"Qəbələ" "Prezident Kuboku"nun yarımfinalında

"Qəbələ" "Prezident Kuboku"nun yarımfinalında
XƏBƏR 1 Oktyabr 2013 / 16:14 1575
-  A +

"Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Ukrayna Prezidenti Kubokunda çıxışını davam etdirir.

Qol.Az-ın məlumatına görə, bu gün "Artek" Beynəlxalq Uşaq İstirahət Mərkəzində keçirilən turnirin B qrupunun matçlarına yekun vurulub.

Dördlüyün son - üçüncü oyununda "qırmızı-qaralar" Kiyev "Dinamo"su ilə qarşılaşıb. Startdan finaladək üstün oyun nümayiş etdirən təmsilçimiz rəqibinə heç bir şans verməyib - 2:0. Matçda hesabı Fərid Nəbiyev açıb. Dəqiq zərbə ilə toru silkələyən hücumçu aktivindəki qolların sayını 3-ə çatdırıb.

Qarşılaşmanın hesabını müəyyənləşdirən qol isə Kamran Quliyevin ayağına yazılıb. Öncəki iki matçı bir məğlubiyyət ("Çernomorets", 2:4) və bir qələbə ("Real-Sukçes" (Moldova), 2:1) ilə bitirən "Qəbələ" bu nəticədən sonra qrup mərhələsini 6 xalla ilk pillədə tamamlayıb və yarımfinala adlayıb. "Çernomorets" 5 xalla ikinci, "Real-Sukçes" 4 xalla üçüncü, "Dinamo" isə 1 xalla sonuncu olub.

Xatırladaq ki, təmsilçimiz yarımfinal mərhələsində A qrupunda ikinci pilləni tutan komanda ilə qarşılaşacaq. Matç oktyabrın 3-ü Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Son xəbərlər