"Bu xarabalığın "memar"ı AFFA-dır" - Nazim Süleymanovdan sensasion müsahibə

"Bu xarabalığın "memar"ı AFFA-dır" - <b style="color:red"> Nazim Süleymanovdan sensasion müsahibə</b>
MÜSAHİBƏ 30 Sentyabr 2019 / 16:23 7889
-  A +

Bugünlərdə yaradılan Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının sədri, futbol veteranı Nazim Süleymanovun Qol.az saytına müsahibəsi

- AFFA bəyanat yayaraq sizin təşkilatı tanımadığını açıqladı. Bundan sonra sizinlə hər hansı bir görüş və ya söhbət olubmu? Bu məsələ nə yerdə qalıb?

- Təşkilat olaraq AFFA ilə birinci və sonuncu görüşümüz baş katib Elxan Məmmədovun istəyi ilə, təşəbbüs qrupunun 12 nəfər üzvünsün iştirakı ilə iyunun 12-də keçirilib.  Siz yəqin ki, ayrı-ayrı detallarla mətbuatdan tanış olmusunuz. O ki qaldı məsələnin nə yerdə olmasına, biz təşkilatımızın quruculuğu ilə məşğuluq.

- Azad Həmkarlar İttifaqı hansı yöndə işlər görür, planlarınız nədir?

- Hazırda Azad Həmkarlar İttifaqı qeydiyyat məsələləri ilə bağlı aidiyyatı qurumlarla müzakirələr aparır. Planımız təşkilatın əhatə dairəsini genişləndirməkdir. Nəticədə Respubilkada futbolun inkişafına nail olmaq, futbola canı yanan hər bir mütəxəssisin bilik və bacarıqlarından yararlanmaqdır. 
 

“Futbol adamı Səmədağa Şıxlarov həndbolda işləyir. Elxan müəllim dedi ki, bizlərə ayıb olsun”

- Bu təşkilata bəzi futbol veteranlarının münasibəti birmənalı olmadı, sizi qınayanlar da tapıldı.

- Əvvəlcə gərək biz Veteranlar Birliyindəki adamların məsələyə münasibətini müzakirə edək. Gözlərimizin önündə hər gün futbol ailəsindən, elindən bir kərpic qopur. Bu insanlar bu xarabalığı seyr etməkdə davam edir. Hər kəs, hətta futbola aiddiyyatı olmayan adamlar da çox gözəl bilir ki, bu xarabalığın “memar”ı AFFA başda olmaqla, onun strukturlarıdır. PFL, AFFA İcraiyyə Komitəsi, Hakimlər Komitəsi, AFFA-nın uşaq futbolu departamentinin rəhbərləri bu acı mənzərəni seyr etməklə məşğuldurlar. Futbol mütəxəsisləri və veteranlarının gözü qarşısında Ştürlixlər, Obradoviçlər, Lippertlər Azərbaycan futbolunun pullarını havaya sovurmaqla məşğuldurlar.

Bizimkilər isə bu problemə ən yaxşı halda qeyri-rəsmi yerlərdə qeybət etməklə münasibət sərgiləyirlər. Məgər Təşəbbüs Qrupu və üzvlərimiz veteranlar deyillərmi? Səmədağa Şıxlarov, Asəf Namazov, Novruz Əzimov, Samir Ələkbərov, Vidadi Rzayev, Nadir Şükürov, Tofiq Mustafayev, Əfqan Talıbov, Babək Alxasov, İman Həsənov... Hələ mən həkimləri demirəm. Boris Xetaqurov, Orucəli Durmuşov və sair. Amma bəzi insanlar barəmizdə deyirlər ki, “Nazim Süleymanov nə edir?”, “Veteranlar Birliyini pozur və parçalamağa aparır”. Birincisi, veteranlarda heç vaxt birlik olmayıb. Olmayan birliyi necə poza bilərəm ki? Biz hələ 12 üzvlə Elxan Məmmədovun qəbulunda olanda orda da dedim. Səmədağa Şıxlarov kimdir? Qoy, hamı bilsin. Səmədağa Şıxlarov şəxsiyyəti olan veteran futbolçudur. Futbolsevərləri öz qolları ilə sevindirən həmin Səmədağa Şıxlarovdur. Hazırda Səmədağa Şıxlarov harda işləyir, bilirsiniz? Futbol adamı olan Şıxlarov indi həndbol sahəsində çalışır. Həndbolda işləmək ayıb deyil. Bizlərə, veteranlara ayıb olmalıdır. Elxan müəllim da təsdiqlədi ki, bəli, bizlərə ayıb olsun. Elxan müəllim dedi ki, sabahda, birisigündə onu işlə təmin edərik. Amma təəssüflər ki, olmadı. Məgər budur veteranların birliyi? Biri 4 yerdə işləyir, biri heç yerdə. Birlik eyni məqsəd uğrunda çalışan insanlarda, kollektivlərdə, təşkilatlarda ola bilər. Şəxsi mənafeyini güdən insanlarda, təşkilatlarda heç vaxt birlik ola bilməz.





