Con Toşak: “Hamı “Bakı, Bakı” deyir, amma...”

Con Toşak: “Hamı “Bakı, Bakı” deyir, amma...”
XƏBƏR 25 Oktyabr 2013 / 16:21 3509
-  A +

“Xəzər Lənkəran” futbol klubu üçün əlavə süni örtüyü olan meydan salınacaq. Qol.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Con Toşak klubun saytına bildirib.
 
O deyib ki, Lənkərana tez-tez yağış yağdığından, əlavə süni qazonu olan meydana ehtiyac yaranır: “İndi məşq keçmək üçün elə proqram tərtib edirik ki, əsas və ehtiyat meydançalarımız korlanmasın. Ümumiyyətlə, Lənkərana tez-tez yağış yağdığından, əlavə süni qazonu olan meydana ehtiyac yaranır. Bu problemi həll edəcəyik”.
 
“Xəzər Lənkəran” oktyabrın 23-də Naxçıvanda keçirilmiş Azərbaycan Superkuboku uğrunda matçda “Neftçi”yə qalib gəlib. Toşak Muxtar Respublikadakı şəraitdən razılıq ifadə edib: “Naxçıvanda yerləşdiyimiz otel, otelin personalı bizə qarşı çox qonaqpərvər davrandılar. Təhlükəsizliyimiz üçün lazım olan bütün diqqət alqışa layiq idi və elə polislər də nümunəvi davranışları ilə yadda qaldılar. Çox təmiz havası olan Naxçıvanda hər tərəflə əhatə olunmuş dağlar da şəhər mərkəzinə əlavə gözəllik verirdi. Xüsusən, bir rəngdə olan taksilər və sürücülərin uniformada olması diqqətimi çəkdi. Maraqlanıb biləndə ki, taksilər yerli istehsaldır yadıma “Fiat” avtomobillərinin İtaliyada yayılması düşdü. Bundan əlavə, küçələrdə şütüyən avtomobillər çox təmiz idi. Məncə, Avropada Naxçıvan haqqında geniş məlumatları yoxdur. Hamı “Bakı, Bakı” deyir, amma belə bir gözəl məkan da varmış. Ən çox da bizi matç ərzində dəstəkləyən naxçıvanlı azarkeşlərə minnətdaram. Görünür “Xəzər Lənkəran”ın hər yerdə sadiq azarkeşləri var. Bir sözlə, Naxçıvan məndə inanılmaz xoş təəssürat oyatdı”.
 
Qarşıda “Xəzər Lənkəran”ı Topaz Premyer Liqasının lideri “Qarabağ”la oyun gözləyir. Uelsli mütəxəssis Lənkəran şəhər stadionundakı matçda azarkeşlərin tribunaları dolduracaqlarına inam ifadə edib: “Qarşıda “Qarabağ”la çox çətin bir oyunumuz var. Hər zaman kubok qazanmaq gözəl hiss yaradır. Amma artıq çempionatı düşünməliyik. Azarkeşlərimizi sevindirmişik və inanıram ki, onlar “Qarabağ”la oyunda tribunaları dolduracaqlar!”
 
Qeyd edək ki, oktyabrın 26-da keçiriləcək “Xəzər Lənkəran” – “Qarabağ” matçı saat 19:00-da başlanacaq.

Daha çox


Son xəbərlər