"Xəzər Lənkəran": "Bakı" bizim üçün ən asan rəqibdir"

"Xəzər Lənkəran": "Bakı" bizim üçün ən asan rəqibdir"
GÜNDƏM 23 Dekabr 2011 / 12:07 2880
-  A +

"Unibank Premyer Liqasının XVIII turunda “Xəzər Lənkəran”ın qonağı olan “Bakı” statiskaya nəzər saldıqda komandamız üçün ən asan rəqiblərdən birinə çevrilir. Paytaxt təmsilçisi növbəti dəfə böyük hesabla məğlub olduğu Lənkəran klubu ilə oyundan tarixdə üçüncü dəfədir ki, eyni hesabla ayrılır. Rəqibini 3:0 hesabı ilə üstələyən “Xəzər Lənkəran” 2009-cu il aprelin 4-də və elə həmin il noyabrın 26-da da rəqibindən bir baş üstün oynayaraq 3:0 hesabına sevinmişdi".

Qol.Az-ın məlumatına görə, bu sözlər "Xəzər Lənkəran" klubunun rəsmi saytına dərc olunmuş statistik yazıda bildirilib.

Yazıda qeyd olunur ki, “Bakı” "Xəzər Lənkəran"ın futbolçuları üçün ən asan rəqiblər siyahısına daxil edilə bilər: "Düzdür, daxili arenada sayca 45-ci böyük hesablı qələbəsini qazanan “Xəzər Lənkəran”ın ən böyük “qurban”ı 6 dəfə darmadağın olunan “Gənclərbirliyi”dir. Lakin artıq bu komanda mövcud deyil. Eyni zamanda bakılılarla eyni qədər – üç dəfə böyük hesabla üstələnən digər rəqiblər də var. Onların da çoxu artıq aşağı dəstədə mübarizə aparır.
 
Ümumilikdə Azərbaycan çempionatları və kuboku yarışlarında 45-ci böyük hesablı qələbəsini qazanan “Xəzər Lənkəran” 24 müxtəlif komandaya gücünü göstərib. Bunlar aşağıdakılardır.
 
“Gənclərbirliyi” – 6
“Bakı”, “Bakılı”, MOİK, “Muğan”, “Qəbələ” - 3
AZAL, “Qarabağ”, “Masallı”, “Şahdağ”, “Şərur”, “Turan” - 2
ABN, “Ədliyyə”, “Göyəzən”, “Karat”, “İnter-2”, “Karvan”, “Kəpəz”, “MKT-Araz”, “Qaradağ-Lökbatan”, “Şəmkir”, “Simurq”, “Standard” – 1
 
“Bakı” ilə qarşılaşma həm də ardıcıl ikinci böyükhesablı qələbə oldu. Bundan əvvəl Premyer Liqanın XVII turunda “Kəpəz”i 4:1 hesabı ilə məğlub edən komandamız çempionatda iki qələbəni sıralamaqla 21 aydan sonra belə bir nəticə əldə etdi. Məsələ ondadır ki, futbolçularımız sonuncu dəfə 2009/10 mövsümündə ardıcıl iki rəqibi 3 və ya daha çox top fərqilə keçmişdi. Həmin vaxt 2010-cu il fevralın 21-də “Karvan”, martın 12-də isə “Qəbələ” məğlub edilmişdi: müvafiq olaraq 3:0 və 4:1.
 
Qeyd edək ki, “Xəzər Lənkəran”ın çempionatda ardıcıl böyükhesablı qələbələr rekordu 2004/05 mövsümündə qeydə alınıb. Həmin vaxt komandamız “Şəmkir”i 4, “Gənclərbirliyi”ni 5, “Göyəzən”i 3 cavabsız qolla məyus etmişdi".

Daha çox


Son xəbərlər