"Çalışacağıq ki, layiqli müqavimət göstərək" - Rahid Əmirquliyev

"Çalışacağıq ki, layiqli müqavimət göstərək" - Rahid Əmirquliyev
ÖLKƏ FUTBOLU 7 Oktyabr 2017 / 10:59 2724
-  A +

Millimizin futbolçusu Rahid Əmirquliyevin DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə oyun öncəsi müsahibəsi

- Almaniya ilə səfər matçı haqda fikirlərini bilmək istərdik...

- Hər kəs bu komandanın gücünə bələddir. Biz də rəqibin səviyyəsini yaxşı bilirik. Seçmə mərhələnin son oyunu olacaq, bizi çətin qarşılaşma gözləyir. Baxmayaraq ki, Almaniya finala vəsiqəni çoxdan təmin edib. Bununla belə, almanlar üçün rəqibin fərqi yoxdur, hər oyuna qələbə üçün çıxırlar. Biz də çalışacağıq ki, yaxşı oyun sərgiləyək. Ən azından layiqli müqavimət göstərək.

- Ümumiyyətlə bu görüşdə nəyə ümid edirsiniz, məqsəd nədir? Sensasiya üçün oynayacaqsınız?

- Futbolda hər şey ola bilər. Lakin reallıq odur ki, Almaniya bizdən qat-qat güclüdür. Heçnə bilmək olmaz. Bəlkə, Almaniya ilə görüşdə yaxşı oyun nümayiş etdirdik. Əsas istəyimiz, məqsədimiz budur. Əgər yaxşı oyun olsa, nəticəyə də ümid etmək olar.

- Çexiya ilə görüşdə öz oyununu necə qiymətləndirirsən?

-  Nə öz oyunumdan, nə də nəticədən razı qaldım. Məncə, daha yaxşısını etmək olardı.

- Baş məşqçi Robert Prosineçki oyundan sonra sizə nə dedi?

- Futbolçular kimi, o da məyus idi. İstəyirdi ki, ən azı meydançanı 1 xalla tərk edək. Bununla belə, Prosineçki bilirdi ki, Çexiya bizdən güclüdür və ağır oyun olacaq. Bu səbəbdən çox da futbolçuların üstünə getmədi. Yəqin, həm də düşünüb ki, qarşıda Almaniya ilə daha ağır görüş var.

- Ən azından kapitan Rəşad Sadıqovun sonuncu milli matçı olduğu üçün onu belə yola salmaya bilərdiniz...

- Biz də onu istəyirdik ki, kapitanımızı yaxşı oyunla, qalibiyyətlə yola salaq. Ancaq bu bizdə alınmadı. Rəqib də oynamağa imkan vemrədi.

- Səncə, stadionda azarkeş sayının az olması nəticəyə öz təsirini göstərdimi?

- Yox, belə deməzdim. Sağ olsunlar, bizi dəstəkləyən azarkeşlər. Sayları çox olmasa da, tribunada azarkeş var idi. Rəqibi gücünü də nəzərə almaq lazımdır. Biz onların son iki oyununu - Şimali İrlandiya və Almaniya ilə matçlarını izləmişdik. Gördük ki, Çexiya rəqiblərindən bir baş üstün nümayiş etdirir. Ona görə də, Çexiya ilə qarşılaşmanın bizim üçün çətin olacağını əvvəlcədən bilirdik.

- Çıxış etdiyin "Qarabağ"da Qurban Qurbanov sənə daim start heyətdə yer vermir. Bu hal millinin oyununda 90 dəqiqə mübarizə aparmağına nə dərəcədə mənfi təsir göstərir?

- Əlbəttə ki, müəyyən qədər təsiri var. Çıxış etdiyin klubda meydançaya çıxmayanda, millidə də oyunun yaxşı alınmır. Məşq başqa, əsas oyun başqa.

- Bu haqda Qurban Qurbanovla söhbətin olub?

- Düzünü desəm, danışmamışam. Mənim may ayına qədər "Qarabağ"la müqaviləm var.

- Başqa kluba keçmək yaxud icarə əsasında çıxış etmək variantına necə baxırsan? Baxmayaraq ki, hazırkı baş məşqçi Robert Prosineçki sənə millinin heyətində şans verir. Amma gələcək karyeran üçün bu vacib məsələdir..

- Çox haqlısınız. Klubda oynamayan futbolçunun millidə şansı azalır. Amma ən azı, dekabr ayına qədər "Qarabağ"dayam. Yalnız qışda Qurban Qurbanovla bu haqda söhbət etmək olar. Mənim və klubum üçün hansı qərar xeyirlidisə, onu da qəbul edəcəyik.

- Rəşad Sadıqovun millidəki karyerasını sonlandırmasından sonra yığmamızın kapitan sarğısı sənə həvalə olundu və Azərbaycanın əsas kapitanı sənsən. Bu necə hisdir?

- Əvvəlcə onu deyim ki, Rəşadın getməyini istəmirdik. Arzu edərdik ki, o, hələ bizimlə çox oynasın. Danılmaz fakt idi ki, komandanın lideri Rəşad idi. Şəxsən mən özüm ondan çox şey öyrənmişəm. Əminəm ki, millidə oynamasa belə, Rəşad hər zaman bizim yanımızda olub, dəstəyini əsirgəməyəcək. Qaldı ki, kapitanlığa, bu Almaniya ilə oyunda yox, Çexiya ilə matçda da ola bilərdi. Bu hadisənin elə də böyük əhəmiyyəti yoxdur. Tək istəyim, Rəşadı layiqincə əvəz etməyimdir.

Daha çox


Son xəbərlər