Nderim Nedzipi: “Bakı 5-10 il sonra Dubaya bənzəyəcək"

Nderim Nedzipi: “Bakı 5-10 il sonra Dubaya bənzəyəcək"
GÜNDƏM 28 Aprel 2012 / 12:46 3202
-  A +

Hər gün dəfələrlə onların yanından ötüb-keçirik. Danışmadan, sorğu-sual etmədən, söhbətə tutmadan. Bəlkə bizlərdən biri olmadıqlarına, bəlkə də yad dünyalarda öz yad dillərində danışdıqlarına görə. Azərbaycanın qərib vətəndaşlarıdır onlar - yaşamları, ənənələri, yeyib-içdikləri ilə. Amma ayaqları bu torpaqlara dəyəndən bəri ortaq cəhətlərimiz də artıb. Artıq eyni torpaqlarda addımlayır, eyni rejimdə yaşayır, eyni gözəllikləri(çirkinlikləri) paylaşırıq. Bizim Azərbaycanımız onların da Azərbaycanı olub. Amma necə?

“Yeməkləriniz o qədər yağlıdır ki...”

“Yeni Müsavat” “Onunla Azərbaycan” rubrikasında sizləri hər dəfə bir əcnəbi ilə görüşdürür. Ölkəmizdə yaşayan, suyumuzu içib, havamızı udan əcnəbi vətəndaşlarla Azərbaycanın həm də “qeybətini qırırıq”. Axı maraqlıdır - onlar bu məmləkətdə yaşamağı niyə seçiblər? Nəyimizi sevib, nəyimizi bəyənmirlər? Onların gözündə bizlər necə görünürük? Suallar artır, fərqindəyəm... Siz darıxmadan, biz söhbətə keçək...

Əcnəbi müsahibin azərbaycan dilində danışanı...

Budəfəki müsahibimiz isə... Ömür bitər, müsahiblər bitməz. Qol.az saytının redaktoru Aydın Bağırov sağ olsun, müsahib qıtlığı yaşayan kimi ona müraciət edirəm. “Heç xarici futbolçu tapmırsan rubrikama” deyib ərkyana gileylənirəm. O da yeri-göyü köməyə çağırır, məşqdə, kampda olmayan futbolçulardan birini tapır bəndəniz üçün. Amma heyhat ki, futbolçu tayfası ilə mənimki tutmur. Elə qəribə, uzaq yerlərdə, əndrəbadi saatlarda müsahibə təyin edirlər ki, quş olub uçsam da, ora gedə bilmirəm. Amma bu dəfə bəxtimdən kaprizsiz futbolçu tapırıq Aydınla. “Qarabağ”ın oyunçusu, makedoniyalı Nderim Nedzipi heç bir problem olmadan müsahibəyə razılaşır, vaxt təyin edib, rahat danışırıq. Özü də doğma dilimizdə, türk dilində. Əcnəbi müsahibin Azərbaycan dilində danışanı da ələ düşmür ha...
Futbolu təqib edənlər onu bəlkə də tanıyır. Amma mən də qısa bir arayış verim. Şəkildə gördüyünüz, Makedoniyalı İsgəndərin vətənindən qopub gələn bu gənc karyerasına Almaniyada başlayıb. 2001-2003-cü illərdə “Herta”nın, 2003-2004-cü il mövsümündə isə “Volfsburq”un şərəfini qoruyan hücuma meyilli yarımmüdafiəçi 2004-cü ildə Makedoniyaya dönərək, 4 mövsüm “Skopye”ın uniformasını geyinib. Sözügedən futbolçu 97 oyunda 15 qola imza atib. 2008-ci ildən Belçikanın “Lyers” klubuna transfer olunan Nedzipi indiyədək 35 oyuna çıxıb və 3 dəfə fərqlənməyi bacarıb.

“Dedilər, Azərbaycanda hər il daha gözəl işlər görülür”

Oynadığı ölkələrin sayını gördünüzmü? Ona görə də ona ancaq makedoniyalı demək olmaz. Neyçün ki, hər ölkədən “bir qaşıq” var canında. Bildiyi dillərin də sayı bu səbəbdən çoxdur. Bu haqda bir azdan danışacağıq. Amma onu deyim ki, əsasən türk dilində, söz qıtlığı yaşayanda ingilis dilində, lap bərkə düşəndə rus dilində... baş tutur müsahibə. Beynəlmiləl söhbət də deyə bilərsiz buna.
27 yaşlı Nderim Bakıya 2011-ci ilin fevral ayında gəlib. Gəlmədən öncə böyük məlumatı olmayıb Azərbaycanla bağlı. Dediyinə görə, ancaq onu bilirmiş ki, ölkə irəliyə doğru gedir. Bu, onun fikridir: “Oxumuşdum, deyilənləri dinləmişdim. Azərbaycanda ildən-ilə gözəl işlər görüldüyünü deyirdilər. Mən də fikirləşdim ki, niyə olmasın? Hər ölkə yeni bir təcrübədir əslində. Özümü burada da sınaqdan keçirmək istədim”.
Bəs futbol sahəsi? Bununla bağlı geniş bilgilərim olmasa da, mətbuatdan tez-tez yerli komandalar barədə tənqidləri izləyirəm. Amma Nderim mənimlə eyni fikirdə deyil. Deyir ki, buradakı dostları ona yerli futbol barədə gözəl fikirlər söyləyiblər: “Dedilər ki, burada futbol da irəliyə doğru gedir. Futbolçu üçün hər yeni komanda yeni təcrübə deməkdir. Mən də bunu bildiyim üçün heç tərəddüd etmədən bura gəldim”.

“8 dildə danışıram, türk dilini uşaqlıqdan bilirəm”

Qayıdaq dil məsələsinə. Makedoniyalı Nderimin türk dilini bu qədər gözəl bilməsinin bir səbəbi varmı? Müsahibimiz deyir ki, Skopyedə çoxlu sayda türklər yaşayır. Və onun dostları arasında da onlar çoxdur: “Bundan başqa, Türkiyə telekanallarına da baxırıq. Mən nəinki türk dilində, ümumən 8 dildə danışıram. Alban, makedoniya, belçika, alman, ingilis, türk, italyan, rus dilləri. Deyə bilmərəm ki, hamısını mükəmməl bilirəm. Amma əksəriyyətində yaxşı danışıram, ya da dərdimi anlada bilirəm”.
Müsahibimiz üçün Bakı ilk baxışdan müsbət təəssürat doğurub. Deyir, Bakının belə gözəl şəhər olacağını gözləmirmiş. Bundan başqa, hər gün şəhərdə yeniliklər edilməsi, inkişafa doğru addımlar atılması onu təəccübləndirib: “Mənim şəxsi fikrim belədir - 5-10 il sonra bura Dubaydan da yaxşı şəhər olacaq. Hündür, müasir binalar, alış-veriş mərkəzləri yüksək standartlara cavab verir. Xaricdə yaşayan dostlarım da soruşanda deyirəm ki, Avropa şəhərinə bənzəyir. İnanmırlar, deyirəm, gəlin öz gözünüzlə görün”.

“Bakı nəqliyyatında qaydalar işləmir, qaydasız döyüş var”

Amma Nderimdən ölkəsi haqda soruşan azdır. Komanda dostları söz düşəndə Makedoniya barədə nəsə öyrənməyə çalışır. Amma ən çox taksi sürücüləri futbolçunu sual yağışına tutur: “Daha çox istəyirlər, müqayisə aparım. Sonra deyirlər, niyə öz ölkəni qoyub bura gəlmisən? Hətta ”camaat burdan gedir, sən nə əcəb gəlmisən" deyə soruşanlar da var. Ən çox qarşılaşdığım sual isə budur ki, öz ölkəndə yaşamaq yaxşıdır, yoxsa Bakıda? Təbii, mən bu suala qeyri-səmimi cavab vermək istəməzdim. İnsanlar öz evində özlərini daha rahat hiss edirlər. Mən yaşadığım hər ölkədə Belçikada, Almaniyada... özümü rahat hiss etmişəm. Məkan diskomfort yaratmayıb mənimçün".
Yaxşı, bəs Avropa ilə Azərbaycan arasındakı fərq əcnəbi futbolçunun gözü ilə necə görünür? Nderim deyir ki, əslində futbolçuların digər məslək yiyələrindən fərqli olaraq, bol-bol gəzmək, müşahidə aparmaq imkanları yoxdur. Onlar daha çox kampda, məşqdə olurlar və bu zaman da öz üzərlərində çalışırlar. Amma bu vaxt darlığında belə Nderim maraqlı müşahidələr edib: “Adamların maşın sürməsi Avropadakından fərqlidir. Çox adam yol hərəkət qaydalarına riayət etmir. Xətalı maşın idarə etmə adi hala çevrilib. Bəzən Bakının yolları adama qaydasız döyüşü xatırladır. Kim çoxlu səhvə yol verib, qabağa düşəcək, başqasını arxada qoyacaq. Məncə bu istiqamətdə bir şey edilməlidir. Yoxsa getdikcə adiləşəcək”.
Ölkələrimiz arasında isə bənzərlik az deyil. Nderimə görə, hər iki ölkədə əcnəbilərə böyük sayğı var. Amma müsahibimiz Azərbaycanda sayğı ilə yanaşı, qonağı məmnun etmək, onun işinə yaramaq üçün cəhdlərin də çox olduğunu dedi: “İnsan bəzən utanır. Amma baxırsan ki, hamı öz yardımını təklif edir. Qonaqlara qarşı bu duyğu heç də bütün ölkələrdə yoxdur”.

“Burda insanlar bahalı həyat tərzi keçirir, hər şeyi çox tez tükədirlər”

Azərbaycan haqda daha bir müşahidə. Nderim hesab edir ki, paytaxtın mağazalarında hər şey daha boldur. Bunun qarşılığında insanlar da bahalı həyat tərzi keçirir: “Makedoniyada, Almaniyada burdakı kimi bahaçılıq deyil. İnsanlar daha az pulla daha yüksək səviyyədə yaşayırlar. Bir də ki, burda insanlar hər şeyi çox tez tükədirlər”.
Əcnəbi ilə danışıb, mətbəxdən yan ötmək olarmı? “Aş, dolma, kabab” üçlüyümüzün şəninə bir-iki tərifli söz dedirtmədən ona müsahibə deyərikmi? Zarafat bir yana, amma makedoniyalı qonaq bizi “xəyal qırıqlığı”na uğratdı. Məsələn, öncə dedi ki, Azərbaycanda yemək problem deyil. İstədiyi yeməkləri istədiyi restoranda tapa bilir. Bu mənada seçim boldur. Amma milli yeməklər barədə bu qədər bol təriflə danışmadı: “Azərbaycan mətbəxindəki yeməklər alışdığımızdan çox daha yağlıdır. Mən buna öyrəşməmişəm. Mədəm üçün ağırdır. Biz futbolçular daha sağlıqlı bəslənməliyik ki, formumuzu qoruyaq. Həm də səhhətimiz bizim üçün öndə gəlir”.
Amma Makedoniya mətbəxini bəs deyincə tərifləyir. Bildirir ki, milli mətbəxləri Türkiyə mətbəxinə oxşayır. Dolması, pidesi, ətli yeməkləri ilə makedoniyalı qadınlar Türkiyədəki həmcinsləri ilə yarışa bilərlər: “Bizim mətbəxdə çeşid də boldur. Bu mənada heç vaxt ac qalmaq mümkün deyil” (gülür).

“Burada balaca uşaqlar da kostyum geyinirlər”

Yaxşı, bəs geyim-kecim, stil, moda, bir sözlə yaraşıq? Nderim özü kimi azərbaycanlı gənclərin xarici görünüşü haqda nə düşünür? Məlum oldu ki, ağlın yolu bir imiş, bir çox əcnəbilər kimi o da düşünür ki, gənclərimiz yaşına, həyat tərzinə, əhvalına uyğun olmayacaq dərəcədə ciddi geyimə üstünlük verir: “Hiss edirəm ki, əsas dəb gənclərin dəst kostyum geyinməsidir. Bu, ölkənizdə bir stildir. Amma bizdə cavanlar daha çox idman üslubunda geyinir. Hətta bəzən balaca uşaqları da ciddi geyindirirlər. Mən burda toya gedəndə dəst kostyum geyinən balaca uşaq da görmüşəm”. (gülür)
Amma gənc oğlan qızların geyimindən razıdır. Deyir, oğlanlarla müqayisədə onlar daha müasir üsluba üstünlük verir. Amma... O məlum qınaq - dikdaban ayaqqabı: “Makedoniyada günorta saat 1-2-də heç bir qadın, qız topuqlu ayaqqabı geyinmir. Siz gedin bütün ölkəni gəzin, heç vaxt belə mənzərə ilə qarşılaşmazsınız. Bu cür ayaqqabıları ancaq gecə diskotekaya gedəndə geyinirlər bizim qızlar. Ya da hansısa ziyafətə, axşam yeməyinə. Amma universitetə gedən qızın ayağında heç vaxt topuqlu görə bilməzsiniz. Bu mənada Bakı qızlarının görüntüsü dərhal adamın diqqətini cəlb edir”.

“2 ay sonra qərar verəcəm - gedim, ya qalım?”

Qonağımızın apardığı paralel zamanı Bakının tarixi abidələrin saylığı baxımdan Makedoniyaya, onun paytaxtına uduzması olub. Deyir, bu mənada onun ölkəsinə gələn qonaqların daha çox tarixi məkan gəzmək imkanı var.
Bəs həyatın digər sahələri? Məsələn, siyasət, televiziya, milli musiqi...? Müsahibimiz qısaca dedi ki, siyasəti təqib etmir. Ona görə də anlamadığı şey haqda danışmaq istəmir. Onun sözlərinə görə, telekanalları az izləyir, xəbərləri isə internetdən təqib edir: “Sizin kanallarda ancaq futbola baxıram. Yerli şoudan isə təəssüf ki, xəbərim yoxdur”.
Bu arada pozitiv Nderim öz ölkəsinə qayıtmağı düşünürmü? Dediyinə görə, müqaviləsinin bitməsinə 2 ay qalıb: “Düzü, burda qalmaq kimi bir düşüncəm var. Ola bilər, başqa komandaya keçim. Amma indidən konkret bir şey demək istəmirəm. İstəyərəm ki, burda qalım”.
Sonda... Müsahibimin adını internetdə axtarıram. Futbol oyunları, baş məşqçinin onu oyuna buraxmaması haqda açıqlaması, sarı, qırmızı, yaşıl kartlar, penaltilər... Heç biri haqda məlumatım yoxdu düzü. Amma heç yerdə onun bu qədər güclü müşahidəçi olduğu yazılmayıb. Yollarda qaydasız döyüş, kostyum geyinən azyaşlılar, yağlı yeməklər, günün günorta çağı dikdabandan vaz keçməyən gənc qızlar... Maraqlı təsbitlərdir, deyilmi? Nderim növbəti mövsüm “Qarabağ”da oynamasa da, qəzetlərin birinə köşə yazarı düzələ bilər. Zarafatsız, müşahidələrinə ehtiyac var.

Sevinc TELMANQIZI,
"Yeni Müsavat" qəzeti

Daha çox


Son xəbərlər
09.07.25  13:19

"Kəpəz"də ayrılıq