Seysenbaxer qayıdır?

Seysenbaxer qayıdır?
XƏBƏR 21 Sentyabr 2015 / 17:05 4867
-  A +

2008-ci il Pekin yay Olimpiya oyunlarında Azərbaycan cüdoçularının nailiyyəti davamlı olmadı – tatami ustalarımız sonrakı illərdə sönük çıxışları ilə diqqət çəkiblər. Geriləmə dünya və Avropa çempionatlarında özünü daha qabarıq şəkildə göstərməyə başladı və London-2012-də pik nöqtəsinə çatıb: cüdoçularımız XXX olimpiadada fiaskoya uğrayıblar.
 
Azərbaycan olimpiyaçılarının tarixi nailiyyətlərinin fonunda onların acınacaqlı məğlubiyyətlərə məruz qalması idman ictimaiyyətində, ilk növbədə isə Azərbaycan Cüdo Federasiyasında (ACF) ciddi narahatlıq yaradıb. Vəziyyəti düzəltmək üçün yollar axtarılıb və 2012-ci ilin oktyabrında 19 il milli komandaya rəhbərlik etmiş Ağayar Axundzadə vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə bu sahədə həm idmançı, həm də məşqçi kimi tanınmış, böyük uğurlar qazanmış Peter Seysenbaxer gətirilib. Avstriyalı mütəxəssislə 4 illik müqaviləyə əsasən, o, cüdo üzrə Azərbaycan milli komandasını 2016-cı il Rio de Janeyro olimpiadasına hazırlamalı, milli komandanın gücləndirilməsi ilə yanaşı, yeniyetmə və gənclərdən ibarət kollektivləri formalaşdırmalı, qadın cüdo məktəbini inkişaf etdirməli, peşəkar məşqçi və hakim heyətinin hazırlanması prosesini təkmilləşdirməli idi.
 
Ölkə mediasına ilk açıqlamasında yeniyetmələrdən başlayaraq əsas komandaya qədər bütün idmançıların çıxışını nəzarətdə saxlayacağını, heç kimə, xüsusilə, titullu idmançılara güzəşt edilməyəcəyini qətiyyətlə vurğulayan P.Seysenbaxer bütün yarışlara ən yüksək hazırlıqlı heyətlə yollanılacağını bildirib. Lakin müqavilədə nəzərdə tutulan müddəalar elə kağız üzərində qalıb, reallıqda əksini tapmayıb və buna səbəb kimi federasiya rəhbərliyinin öhdəlikləri yerinə yetirməməsi göstərilib. Nəticədə 2014-cü ilin əvvəllərində avstriyalı məşqçi Bakını tərk edib. O vaxtdan keçən təxminən ilyarımlıq dövrdə də Azərbaycan cüdoçuları ümidləri doğrulda bilməyiblər.
 
Bunun məntiqi nəticəsi olaraq bu yaxınlarda federasiya rəhbərliyində ciddi dəyişikliyə əl atılıb və artıq ACF-yə yeni prezident Rövnəq Abdullayev başçılıq edir. Adının açıqlanmasını istəməyən mənbənin verdiyi məlumata görə, ölkənin cüdo mütəxəssislərinin, idmançıların rəyini öyrənən federasiyanın yeni rəhbərliyi P.Seysenbaxeri milli komandaya qaytarmaq niyyətindədir. Məsələnin ən yaxın zamanda həllini tapacağı bildirilir. Xatırlatmaq yerinə düşər ki, avstriyalı mütəxəssis Olimpiya, dünya və Avropa çempionudur, 20 ildən çoxdur məşqçilik edir. Karyerasının böyük hissəsini Avstiryada keçən P.Seysenbaxer Azərbaycana ilk gəlişinədək Macarıstan və Gürcüstan milli komandalarının baş məşqçisi olub.

Daha çox


Son xəbərlər