Futbolumuzda hücumçu problemi: çıxış yolu nədir?

Futbolumuzda hücumçu problemi: çıxış yolu nədir?
ÖLKƏ FUTBOLU 4 Mart 2013 / 11:54 4395
-  A +

Azərbaycan futbolunda hücumu problemi həmişə olub və indi də qalmaqdadır. Ölkədə futbola kifayət qədər maliyyə yatırılmasına, komandalar üçün yüksək səviyyədə təlim-məşq toplanışlarının keçirilməsinə baxmayaraq, bu problem hələ də həllini tapmayıb.
Acınacaqlı vəziyyətlərdən biri də Topaz Premyer Liqada yaşanır. Çempionatımızın bombardirlər siyahısında bir azərbaycanlı futbolçunun olmaması problemin ciddiliyindən xəbər verir.
Yeri gəlmişkən, Qol.Az saytına müsahibə verən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycanda hücumçu probleminin dərinləşməkdə olduğunu deyib.
Bəs, bu problemin səbəbi nədir? Vəziyyətdən çıxmaq üçün nə etmək lazımdır?
Qol.Az saytı bu suala cavab tapmaq üçün futbol mütəxəssislərinə və futbolçulara müraciət edib.


Ağasəlim Mircavadov, əməkdar məşqçi:

- Problemi aradan qaldırmağıq yolu bunlardır çalışmaq, çoxlu məşq etmək, fikirləşmək. Təkcə fikirləşməklə də iş bitmir. Məşqdə canını qoymaq, ürəklə çalışmaq, ustalığı artırmaq lazımdır. Ustalığı da ancaq işləməklə artırmaq olur. Bunların hamısı bir-birinə zəncirvari bağlıdır. Ümumiyyətlə, futbolda üç cür hücumçulara rast gəlirik.
1.  Qol vəziyyəti yaradan hücumçu.
2.  Ancaq cərimə meydançasında yaxşı oynayan hücumçu (məsələn ,“Neftçi”nin futbolçusu Kanales. O, orta xətdən və cinah yarımmüdafiəçilərindən asılı hücumçudur).
3.  Bunların hər ikisi bacaran hücumçu. Yəni həm  komanda yoldaşları üçün qol vəziyyəti yaradır, həm  də özü qol vurur.Amma təəssüf ki, bizdə belə hücumçular yoxdur. Belə hücumçular “Neftçi”də əvvəllər var idi. Məsələn, Anatoli Banişevski. Yaxın tarixdə İsgəndər Cavadov,  Maşallah Əhmədov da qol vəziyyətləri düzəldirdilər. Maşallah əsasən qol vursa da, İsgəndər hər ikisini bacarırdı. Son vaxtlar mən müasir futbolçulardan Rauf Əliyevdən çox şey gözləyirdim.Ancaq onda alınmadı. İndi  “Qarabağ”dan “Bakı” keçib. Bizdə onun kimi hündürboy futbolçu olmayıb. Amma Rauf üzərində çox işləməlidir. O, əsasən cərimə meydançasında çox oynamalıdır. Çempionatın bombardirlər siyahısında ancaq legionerin olması bizim yerli hücumçular üçün mənfi haldır. Amma gəlin, baxaq görək, hansı komandamızda əsas heyətdə yerli hücumçular oynayır. Bizdə klublarımızın əksəriyyətində yerli cavan hücumçular olsa da, onları oynatmırlar. Yerli oyunçularla çox, həm də fərdi işləmək lazımdır ki, klubların onlara ehtiyacı olsun. Elə klublar var ki gələcəyi də fikirləşirlər və yerli futbolçulardan daha çox istifadə edirlər. Amma ümumən hazırkı vəziyyət çox pisdir. Bu, ilk milli komandaya zərər verir.

Şahin Diniyev, millimizin sabiq baş məşqçisi

- Problemin kökü uşaq futbol məktəblərindən başlayır. Uşaq məktəblərində yaxşı, ağıllı hücumçuların hazırlanmasında problemlər var. Bu vəziyyət Premyer Liqaya gəlib çıxanda futbolçuların az oynayır və az qol vurur. Legionerlər çox olduğundan yerli futbolçulara şans az verilir,  əsasən  da hücumçulara.Yerli hücumçulara inam azdır. Oynamayan hücumçu da qol vura bilməz. Bunun üçünsə uşaq məktəblərində işlər düzgün aparılmalıdır.

Vüqar Nadirov, hücumçu:

- Ümumi problem ondadır ki, yerli hücumçulara az  şans verilir . Bundan başqa, azərbaycanlı hücumçular da azdır. Hazırda 12 komandanın oynadığı Premyer Liqada cəmi 3-4 yerli hücumçu daim oynaya bilir. İddialı klubın çoxunda legioner forvardlar daha çoxdur. Futbolçu oynadıqca özünü göstərə bilir. Bir oyun oynayıb, üç matçda oynamayanda hücumçunun istədiyi nəticəni əldə etməyi çətin olur.

Rauf Əliyev, hücumçu:

- Mən çoxlu qol şansı yaxalayıram, amma fərqlənə bilmirəm. Bu, həm də bəxtsizliklə bağlıdır. Zərbələrimdən sonra top əsasən çərçivəyə gedir, amma qapıdan keçmir. Əminəm ki, bir qol vurduqdan sonra hər şey qaydasına düşəcək. Azərbaycan hücumçuları get-gedə qol vurmağa başlayır. İnşallah, çalışacağıq ki, bombardirlər siyahısında biz də olaq. Hələ altılıqda oyunlar var. Bir futbolçu bir oyunda 3-4 qol da vura bilər. İndiyə kimi bu siyahıya düşməmiyimizin səbəbini özümüzdə axtarmalıyıq.

Müşfiq Hüseynov, keçmiç futbolçusu:

- Bizim hücumçuların problemləri qol vura bilməmələridir. Səbəbini özləri daha yaxşı bilər. Çalışmaq, işləmək lazımdır: həm məşqdə, həm də məşqdən sonra. Hücumçuda qol vurmaq hissiyyatı da olmalıdır.

Aysel BƏXTİYARLI

Daha çox


Son xəbərlər