“Qarabağ”ı Avropaya tanıtmağa borcluyuq”

“Qarabağ”ı Avropaya tanıtmağa borcluyuq”
ÖLKƏ FUTBOLU 18 İyun 2014 / 17:52 3507
-  A +

“Qarabağ” klubunun yarımmüdafiəçisi  Namiq Yusifovun Qol.Az saytına müsahibəsi

- Artıq bir neçə gündür ki, məşqlərə başlamısınız. Çempionlar Liqasına hazırlıqlar necə gedir?

- Məşqlərimizi yeni bazamızda edirik. Orada yaxşı şərait yaradılıb. Hamı həvəslə Çempionlar Liqasının oyunlarına hazırlaşır. Qarşıdan gələn  turnirin məsuliyyətini hamı yaxşı dərk edir.  Futbolçularımız tədricən formaya düşür. Oyunlara qədər kifayət qədər vaxtımız var ki, komanda öz oyununu tam bərpa etsin.  Bir neçə gündən sonra təlim-məşq toplanışı üçün Avstriyaya yollanacağıq. Orada güclü komandalarla yoldaşlıq oyunlarında qüvvəmizi sınayacağıq. ÇL-ın oyunlarından əvvəl “Sparta” (Praqa), “Viktoriya”, “Şaxtyor” (Donetsk) kimi komandalarla qarşılaşmağımız çox vacibdir. Çünki vacib oyun öncəsi zəif cəhətlərimizi biləcəyik.

- Yeni transferlər özlərini necə göstərir?


- Hər halda onlar yaxşı futbolçular olduqları üçün “Qarabağ”a gəliblər. Bizim komandaya pis futbolçu gətirmirlər. Hər birinin oyununu izləyib komadaya cəlb ediblər.  Tərlan Quliyev və Cavid Tağıyevi yaxşı tanıyıram. Cavan, perespektivli futbolçulardı. Danilo Dias isə məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Düşünürəm ki, hücum xəttində bizə fayda verəcək.

- Hər il olduğu kimi, bu dəfə də “Qarabağ”ın avrokuboklarda uğurlu çıxışına ümidlər böyükdür. “Qarabağ”ın futbolçusu kimi komandanızın gücünü necə qiymətləndirirsən?

- Qarşıdakı ilk işimiz ikinci təsnifat mərhələsini adlamaq olmalıdır. İndidən neçə tur keçə biləcəyimiz haqda danışmaq düzgün deyil. Yaxşıdır ki, hamı bizə inanır. Ancaq gəlin, tələsməyək. Püşkatmadan sonra rəqibimizi yaxşı analiz etməliyik. Düşünürəm ki, bu mövsüm də
avrokuboklarda yaxşı nəticə qazanmağa qadirik. Əsas odur ki, oyunlara hərtərəfli hazır olaq. Necə ki, Avroliqada yaxşı oyunlarımız olub, eləcə də ÇL-da azarkeşlərimizi sevindirməliyik.


- Çempionlar Liqası Avroliqadan daha çətin turnirdir…

- Məncə, bu iki turnir arasında böyük fərq yoxdur. Avroliqada sadəcə ilk turda zəif rəqib ola bilər. Sonrakı mərhələlərdə isə bütün rəqiblər güclü olur.

- Klub rəhbərliyi komandanın qarşısına hansı hədəfləri qoyub?

- “Qarabağ” həmişə çalışıb ki, istər Premyer Liqamızda, istərsə də avrokuboklarda adına layiqli çıxış etsin. Ona görə də hamımız , əlimizdən gələni edək. Klub rəhbərliyi hələ ki, hədəflər haqda bizimlə söhbət etməyib. Əslində bu barədə danışmağa  ehtiyac yoxdur. Çünki, futbolçulara “Qarabağ” adını Avropaya tanıtmağın nə qədər vacib olduğunu xatırlatmaq  artıqdır. “Qarabağ”ı  Avropaya tanıtmğa bocluyuq. 

- Sonda, DÇ-2014 haqda danışaq. Yəqin ki, oyunları izləyirsən.

- Bəli, mümkün qədər hər bir oyunu izləyirəm. Almaniya və İtaliya yığmalarının oyunu çox xoşuma gəldi. İspaniya məni pis oyunu ilə təəccübləndirdi. Favorit Almaniyanı görürəm. Adətən heyətində olan oyunçularına görə komandalara azarkeşlik edirəm. Əvvəllər Zidana görə Fransa, Ronaldoya görə Braziliya  millisinə azarkeşlik edirdim. İndi isə elə bir komanda yoxdur. Bir qədər İtaliyaya rəğbətim  var.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər