Maksim Medvedyev: "İnter"lə oyun savaş kimi olacaq"

Maksim Medvedyev: "İnter"lə oyun savaş kimi olacaq"
ÖLKƏ FUTBOLU 6 May 2014 / 14:31 3057
-  A +

Sabah Azərbaycan Premyer Liqasının 34-cü turunun oyunları keçiriləcək. Turun mərkəzi görüşündə turnir cədvəlinin lideri "Qarabağ" ən yaxın izləyicisi "İnter"i qəbul edəcək. Ağdam təmsilsiçi qələbə qazanarsa, mövsümün sonuna iki tur qalmış çempionluğunu rəsmiləşdirəcək. 

Qol.Az saytına müsahibəsində "Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedyev  "İnter"lə keçiriləcək vacib qarşılaşmadan danışıb.

- "İnter"lə oyun həlledici ola bilər. Rəqibiniz son turlarda göstərdiyi nəticələrə görə yaxşı əhval-ruhiyədədir. "Qarabağ"da çətin oyun qabağı ab-hava necədir?

- Bizdə hər şey qaydasındadır. Bütün komanda ilə məşqdə iştirak edirik. Xüsusi bir hazırlığımız olmayıb.  Rəqibimizi yaxşı analiz etmişik.  "İnter"lə bu mövsüm 3 dəfə qarşılaşmışıq və hamısında qalib gəlmişik. Yenə qələbə qazanıb, işimizi sona çatdırmaq istəyirik. Doğrudan da həlledici oyun ola bilər. Hər iki komanda maksimum gücünü ortaya qoyacaq. Buna görə də çox maraqlı görüş gözlənilir.  Hazırda "İnter"lə oyuna hazırlaşırıq. Çatışmayan cəhətlərin üzərində işləyirik.

- Çatışmayan cəhətlər nədir ki, komandanız son üç turda qələbə qazana bilmədi?

- "Simurq"dan tutmuş "Bakı" ilə oyuna qədər bütün qarşılaşmalarımızı izləyəndə görünür ki, "Qarabağ" daha yaxşı oynayıb. Sadəcə imkanlarımızdan istifadə edə bilməmişik. Üç oyundan iki xal götürməyimiz də pis nəticə deyil. Çünki bu görüşlərdən ikisini səfərdə keçirmişik. Çatışmayan cəhətimiz odur ki, son nöqtəni qoya bilmirik.

- Artıq 7 turdur ki, "İnter"i dayandıran tapılmır. Bu mənada çempionluğunuzu bu turda da təmin edə bilməmək qorxusu var?

-  Bəlkə də "İnter" hazırda ən yaxşı dövrünü yaşayır. Bu mövsüm ən yaxşı nəticə göstərən komanda da məhz "İnter" olacaq. Çünki bir vaxtlar autsayder olsalar da, hazırda ikinci yerdədirlər, çempion olmaq şansları da var. Buna baxmayaraq sabahkı oyun savaş kimi olacaq. İşimizi çətinə salmamalıyıq.

- "İnter"in oyununu necə qiymətləndirirsən? Rəqibinizin gücü nədədir?   

- "İnter"lə "Qarabağ"ın oyun sistem tam fərqlidir. Bu komanda 2-3 ötürmə ilə rəqibin cərimə meydançasına daxil olmağa çalışır. Ancaq biz qısa ötürmələrə çox üstünlük veririk. Belə olanda istər-istəməz qol imkanı yaranır. Bu zaman həm hücumçumuz, həm də müdafiəçimiz qapıya yol tapa bilər. "İnter" isə bütün komanda ilə hücumda və müdafiədə oynayır. Yəni hücumda olanda müdafiə olunmurlar. Rəqibimizin 3-4 oyun taktikası var ki, onların hamısını əzbərləmişik.

- Yəni sabahkı görüşdə hər şey həll olacaq?

- Məlumdur ki, qalib gəlsək, çempion olacağıq. Buna görə də futbolçularımızın oyuna hansı motivasiya ilə çıxacaqlarını təsəvvür etmək çətin deyil. Ancaq "İnter"in qələbə qazanacağı təqdirdə son tura qədər intiriqa davam edəcək.

- Məğlub olsanız, çempionluq şansınız da bir qədər azala bilər.

- İstəmirik ki, hər şeyi son tura saxlayaq. Tez çempion olsaq, bizim üçün çox faydalı olacaq. Çalışacağıq ki, sabah məsələni həll edək.

Ramiq AĞAMƏMMƏDOV   

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır