"Neftçi" Cavid İmamverdiyevə görə iclas keçirdi
“Neftçi”nin bazasında klubdaxili iclas keçirilib. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Neftçi”nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə keçirilmiş toplantıda klub rəhbərliyi, məşqçilər heyəti və futbolçular iştirak edib. “Simurq” klubu ilə oyunda qeyri-etik davranışı səbəbindən qırmızı vərəqə ilə cəzalandırılmış futbolçu Cavid İmamverdiyev klub prezidentinə müraciət edərək, ilk dəfə olaraq belə bir davranışa yol verdiyini və səhv addım atdığını deyib.
Məşqçilər heyəti və futbolçular da Cavid İmamverdiyevin bir daha belə səhv addım atmayacağına əminliklərini ifadə ediblər. İlk dəfədir ki, bu hala yol verdiyini deyən futbolçu bunun bir daha təkrarlanmayacağını söz verib:“Simurq”la oyunda emosional davranmaqla səhvə yol verdim. İndiyə kimi heç bir halda rəqib futbolçulara qarşı qeyri-etik davranışım olmamışdı. Təbii ki,səhvimi başa düşürəm və bunun bir daha təkrarlanmayacağına söz verirəm. Klub rəhbərliyi və məşqçilər heyətindən mənə sonuncu dəfə şans vermələrini istədim. Söz verirəm ki, azarkeşlərimiz Avropa Liqası oyunlarında gördükləri Cavid İmamverdiyevi altılıq oyunlarında da izləyəcəklər”.
Qeyd edək ki, C.İmamverdiyev bu gün Topaz Premyer Liqada "Turan"la oyunda iştirak edib və bir qol da vurub.