Bülənt Qorxmaz: «Türkiyə futbolunun 20-25 ilə keçdiyi yolu Azərbaycan 5-10 ilə qət edə bilər»

Bülənt Qorxmaz: «Türkiyə futbolunun 20-25 ilə keçdiyi yolu Azərbaycan 5-10 ilə qət edə bilər»
MÜSAHİBƏ 25 Dekabr 2009 / 18:14 3862
-  A +

«Bakı»nın baş məşqçisi Bülənt Qorxmaz «525-ci qəzet»ə geniş müsahibə verib. Müsahibəni təqdim edirik..

Bülənt Qorxmazla hal-əhval tutub diktafonu işə salmaq istəyirdim ki, birdən sözümü kəsdi:
- Hələ bir deyin görüm, nəyə görə qəzetinizin adı «525»dir? Gerçəkdən, bu ad marağıma səbəb oldu…
Jurnalistikada fəaliyyət göstərdiyim bu 12 il ərzində ilk dəfəydi ki, müsahibəyə mən yox, müsahibim başladı. Və doğrusu, bu durum məni bir qədər məmnun etdi. Çünki  qarşımdakı insanın ünsiyyətcil olduğu və quru adam təsir bağışlamadığını ilk dəqiqədən yəqinləşdirdim.
Hə, unutmadan onu da deyim ki, Büləntin sualı cavabsız qalmadı. «525»in 1992-ci ildə yarandığını, qəzetin adının onun qeydiyyat nömrəsinə uyğun olaraq seçildiyini bildirdim. «Hocam, sizin o zamankı cümhurbaşqanı Süleyman Dəmirəl də təxminən eyni sualı bizim xanım əməkdaşa vermişdi» - replikamı eşidincə isə üzündə təbəssüm yarandı.
Bir az da söhbət etdikdən sonra Bülənt hoca hələ yeni komandası – Azərbaycan çempionu «Bakı»da da işlərinin çox olduğuna işarə edərək «Hə, başlayaq» - dedi. 
Azərbaycanlı futbol azarkeşlərinin də qəlbində özünə məbəd qurmuş Türkiyənin «Qalatasaray» komandasının əfsanəvi kapitanı və baş məşqçisi olmuş Bülənt Qorxmazla söhbətimiz düz bir saata qədər çəkdi. Nə dedik, nə danışdıqsa, hamısını bu müsahibəyə köçürdüm. Vaxtınız varsa, siz də oxuyun.

- Bir halda ki, siz söhbətin əvvəlində bizim qəzetin adıyla maraqlandınız, mən də sizə elə media ilə bağlı sual vermək istəyirəm. Azərbaycan mətbuatının sizə münasibəti necədir?
- Çox normal. Amma məni daha çox bir məsələ maraqlandırır. Futbol Azərbaycanda sevilən idman növü olsa da, nəyə görəsə media tərəfindən ona maraq elə də çox deyil. Məşqlərdə media nümayəndələrini görmürəm. Türkiyədə isə tam fərqlidir. Burda yalnız Bakıdakı bəzi oyunlarda jurnalistlərə rast gəlmək olur. Onların da sayı barmaqla sayılacaq qədərdir.
- Deyəsən, medianı çox sevirsiniz, «Bakı»nın da məşqlərində jurnalistləri görmək istəyirsiniz…
- Mən hamıya hörmət edirəm. Bilirsiniz, media ilə bağlı burda gördüklərim mənə 20-25 ilin əvvəlin Türkiyəsini xatırladır. O zaman bizim ölkədə cəmi bir ümumilli telekanal - TRT vardı, cəmi üç-dörd qəzet fəaliyyət göstərirdi. Yeri gəlmişkən, sizdə neçə qəzet var indi?
- Qeydiyyatdan rəsmən üç mindən çox qəzet keçib…
- (təəccüblənir) Allah, Allah… Gerçəkdənmi?
- Rəqəm sizi çaşdırmasın. Onlardan cəmi bir faizi müntəzəm çıxır.
- Anlaşıldı. Düzünü desəm, onsuz da mən nə Türkiyədə qəzet oxumuşam, nə də burda – Azərbaycanda. Heç televiziyada da futbolla bağlı şərhləri izləmirəm.
