Martın 24-də milli komandamız DÇ-2022-nin seçmə mərhələsinin ilk oyununda Portuqaliyanın qonağı olacaq. Oyun ərəfəsində Qol.az-ın müxbiri millimizin keçmiş üzvü Kamal Quliyevlə danışıb. 1999-cu ildə Avropa çempionatını seçmə oyununda Bakıda güclü Portuqaliya millisindən xal alan (1:1) yığmamızın heyətində ən yaxşılardan biri olan keçmiş yarımmüdafiəçi futbolçularımıza öz məsləhətlərini verdi.
- Millimizin Portuqaliya ilə qarşıdakı oyunundan nə gözləyirsiniz?
-Yığmanın keçmiş oyunçusu, futbol mütəxəssisi kimi, qalib gəlmələrini istəyirəm. İndi fərqi yoxdur ki, orada kimlər var. Əgər bu gün o komanda milli adlanırsa, var qüvvəmizlə həm ora təmənnasız kömək etməli, həm də uğurlarına sevinməliyik. Əlbəttə, istərdik ki, bizi sevindirsinlər. Amma bu, bir az reallıqla uyğun gəlmir. Bu, mənim öz fikrimdir. Avropada da o vaxtkı istedadlı futbolçuları görmək olmur. Amma buna baxmayaraq, Portuqaliya Avropada futbolun inkişaf etdiyi ölkələrdən biridir. Daim güclü futbolçuları, yaxşı oyunları ilə sayılıb-seçiliblər. Əlbəttə ki, çətin olacaq. İlk matçdır. Həm də səfər oyunudur.
- Oyun pandemiya məhdudiyyətlərinə görə Portuqaliyada yox, İtaliyada olacaq. Bunun millimiz üçün hər hansı üstünlüyü ola bilər?
- Bəli, oyun Turində keçiriləcək. Onlar üçün elə bir fərqi yoxdur, bizim üçün isə yer amili bir az təsir edir. Həmin oyuna azarkeşlər buraxılmayacaq. Mən bunu həmişə demişəm, hər bir komandaya qarşı oynamaq olar. Bunu vaxtı ilə bizdən əvvəlki nəsillər də, biz də öz çıxışımızla sübut etmişik. Məsələn, 1999-cu ildə Portuqaliya yığmasının heyəti 11 ulduz futbolçudan ibarət idi, amma biz onlarla bacardıq. Yəni, bu gün heyətlərində 1 dünya ulduzu varsa, o vaxt 11 idi. Deməli, bu dəfə də bacara bilərik. Ustalıq səviyyəmiz, fiziki keyfiyyətlərimiz üst-üstə düşməsə də, o döyüşkənlik, vuruşqanlıq ki var, onu bizim əlimizdən heç kim ala bilməz. Portuqaliya kimi komandalara qarşı meydançada hər bir qarış, santimetr uğrunda mübarizə aparmaq lazımdır. Nəinki Portuqaliya, bütün komandalara qarşı belə oynamaq lazımdır. Adlar artıq futbol oynamır. Futbolu meydanda kim daha çox qaçırsa, az səhv edirsə, o komanda oynayır, o komanda qalib gələcək və uğura daha yaxın olacaq. Ona görə də yenə deyirəm, rəqibin bizə yuxarıdan aşağı baxmağı da bizim üçün şans ola bilər. Bundan istifadə edə bilərik. Millimizə uğurlar arzu edirəm. Hamımız onlardan qələbə, ən azından heç-heçə gözləyirik.
- Güclü rəqiblərə qarşı oynamış keçmiş futbolçu kimi hazırkı oyunçularımıza nə məsləhət görərdiniz?
- Məsləhət odur ki, adi kənd komandası ilə oynasan belə, 90 dəqiqə ərzində o komandanın 1 dənə 100 faizlik qol şansı olacaq. O ki qaldı bizim milliyə, əgər qalib gəlmək istəyiriksə, əlimizə düşən fürsətdən maksimum yararlanmalıyıq. Şansı əldən verməməliyik. Oyuna tam köklənməliyik və ciddi yanaşmalıyıq. Start fitindən sonadək ürəyini qoymalısan ki, top 7 metrlik qapıdan keçsin. Müdafiəyə gəldikdə isə biz həmişə analiz edəndə görünür ki, cərimə meydançasının içində birəbir çox yaxın oynamaq lazımdır. 22 oyunçunun da, oraya yığışan 60 min azarkeşin də bütün fikri topda olur. Amma futbolçular yaddan çıxmamalıdır. Müdafiədə hamı yalnız topa baxmasın. Oyunçunu itirməsinlər. Cərimə meydançasında da yaxın oynasınlar. Vəssalam. Sadəcə olaraq, kişi xarakteri göstərsinlər, qorxmasınlar, sona qədər mübarizə aparsınlar. Mənə elə gəlir ki, Allah çəkilən o əziyyəti yerdə qoymaz.
- Portuqaliya millisinin lideri Kriştiano Ronaldoya qarşı necə mübarizə aparmaq olar? Futbolçularımız onu zərərsizləşdirə bilər?
- Dünyanın istənilən futbolçusuna qarşı mübarizə apara bilərsən. Bəli, birəbir oynasan, ola bilər ki, o səni rahat şəkildə aldadsın, keçsin. Amma imkan verməməlisən ki, o topu rahat qəbul edib, sənin üstünə gəlsin. Topu qəbul edəndə də onu topdan uzaqlaşdırmağa çalışmalısan. Bu, futboldur. Bir dəfə alınacaq və ya o səni 3 dəfə aldadacaq, amma maksimum dərəcədə o cür futbolçulara qarşı yaxın oynamaq lazımdır. Yəni topu rahat bir şəkildə ram edib, üstünə gəlməsinə imkan verməməlisən.
- Sizin Bakıda Portuqaliya millisindən xal almağınızda o vaxtkı baş məşqçi Əhməd Ələsgərovun futbolçulara verdiyi motivasiya da az rol oynamayıb. Onun “Kamalın, Ədaimin, Bəxtiyarın olduğu yerdə Fiqu kimdir ki” ifadəsinin sizə necə ruh verdiyini bilirik. Bəs, indiki futbolçularımızı oyuna necə ruhlandırmaq olar?
- Ümumiyyətlə, insan əvvəlcə özü özünü motivasiya etməlidir. Yəni, mən bir şəxsiyyətəm. Mən rəqibdən həm şəxsiyyət olaraq, həm futbolçu kimi heç də zəif deyiləm. Artıq fikirləşirsən ki, oyundan sonra hamı səni səsləyir, sevir. Səni şuarlarla qarşılayırlar. Hava limanında qalib bir komandanı qarşılayırlar. Yəni ən xoş, gözəl anları fikirləşirsən. Rəhmətlik Əhməd Ələsgərov güclü psixoloq idi. Rəqibi, ulduz futbolçunu sənin qarşında elə bir səviyyəyə gətirib çatdırırdı ki, istər-istəməz inanırdın. O, səni inandırırdı ki, rəqibdən də güclü oyunçusan. Meydançada ondan da yaxşı mübarizə apara bilərsən. Artıq sən özünə inamı, güvəni toplayırdın, çıxıb, mübarizə aparırdın.
Motivasiya kimi çox şey etmək olar. Motivasiyanın da növləri var. Məsələn, bunu maliyyə cəhətdən də etmək olar. Buna bonus deyirlər. Amma mənə elə gəlir ki, millinin oyunlarında bonus ikinci, üçüncü plana düşür. Çünki birinci yerdə milli ruhdur. Yəni, vətən, bayraq anlayışı. Himn səslənəndə artıq qanın damarında dayanmır, coşur, tüklərin biz-biz olur. İstəyirsən ki, himn qurtaran kimi oyun başlasın. Rəhmətlik Əhməd Ələsgərov bizi elə bir motivasiya etmişdi ki, sadəcə, sənin qarşında oynayanın bir dünya ulduzu deyil, sıradan oyunçu olduğunu düşünürdün. Deyirdi ki, onun da 2 əli, 2 ayağı, 2 gözü var. Heç də səndən yüksək səviyyədə deyil. Sadəcə, bu gün düşdüyümüz yer, mühit məsələsi var. Yəni, bir az futbolçunun şah damarına basmalısan ki, o heç də səndən güclü rəqib deyil, sən ondan üstünsən. Biz vuruşqan millətik. Bizim bu yaxın günlərdə əldə etdiyimiz uğuru ora qatırsan. Bir millət olaraq, düşmən üzərində aldığımız zəfər və s. Bizim igid oğlanlarımız istər ön cəbhədə, istərsə də arxa cəbhədə mübarizə aparırlar. Yəni, bu tip sözlərlə motivasiya etmək, oyuna hazırlamaq olar.
- Vətən müharibəsindəki qələbəmizin futbolçulara təsir edəcəyini düşünürsünüz?
- Əlbəttə ki, təsir etməlidir.
- Bayaq motivasiya kimi bonusdan istifadə edildiyini dediniz. Sizə Portuqaliya ilə oyundan sonra nə qədər mükafat verdilər?
- Allah şahidimdir ki, biz o vaxt oynayanda qəti düşünmürdük ki, matçdan sonra mükafat alacağıq. Sadəcə, biz Portuqaliya ilə matçdan sonra 3 min dollar aldıq. Bəzi futbolçulardan iraq, pul bizdə yada da düşməyib. Kimi 3000 dollar, kimi 2800 dollar aldı. Oyuna sonradan daxil olanlar 2500 dollar almışdı. O cür sevinc yaşayırdıq. Bir-birimizi təbrik edirdik. Zənglər gəlirdi. Sadəcə, hər şey başa çatdıqdan sonra demişdilər ki, bəs bu qədər mükafat alacaqsınız. Amma mən eşitmişəm ki, indi millinin oyunlarında matçın gedişatında, fasilədə belə, bəzi futbolçular deyiblər ki, oyun qurtarır, bonus gələcək və s. Amma bizim dövrdə bu, yada düşmürdü. Neçənci planda idi, Allah bilir. Bizi maraqlandıran isə oyun idi.
- Milli komandamız bu rəqiblərdə qrup mərhələsində nəsə edə bilər?
- İndiki qrup arzuolunmazdır. Amma bu, futboldur, mübarizə aparmalısan. Düşdüyün vəziyyətdən çıxmaq üçün yollar axtarıb-tapmalısan. Yəni, oynamalısan. Geri yol yoxdur, ancaq irəli getməlisən. Yəni, məncə bu qrup arzuolunmazdır.
- Yəni, yığmamızı autsayder adlandıranlarla razısınız?
- Bəli, mən də elə düşünürəm.
Ramiq AĞAMƏMMƏDOV
Kompani narazıdır
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı
"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
"Bavariya" kapitanını itirdi
Ronaldo Braziliya futboluna rəhbərlik etmək istəyir