“Foqts bir az da “Neftçi”ni qısqansın”

“Foqts bir az da “Neftçi”ni qısqansın”
ÖLKƏ FUTBOLU 14 Yanvar 2013 / 18:44 4399
-  A +

“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifovun Qol.Az saytının Antalyaya ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- Kristian Torresin “Qarabağ”a gəlişini necə qarşıladın?

- Bu, baş məçqçimizin qərarıdır və onun qərarına hörmətlə yanaşmalıyıq. Əgər kimisə komandaya transfer edibsə, deməli, kömək üçün gətirib.

- Onu bir futbolçu kimi necə dəyərləndirirsən?

- “Qarabağ”a dəvət alıbsa, deməli, pis oyunçu deyil.

- Amma bəzən “Qarabağ”a legioner gətiriləndə azarkeşlər o qədər də məmnun qalmır. Əksəriyyət komandada yerli futbolçuların olmasını istəyir.

- Səviyyəli legionerdirsə, transferi müsbət haldır. Elə komandalar var ki, legionerləri gətirirlər, amma faydalarını görmülər. Amma “Qarabağ”dakı legionerlərin hamısının səviyyəsi göz qabağındadır. Daim əsas heyətdə yer alırlar.

- Fikrincə, Azərbaycandakı legionerlərin neçə faizi “yararsızdır”?

- Faizlə dəqiq deyə bilmərəm. Seçilən legionerlər barmaqla sayılacaq qədərdir. Məsələn Flavinyo, Adrian Pit, Admir Teli, Ricard Almeyda, Ansi Aqollini qeyd edə bilərəm. Mən istəyirəm futbolumuzdakı əcnəbilər yaxşı mənada seçilsinlər, yerli futbolçulardan üstün olsunlar ki, onlardan nəsə öyrənsinlər.

- Millidəki legionerlərin səviyyəsini də aşağı sayırsan?

- Onlar da yerlilərdən üstün olmalıdır. Əgər fayda vermirlərsə, milliyə çağırmaq doğru deyil.

- Yeri gəlmişkən, millinin futbolçuları da həmin legionerlərdən narazıdılar.

- Oyunları göz qabağındadır. Mən futbolçu yox, azarkeş gözüylə baxanda da görürəm ki, onların milliyə köməkləri dəymir.

- Millidən söz düşmüşkən, Foqtsun sənə hələ də dəvət göndərməməsinin səbəbini tapa bilmisən?

- Bir dəfə demişdim, görünür, onun məndən bir futbolçu kimi xoşu gəlmir. Hər bir məşqçinin futbola baxışı var – biri oyunçunu bəyənər, digəri bəyənməz. Həm də Foqtsun sistemində sırf klassik dayaq yarımmüdafiəçisi yoxdur.

- Amma “Qarabağ”da səninlə eyni mövdeqə oynayan Qara Qarayev milliyə dəvət aldı. Bu o anlama gəlirmi ki, Foqtsun gözündə Qara daha üstündür?

- O, məni də hazırlığa çağırmışdı. Amma oynatmadı. Sadəcə olaraq, “Qarabağ”ın sistemi ilə millinin sistemi tam fərqlidir. Məsələn, bizdə dayaq yarımmüdafiəçisinin işi daha çoxdur. Millidə isə başqa cürdür. Orda top saxlamaq söhbəti yoxdur.

- Tez-tez belə söhbətlər gəzir ki, Foqts “Qarabağ”a qısqanclıqla yanaşdığı üçün bu komandanın çox oyunçusuna dəvət göndərmir.

- Əvvəllər elə idi. Sonra yavaş-yavaş millidəki futbolçularımızın sayı azaldı. Məncə, o, artıq “Qarabağ”ı qısqanmır. Çünki biz ötən mövsüm əvvəlki nəticələri vermədik. “Qarabağ” Avroliqada uğur qazananda Foqtsda qısqanclıq yaranırdı. Amma keçən il orada oynamadıq deyə bizə fikir vermədi. İndi bir az da “Neftçi”ni qısqansın.

- Rauf Əliyevin “Qarabağ”dan gedişi səni təəccübləndirmədi?

- Rauf yaxşı oyunçudur. Amma heyf ki, onun bu mövsümkü çıxışı ürəkaçan olmadı, qol vura bilmədi. Rauf təcrübəli futbolçudur. Özü daha yaxşı bilir ki, onun üçün bundan sonra harda daha yaxşı və sərfəli olar. Mən də istərdim ki, komandada qalsın.

- Səncə, bu, tələsik addım deyildi ki? Onsuz da mövsümün sonu müqaviləsi başa çatırdı.

- Düzü, mən məsələni dərinliyinə qədər bilmirəm. Bu sualı Raufun özü cavablandırsa, yaxşı olar. İndi deyim ki, düz qərar verib, ya yox, düz çıxmır. Özü götür-qoy edib, belə qərar verib. Qərarına hörmətlə yanaşmalıyıq.

- Sənin futbolla bağlı proqnozların neçə çıxır?

- Proqnoz verməyi xoşlamıram. Amma nə vaxt oturub hesablayırıq, həmişə səhv çıxır (gülür).

- Bunu ona görə soruşdum ki, bəzi futbolçularınız bu mövsüm çempion olacağınızı deyib.

- Hər şey Allahın əlindədir. Biz də gərək nəsə edək ki, çempionluğu qazanaq. Yaxşı oynamayandan sonra bütün günü proqnoz verək ki, “Qarabağ” çempion olacaq, “Neftçi” uduzacaq, “İnter” xal itirəcək... Bu, doğru deyil. Gərək qələbə qazanaq və gözləyək.

- Amma gözləməklə də iş bitmir. Komandanıza əlavə futbolçular lazım deyilmi?

- Futbolçu lazımdırsa, yəqin alarlar. Onu məşqçilər daha yaxşı bilir. Qıraqdan demək asandır. Səviyyəli oyunçu tapmaq çətindir axı. Bu, məsuliyyətli işdir. Futbolçu tap, sabah da oynamasın. Onda komanda pis vəziyyətdə qalır.
Hər mövqedə futbolçu nə qədər çox olsa, o qədər yaxşıdır. Sabah bir oyunçu qırmızı vərəqə ala, zədələnə bilər. Amma eyni səviyyəli 25-26 oyunçu olanda məşqçinin işi rahatlaşar.

- Artıq “Qarabağ” ilk “altılıq”da oynamaq məsələsini böyük ölçüdə həll edib. Beş komandadan hansını özünüzün əsas rəqibi görürsən?

- Bizim üçün hamısı eyni səviyyədədir. “Qarabağ”ın oyunu alınanda isə hər birinə qalib gələ bilər. Oyunumuz alınsa, yaxşı olacaq.

- “Yaxşı” deyəndə nəyi nəzərdə tutursan: çempion olmağı, yoxsa Avroliqaya getməyi?

- Çempion titulu bir dənədir, ona iddialı komanda isə çoxdur... Birinci yeri tutmasaq belə, avrukuboklara getsək, yaxşı nəticə sayılar.

- “Neftçi”ni necə rəqib sayırsan?

- Bizim üçün bütün komandalar rəqibdir. Bu mövsüm “Neftçi”dən altı xal almışıq, sonuncu yerdə gedən “Kəpəz”dən isə dörd xal.

- Amma Böyükağa Hacıyev hələ də təkrar-təkrar deyir ki, Azərbaycanda “Neftçi”yə rəqib yoxdur.

- Bu onun fikridir. Hörmətlə yanaşıram. Hərçənd Azərbaycanda elə bir komanda yoxdur ki, ona rəqib olmasın. Bütün komandalar eyni səviyyədədir. Böyükağa Hacıyevin təcrübəsi  çoxdur. Mən isə futbolçuyam və onun komandasını yaxşı bir rəqib sayıram. Hacıyev deyir, bizə rəqib yoxdur. Amma bayaq söylədiiym kimi, “Qarabağ” bu mövsüm hər iki oyunda “Neftçi”yə qalib gəlib. İndi bu nəticəyə baxanda fikirləşmək lazımdır ki, “Neftçi”yə rəqib var, ya yox (gülür).

- “Qarabağ”ın ən sabit çıxış edən oyunçularındansan. Yəqin Ağdam klubunda oynadığın bu illər ərzində sənə də başqa klublardan dəvətlər gəlib. Nə yaxşı bu vaxta qədər komandanı tərk etməmisən?

- Mənim fikrim “Qarabağ”dadır. Müqaviləmin bitməsinə altı ay qalsa da, heç kimlə danışmaram. Belə hallar 4-5 il əvvəl olub. Bizim bəzi cavan oyunçularımız müqaviləsi olduğu halda başqa komandalarla danışıqlar aparır, bu da onların oyununa təsir edir. Rauf Əliyevə neçə klub təklif irəli sürdü. Bu zaman futbolçunun fikri əsas işindən yayındı. Klubların təklifəri önu öz işinə kökləməyə imkan vermədi. Məncə, yalnız klubla müqavilən bitəndən sonra fikirləşmək olar ki, komandandan gedim, ya yox. Amma mənim “Qarabağ”ı tərk etmək fikrim yoxdur.

- Səbəb?

- Ən başlıca səbəb odur ki, qarabağlıyam. Mən “Neftçi”nin yetirməsiyəm. Uşaqlıqda iki komandaya azarkeşlik etmişəm – “Neftçi” və “Qarabağ”. Azərbaycanda ən böyük tarixi olan iki komanda elə bu ikisidir.

- Bəs “xalq komandası” hansıdır?

- Yəqin “Qarabağ” olar.

 

Daha çox


Son xəbərlər