Foqtsla Mihayloviçin və Gökdəmirlə Aurelionun fərqi

Foqtsla Mihayloviçin və Gökdəmirlə Aurelionun fərqi
XƏBƏR 4 İyun 2012 / 13:49 5866
-  A +

Serbiya yığmasının baş məşqçisi Sinisa Mihayloviç bir neçə gün öncə komandasının gənc futbolçusu Adem Lyajiçi heyətdən uzaqlaşdırdı. Məşqçinin belə addım atmasına isə Lyajiçin İspaniya ilə yoldaşlıq matçından öncə ölkəsinin himnini oxumaması səbəb oldu. Mihayloviç deyib ki, bundan sonra futbolçunu yığmaya bir şərtlə qaytara bilər: futbolçu bir daha belə hərəkətə yol verməsə.

Serbiya futbolundan bu nümunəni gətirməyim təsadüfi deyil. Xatırlayıram ki, hələ bir neçə ay öncə jurnalistlər bizim millinin baş məşqçisi Berti Foqtsa “Gələcəkdə himnimizi öyrənməyi düşünürsünüzmü?” sualını ona ünvanlayanda cavabı belə olmuşdu: “Mən sizin himninizi öyrənən deyiləm. Unutmayın ki, mən almanam”. Qısası Foqts dedi ki, gedin, işinizlə məşğul olun. Dörd ildən çoxdur ölkəmizin milli komandasına rəhbərlik edən birisinin dövrət rəmzimizə bu laqeyd münasibəti onun milliyə cəlb etdiyi legionerlər də davam etdirir.

Dünən təsadüf nəticəsində “Youtube”da milli komandamızın Almaniya toplanışı zamanı Yaponiya ilə oyunöncəsi himn oxunma mərasiminin videosunu izlədim. Vaxtınız varsa, siz də həmin üzücü görüntülərə baxa bilərsiniz.





Kadrlarda açıq-aydın görünür ki, milliyə çağırdığımız əcnəbi futbolçulardan heç biri himnimizi oxumur. “Vəziyyətimiz pisdir, gəlsinlər bizə kömək etsinlər” ümidilə milliyə çağırdığımız Əli Gökdəmir, Ufuq Budak, Cihan Özkara himndən bircə bənd belə oxuya bilmirlər. AFFA-nın qarşısında duran ən əsas vəzifələrdən biri təkcə istedadlı futbolçuları komandamıza cəlb etmək deyil, həm də milliyətindən asılı olmayaraq, onlara bu ölkənin dövlət rəmzlərinə, dəyərlərinə hörmətlə yanaşmağı başa salmaq, yeri gələndə məcbur etməkdir. Millimizdəki legionerlərin Azərbaycan, işğal olunmuş torpaqlarımız, dövlət atributları haqda bilikləri hansı səviyyədədir? Çıxış etdiyi millinin himnini belə oxuya bilməyən futbolçu onun üçün nə qədər can yandıra bilər?

Aleksandr Çertoqanov az qala 10 ilə yaxındır Azərbaycanda futbol oynayır və kifayət qədər də yaxşı pul qazanır. Bəs, canı çıxıb, himni niyə öyrənmir? Milli komandalara birbaşa cavabdeh olan AFFA-nın baş katibi Elxan Məmmədov bu futbolçunu, eləcə də Ufuq Budaq, Cihan Özkara, Əli Gökdəmiri və digər legionerləri niyə məcbur etmir ki, bizim himnimizi öyrənsin? Məmmədov Gökdəmiri niyə danlamır ki, sən himn çalınan vaxtı nəyə qımışırsan? Başını ora-bura nəyə çevirirsən? Bayaqkı videonu sonadək izləməyinizi tövsiyə edirəm. Himnimiz oxunub qurtardıqdan sonra Gökdəmiri gülmək tutur. Deyəsən, yapon ifaçının himnimizi oxumaq tərzi Gökdəmirə bərk ləzzət edibmiş. Yapon yenə üzündən də olsa, himni sonadək oxuya bildi. Adamdan soruşarlar, himni oxuya bilməməyin bir qırağa, nəyə, kimə va hansı gününə gülürsən? Heç kim deyə bilməz ki, bu legionerlərin hərəkəti normal addımdır. Bu, bizim dövlət rəmzimizə açıq hörmətsizlikdir.

Bir daha təkrar edirik, legioner bu ölkəni təmsil edirsə, onun himnini də əzbərləməlidir. Necə ki, bunu biz Türkiyənin timsalında görürük. Aşağıdakı bu videonu izləməklə siz Türkiyə millisinin şərəfini qorumuş braziliyalı Mehmet Aurelionun qardaş ölkənin himnini necə məhəbbətlə oxuduğunu şahidi ola bilərsiniz.




Əgər bir braziliyalı Türkiyə himnini əzbərləyə bilirsə, bizim millidəki əcnəbilər Azərbaycanın himnini niyə öyrənməsin axı?

Əslində heç birini qınamalı da deyil. Çünki AFFA indiyədək legionerlərə qarşı elə yumşaq mövqe tutub ki, sabah həmin futbolçular da Berti Foqts kimi əcnəbi olduqlarını və himninizi öyrənmək istəmədiklərini deyə bilərlər. Odur ki, indi söz AFFA rəhbərliyinindir... Qarşıda seçmə oyunlar gəlir, heç olmasa, həmin görüşlərdə biz millimizdəki əcnəbilərin himnimizi oxuyacağına ümid edirik.


Son xəbərlər