanla görüşlərdə necə olacaq? Onlar öz qruplarında demək olar ki, normal nəticələr qazana biliblər. Axı, biz heç Millətlər Liqasında da, dünya çempionatının seçmə mərhələsində də xal toplaya bilməmişik. Malta ilə, Qətərlə, Lüksemburqla oyun növbəti Millətlər Liqası üçün nəyəsə ümid verir? Biz evdə də normal oyun nümayiş etdirə bilmirik. Səfərdə isə ümumiyyətlə, çox çətinlik çəkirik. Üs-üstə 2 ildən çoxdur ki, yığmamız qələbə üzünə həsrətdir. Ümid edirəm ki, heç olmasa bir neçə qalibiyyətə sevinərlər.
Müsahibənin ikinci hissəsini sabah oxuya bilərsiniz.
Nur Zeynalova,
Ramiq Ağaməmmədov
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı
"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
"Bavariya" kapitanını itirdi
Ronaldo Braziliya futboluna rəhbərlik etmək istəyir
"Barselona" Yamala 1 milyard avro qiymət qoydu
Qvardiola niyə müqaviləni uzadıb?
"Qarabağ"ın rəqibi 90+8-ci dəqiqə qolu ilə uduzdu - Video
Dünyanın ən yaxşı futbol çempionatları - Siyahı
PSJ Hakimi ilə razılaşdı
Hazard Mbappeyə qalib gəldi - Video
Azərbaycan basketbol millisi İrlandiyaya uduzdu
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi