Bu gün “Baku Marriott Hotel Boulevard”da AFFA-nın 23-cü Hesabat Konfransı keçirilib.
QOL.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və hesabat ili ərzində vəfat edən futbol ictimaiyyəti nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Prosedura uyğun olaraq məlumat verilib ki, 35 səs hüquqlu nümayəndənin 34 nəfəri Konfransda iştirak edir və Konfrans yetərsaya uyğun olaraq səlahiyyətlidir.
Qısa videoçarx təqdim olunduqdan sonra AFFA-nın prezidenti Rövşən Nəcəf qonaqları, konfrans iştirakçılarını və mətbuat nümayəndələrini salamlayıb. AFFA prezidenti ölkə başçısı İlham Əliyevin idmana, o cümlədən futbola böyük dəstək nümayiş etdirdiyini bildirib: “Cənab Prezident 2024-cü il aprelin 9-da Gəncə şəhər stadionunun, sentyabrın 19-da isə Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoydu”.
R.Nəcəf Azərbaycan futbolunun İnkişaf Strategiyasının prioritet layihə olduğunu vurğulayıb: “İctimaiyyətin geniş müzakirələri ilə hazırlanan və fevralda İcraiyyə Komitəsinin iclasında qəbul olunan strategiya 2025-2028-ci illəri əhatə edir. Strategiyada qarşımıza ambisiyalı, ilk baxışdan çətin əldə oluna biləcək hədəflər qoyulub. İnanıram ki, birgə səylərimiz ilə hədəflərə çata biləcəyik. Azərbaycan futbolu uğurlara, qələbələrə layiqdir. Futbolumuza layiq bildiyimiz uğurları yalnız birlikdə əldə edə, qələbələri çiyin-çiyinə, bir komanda olaraq irəliləməklə qazana bilərik”.
AFFA prezidenti Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasını və legioner limitinin ləğvini ölkə futbolunun inkişafı istiqamətində atılan önəmli addımlardan biri hesab edib: “AFFA İcraiyyə Komitəsinin qərarı ilə 2025-2026-cı illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında 12 klub mübarizə aparacaq. Bu, futbolun kütləviliyini artıracaq, azarkeşlərin marağını yüksəldəcək və futbolun coğrafiyasının daha da genişlənməsinə səbəb olacaq. Həmçinin növbəti mövsümdən legioner limiti ləğv olundu. İnanırıq ki, legioner limitinin ləğvi Azərbaycan Premyer Liqasını daha da gücləndirəcək. Hər birimizin istəyi odur ki, futbolçularımız ölkə xaricində güclü klublarda çıxış edərək, ustalıq səviyyələrini artırsınlar”.
R.Nəcəf Azərbaycan milli komandasının son oyunlardakı nəticələrindən razı qalmadıqlarını bildirib: “Millimizin baş məşqçisi Fernandu Santuşla görüşümüz oldu. Komandamızın qarşıdakı oyunlarda yaxşı nəticələr qazanacağına ümid edirik. AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış hədəfi dəyişməz olaraq qalır”.
Sonra çıxış üçün söz Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə verilib. O bildirib ki, Azərbaycan idmanda böyük nailiyyətlər əldə etməyi bacardığını bütün dünyaya sübut edə bilib: “Ümid edirəm ki, AFFA-nın İnkişaf Strategiyasının icrası nəticəsində Azərbaycanda futbol da inkişaf edəcək, lazımi səviyyəyə çatacaq. Hər şeyə nail olmaq mümkündür. Əsas odur ki, bu istiqamətdə səylər göstərilsin. AFFA-nın yeni rəhbərliyinin buna nail olacağına ümid edirəm. Azərbaycan futbol millisini gələcəkdə Yay Olimpiya Oyunlarında görməyi və ölkə futbolunun böyük uğurlarla bizi sevindirməsini arzulayıram”.
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev hesabat xarakterli məruzə ilə çıxış edib. O, geridə qalan il ərzində görülən işlər barədə məlumat verib və yeni layihələrin həyata keçiriləcəyini vurğulayıb. S.Hacıyev cari mövsümün əvvəlində klublarımızın avrokuboklardakı çıxışlarına da münasibət bildirib: “Qarabağ” nəticələri ilə bizi sevindirdi. Həmçinin “Sabah” İsrailin tanınmış “Makkabi” (Hayfa) klubu üzərində uğur əldə etdi. Eyni zamanda “Zirə” UEFA Konfrans Liqasında pley-off mərhələsinə kimi irəlilədi. Klublarımızın növbəti mövsüm avrokuboklarda daha uğurlu nəticələr əldə edəcəklərinə əminik”. Sonra hesabat dövründə görülən işləri özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Maliyyə hesabatını təqdim etmək üçün AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin müdiri Emil Nəcəfova söz verilib. O, geniş təqdimat vasitəsilə gəlirlər və daxiolmlalarla bağlı hesabat verib.
Ardınca “Orion Consulting” MMC audit şirkətinin nümayəndəsi, müstəqil auditor Əşrəf Hüseynovun hesabatı dinlənilib. AFFA-nın maliyyə hesabatı səsvermə nəticəsində təsdiq edilib.
Daha sonra İnkişaf Strategiyası ilə bağlı AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxış edib. O, strategiyanın Azərbaycan futbolunu layiq olduğu pillələrə yüksəldəcəyinə inandığını söyləyib: “Düzgün plan uğurlu işin yarısıdır. Hazırda konkret addımlar üzərində işlər gedir. Strategiyanın həyata keçirilməsi gündəlik işimizə çevrilib. Müasir futbolun idarəçiliyi qarşımıza yeni hədəflər, müasir standartlar qoyur. Yeni layihə qrupu yaradılacaq. Bu qrup AFFA-nın struktur departamentləri ilə sıx işləyəcək və cavabdehlik daşıyacaq. Bir sözlə, hər şeyə sıfırdan başlamalıyıq. İnanırıq ki, qəbul edilən strategiya ilə ölkə futbolu yaxşı nailiyyətlər əldə edəcək. İnkişaf Strategiyasını fəaliyyət planına çevirməliyik. Buna güclü kadrların işə cəlb edilməsindən başlamalıyıq. Çünki AFFA-da kadr çatışmazlığı var”.
Hakimlər Komitəsinin sədri Frank De Bleker təqdimatı zamanı Azərbaycan hakimliyinin hazırkı durumu barədə məlumat verib: “Dünyanın hər yerində hakim səhvləri olur. Hakim də insandır, robot deyil. Əsas odur ki, səhvlərimiz üzərində işləməli, bunları təkrarlamamalıyıq. Mövsümün əvvəlindən bəri həmkarlarımla görüşüb, vacib məsələləri müzakirə etmişik. Bizim daha çox hakimə, xüsusən də, gənclərə ehtiyacımız var. Çox açıq və şəffaf fəaliyyət göstəririk. Premyer Liqanın 28-ci tura qədər ümumilikdə 140 oyunda 39 VAR müdaxiləsi olub. Bu, çox yaxşı göstəricidir. Əlbəttə ki, daha yaxşısını edə bilərik. Artıq iki hakimimiz FIFA-nın I kateqoriyasındadır. Bu mövsüm 21 beynəlxalq təyinat və 3 VAR təyinatı almışıq. Əsas hədəflərimizdən biri əlavə daha bir hakimimizin FIFA referisi statusunu almasıdır. Bunun üçün UEFA və FIFA ilə sıx əlaqədəyik”.
Sonra çıxış üçün söz FIFA-nın milli assosiasiyalar üzrə regional koordinatoru Marion Gavata verilib. O, FIFA prezidenti Canni İnfantinonun salamlarını konfrans iştirakçılarına çatdırıb. M.Gavat tədbirə dəvət aldığı üçün təşəkkürünü bildirib: “AFFA ilə FIFA uzun illər çox məhsuldar əməkdaşlıq ediblər. Bunun nəticəsində son illər Bakıda mötəbər oyunlar keçirilib. Misal olaraq, “FIFA Series”i qeyd edə bilərəm. Sevindirici haldır ki, AFFA qadın futbolunun inkişafı istiqamətində də uğurla fəaliyyət göstərir. Ümumiyyətlə, FIFA qadın futbolunun inkişafına böyük önəm verir. Azərbaycanın qadınlardan ibarət milli komandasının da uğurlu nəticələri diqqətəlayiqdir. Azərbaycan futbolunun inkişafı istiqamətində əlinizdən gələni etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm”.
UEFA-nın HetTrik proqramı üzrə meneceri Valentina Mercolli də çıxış edərək, UEFA-nın prezidenti Aleksander Çeferinin salamlarını çatdırıb: “Çox xoşbəxtəm ki, gözəl şəhəriniz Bakıda bu tədbirdə iştirak edirəm. AFFA İnkişaf Strategiyası çox əsaslıdır. AFFA və UEFA bunun uğurla həyata keçirilməsi üçün sıx münasibətə malikdir. Futbol ailəsi olaraq daha yaxşı nailiyyətlər əldə edə bilərik”.
Sonda AFFA-nın baş katibi Cahangir Fərəcullayev konfrans iştirakçılarına təşəkkürünü bildirib. Bununla da Konfrans öz işini yekunlaşdırıb.
Konfrans başa çatdıqdan dərhal sonra AFFA-nın prezidenti Rövşən Nəcəfin iştirakı ilə mətbuat konfransı, ardınca isə İcraiyyə Komitəsinin iclası keçirilib.
Mesajlar yaxşıdır! Amma…
Mövsümdə ilk
"Qarabağ"ın 1600-cü qolu
"Qəbələ"nin 4 qollu qələbəsindən - Video
"Cavidin əvəzinə danışa bilmərəm" - Elvin Məmmədov
"Narahat olmayın, heç kimdən küsməmişəm" - Qurban Qurbanov
Bayılda vurulan 5 qol - Video
"Qarabağ" böyük hesabla "Səbail"ə qalib gəldi
Güləşçimiz ermənistanlı rəqibini məğlub edərək finala çıxdı
"Qəbələ"dən darmadağın, Yevlaxda heç-heçə
AFFA-nın Hesabat Konfransı keçirilib - Yenilənib
Flik "Barselona" ilə yeni müqaviləsi haqda danışdı
“Səbail” - “Qarabağ” oyununun heyətləri
AFFA klub prezidenti ilə bağlı şikayəti təmin etmədi
Akif Quluzadənin növbəti döyüşü
ÇL-də həftənin ən yaxşı oyunçusu seçildi
Baş məşqçi vəzifəsinə əsas namizəd Fabreqasdır
FİFA Türkiyə klublarına transfer qadağası qoydu
AFFA-dan 2-ci liqa klublarına cəza və cərimələr
Salah: "İnanmasaydım, müqavilə imzalamazdım"
“Nə Əliyar Ağayevi görmüşəm, nə də başqalarını…”