Milli komanda, anti-milli neqativ və Emin Mahmudov

Milli komanda, anti-milli neqativ və Emin Mahmudov
ÖLKƏ FUTBOLU 7 Sentyabr 2021 / 16:35 5464
-  A +

“Sən bizimsən, bizimsən, durduqca bədəndə can,

Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

deyən böyük Məhəmməd Əmin Rəsulzadədən bu yana təfəkkürümüzdəki "bizim" anlayışı genişlənməyə başladı, sanki. "Bizim Vətən", "bizim torpaq", "bizim tarix", "bizim mədəniyyət", "bizim ana dilimiz" və nəhayət, bizim üçrəngli bayraq, himn, gerb və s. Zaman-zaman bizim olanlar "milli" statusu qazandı. Müstəqillikdən sonra bu tendensiya futbola və digər sahələrə də sirayət etdi. Artıq bizi dünyada təkcə hansısa şəhərin, rayonun komandası deyil, eyni zamanda bütöv Azərbaycanımızın  milli komandası təmsil etdi. Bəli, milli komandası. Yəni, bizimki. Yaxşı da olsa bizimki, pis də olsa bizimki.

Yaxşı nəsə varsa, şükür, ona sahiblənməkdə problemimiz olmur. Amma

pis olanda bir az çətinliyimiz olur. Çətin həzm edirik. Üstəgəl tənqid edirik. Bəzən haqlı olaraq uman yerdən küsürük də. İnsan təbiətinə xas olan bu davranışlar, elə təbiətin özü qədər də təbiidir.

Pis olan nəticədir. Səbəbi araşdırılmağa məhkum olan nəticə. Və artıq 30 ilə yaxındır ki, bu uğursuz səbəb-nəticə əlaqəsi böyük bir neqativ yaradıb. O qədər böyük ki, fondakı kiçik inkişaf meyilləri də gözəgörünməz olub.

Lüksemburq məğlubiyyətindən sonra səhifələrdən biri Elxan Məmmədovun fotosuna, "Futbolumuzun Nəcməddin Sadıqovu" şərhini vermişdi. Nə qədər gülməli olsa da, bir o qədər də real olan bu yanaşma məcbur edir ki, futbolumuz və ordumuz arasında müəyyən müqayisə aparaq. Yadınızdadırsa, ötən ilin elə bu günlərinə qədər eyni

neqativ fikirləri ordumuz barədə səsləndirənlər də tapılırdı Amma, o ordu xalqın gücünü arxasına alıb elə bir uğurlu tandem, elə bir toz-duman yaratdı ki, Nəcməddin Sadıqov kabusu da gözdən itdi. Çünki ordu xalqınki idi, Milli Ordu idi. Yığmamızda da xalqındı, millidi. Deməli, onu da bu vəziyyətdən xalq olaraq çıxarmalıyıq. Elxanlar dünya mövcud olduqca var. Sadəcə, biz elələrinin aramıza girməsinə icazə verməməliyik. Neqativə yox, pozitivə köklənərək, daha çox dəstək olaraq bu durumdan çıxa bilərik. Tənqid əlbəttə ki, lazımdır. Amma, məhz günahkarları tənqid etmək lazımdır, daha önümüzə sürüyüb atdıqları günahsızları yox. Günahsızı tənqid etmək onun travma almasına, bir də özünə gələ bilməməsinə gətirib çıxarır.

Pozitiv enerjinin önündə hansısa əngəlin tab gətirib sonacan dözməsi nadir hallarda mümkün olur, bəlkə də. İndi, soruşacaqsanız ki, pozitiv olan nə var, axı?

Cavab: Çox şey. Məsələn, Emin Mahmudov. Adam təkcə bu seçmə mərhələdə millinin vurduğu hər 3 qolun müəllifidir. Özü də fərqli-fərqli qollar. Penaltidən, cərimə zərbəsindən və sonuncu olaraq oyun epizodundan. Kimisi stadiona belə gəlmədən evdə divanda uzanıb futbola baxır. Amma Emin meydanda 90 dəqiqə dayanmadan qaçır, can qoyur,

sonra da sosial şəbəkədə neqativ dolu şərhləri alır. Tənqid ağına-bozuna baxmadan olanda qurunun oduna yaşı da yandırır. Vaxtında Mahiri də çox tənqid etmişik, dəstək olmaq əvəzinə. Nə yaxşı ki, onun Qurbanov kimi məşqçisi, yol göstərəni olub. Adam indi Avropada, nüfuzlu klublarda oynamağa iddialıdır. Namiqi necə görməzdən gəlmək olar?!  Hələ gəncləri - Rəhim Sadıxovu, Toral Bayramovu, Rüstəm Əhmədzadəni və digərlərini demirəm. Rəşad Sadıqov kimi futbolumuzun yaxın keçmişdəki ən parlaq simasını hər səhvinə görə abırdan salırdıq. Adama efirdə sual verdilər ki, "Hansı aktyorları bəyənirsiz?" Cavabında bildirdi ki, yerli aktyorları deməyəcəm, onlar, həmişə bizə lağ edir. Və başladı xariciləri saymağa.

Əzizlərim, "uğur" sözü heç vaxt "möcüzə"yə sinonim olmayıb. Hər şey mümkündür. Sadəcə, inanmaq, dəstək olmaq və POZİTİV olmaq lazımdır.

Ədalət ABDULLAYEV

Daha çox


Son xəbərlər