Berti Foqts, çıx get Azərbaycandan!

Berti Foqts, çıx get  Azərbaycandan!
ÖLKƏ FUTBOLU 3 İyun 2009 / 11:26 2967
-  A +

Türkiyə - Azərbaycan matçı haqda nəsə yazmaq çox çətindi. Çünki hadisələr hamının gözü qarşısında cərəyan etdi. Formada olmayanlardan və debütantlardan qurulu Turkiyə milli takımının eksperimental heyəti bizə süzün əsl mənasında divan tutdu. Əgər kimsə oyunu izləməyibsə, qoy, hesaba baxıb aldanmasın. Türkiyəli futbolçular bizimkiləri həqiqətən də uşaq kimi oynatdı. Ayağımıza top dəyəndə sevindik, əlimizə keçən topu hara gəldi vurduq, ikidən artıq ötürmə verə bilmədik, hərçənd iki ötürməni matçboyu hesablasaq, çox az sayda etdik. Topla oynama faizinə də baxmağa ehtiyac yoxdu. Göründüyü qədərilə bu rəqəmlər füvqəladə utancverici idi. Yıxıldıq. Türkiyə matçından futbolçularımızın tək qazancı isə ulduz rəqiblərindən aldıqları köynəklər oldu. Bu nə rəzalət, bu nə rüsvayçılıq, bu nə qeyri-peşəkarlıq?
Foqtsun komandasıyla türklər əməlli-başlı məzələnirdilər. Ruslar buna «izbieniye mladentsa» deyirlər. Türklər yürüyə-yürüyə bizi əzdi-keçdi. İki gün sonra Fransayla Lionda gürüşəcək qardaşlarımız özlərinə heç əziyyət vermədi. Rəşad Sadıqov meydandan qovulanda Ardanın hakimə «qovma» deməsi bizim nə qədər yazıq gündə olmağımızı bir daha göstərdi. Bu qədər qorxaq və səviyyəsiz oyunu heç Şahin Diniyevin dönəmində də görməmişdik. Bir sözlə, rüsvayçılıq, biabırçılıq. Xar olduq.
Burda sözsüz ki, ilk öncə hazırlıq matçlarını təşkil edən və buna görə astronomik rəqəmlərdə paraları kül edən AFFA rəhbərliyinə «sağ ol» düşür. Bəylər, siz bilmirsiniz ki, Lixtenşteyni doğma meydanda məğlub edə bilməyən bir komanda Avropanın 3-cü ən böyük millisiylə səfərdə nə hala düşər? Öncə Lixtenşteyni udun! Allah betərindən saxlasın, Avropanın ən böyük komandasıyla oyunumuza da bir həftə qalıb. Mən başa düşə bilmirəm, Uels matçı öncəsi bu səfərə və ümumiyyətlə, bir həftədə bizim üçün supergüclü rəqiblərlə üç oyunun təqvimini kim tərtib edib və bu oyunlarla nə etmək istəyirmiş?
Amma hər şərdə bir xeyir var, deyirlər. Yəqin ki, AFFA rəhbərləri «Foqtsun düvründə belə artırmışıq, Foqtsun düvründə elə büyümüşük» təriflərinin bu dəfə heç cür keçməyəcəyini gördü. Mən hesab edirəm ki, Foqts özünə hörmət edən insan olsa belə oyundan sonra istefa verərdi. Amma Foqtsun yerinə yenə də özünə hörmət edən birisi olsa, Lixtenşteynlə Bakıdakı heç-heçədən də sonra eynı addımı atardı. Demək ki, Foqts Azərbaycana futbola görə deyil, sadəcə, para üçün gəlib. Fotsun əməyi bu günə qədər millimizin sərgilədiyi oyundusa və onun kulminasiya nöqtəsi budursa, bizə Foqtsun nə adı lazımdı, nə özü. Alman hocaya «çıx get» deməkdən başqa çarəmiz qalmayıb. BERTİ FOQTS,ÇIX GET, AZƏRBAYCANDAN!!! Pereyranı, Qomeşi, Ramimi, Subaşiçi, Levini, Axtyamovu, Sokolovu, Çertoqanovu da üzünlə apar, «çert vozmi»! İstəsən, Zeynal Zeynalovu, Elmar Baxşiyevi və sənin onlarla başqa kadrlarını da hədiyyə edərik, sən bircə çıx GET!
Bugünlərdə «Qalatasaray»ın 2 ildi zədədən qurtula bilməyən isveçli futbolçusu Linderoth vətənində özü üçün məşq edərkən ona bir həvəskar komandanın rəhbərliyi yaxınlaşaraq onun məşqini bəyəndiklərini və komandalarında görmək istədiklərini bildiriblər. Amma Linderoth «Qalatasaray»da və İsveç millisində çıxış etdiyindən onlara ünvanı səhv saldıqlarını bildirib. Bəli, bizim dünən Türkiyəylə oynayan futbolçularımızdan qurtulmağın ən rahat yollarından biri də onları İsveçin, Almaniyanın və digər ölkələrin 10-cu, 20-ci liqasında çıxış edən həvəskar komandalarına gondərməkdi. Yazıqlar olsun ki, bizdə professional futbolçu yoxdu...
Amma bu o demək deyil ki, biz Lixtenşteyni Bakıda uda bilmərik! Biz onları da udmuşuq, Portuqaliya və başqa komandalarla da Bakıdakı oyunlardan üzüağ çıxmışıq. Sadəcə, bizə həvəskar futbolumuzu bilən adamlar lazımdı. Ağasəlim Mırcavadov, Əsgər Abdullayev, Əhməd Ələsgərov kimi! Bəli, etiraf etməliyik ki, bu gün bizim milli komandamızı çalışdırmaq üçün Ağasəlim Mircavadovdan ideal variant yoxdu! Üstəlik hansısa bir klubun bazasında ən istedadlı gənclərimizi bir yerə toplayıb bu heyətin əsasında milli komandanı da qurmaq olar. Mircavadov bu heyəti də çalışdırsa ən azı millimizin oyunlarına baxanda bu qədər xəcalət çəkmərik. Amma bu işin də bir əmması var ki, Mircavadova rəsmi olmasa da, qeyri-resmi qadağa qoyulduğu söylənilir. Deyilənə gürə, qocaman mütəxəssis bir dəfə AFFA rəhbərliyinin arxasınca danışıb...
Nə isə... Özünüz bilin. Amma bizim azərbaycanlı uşaqlar sizin «ulduz» qomeşlərdən, pereyralardan zəif deyil! Turkiyəylə oyunda Elvin Məmmədovun, Araz Abdullayevin, Cavid İmamverdiyev və onlar kimi gənc futbolzuların daha layiqli çıxış edəcəyinə 1 qram şübhəm yoxdu. Gənclər olmasın, Türkiyədə çıxış edən Roman Hüseynovla İlqar Qurbanov olsun. Bu futbolçular özlərini göstərmək üçün hər şeylərini meydanda qoyacaqdı! Fəqət cənab Foqtsdan ötrü önəmli olan başqa şeydi. Bayaq söylədiyim kimi, para. Azərbaycan futbolu Rusiyanın həvəskar komandalarından millimizə dəvət edilən ruslara möhtac deyil! Hansısa heç kimin adının belə duymadığı «DAQDIZEL»dən Zaytsevləri, kiminsə qohumu olan Zeynal Zeynalovları milliyə dəvət etməklə inkişaf etmək olmaz, bəylər! Siz nə vaxt bircə dənə də olsun, normal stadion tikdiniz, bircə nəfər uşaq məşqçisi gətirdiniz, bircə dənə də olsun uşaq turnirini formallıq xatirinə deyil, gerçək iş üzün keçirdiniz ki, inkişafdan da dəm vurursunuz? Elxan müəllim, bu ölkəyə «radi qaloçki» uşaq futbolu lazım deyil! Mən həmişə demişəm, nə qədər ki, klublara xərclənən milyonlarla avro uşaq futbolunun təşkilinə yatarılmayacaq, inkişafdan danışmaq indiki kimi gülünc olacaq. Türkiyənin hər şəhərində və az qala hər kəndində dövlət futbol məktəblərindən, akademiyalardan başqa «Qalatasaray», «Fənərbaxçа», «Beşiktaş»ın uşaq futbol akademiyaları və hər akademiyanın öz meydançaları var. Bizdə isə gözdən pərdə asmaq üçün keçirilən «Danone» uşaq turnirindən başqa heç nə yoxdu. Bu vəziyyətdə isə nəinki Foqts, Hiddink də heç nə edəsi deyil. Hətta Corc Best dirilib millimizin növbəti legioneri olsa belə, o da heç nə edəsi deyil. Çünki bizim millinin hücumçularının ayağına top dəymir, ona görə ki, Foqtsun uzaqgorən seçimi və taktikası sayəsində biz oyunu yalnız öz cərimə meydançamızda keçiririk.


Anar ŞABANOĞLU, 
[email protected] 

Daha çox


Son xəbərlər