- Deməli, biri mediada sizi tənqid edəndə, hələ tənqidi qoyaq bir qırağa, deyək ki, tərifləyəndə bundan xəbəriniz olmur?
- Yox, niyə ki? Mənə məlumat verirlər. Sadəcə, mənim əsas işim medianı yox, futbolu, bizə rəqib olan komandaların oyununu izləməkdir. Rəqiblərimizin iştirakı ilə keçiriən oyunlara nümayəndələrimizi göndəririk, onlar bu haqda mənə məlumat verirlər.
Tənqid edirlər, etsinlər, bunu normal qarşılayıram. Amma məni və ya bir başqasını futbolu dərindən bilənlərin tənqid etməsi daha yaxşı və məntiqli olardı.
- Mənə bir şey də qəribə gəlir. Bir tərəfdən TV-də şərhləri izləmədiyinizi söyləyirsiniz, o biri tərəfdən özünüz şəhçilik edirsiniz.
- Mən bu il Türkiyədə məşqçilik etmək istəmirdim. Ona görə də «Fox» TV-dən gələn təklifi qəbul etdim. Yoxsa şərhçilik etməyəcəkdim. Bir də, axı, şərhçidən şərhçiyə də fərq var. Biz şərhçiliyə futbolun içindən gəlmişik, futbolla böyümüşük. Futbol bizim həyatımız olub. Bizim şərhçliyimiz insanları məlumatlandırır, onları öyrədir. Bizim şərhçiliyimiz kimisə asmaq-kəsmək demək deyil. Biz futbolun özündən danışırıq, kimisə kəskin tənqid etmirik. Tənqid olanda belə sağlam, olması vacib tənqidləri səsləndiririk.
- Media ilə bağlı bu sualları təsadüfən vermədim. Özünüz də bilirsiniz ki, bir futbolçu kimi çox sevilsəniz də, məşqçi kimi fəaliyyətinizin elə ilk günlərindən tənqidlərə məruz qaldınız.
- (gülür) Mən işlədiyim hər yerdə demişəm, indi təkrar etmək də çətin deyil, bir məşqçinin böyük uğur qazanması üçün 5-10 oyun kifayət edə bilməz. Məşqçiyə özünü göstərmək, təsdiqləmək üçün xeyli zaman lazımdır.
- «Qalatasaray»da işlədiyiniz dönəmdə daha çox tənqid olundunuz. Türkiyə mediasının tənqidlərinə dözmək isə böyük səbr tələb edir. Hocam, bəli, hər kəsə məlumdur ki, «Qalatasaray» sizə doğma bir komandadır. Bu komandaya bir futbolçu kimi etdikləriniz danılmazdır. Amma belə gənc yaşınızda, məşqçilikdə ilk addımınızı atdığınız vaxtda «Qalatasaray» kimi nəhəng komandanı qəbul etmək, sizcə, risq deyildimi? Bu addımınız daha çox nədən irəli gəlirdi:
gənc yaşınızda bir məşqçi kimi də şöhrət qazanmaq istəyindən, yoxsa doğma komandanıza olan sevgidən?

- Gəlin, belə danışaq, mən bu yaşımda nə şöhrət axtaracağam ki? Onsuz da «Qalatasaray»da və Türkiyə millisindəki çıxışlarımla şöhrət qazanmışam. «Qalatasaray» çətin dönəmində mənə üz tutdu. Klubun başqanından zəng gəldi, mənimlə təcili görüşmək istədiyini söylədi. Görüşdük və razılığa gəldik. Mən Bülənt Qorxmaz «Qalatasaray»ın cocuğuyam. «Qalatasaray»ı qəbul etdiyim ilk gün bildirdim ki, bu komanda indiki vəziyyətilə çempion ola bilməyəcək. Hələ Meyra kimi bir oyunçunu Rusiyaya satdıqdan sonra çempionluğa, ümumiyyətlə, heç bir şansı qalmadığını vurğuladım. Mən «Qalatasaray»a gəldiyim ilk gündən gerçəkləri söylədim. Yalnız növbəti – yəni artıq indiki mövsüm üçün çempionluq vəd etmişdim.  
Amma yox, görünür, çoxları istəyir ki, dərhal uğur olsun. Ola bilməz axı. Mən «Bakı»ya gələndə də eyni sözləri dedim . Dedim ki, məndən dərhal heç nə gözləməyin. Çünki hər məşqçinin özünün fərqli sistemi var. O cümlədən mənim də.
- Siz vaxt istəyirsiniz, hərçənd mənə belə gəlir ki, «Qalatasaray» kimi oturuşmuş bir komandaya sizin dediyiniz kimi zaman yox, nəticə lazımıydı.
- Sizə belə gələ bilər. Son 25 ildə Türkiyədə yalnız üç komanda çempion olub. O üç komandadan biri çempionluğu qazanmayıbsa, niyə elə fikirləşirsiniz ki, çempion olmayan klub uğursuz çıxış edib?
- Mən uğursuz çıxış edib demədim. «Qalatasaray»a nəticə lazımdır söylədim. Məni maraqlandıran odur ki, niyə qısa müddət, təxminən iki ay yarımlıq çalışmanızdan sonra «Qalatasaray» sizinlə yolları ayırdı?
- Yox, bir dəqiqə dinləyin… Mən klubun başqanına da söylədim, Meyra satılıbsa, komandanın çempion olması, UEFA kubokunu qazanması çox zor bir işdir, imkansızdır. Mən başqandan təkidlə Meyranı satmamasını istədim. Gerçəyi söylədim. Ona qalsa, indi «Qalatasaray»da işlər mənim hələ orda işlədiyim dövrdə hazırladığım proqrama uyğun gedir. Ardanın kapitan olmasını mən istədim. Gedəcək oyunçuların siyahısını mən verdim. Düzdür, həmin futbolçulardan bəziləri hələ də komandada qalmaqdadır. Aşağı yaş qruplarından olan komandayla bağlı bütün proqramları mən hazırladım. İndi orda mənim dediklərimi gerçəkləşdirirlər. 
- Hocam, yaxşı-pis, bir məşqçi kimi işlədiyiniz «Qalatasaray» sizin üçün artıq yaxın keçmişdə qalıb. İndi yeni komandanız var – «Bakı». Siz Azərbaycana gəldikdən sonra Türkiyə mediası ilk dəfəydi ki, bizim futbola bu qədər diqqət yetirməyə başladı. Bu da təbii ki, sizin şəxsiyyətinizlə bağlıdır. «Bakı»ya gələndən sonra «Qalatasaray»dan kimlər sizinlə və yeni komandanızla maraqlanır?
- Əlbəttə ki, bura gələndə mənə uğurlar arzuladılar və uğur qazanacağıma inamlarını ifadə etdilər. Dostlarım tez-tez zəng edirlər, təbii ki, təkcə özümlə yox,  həm də komandam və Azərbaycan futbolu ilə maraqlanırlar. Onların sırasında isə «Qalatasaray»ın nümayəndələri də daxil, Türkiyədən bir çoxu var. Mən də onlara futbolunuz haqda danışıram. Burda bazaların yoxluğundan bəhs edirəm. «Bakı» üçün baza tikildiyini, aşağı yaş qruplarını formalaşdırmağa başladığımızı deyirəm.
- «Qalatasaray» kimi komandada oynayıb, sonra onun baş məşqçisi işləmisiniz. Yanınızda və əlinizin altında ulduz futbolçular oynayıb. Sonra futbolu çox zəif olan bir ölkəyə – Azərbaycana gəldiniz. Çətin deyil ki, burda işləmək?
- Mən sizə bayaq deyəcəkdim, sözümü kəsdiniz. Futbolda yaxşı şeylərlə yanaşı şəraitsizliyi də görmüşəm. Mən bunları yaşadığım üçün bura gəldim. Azərbaycan futbolunda peşəkarlığın aşağı səviyyədə olduğunu bilirəm. Amma mən inanıram ki, komanda üçün yaxşı baza tikiləcək. Komandamıza həm peşəkarlıq, həm də nəticə baxımından uğurlar gətirəcəyimə inandığım üçün bura gəldim.
Bəli, çatışmazlıqlar çoxdur. Hərçənd gördüyünüz kimi, indi baza tikdiririk, futbolçulara peşəkarlığı öyrədirik. Səhər yeməyini bir yerdə yeyirik, sonra məşqə çıxırıq. Sonra günorta yeməyi və yenə bir yerdə oluruq. Futbolçulara məşqlərdə nəyi necə etməyi, nəyi etməməyi başa salırıq.
Azərbaycanlı futbolçuların bəzi elementar şeyləri bilməməsini normal qəbul edirəm. Çünki sizdə uşaq futbolu yox səviyyəsində olub. Binanı tikmək üçün ilk öncə onun təməli düzgün qoyulmalıdır. Sizdə bunlar olmayıb, olubsa da, çox pis olub. 
- Bəs, sonranı necə görürsünüz?
- Hər şey tədricən həyata keçirilməlidir. Əvvəlcə bazalar tikilməli, sonra uşaq futboluna önəm artırılmalıdır. Mən Azərbaycan futbolunun gələcək nəslinin indiki futbolçulardan daha şanslı görürəm. Çünki dediyim kimi, bazalar yaradılmağa başlayıb. Azyaşlı futbolçular telekanallarda Avropanın futbol çempionatlarının oyunlarını izləyə bilirlər, ordan özləri üçün nəsə öyrənirlər. Milli komandanızda Berti Foqts kimi tanınan bir məşqçi işləyir. O da öz təcrübəsini aşılayır. Hər yerdə çatışmazlıqlar var, o cümlədən Türkiyənin özündə də. Məsələn, Türkiyədə infrastruktur yaxşıdır, amma çalışma yoxdur. Burda həm infrastruktur yoxdur, həm də çalışma çətin şərtlər daxilindədir. Mən bütün bu əskikləri tamamlayıb, yoluna qoymaq, «Bülənt Qorxmaz bura gəlib bizə peşəkarlıq, təşkilatçılıq bəxş etdi» dedirtmək istəyirəm.
- Bəs uğur nə vaxt olacaq?
- Niyə tələsirsinz? Hələ bir bunlar olsun, uğur da gələcək.
- Deməli, siz də xəyalınızdakı komandanı yaradırsınız. Baxmayaraq ki, «Bakı» komandası ilə müqaviləniz mövsümün sonunda başa çatır. Amma deyək ki, birdən müqavilənizin müddəti daha bir neçə illiyə uzadıldı. Bu halda həmin o komandanı yaratmaq üçün sizə nə qədər zaman lazım olacaq?
- Gəlin real danışaq. Bu gün xaricdən hər səviyyəli oyunçu Azərbaycanda oynamaq istəməz. Necə ki, bir vaxtlar Türkiyədə də vəziyyət eyniydi. Baza yox idi, çempionatın səviyyəsi aşağıydı. Amma sonra infrastruktur yarandı, çempionatın səviyyəsi qalxmağa başladı. Hələlik xəyalımdakı o komandanı qurmaq üçün burda istədiyim şərait yoxdur. İndiki halda Azərbaycanda çalışan hər bir məşqçinin ən böyük xəyalı komandasını ən yaxşı halda avrokubokların qrup mərhələsinəcən gətirməkdir. 
- Dediyiniz «indiki hal» hələ çoxmu davam edəcək?
- Ən azı iki-üç il belə olacaq. Mənim «Bakı» ilə müqaviləni yalnız mövsümün sonuna qədər imzalamığımın bir səbəbi də budur. Müqavilə bitəndə baxacağam, bizim istədiklərimiz olubmu, düşündüklərimiz həyata keçibmi? Əgər istəklərim olsa, təbii ki, daha iki-üç il burda qalacağam. Çünki arzum bir komandada bir neçə il qalıb orda yaxşı işlər görməkdir. Amma, təkrar edirəm, mövsümün sonunadək gözləyəcəyəm… Bəlkə klub dedi ki, hocam, sənin şərtlərin ağırdır. Hələlik mən Azərbaycan futbolu üçün əlimdən gələni etməyə çalışıram. Aşağı yaş qruplarından əsas komandaya futbolçular cəlb edirəm, onlara oynamaq şansı verirəm. Ümumiyyətlə, yerli futbolçulara üstünlük vermək lazımdır.
- Bəs, legionerlər?..
- Gəlin açıq danışaq, biz indi Avropadan ulduz futbolçu dəvət etsək, bura gəlməyəcək. Birincisi, maddi olaraq bununla razılaşmayacaqlar. Onların istədiyi pulu biz burda verə bilməyəcəyik. İkincisi, əyalətlərlə paytaxt arasında sosial tarazlıq bərpa olunmalıdır. Və nahəyət, bayaq dediyim kimi, baza, baza, baza… Bunlar hamısı olacaq, sadəcə, zaman lazımdır. Amma Azərbaycanın ən böyük şansı ondadır ki, Türkiyənin 20-25 ilə keçdiyi yolu Azərbaycan 5-10 ilə qət edə bilər.
- Azərbaycan və Türkiyə futbolu arasında müqayisə aparsaq, bizim hazırkı futbolumuz Türkiyə futbolunun neçənci illərinə bənzəyər?
- Gəlin sualı başqa formada qoyaq. Azərbaycanda neçə komandanın özünün bazası var? Mən bildiyimə görə, yalnız «Xəzər Lənkəran» və «İnter»in. Baş məşqçisi olduğum «Bakı»nın bazası hələ tikilir. Biz bir gün «Tofiq Bəhramov»da, bir gün «Ədliyyə» stadionunda məşq edirik.
- «Neftçi», «Simurq» və «Karvan»ın da bazası var.
- Bunu bilmirdim, varsa, təqdir etmək lazımdır. Bir də, yaxşı ki, cənab İlham Əliyevin təşübbüsü ilə ölkənizdə bu qədər olimpiya kompleksi tikilib. O komplekslərdə meydançalar var. Amma onlara baxan yoxdur. İlk öncə bazalar formalaşmalıdır. Bəli, Azərbaycan futbolu Türkiyə futbolundan çox geridədir. Amma neçə il, geridə? Bax, hələ gərək birinci infrastruktur formalaşa ki, onda bu suala cavab tapa bilək.
- Az öncə legionerlərdən danışdınız. Bizim çempionatda əcnəbi futbolçular yetərincədir. Bu yaxşıdır, yoxsa pis?
- Mən hər zaman söyləmişəm, bura gətirilən legioner futbolçu ilk növbədə Azərbaycan futboluna fayda verməlidir. Kimsə ondan nəsə öyrənməlidir. Bəli, legionerlərin çoxluğunu mən də qəbul etmirəm. Amma əgər sənin uşaq futbolunda yaxşı futbolçu yetişmirsə, bəs onda necə olacaq? Hər şey bərabər getməlidir. Məncə, bura gələn səviyyəli yabancı futbolçu öz təcrübəsiylə yerli futbolçu yetişdirə bilər. Çünki bizlər də ölkəmizdə oynayan legioner futbolçuya, məşqçiyə baxaraq öyrəndik.
- Əmrə Bələzoğlunun Georgi Hacıdan öyrənməsi hər zaman nümunə kimi göstərilib.
- Yox, Əmrəni təkcə Hacı yetişdirmədi. Əmrəni bizlər də yetişdirdik. Bəli, Hacının, Popeskunun, Taffarelin «Qalatasaray»a köməyi oldu. Amma unutmayın ki, biz türk futbolçularının da onlara faydası dəydi. Biz türk futbolçuları adlarını çəkdiyim futbolçuların duyğularını, hissələrini oyatdıq. Bütün bunlar birtərəfli yox, ikitərəfliydi. Həm peşəkarlıq, həm də insaniyyət. Bunlar bir-birini tamamlayırdı.   
- Siz duyğudan, hissiyyatdan danışanda türk futbolunun tarixindəki iki ən böyük uğur yadıma düşdü: kapitanı olduğunuz «Qalatasaray»ın 2000-ci ildə UEFA kubokunu qazanması və Türkiyə milli komandasının Avropa çempionatındakı ötənilki parlaq zəfəri. Çox adam, xüsusilə  türk insanı hələ də bu fikirdədir ki, bu uğurlarda, təcrübə ilə yanaşı, türk ruhu da böyük rol oynadı.
- Yox… Qətiyyən razılaşmıram. İndi mən də sizə sual verirəm, «Qalatasaray»da və ya Türkiyə milli komandasında bizdən əvvəl oynayanlarda ruh olmayıb?
- Axı, əvvəllər…
- (sözümü kəsir) Pardon, bir dəqiqə, bir dəqiqə. Mənim ən çox hirsləndiyim şeylərdən biri də bu fikirləri eşitməkdir. Əsla sizin düşündüyünüz kimi deyil. Bu uğurların bir səbəbkarı var. Komanda oyunu, futbolçuların fədakarlığı, əzmkarlığı, bütünlüyü. Bilirsiniz, futbolçuların ruhuyla bağlı deyilənlərdə bir qədər həqarət var.
- Türkiyəyə Çexiyaya 0:2 uduzur və qəflətən möcüzəyə bənzər hadisə baş verir. Son 15 dəqiqədə üç qol vuraraq qələbə qazanır. Mən sizinlə razılaşıram, amma eyni zamanda ruhla bağlı deyilənlərin də əleyhinə çıxmıram.
- Burda nə var ki? Futbolda belə şeylər olur axı… Nə olsun, «Qalatasaray», «Fənərbaxça», «Beşiktaş»ın hesabda 0:2 geridə olarkən qələbə qazandığı matçlar az olmayıb. Bunlar dünyanın hər yerində var. Belə şeylərin ruhla heç bir əlaqəsi yoxdur.
- Gəlin, mövzumuzdan uzaqlaşmayaq və yenə qayıdaq bizim futbola. Siz böyük bir komandanın əfsənəvi kapitanı olmusunuz. Avropa kubokunu qazanmısınız, dünya çempionatının bürünc mükafatçısısınız. Futbolçuların hissiyatına bələd olan bir insansınız. Bizim futbolçularda yanğı, təpər müşahidə edirsinizmi?
- İnanın, azərbaycanlı futbolçular həqiqətən də öyrənmək istəyir. İçində öyrənmək həvəsi, yanğısı, istəyi olan futbolçular var. Azərbaycanda xüsusilə yeniyetmələr arasında istedadlı futbolçular yetişir. Yaxşı oyunçulardır. Mənim təxminlərimə görə, əgər həmin oyunçular yaxşı məşq keçsə, onlar 4-5 ildən sonra Azərbaycan futbolunu irəliyə apara biləcəklər.
 - Azərbaycan futbolunun hazırkı nəsilindən kimlərin oyununu bəyənirsiniz?
- Ad çəkməmə gərək yoxdur. Zatən, milli komandanızın futbolçuları yaxşı oyunçulardır. Təbii, ən yaxşı oyunçular elə milli komandada toplaşar.
- Sizcə, bizim oyunçular futbol zirvəsinə aparan yolda hara qədər gedə bilərlər? Məsələn, götürək elə bu gün üçün ən yaxşı oyunçumuz hesab edilən Vaqif Cavadovu.
- O, millinin oyunçusudur?
- Bəli, bəlkə yadınıza gələr, Rusiyaya qol da vurdu.
- Bilirəm, bilirəm.
- Vaqifin potensialı Türkiyə superliqasında oynamağa imkan verir?
- Millidəki futbolçuların bəzilərinin buna potensialı var. Amma həmin futbolçular üzərlərində hələ bir qədər də işləməlidir. Onlar Türkiyədə dərhal oynamaya bilərlər. Amma bir-iki ildən sonra oynaya bilərlər. Oradakı şəraitə uyğunlaşmaq da lazımdır. Azərbaycanda bəzi oyunçular Türkiyə superliqasında oynamaq gücündədir.
- Dörd böyükdəmi?
- Yox, siz nə danışırsınız? Həmin komandalarda oynamağa hələ çox vaxt var. Sizin futbolçular ilk öncə uyğunlaşdıqları şəraitə uyğun hərəkət etməlidirlər. Yalnız müəyyən zamandan sonra onlar dörd böyüyə keçə bilərlər.
- Futboldan çox danışdıq. Görürəm, elə siz də yorulmağa başlayırsınız. Yəqin ki, Bakıda yaşaya-yaşaya Türkiyəni xatırlayırsınız. Sizə doğma olan İstanbul, ailəniz…
- Biz illərdir futboldayıq, həyatımız meydançada keçib. Həm də bizlər ailələrimizi çox az görən insanlar olmuşuq. Yaxşı yadımdadır, futbolçu olanda yaz tətilinə belə vaxt tapa bilmirdim. Artıq mən də, ailəm də bu tale ilə barışmışıq. Təbii ki, ailəm üçün darıxıram. Amma nə etmək olar? Ailəm Türkiyədədir, uşaqlarım orda oxuyurlar. Böyük qızım bu il universitetə imtahan verməyə hazırlaşır.
- Bakı necə şəhərdir?
- Mən 2001-ci ildə burda olmuşdum. Milli komandayla gəlmişdik bura.
- Hə, o qalmaqallı oyun.
- Nə qalmaqallı?
- Yadınıza gəlmirmi Hakan Şükür, Arif Ərdəm və bizim qapıçı Dmitri Kramarenko arasındakı insident? Bu, bizim mətbuatda çox müzakirə edildi.
- Oyun zamanı mübahisənin düşməsi normaldır. Azarkeş istəyir ki, biz meydanda da mehriban olaq, qardaş olaq. Belə şey ola bilməz axı. İnsan qələbə qazanmaq üçün hər şey edir. Futbolçu meydanda döyüşməli, mübarizə aparmalıdır. Mübarizə varsa, mübahisə də normal qəbul edilməlidir. Axı, futbol emosional oyundur. Futbolda rəqib, futboldan kənarda dost, qardaş ola bilərik. Sizlər isə istəyirsiniz ki, meydanda mübarizə aparmayıb bir-birimizin üzünə gülək.
- Vallah, biz belə bir şey istəmirik.
- Bilirsiniz, futbolçu meydanda centlmen olmalıdır, amma qələbə qazanmaq üçün hər şeyi ortaya qoymalıdır.
- Nə isə, mövzunu uzatmayıb, Bakıyla bağlı sualımıza qayıdaq.
- Bəli, bu səkkiz ildə Bakı çox dəyişib. Mənim fikrimcə, beş il sonra Bakı çox müdhiş bir şəhər olacaq. İndi də gözəldir. Burda yeni-yeni yaraşıqlı binalar, otellər tikirlər. Özüm «Sahil»də yaşayıram. Oraları xüsusi sevirəm. Binalar çox zövqlə tikilib, yeni tikililərdə şəhərin memarlığını saxlayıblar. Yeni binaların üzü sarı rəngdədir. Qədimlik saxlanılır. Azərbaycanın digər şəhərlərini də bəyənirəm. Zaqatalada və Qəbələnin təbiətinə, yaşıllığına heyran qaldım.
- Bülənt Qorxmazla bu qədər söhbət eləyib ondan Azərbaycan mətbəxi haqda soruşmamaq doğru olmaz, məncə.
- Nə deyim, mətbəxlərimiz arasında fərq var. Amma eyni yeməklərə rast gəlirəm. Məsələn, mərcimək şorbası… Lənkəranda ləvəngi yedim, bəyəndim. Amma düzü, Azərbaycanda yeməklər çox yağlı olur. Mən də yağlı yemək sevmirəm. Evimdəki xidmətçidən də xahiş edirəm ki, mənə yağlı yemək bişirməsin. Amma sizin mətbəxə get-gedə alışıram. Yaxşısı budu, gəlin, yeməkdən danışmayaq, kimsə müsahibəni oxuyanda aca bilər (gülür)…
- Olar. Bəs, əlavə nə barədə danışmaq istərdiniz? Məsələn, musiqimiz haqda nə fikirdəsiniz?
- Bax, bu sual yerinə düşdü. Mənim sürücüm var, Alışan kişi, maşında tez-tez Azərbaycan mahnılarını səsləndirir. Çox gözəl musiqiniz var. Təbii ki, Azərbaycan telekanallarını izləyirəm və isimlərini bilmədiyim müğənniləri görürəm.
- Bəs, isimlərini bildiyiniz azərbaycanlı müğənni yoxdur?
- Niyə yoxdur, var! Röya. Çox sevirəm bu müğənnini. Ümumiyyətlə, Azərbaycan və Türkiyə musiqisi arasında oxşarlıqlara rast gəlirəm.
Musiqiylə yanaşı vaxt tapanda mənə Bakıya gələndə təyyarədə verilən bir kitabı oxumağa çalışıram. Qarabağ hadisələri haqdadır. Düzdür, büsbütün xronologiyadır. Amma yenə də məlumat toplamağa çalışıram.
- Türkiyədə Qarabağ hadisələri haqda nə məlumata malik idiniz? Sualı təsadüfən vermirəm, axı, idmançılar çox vaxt siyasi proseslərə maraq göstərmirlər.
- Təbii ki, məlumatım vardı. Azərbaycan haqda da eşidirdim. Bu ölkədə Türkiyənin, bizdə isə Azərbaycanın sevildiyindən xəbərdar idim. Bakı aeroportunda mənim diqqətimi bir şey cəlb etdi. Pasport nəzarətindən keçərkən bir nəzarətçiylə söhbət etdim. Türk olduğumu bilən kimi Mustafa Kamal Atatürkdən danışmağa başladı. Sevindim, fəxr elədim. Heyran qaldım.
- Azərbaycanda diqqətinizi daha nə cəlb edib?
- Heyrət etdiyim bir məqam var. Burda futbol çempionatının oyunlarına çox az adam gəlir, 200-300 azarkeş. Amma mən bildiyimə görə, Azərbaycanda Türkiyə çempionatının oyunlarını kafelərdə, restoranlarda, kinoteatrlarda minlərlə azarkeş izləyir. Təbii, türk futboluna bu qədər sevgi və diqqət məni sevindirir. Amma eyni zamanda Azərbaycan çempionatında da insanların çox olmasını istərdim.
- Söhbətimiz yenə futbolun üzərinə gəlibsə, müsahibəmizi elə futbol mövzusuyla da söhbətlə yekunlaşdıraq. Hər şeydən danışdıq, «Bakı» komandasının çıxışlarına isə ümumiyyətlə, toxunmadıq.
- Mən keçmiş baş məşqçi haqda danışmaq istəmirəm. Ən azı ona görə ki, komandanı çempion edib. Amma onu çalışdırması ilə mənim çalışdırmam fərqlidir. Mən gəldiyim ilk gündən demişdim ki, bu komanda taktiki, texniki və fiziki baxımdan hazırlıqsız olub. Bu səbəbdən Azərbaycan futbolu bu yay avrokuboklarda tarixi şansı əldən verdi. UEFA-dakı püşkatmada «Bakı» üçün rəqibləri kim çıxarmışdısa, onun əllərinə sağlıq. «Levski» səddini keçmək mümkün idi. Onu keçsəydilər, Macarıstanın «Debretsen» komandasıyla qarşılaşıcaqdılar. Mən bu komandanın oyununu izləmişəm. «Bakı» macarları keçmək gücündə olan bir komandadır. Onu da mübarizədən kənarda qoyub Çempionlar Liqasının qrup mərhələsində oynaya bilərdi. Təkram edirəm, belə xoşbəxt bir püşk bəlkə bir daha Azərbaycan klublarının qarşısına çıxmadı.
Nə isə, indi komanda özünə gəlməyə başlayır. Əsas hədəfimiz «ilk altılığa» düşməkdir. Qış fasiləsində komandada köklü dəyişikliklər olacaq.
- Yəqin ki, hədəfiniz ən azı Avropa kuboklarında oynamağa imkan verən ilk üç yerdən birini tutmaqdır.
- Hələ «altılıq»da yerimizi tam təmin edək , sonra bu haqda da danışarıq.
- Bu yolda sizə və komandanıza uğurlar!
- Təşəkkürlər!

Aydın BAĞIROV

Daha çox


Son xəbərlər