“Bizdə ayaq var, ancaq top yoxdur. Top olmayan yerdə futbol ola bilər?”

- Bölgələrə səfər edirsiniz. Orada futbolun real durumu necədir?

- Biz bölgələrə səfər etmişik. Rayon və şəhərlərdə olanda müsbət heç nə görmədik. Hamı gileylənir. Azərbaycanda futbolun inkişafında əsas isitqamətlərdən biri də bütün bölgələrdə istedadlı uşaqlar üçün futbol üzrə ixtisaslaşdırılmış internat məktəblərinin yaradılması idi. Yaradılıbmı? Yox! Olduğumuz bölgələrin birində şənbə günü 10, 11, 12 yaşlı uşaqlar, bazar günü isə 13-14 yaşlı uşaqlar futbol oynayır. Təsəvvür edin, bu beş komandanın isə cəmi bir oyun forması var. 10 yaşlı uşaq formayla oynayır, daha sonra çıxarıb, 11 yaşlı uşağa həmin formanı verir. Həmin uşaq da digərinə verir. Belə futbol olarmı? Elxan müəllim bizi çağırmışdı. Biz onun yanında olanda Masallıdan Mövsüm müəllim bizlə idi. O özü orada çıxış edəndə dedi ki, bizdə futbol oynamağa top yoxdur. Elxan müəllim dedi ki, mən sizə top vermişəm, axı. Mən də zarafatla dedim ki, Elxan müəllim, siz yəqin ki, ötürmə vermisiniz, top dəqiq ünvanına çatmayıb. Futbol sözünün mənası top və ayaq deməkdir, düzdürmü? İndi yaxşı, belə məlum olur ki, bizdə ayaq var, ancaq top yoxdur. Top olmayan yerdə futbol ola bilərmi? Bu, qeyri-mümkündür.

- Uşaq futbolu ilə bağlı danışdınız. Deməli, bölgələrdə bu sahədə də vəziyyət çox acınacaqlıdır?

- Bəli, çox acınacaqlıdır. Birində qapıda tor yoxdur, bir meydançada düz 4 komanda oynayır. Bir oyunun hakimi fit çalanda digər komandaların uşaqları dayanır.

- Artıq Premyer Liqamızda 6 tur arxada qaldı. Hazırkı mənzərə ilə bağlı nə demək olar? 

- Premyer Liqada yeganə “Qarabağ” bütün oyunlarda maksimum nəticə əldə edib. Ötən mövsümə baxsaq, həmin il “Neftçi” müqavimət göstərirdi, amma sonda gücü çatmadı. Bu il də hamı düşünürdü ki, çox güman, “Neftçi” “Qarabağ” mübarizəsi olacaq. Altı tur keçdikdən sonra görünür ki, “Qarabağ” bu turniri qələbə ilə başa vuracaq.


“Qarabağ”ın uğuruna sahib olmaq istəyənlər Azərbaycan millisinin cəmi 1 xalına sahib çıxsın”


- Çoxları düşünür ki, “Qarabağ” çempionluq yarışında təkdir. Siz də indidən “Qarabağ”ın çempion olacağını hesab edirsiniz?

- Biz hamımız gözləyirdik ki, “Qarabağ” yenidən Çempionlar Liqasının qrup mərhələsinə düşəcək. “Qarabağ”ın Avropada oynamağını gözləməliyik, yoxsa Azərbaycanda “Qarabağ”a digər klubların da rəqabət yaradıb, Azərbaycan futbolunun Avropada da sözünü deməsinimi? Çempionatda 8 komanda var. Baxın, belə götürəndə, bizim əhalimiz 10 milyondur. Ancaq cəmi 8 komandamız var. Çox uzağa getməyək, Gürcüstanda 3 milyon 800 minə yaxın əhali var, əsas liqada 10 komandası çıxış edir. Maltanın 500 min əhalisi, 14  komandası var. Lüksemburqun 600 mindən bir az çox əhalisi, 14 komandası var. Bizim isə 8 komanda. “Sumqayıt”la birlikdə 7-si Bakıdadır. Bu, Bakı çempionatı deməkdir. Bəs bölgələr hanı? Yoxdur. Bölgələrdən təkcə “Qəbələdir”.

- Necə etmək olar ki, bölgələrdə futbol inkişaf etsin?

- Bu suala cavab verməli olanlar rəhbərlər, AFFA İcraiyyə Komitəsidir. Onlara sual vermək lazımdır.

- Sizcə, hazırkı rəqabətsiz çempionatda “Qarabağ”ın Avroliqanın qrup mərhələsinə düşməsi böyük işdir?

- Mən bir futbol adamı kimi, “Qarabağ”ın, bütövlükdə Azərbaycan futbolunun dünya səviyyəsində daha da öndə olmasını istəyirəm. Amma “Qarabağ”ın Avroliqada qruplara düşməsinin böyük iş olub-olmadığını deyə bilmərəm. Onu deyə bilərəm ki, “Qarabağ”ın uğurunda pay iddiasında olanların sayı çoxdur. Xüsusi vurğulanır ki, bu, Azərbaycan futbolunun inkişafıdır. Məncə, bu, futboldakı ümumi uğursuzluqlarımızın ört-basdır etməyə hesablanmış, futboldan başı çıxmayanları inandırmaq üçün ortaya atılmış söhbətdir. “Qarabağ” müstəqil klubdur, onun sahibi var. Uğurların sahibi də elə klubdur. Sahib durmaq istəyənlər gedib, 21 yaşlılardan ibarət milli komandanın Lixtenşteynə 0:1 hesablı məğlubiyyətinə, Azərbaycan millisinin 5 oyundan cəmi 1 xal toplamasına sahib çıxsın. “Qarabağ” sizlik deyil axı. Amma çox istərdim ki, “Qarabağ” klubunun rəhbərliyi bu klubun yaranması, bu günə gəlib çıxmasında əməyi olan insanları, veteranları təqaüd və digər vasitələrlə dəyərləndirsin.

- Uzun müddət “Neftçi”də çıxış etmiş biri kimi, komandanın bugünkü durumu ilə bağlı fikirlərinizi bilmək istərdik.

- “Neftçi”nin keçən mövsüm “Qarabağ”la mübarizəsi, bu mövsüm Avroliqada Tulanın “Arsenal” klubuna qalib gəlməsindən sonra hamımızda ümid yarandı ki, yəqin, bu il “Neftçi” çempionatda qızıl medallar uğrunda oynayacaq. Təəssüflər olsun ki, Avroliqada 2 mərhələ keçən komanda sonrakı mərhələdə büdrədi. Ancaq biz inanırdıq ki, İsrail komandasını uda bilər. Təəssüflər olsun ki, uda bilmədi. İndiki durumda, 6 oyuna 8 xal yığıblar. “Neftçi” özünə oxşamır. Hamı başqa “Neftçi” gözləyirdi. Avroliqa oyunlarından sonra bilmədik ki, komandanın daxilində nələr baş verdi. Ancaq komandada eniş oldu.

- Sizcə, komanda niyə bu vəziyyətdədir, problem baş məşqçidədir, yoxsa rəhbərlikdə? Azarkeşlər həm klub rəhbərliyini, həm də baş məşqçini istefaya səsləyir.

- Mənə elə gəlir ki, problemi klubun içində axtarıb, tapmaq lazımdır. Bilirsiz, kənardan fikir bildirmək asandır. Gərək klubun daxilində nələr baş verdiyini biləsən. Mən də məşqçiyəm və düşünürəm ki, problem klubun özündədir. Rəhbərliklə baş məşqçi, baş məşqçi ilə futbolçular, futbolçularla rəhbərlik arasında münasibətlər önəmli faktorlardır. Yəqin ki, problem hardasa ordadır. Bir tərəfdən rəhbərlik baş məşqçiyə vaxt verdi, nəticə isə ortadadır. Digər tərəfdən, biz rəhbərliyin baş məşqçidən nə tələb etdiyini bilmirik. Nəticə etibarı ilə azarkeşlər həm rəhbərlik, həm də baş məşqçidən narazıdır.  “Neftçi”dən hər zaman keyfiyyətli oyun gözləyirlər. Komanda isə gözləntiləri doğrultmayanda azarkeşlərin narazılıq etməsi təbiidir.

- Bu gün Azərbaycanda bir çox işsiz futbol veteranları var. Bu durum heç də ürəyaçan deyil. Bu haqda nə deyə biləsiniz?

- Əslində, biz veteranlar fəaliyətsizliyimizə görə bəlkə də bundan daha artıq diqqətsizliyə layiqik. Elə mən də daxil olmaqla.

“Nə qədər ki, Azərbaycan futbolu bu insanların əlindədir, nicat yoxdur”

- Yəni, demək istəyirsiniz ki, günah veteranların özündədir?

- Bəli, gözümüz önündə baş verənləri zaman-zaman seyr etmişik. Mənə nə var deyib, ya susmuşuq, ya da dost tanış yanında durumumuzu  guya ürək ağrısı ilə təhlil etmişik. Tez-tez sual verirlər ki, bəs işləyəndə niyə danışmırdın? Düzgün iraddır, mən qəbul edirəm. Danışmamışam, indi danışıram. Bu səhvləri biz nə vaxt düzəldəcəyik? Zaman çatmayıbmı ki, Azərbaycan futbolunu bataqlıqdan çıxaraq. Nə qədər ki, Azərbaycan futbolu bu insanların əlindədir, nicat yoxdur. Nə qədər ki, 4-5 vəzifə tutanların mərhəmətinə, siqaret, çay puluna sığınıb, yararlanmaq istəyənlər olacaq, vəziyət get-gedə çətinləşəcək. Bəs, biz nə vaxt layiq olduğumuz haqqa qovuşacağıq. Yaddaşımızı təzələyək. 1992-ci ildə Azərbaycan yeni müstəqil olduğu dövrdə mən Vladiqafqazda oynayırdım. O vaxt AFFA-nın prezidenti Fuad Musayev idi. O, Vladiqafqaza gəldi və dedi ki, sən bizə lazımsan. Rusiya millisində  oynamağını istəyirlər. O vaxt 2-3 nəfər məni “Neftçi”dən qovmuşdu. Dedi ki, məgər səni qovanlar vətəndir, xalqdır? Mən dedim ki, Fuad müəllim, sizin bir zənginiz də mənə bəs idi ki, Azərbaycana gəlim. Nə vaxt xalqıma lazımamsa, o vaxt orada olacağam. Milli oyunlarına isə çox vaxt öz vəsaitimlə gəlmişəm. Bir çoxu bunu inkar etməz. Ola bilər ki, kimsə özünün layiqliliyini başa düşmür. Amma təvəzökarlıqdan uzaq olsa da, deməliyəm ki, mən etdiklərimə layiqəm. Azərbaycan futbolunda can qoyan Səmədağa Şıxlarov indiyə kimi 5 dəfə əməliyyat olunub. 6-cı dəfə əməliyyat olunmağa hazırlaşır. 3 aydan artıqdır ki, AFFA rəhbərliyinə müraciət etsə də, hələ ki, heç bir cavab yoxdur. AFFA rəhbərliyi gözləyir ki, daha da yuxarı qurumlardan kimsə onun xahişini yerinə yetirsin. Elə veteranlara bu laqeyd münasibətin nəticəsidir ki,  dünyasını dəyişəndən 3 gün sonra Ələkbər Məmmədovun meyitini evində iylənmiş halda tapdılar. Azərbaycan futbolunun dahisi Anatoli Banişevski də pulu olmadığı üçün gənc yaşında həyatla vidalaşdı. Bu da futbol veteranlarına münasibət.

“Məni istəməyən insanlar işləməyimə imkan vermirlər”

- Bundan sonra futbol funksioneri kimi fəaliyyət göstərəcəksiniz, yoxsa nə vaxtsa yenidən məşqçiliyə qayıdacaqsınız?

- Futbolçu olduğum dövrlərdə “Neftçi”də 1-ci dəstədə oynayırdım. Məni komandadan çıxardılar. Amma heç bir sübut edə bilmədilər. Acaq bir söz dedilər ki, sən futbolçu deyilsən. Mən də Rusiyaya getdim və yaxşı futbolçu olduğumu sübut etdim. Məşqçiliyə 2004-cü ildə gəldim. “Xəzər Lənkəran”ı yaratdıq. Orada az işlədim. Sonra “Neftçi”də də az fəaliyyət göstərdim. Elə “Sumqayıt”da da. Azərbaycan çempionatıda ən çox çalışdığım klub AZAL olub – 1 il yarım. Orada az büdcə ilə Avroliqaya vəsiqə qazandıq. Amma məni istəməyən qüvvələr var. Onlar qoymur işləməyə. 

- Yəni, az işləməyinizin səbəbi budur?

- Bəli, məni istəməyən qüvvələr məşqçilik fəaliyətimə mane oldular. Danışmaq olar, amma özləri bilərlər. Mən özümdən danışıram. Onsuz da futbol oynayanda da belə idi.

- Bəlkə, sizə mane olanların kimliyini açıqlayasınız.

- Özləri yaxşı bilir. Hazırda bunun yeri deyil. Mən həmişə vətənimə xidmət etmişəm, edirəm və edəcəyəm də: lazım gəlsə, funksioner kimi, lazım gəlsə, peşəkar Pro kateqoriyalı məşqçi kimi. Siz də bilirsiniz ki, məşqçi kimi xaricdə işləmək çətindir. Amma futbolçu olaraq getmək asandır. Ona görə ki, bir klubda 25-28 nəfər futbolçu olur. Bu 25-28 nəfərin içinə düşmək asandır. Amma gedib kimə deyə bilərsən ki, məni baş məşqçi götür və ya kömək edim, məşqçi kimi işləyim.

Ramiq AĞAMƏMMƏDOV

 

Daha çox


Son xəbərlər