Fariz Məmmədov bir döyüşə 5000 avro qazandı

Fariz Məmmədov bir döyüşə 5000 avro qazandı
XƏBƏR 25 Sentyabr 2013 / 14:44 1675
-  A +

Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov son döyüşündə belaruslu Aleksandr Abramenko üzərində qazandığı qələbə qarşılığında 5000 avro qazanıb.

Qol.Az-ın Lent.az-a istinadən verdiyi  məlumata görə, bu barədə 33 yaşlı idmançı keçirdiyi mətbuat konfransında açıqlama verib.
 
O bildirib ki, hələ 2001-ci ildə promouterlərlə bağladığı ilk müqaviləsində özü üçün qonorardan öncə titul qazanmağın daha vacib olduğunu diqqətə çatdırıb. Lakin sonradan 8 ilədək rinqdən kənarda qalması səbəbindən uğurlarını davam etdirə bilməyib. 2012-ci ilin ilin aprelindən rinqə qayıdan Məmmədov artıq 3 döyüşə çıxıb. İlk döyüşündə erməni əsilli Yeqise Tovmasyana qalib gələn boksçumuz bu ilin martında polşalı rəqibini də yensə də, əlini zədələyib. O, müalicəsinə 6 ayadək vaxt sərf edib.
 
Abramenko ilə döyüş Ukraynanın Xarkov şəhərində təşkil olunub. Görüş WBO (Ümumdünya Boks Təşkilatı) versiyası üzrə reytinq xarakteri daşıyıb. Məmmədovun sözlərinə görə, zədəli olmasına və rəqibinin daha təcrübəli olmasına baxmayaraq, döyüşməyi özünə borc bilib: “Qarşıdakı prezident seçkisi öncəsi “İlhamla irəli” şüarı və “Azərbaycan” mahnısı ilə rinqə çıxmağı vacib saydım. Şükür Allaha, risk edərək, üzərimə düşən vəzifənin öhdəsindən gəlməyi bacardıq. Özüm Ağdamda doğulmuşam və bu rayonun idman məktəbinin yetirməsiyəm. Ağdamın idman ictimaiyyəti və gəncləri adından bəyan edə bilərəm ki, artıq biz prezident seçkisi üçün seçimimizi etmişik”.
 
Döyüş öncəsi şəxsi problemləri səbəbindən boksçumuzun psixoloji durumu qaydasında olmayıb. Lakin o, fiziki cəhətdən özünü hazırlıqlı sayıb. Məmmədovun sözlərinə görə, psixoloji durumunun qaydasına düşməsində ona dostları və rinqə çıxarkən səslənən “Azərbaycan” mahnısı böyük dəstək olub: “Döyüşə yaxşı hazırlaşmışdım. Qarşılaşma öncəsi Ukraynada dünya və Avropa çempionları ilə birgə təlim-məşq toplantısı keçmişdim. İlk raunddan hiss etdim ki, rəqibi nokauta sala bilərəm. Düzdür, Abramenko rinqə çıxarkən, əlini belinə vuraraq, mənə qarşı saymazlıq edirdi. Görünür, 8 ilədək rinqdən kənarda qalmağım rəqibdə arxayınlıq yaratmışdı. Amma mən öz işimi gördüm və Abramenkonu 8 raundluq döyüşün 3-cü raundunda nokauta saldım”.
 
Qarşıda Məmmədovu 2 döyüş gözləyir. Onlardan birinin oktyabrın sonu – noyabrın əvvəllərində keçirilməsi planlaşdırılır. Böyük Britaniyada təşkili gözlənilən qarşılaşmada rəqib ya ukraynalı, ya da fransız olacaq. Ən vacib döyüş isə dekabrın sonlarında keçiriləcək. WBO versiyası üzrə Avropa kəməri uğrunda döyüşdə boksçumuzun almaniyalı hazırkı kəmər sahibi Matias Petlə qarşılaşacağı gözlənilir: “İndi 33 yaşımda olsam da, özümü 24 yaşımdakından daha güclü hesab edirəm. Hazırlıqlarımı daha peşəkar səviyyədə keçirəm. Hədəfim mümkün qədər titul qazanmaq, Avropa kəmərinə sahib olmaqdır”.

Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə