“Foqts getdikcə bizə oxşayır”

“Foqts getdikcə bizə oxşayır”
MÜSAHİBƏ 4 Aprel 2012 / 14:46 4105
-  A +

Unibankın sponsorluğuyla təqdim etdiyimiz “Üz-üzə” rubrikasının budəfəki qonaqları yazarlar Qismət və Sevda Sultanovadır


“BİZDƏ UŞAQ FUTBOLUNU İNKİŞAF ETDİRMƏYƏ EHTİYAC YOXDU. ÇÜNKİ MİLLİMİZ ELƏ UŞAQ FUTBOLU OYNAYIR"


- Azərbaycan futbolundan narazı təbəqə həddindən artıq çoxdur. Bu mənada, maraqlıdır, siz bizim futbolla maraqlanırsınızmı?

Qismət: Yox. Elə biz də narazıların sırasındayıq. Futbol elə bir kollektiv oyundur ki, təkcə televiziyada tamaşaçı qismində yox, stadionda canlı izləyərkən ondan zövq almalısan. Futbolun gözəlliyi qoldur. Ancaq Azərbaycan milli komandası o sevinci bizə heç vaxt yaşatmır deyə, məğlubiyyətləri görüb, kanalları dəyişməyə vərdiş etmişik, nəinki sevinməyə. Azərbaycan futbolu haqda danışanda AFFA rəsmiləri deyirlər ki, bu sahənin inkişafı üçün uşaq futbolunu inkişaf etdirmək lazımdır. Mən həmişə yarızarafat, yarıgerçək deyirəm ki, uşaq futbolunu inkişaf etdirməyə ehtiyac yoxdu. Çünki Azərbaycan milli komandası elə uşaq futbolu nümayiş etdirməklə məşğuldu.

S.S.: Əvvəlki yazılarımda da bildirmişdim ki, futbol mənim üçün sadəcə bir idman növü deyil. Futbol idmanın şahı adlandırılır. Futbol mənim üçün daha çox bir sənət növüdür. Bu, yeganə idman növüdür ki, burada hər şey var. Futbolun həcmi bir film qədərdir.  Yəni, 90 dəqiqə. Baş məşqçi burada bir rejissor rolunu oynayır. Futbolun quruluşu, qurulan kombinasiyalar, vurulan qollar və verilən ötürmələr, bunlar hamısı bir estetikadır. Mən də futbola baxanda ondan zövq almalıyam. Ancaq təəssüf ki, bu zövqü bizim futbola baxanda ala bilmirəm. Razıyam ki, inkişaf uşaq futbolundan başlamalıdır. Bunun üçün də xüsusi layihə işlənib hazırlanmalıdır. Təbii ki, bu da müəyyən zəhmət, əziyyət tələb edir. Uşaq futbolunun inkişafı üçün Azərbaycanın bir neçə kəndinə getməli və seçimlər etməlidirlər. Necə ki, xaricdə bunu edirlər. Məşhur futbolçuların əksəriyyəti də məhz kasıb məhlələrdən çıxıb. Yəni, daha çox işləməlidirlər. Yalnız bunun sayəsində müəyyən inkişafa nail olmaq mümkündür. Bizdə daha çox transferlərə üstünlük verilir. Ancaq transfer üzərində qurulan futbolun gələcəyi yoxdu. Ötən il eşitdim ki, Azərbaycandan bir qrup uşaq Almaniyaya məşhur klublardan birinin bazasına yollanıb. Buna çox sevindim. 
 
- Belə bir fikir var ki, yaradıcı adamlar hər zaman müxalifətdə olmalıdır. Nə vaxtsa, futbola da bir müxalif mövqedən yanaşmaq haqda düşünmüsən?

- Q.: Biz daha çox ədəbiyyat, incəsənət, mədəniyyətlə bağlı yazılar yazırıq. Ancaq bir məsələ var ki, əksəriyyət Azərbaycan futbolundan narazıdır. Bu isə o deməkdir ki, Azərbaycanda əksəriyyət futbolla müxalifətdədir. Başqa yol da yoxdu. Futbolda yalnız bir halda sən onu tənqid edə bilməzsən, o da ardıcıl və böyük turnirlərdə qələbə qazandığı zaman. Qalan bütün məğlubiyyətlər, uğurszuluqlar və fiaskolar səni məcbur edir ki, onları tənqid edəsən. Yəni, bunun ikinci bir yolunu mən görmürəm. Zaman-zaman mən ədəbiyyatdan uzaqlaşaraq müəyyən qədər futboldan da yazıram. İdman mətbuatında yaradıcılıq yox, daha çox informativ və sitatistik yazılar yazırlar. Amma qardaş ölkə Türkiyəyə baxdıqda orada futbolla bağlı yazıları ədəbiyyat yazıları kimi böyük ləzzətlə oxuyuram.  Bizdə isə bu sahədə axsamalar var. Bu mənada, təkcə Azərbaycan futboluna yox, Azərbaycan futbol yazarlarına da müxalif olmaq olar.

- Sevda sən özün bir müddət Almaniyada yaşamısan. Sirr deyil ki, Azərbaycanda əksəriyyətin milli komandalarımızda yerli mütəxəssislərin işləməsinə tərəfdar olmasına baxmayaraq, AFFA yığmalarımızı almaniyalı mütəxəssislərə həvalə edib. Səncə, bu düzgün yanaşmadır?

- S.S: Hazırda dünyada çox məşhur futbol məktəbləri var. Bunlardan biri də alman futbol məktəbidir. Berti Foqts artıq 4 ildir ki, Azərbaycanda işləyir. Bu müddət ərzində isə Azərbaycan futbolunda az da olsa, irəliləyiş yoxdu. Əksinə biabırçı məğlubiyyətlər bir-birini əvəz etməkdədir. Məncə, alman mentalı ilə Azərbaycan mentalı bir-biri ilə əks qütblərdə dayanır. Almanlar çox dəqiq, nizamlı, zəhmətsevər və peşəkardılar. Biz türkləri daha çox işgüzar bir millət kimi tanıyırıq. Amma hətta türklər özləri də deyirlər ki, almanlar bizdən daha energetik və daha işgüzardılar. Biz bu mənada tənbəl millətik. Ola bilsin ki, burada Foqtsun heç bir günahı yoxdu. Yəqin, Foqts bizim mentallığa qarşı dayana bilmir. Ona görə də, ilk növbədə futbola münasibətdə fikir, təfəkkür dəyişməlidir. Təbii ki, bu da yalnız uşaq yaşlarından, cəmiyyətdən başlanmalıdır.

- Q: Sevdanın fikirləri ilə razıyam. Almanlar dünyaya ən çox filosof bəxş etmiş bir millətdir. Soyuq başla, ağılla oturub nələrisə düşünmək bizim genetikamızda yoxdu. Biz daha çox yarıəhlikef, tez-tez fikrini dəyişən, məsuliyyətsiz bir mentallığın adamlarıyıq. Təbii ki, bu, bizim futbolda da özünü göstərir. Bu yaxınlarda Azərbaycan milli komandasının bəzi futbolçularının eyş-işrət məclislərindən şəkilləri yayıldı. Bu isə onu göstərir ki, onlarda peşəkarlıqdan daha çox həyatın başqa tərəfləri aktualdır. Bu, normaldı. Çünki hər bir insan bütün ömrünü buna sərf etməli deyil. Ancaq peşəkar futbolçuların müəyyən yaşa qədər işləri ancaq futbol olmalıdır. Bizdə isə görürsən ki, futbolçuların əyləncə məclislərində şəkilləri yayılır. Bu da onu göstərir ki, biz buna hazır deyilik. Bu, bizim xarakterimizdə yoxdu.

“FOQTSDAKI MƏSULİYYƏTSİZLİK ONUN GÜNAHI DEYİL"

- Berti Foqtsa münasibətiniz necədir?

- Q: Foqts dünya futbolunun ən ciddi adamlarından biridir. Almaniya millisini Avropa çempionu etmiş, dünyada qəbul olunmuş, sayılıb-seçilmiş mütəxəssislərdəndir. Ancaq Foqts Azərbaycana gələndən sonra getdikcə bizə oxşayır, nəinki bizimkilər ona. Burada maraqlı bir vəziyyət yaranır. Mən də bunu ironiya ilə “Foqtsun gündəlikəri” yazısında bir almanın gözündə Azərbaycan cəmiyyətinə, futboluna baxmaq istəmişdim. Mən bunu uydursam da, düşünürəm ki, Foqts həqiqətən də bizdə olan vəziyyəti görəndə çox təəccüblənir.

- S.S:
Yadıma gəlmir hansı oyun idi, bizimkilər uduzdu və həmin vaxt kamera da Foqtsu göstərirdi. Məğlubiyyətə baxmayaraq, onun heç bir əzələsi də tərpənmirdi. Məncə, bu, alman mentallığı ilə bağlı deyil. Bu, eyni zamanda futbola olan iqnor münasibətdi. Foqts bəzən mətbuata müsahibə vermir, Azərbaycan millisinin rəqibinin oyununu izləməkdənsə, o, Almaniya yığmasının hansısa matçını izləməyə getmişdi. Foqtsun Azərbaycan futboluna saymazyana münasibəti var və bu da bizim özümüzün-özümüzə olan münasibətindən qaynaqlanır. Foqtsda məsuliyyətsizlik olsa da, bu, onun günahı deyil.

- Azərbaycan futbolunda işıqlı bir şey görmürsünüz?

- S.S: Mən gələcəyi daha çox bayaq söylədiyim, Almaniyaya yollanmış həmin gənc uşaqlarda görürəm. Ancaq bir şərtlə ki, burada onlara məsuliyyətli və diqqətli davransınlar. İnkişaf təkcə uşaqlardan asılı deyil. Bu, futbolla məşğul olan adamların futbola münasibətindən asılıdır.

- Q: Mən Azərbaycan futbolunda işıqlı bir şey görümürəm. Hazırda istedadlı futbolçular var. Ancaq onlar bu çoxluğun içərisində o qədər də gözə çarpmırlar. Azərbaycan çempionatının səviyyəsi elə də yüksək deyil ki, burada hansısa futbolçu özünü yaxşı göstərə bilsin və bununla da, həmin oyunçunu, məsələn, “Atletiko” kimi komandalar alsın.  Azərbaycan milli komandasından öncə klubların Avropada uğurları olmalıdır. Məsələn, Çempionlar Liqasının qrup mərhələsinə düşməlidirlər. Proses bununla başlamalıdır.

- Bilirsiniz ki, bu gün Azərbaycan futboluna ayrılan vəsaitin 10 faizi nə kinoya, nə də ədəbiyyata ayrılmır. Razılaşarsınız ki, hazırda Azərbaycan kinosu və ədəbiyyatı da elə futbolun günündədir. Sizcə, bu vəsaitin 50 faizi kino və ədəbiyyata ayrılsaydı, o zaman fərq necə olardı?

- Q: Bu, sadəcə maddi məsələ ilə bağlı deyil. Sevda bayaq düz buyurmuşdu ki, futbol sanki bir film kimidir. Bu gün müasir Azərbaycan filmlərinə baxarkən, elə bil Azərbaycan milli komandası oynayır. Kinoya indikindən bir qədər çox vəsait ayrılsa da, bu sahədə birdən-birə nəyinsə dəyişəcəyini söyləmək yanlışlıq olar. Görünür, Azərbaycan futbolunda olan problemlər digər sahələrdə də var. Hər bir sahədə mütəxəssislər yetişdirilməlidir. Yenə deyirəm, bu, yalnız maddi vəsaitlə bağlı deyil. Bu, ikitərəfli proses olmalıdır. Həm bizim kinomatoqrafçılar xaricə getməli, həm də oradan bizə mütəxəssislər gəlməlidir. Yalnız bundan sonra nəsə formalaşa bilər. Ancaq təəssüf ki, bizdə əksər sahələrdə qeyri-peşəkarlıq vərdiş almaqdadır. Bunlar da sonda Fələstin yığmasına məğlub olmaq, “Buta” filmini çəkmək, “Natavan” klubunda mənasız kitabların təqdimat mərasimini keçirməklə nəticələnir. Bizdə bu sahədə istedadlı adamlar var. Ancaq bu adamların meydana çıxması üçün senzura qoyulur.  Onların qarşısında belə bir tələb qoyulur ki, sən burda mütləq milli ideyanı qabartmalısan, keçmişimizlə bağlı nəsə bir şey olmalıdır və s. Yəni, bizdə özünü ifadə azadlığı yoxdu. Bir neçə filmin təqdimat mərasimində iştirak etmişəm və görmüşəm ki, burada kinonun estetikası, aliliyi əsas deyil. Burada əsas odur ki, biz xalçalarımızı, milli musiqimizi dünyaya çatdıraq. 

- S.S: Bu sahəyə kifayət qədər vəsait ayrılsa da, inanmıram ki, birdən-birə A kateqoriyalı festivallarda nəsə nümayiş oluna bilər. Sözsüz ki, istər kino, istərsə də ədəbiyyat sahəsində istedadlı uşaqlar var. Ancaq Qismətin fikri ilə razıyam ki, bu, təkcə maliyyə vəsaiti ilə bağlı deyil. Əgər söhbət konkret kinodan gedirsə, dünya səhnəsində bəzi rejissorlar var ki, çox az büdcə ilə çox uğurlu kinolar çəkir və A kateqoriyalı festivallarda müəyyən mükafatlara sahib çıxırlar. Bizdə isə çatışmayan cəhətlər ideyanın yoxluğu, yaradıclıq və mütaliənin aşağı səviyyədə olmasıdır.
 
- Gəlin, yenidən futbola qayıdaq. Bayaqdan Azərbaycan millisinin uğursuz çıxışlarından danışırıq. Ancaq futbolda müəyyən uğurlarımız da olub. Stadiondan hansısa oyunu canlı izləmisinizmi?

- Q: Olub. Portuqaliya millisi ilə heç-heçə oynadığımız görüşdə (1:1), “Qarabağ”ın Avroliqa çərçivəsində Bakıda keçirdiyi bir neçə oyununu canlı izləmişəm. Portuqaliya ilə heç-heçə həqiqətən də gözəl nəticə idi. Ancaq bu gözəllik də bir neçə gündən sonra fiaskoya uğradı. Çünki Luiş Fiqo vətəninə qayədanda dedi ki, Azərbaycandakı stadionun tualetində su gəlmir. İndi təbii ki, belə deyil. İstənilən halda, bizim uğurumuzun da qəribə bir xüsusiyyəti var ki, sanki lənətlənmişik. Məsələn, “Qarabağ” klubu bir neçə mərhələ keçməklə azarkeşləri sevindirir. Ancaq daha sonra səfərdə böyükhesablı məğlubiyyət bizim bu sevincimizin üstündən xətt çəkir.

- S.S.: Mən adətən futbolu stadiondan izləməyi çox sevmirəm. Ancaq “Neftçi”nin oyunlarında olmuşam. Sonra tələbəlik dövründə Azərbaycan millisi Macarıstana uduzduğu görüşü (0:4) izləmişəm. Futbol kollektiv oyun olduğu üçün sən meydandakı enerjini hiss etməlisən. Futboldan böyük zövq almalısan. Ancaq bizim komandalar oyunlarda məğlub olduqları üçün mən də stadionlara getmirəm. Bizim futbolçular ayda 10-15 min dollar pul qazanırlar. Mənim aylıq maaşım isə cəmi 200-300 manatdır. Bizim futbolçular aldıqları pulun müqabilində bu haqqı qazanmalıdırlar ki, mən aldığım bu az puldan biletə verib stadiona gedim. Nə vaxt ki, bizim futbolçular o haqqı qazanacaqlar, onda məmnuniyyətlə gedərəm.

“QURBAN QURBANOVU YOX, FOQTSU SEÇƏRƏM"

- Söhbətimizin əvvəlində də milli komandalarımızda almaniyalı mütəxəssilərin çalışmasından danışdıq. Sizcə, yığma komandada yerli mütəxəssis çalışmalıdır, yoxsa elə Foqtsla davam etməliyik?
- S.S:
Bu məsələyə birmənalı münasibət bəsləmək çox çətindir. Dünya futboluna baxdıqda görərik ki, “Real” (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo portuqaliyalı olsa da, o, İngiltərədə də çalışıb və özünü doğruldub. Ancaq bizim mentallığı nəzərə alsaq, Azərbaycan millisinə yalnız yaxşı, peşəkar yerli mütəxəssis kömək edə bilər. Yalnız müəyyən bir səviyyəyə çatdıqdan sonra xaricdən mütəxəssislər dəvət etmək olar.

- Q: Mən açığı əcnəbi mütəxəssislərin dəvət olunmasının tərəfdarıyam. Mələsən, qardaş Türkiyədə 90-cı illərin ortalarında futbolun səviyyəsi qalxmağa başladı. Tanınmış rumıniyalı mütəxəssis Mirça Luçesku özü ilə birgə Türkiyəyə bir neçə rumın futbolçu gətirdi ki, həmin komanda da həm Superliqada, həm də Avropada özünü doğrultdu. Yəni, bizə gələn əcnəbi mütəxəssis özü ilə birgə öz modelini gətirməlidir. Foqts Azərbaycan millisi ilə uğur qazana bilmir. Ancaq Foqtsun mənfi cəhətləri ilə yanaşı, bir müsbət xüsusiyyəti də var ki, bu adam brenddir.  Almaniyalı mütəxəssis pis-yaxşı arxasınca nəyisə çəkib aparır. Məsələn, Foqts və ya Qurban Qurbanov seçimi olsa, mən yenə Foqtsu seçərəm.

- Azərbaycanda peşəkar futbolçu kimi tanıdığınız oyunçular varmı?

- Q: Futbolu biz peşəkar kimi yox, bir azarkeş kimi izləyirik. Ancaq gələcəyəin ümidverici futbolçusu kimi mən “Qarabağ”ın futbolçusu Əfran İsmayılovu görürəm. Əfran çox maraqlı oyunçudur. Mənə elə gəlir ki, bu futbolçu gələcəkdə nəsə edə bilər. Hücuma qoşulan və texnikalı bir futbolçu olaraq Əfranın bütün klublara lazımlı olduğunu düşünürəm. Şəxsən bu futbolçunun oyunu mənim çox xoşuma gəlir.

- S.S: Mən bu barədə bir söz deyə bilmərəm. Ancaq məşhur futbolçuları tanıyıram.

- Dünya futbolunda hansı komandanın oyununa xüsusi azarkeşlik edirsiniz? Yəni, beyninizdə qurursunuz ki, mən həftəsonu bu komandanın oyununu izləyəcəm...

- Q: Aydın məsələdir ki, “Barselona”nın oyunu izləmək adama böyük zövq verir. Hər bir insan fəxr edir ki, mən bu zamanda yaşayıram və “Barselona”nın, Messinin oyununu izləyirəm. Bu, doğrudan da belədir. Məncə, Messi Maradonanın, Erik Kontana və Georgi Hacının davamçısıdır. O, hücumameyilli yarımmüdafiəçi, oyunu öz üzərinə götürən, liderlik qabiliyyəti olan, oyunundan estetik zövq aldığım və hər an ondan nəsə gözlədiyim bir oyunçudur. Düzdü, Kriştiano Ronaldo da böyük futbolçudur. Ancaq mən onun pərəstişkarı və izləyicisi deyiləm.

- S.S: Qismət Ronaldonun adını çəkdi. Mənim üçün futbolçunun  təkcə nümayiş etdirdiyi oyunu önəmli deyil. Onun daha çox şəxsiyyət kimi özünü göstərməsi önəmlidir. Bu mənada mən Ronaldonu sevmirəm. Futbolçu olaraq çox lovğa, dikbaş, özündən hündürə tullanan oyunçudur. Buna görə də hər zaman cavabını alır. Ona görə də mən də Messini çox sevirəm. Mən Messinin oyunlarını canlı izləməsəm də, internetdə videoyazılarına baxıram. O, özünü çox təmkinli, alicənab apardığına görə, Messiyə çox böyük simpatiyam var. Fanatı olduğum futbolçusu isə “Yuventus”un canlı əfsanəsi Alessandro Del Pyerodur. Hətta eşitdiyimə görə, onun qırmızı vərəqəsi olmayıb. Çünki o, çox mədəni futbolçudur. Məsələn, Zinəddin Zidan dövrümüzün ən böyük futbolçularında biri idi. Amma onun meydanda sinirlərinə hakim ola bilməməsi və rəqibə qarşı kobudluq etməsi məni daha çox qıcıqlandırır və bu futbolçunu gözdən salır.

ARZULAR...

- Son olaraq Azərbaycan futbolu ilə bağlı arzularınızı eşitmək istərdik...

- Q: İnsanlar sevmədikləri şeylər haqda tənqidi fikirdə olmazlar. O şey haqda ki, sən yanğı ilə danışırsan, onu dəyişmək istəyirsən, davamlı olaraq narahatsan, deməli, bu barədə müsbət fikirdəsən. Yəni, bütün tənqidlər ona görədir ki, biz həqiqətən də Azərbaycan futbolunun inkişafını istəyirik. Klublarımızın Çempionlar Liqasının qrup mərhələsində, Avroliqada, milli komandamızın Avropa çempionatında, dünya çempionatında iştirakını arzulayırıq. İstəyirik ki, dünya çempionatının final mərhələsində Azərbaycan millisini də görək, yığmamızın oyununu izləyək. Hər kəs də istəyir ki, Azərbaycan futbolu yaxşı vəziyyətdə olsun. 

- S.S: Demək istəyirəm ki, bizim klublarımız elə bir oyun nümayiş etdirsinlər ki, onu gözəl bir film qədər sevə bilim.

Söhbəti yazdı:
Vüsal HÜSEYN    
 

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi