“Bizdən başqa yerə gedənlər asanlıqla əsas heyətə düşüblər” – Mahir Rüstəmli

“Bizdən başqa yerə gedənlər asanlıqla əsas heyətə düşüblər” – Mahir Rüstəmli
MÜSAHİBƏ 23 Fevral 2015 / 15:06 7858
-  A +

Azərbaycanda kifayət qədər populyar idman nəşrlərindən biri olan “Futbol+” qəzetini idmansevərlərin böyük əksəriyyəti daim yaxından izləyir. Uzun müddətdir fəaliyyət göstərən bu qəzet hər zaman diqqət mərkəzində olub...
Qəzetin baş redaktoru Mahir Rüstəmli ilə söhbətimiz “Futbol+”in redaksiyasında baş tutdu. Söhbətdən əvvəl redaksiyanın otaqlarını gəzirik. Hər kəs işinin başındadı. Gündəlık qəzet çıxarmaq asan deyil təbii ki.

- Vaxtilə mətbuat bazarında azsaylı idman qəzetlərindən olan “Futbol+” üçün bu gün çoxsaylı idman saytları ilə rəqabət aparmaq çətin deyil?

- Təbii ki, çox çətindir. İndi qəzet bazarının şərtləri də dəyişib, ikinci plana keçib. Bəzi yayım firmaları müflisləşib, metro stansiyalarında qəzet satışı ləğv edilib. Buna görə də bir çox əngəllər yaranıb. Bütün dünyada gedən tendensiya hər kəsə bəllidir. Elektron media çap mediasını sıxışdırır. Amma dünya ölkələrinin bəzilərindən fərqli olaraq, bizdə süni problemlər də yaradılır. Bütün bunlara baxmayaraq, biz qəzetin yaşamasına nail oluruq. Düzdü, bu, əvvəlki illərə nisbətən bir az çətindir. Çalışırıq ki, yerli idman saytlarından fərqli sistemlə işləyək. Saytlar deyəndə, Azərbaycanda onların sayı çox olsa da, cəmi 4-5-i normal işləyir. Qəzetlərdən isə rəqiblərimizdən “Çempion”, “İdman”, “Olimpiya dünyası” və sairdir. Amma Azərbaycanda yeganə qəzet “Futbol+”dir ki, həftədə beş dəfə nəşr olunur. Çalışırıq ki, fərqli bir şeylər yarada bilək. Tam əminliklə deyirəm ki, biz daim liderliyimizi qorumaq fikrindəyik və qəzet bazarından çıxmaq niyyətimiz yoxdur.

- Sadaladığınız problemlər yəqin ki, satışınıza mane olur.

- Təbii ki. Sözün açığı tirajımız əvvəlki illərə nisbətən azalıb. Bilirsiniz ki, insanların ən çox üz tutduğu nəqliyyat vasitəsi metrodu və orda qəzet daim göz qabağında olurdu. İndi kitab satışı bərpa olub. Ümid edirəm ki, qəzet-jurnalların da satışına icazə verəcəklər. Nəzərə alsaq ki, biz insanların maariflənməsinə xidmət edirik. Metro stansiyalarında satışa icazə versələr, əvvəlki mövqeyimizi bərpa edə bilərik.

- Sizcə, “Futbol+”in digər nəşrlərdən fərqliliyi nədədir?

- Operativlik deyə bilməyəcəm. Bu baxımdan saytlara uduzuruq və bu, belə də davam edəcək. Amma “Futbol+” qəzetini başqalarından fərqləndirən əsas cəhət odur ki, daim obyektivliyi qoruyub saxlayır. Hadisələrə tənqidi yanaşmağı bacarırıq. Bunu bizdən bazar və oxucu tələb edir. Elə özümüzün də əvvəldən niyyətimiz pafosdan, tərifdən uzaq durmaq olub. Bilirsiniz ki, indi dünya mətbuatında da tənqidi yazılar, bəd xəbərlər üstünlük təşkil edir. İnsanlar belə xəbərləri oxumağa meyllidirlər. Biz də buna üstünlük veririk.

- Fəaliyyət göstərdiyi illər ərzində “Futbol+”də bir çox jurnalist yetişib. Qəzetinizin həm də bir məktəb olması fikriylə razılışırsınız?

- Buna kənardan qiymət versələr yaxşı olar. Bizimlə fəaliyyət göstərib daha sonra başqa mətbuat orqanında çalışanlarlar sualınıza dəqiq cavab verə bilərlər. Mən onlarla daim ünsiyyətdə oluram, bizdən sonrakı kollektivlərini müqayisə edirlər. Əslində bizim qəzetdən ayrılan jurnalistlər heç vaxt yaradıcılıq problemlərinə görə getməyiblər. Yəni ola bilər ki, bizdən aldığı məvacib onları qane etməyib deyə ayrılıblar. Bütün hallarda onlar da etiraf edirlər ki, ifadə və mövqe azadlığını, müdir-işçi münasibətlərindəki yaxınlığı az-az yerdə görə biliblər. Bizim də əsas məqsədimiz bu olub ki, burada “Futbol+”də fəaliyyət göstərən hər bir reportyor kamil işçi kimi yetişsin. Bu mənada “Futbol+”ə insanların peşə sahəsində yetişməsinə imkan verən bir yer desək, daha doğru olar. Çünki
bizdən başqa yerə gedənlər həmişə, idman dili ilə ifadə etsək, asanlıqla əsas heyətə düşüblər.

- Hazırda idman jurnalistikamızda nələr çatmır?

- Bu gün üçün əsas problem dil məsələsidi. Ən azı rus və ingilis dillərindən birini mükəmməl bilmədən jurnalistika bazarında ayaqda qalmaq çox çətindir. Baxın ölkə futbolunda, ümumiyyətlə, idmanımızda nə qədər legioner var. İstəyərdim ki, bu sahəyə gələnlər dil öyrənməyə xüsusi fikir versinlər. İkinci məqam kimi, bizim jurnalistlər bir çox hallarda qərəzsiz olmağı bacarmırlar. Çoxlarının klub simpatiyaları var. Bu, məsələ məni məyus edir. Bəzən jurnalistin hansısa kluba açıq-aydın azarkeşlik etdiyi görünür. Əgər azarkeşlik etmək istəyirsənsə, jurnalistikadan get, fankluba yazıl. Hətta beynəlxalq oyunlarda belə, azarkeş simpatiyasını bildirməyin əleyhinəyəm. Bəzən bizə gülürlər ki, bunlar jurnalistikayla məşğuldurlar, yoxsa fanatlıqla? Bütün bunlar olmamalıdır. Ona görə, jurnalistikada olduğumuz dövrdə bu incəliklər nəzərə alınmalıdır.

- Bir çox idman növlərində müsahibləriniz olub. Sizcə, intellekti ilə digərlərindən fərqlənənlər kimlərdir?

- Çox idmançı, məşqçilər müsahibim olub.  Qurban Qurbanov, Faiq Qarayev, Ağacan Əbiyev, Xəzər İsayevlə söhbət etmək maraqlıdı. Son vaxtlar çox ünsiyyətdə olmamışam, amma əvvəllər mənim üçün voleybolçular daha intellektual təsir bağışlayırdılar. Boksçularla bağlı bir az çətin olub ünsiyyət. Məsələn, Ağası Məmmədovla söhbətdə çətinliklə üzləşmişəm. Amma maraqlıdır ki, güləşçilərdən müsahibə götürmək daha rahatdır.

- Zaman-zaman maraqlı layihələrə imza atmısınız. Oxucular sizdən yenə yeniliklər gözləsinmi?

-Olacaq. Amma bu, həftədə beş dəfə işıq üzü görən qəzet üçün bir az çətindir. Biz indi konveyer üsulu ilə işləyirik. Ona görə də ciddi layihələr haqqında düşünməyə vaxtımız olmur. Ancaq oyunlar, yarışlar...  Son illərdə Azərbaycan bir çox idman növündə turnirlər qəbul edir. Futbol çempionatımızın da vahid sturukturu, təqvimi  yoxdur. Bu qədər az komanda ilə demək olar, həftənin bütün günləri futbol oynayırlar. Mən bunu qəbul eləmirəm. Bütün dünyada olduğu kimi, oyunlar həftəsonu olmalıdır. Tutaq ki, götürək son “Neftçi” - “Qarabağ” oyununu. Azarkeş sayı rəsmi olaraq 4500 idi. Əminəm ki, istirahət günləri keçirilsəydi,  bundan xeyli çox olardı.

- Və sonda... “MaNat”la aranız necədir?

- (gülür) İmza anlamında? Mənə elə gəlir ki, “MaNat” Azərbaycan jurnalistikasında şərikli yaranmış ən maraqlı işlərdən biri idi. O vaxt bu imza kifayət qədər populyarlıq qazanmışdışdı. İmzanın yaranma tarixçəsi də maraqlı idi. Həmkarın və tələbə yoldaşım Natiq Zeynalovla “Press-fakt”  qəzetində “Siyasət salatı” adlı rublika hazırlayırdıq. İmzamız da “MaNat” idi. Orada özümüz bilərəkdən elə mövqe seçmişdik ki, birimiz hücum edəndə digərimiz qarşımızdakı müsahibin vəkili rolunu oynasın. Ona ürək-dirək versin. İndiki jurnalistikada mən elə uzunmüddətli müştərək iş görmürəm. Biz bu imzanı uzun müddət yaşatdıq. Sonradan “Press-fakt” qəzetindən ayrılıb  “525-ci” qəzetə gəldim və “MaNat” sıradan çıxdı.

Ergün SEYİD

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu