AFFA-nın baş katibi Sərxan Hacıyevin Qol.az saytına müsahibəsi
- Bəzi klublar və əksər mütəxəssislər hansısa komandanın Premyer Liqanı tərk etməsinə qarşıdır. Düşünürlər ki, bu cür qərar ölkədə onsuz da az olan futbolçu sayını bir qədər də azaldacaq. Mümkündürmü hazırkı bütün komandalar elitada qalsın və yeni mövsümdə Premyer Liqada klub sayı artsın?
- Bəzi klubların açıqlamalarında bunun əleyhinə qeydləri görmüşük. Düzdür, ümumi statistika aparılmayıb, lakin əksər mütəxəssislərin bunun əleyhinə olması faktı ilə də rastlaşmamışıq. Mövsümün əvvəlində qeyd olunduğu kimi, Premyer Liqada sonuncu yeri tutan komanda elitanı tərk edəcək və birinci diviziondan bir komanda Premyer Liqaya vəsiqə qazanacaq.
- Bu yaxınlarda Futbol İnkişaf Fondunun (FİF) rəhbəri Tural Piriyevlə Qəbələyə səfər etmişdiniz. Hər cür infrastruktura malik, uşaq futbolunda fərqlənən “Qəbələ”nin daha iddialı olması üçün yeni maliyyə qaynaqlarına ehtiyacı var. Yəqin ki, bununla bağlı müzakirələriniz oldu. “Qəbələ” ilə bağlı layihə başladılacaq?
- Bəli, icra başçısı ilə görüşümüz oldu. Futbolun İnkişafı Fondunun müəyyən layihələrin həyata keçirilməsinə dair müxtəlif iş adamları ilə görüş keçirilməsi üçün müzakirələr aparıldı. Həmçinin, “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfovla da müxtəlif istiqamətlər üzrə müzakirələr oldu. Gələcəkdə “Qəbələ”də də müəyyən addımlar atılması nəzərdə tutulub. Qəbələ Şəhər İcra Hakimiyyəti və klub prezidenti Fariz Nəcəfov müəyyən məsələlərdə bizə aktiv köməklik göstərdilər.
- Qeyri-rəsmi xəbərlərə görə, klublar legioner limitinin 7+4-dən 8+3-ə qaldırılması ilə bağlı müraciət edib. Belə dəyişiklik gözlənilir?
- Artıq mövsüm ərzində klublarla bir neçə iclasımız keçirilib. Yaxın günlərdə növbəti bir iclasımız olacaq. Legioner limitinin 7+4-dən 8+3-ə qaldırılması ilə bağlı bizə klublar tərəfindən hər hansı müraciət daxil olmayıb. Hazırda bu məsələ gündəmdə deyil.
- Yeni mövsümdən “Araz Naxçıvan”ın Premyer Liqada oynayıb-oynamayacağı bilinmir. Belə bir məlumat yayılıb ki, “Zaqatala” da elitaya gələ bilər.
- Burada əsas məsələlərdən biri lisenziyalaşdırmadır. Bu qaydalara cavab verən və birinci divizionda ilk yeri tutan komanda Premyer Liqaya buraxılır. Hazırda lisenziyalaşdırma ilə bağlı son mərhələdir. Lisenziyalaşdırma dövrü bitdikdən və sənədlərlə tam tanış odluqdan sonra lisenziyalaşdırma komissiyası tərəfindən komandaların bu proseduru uğurla keçib-keçməməsinə dair qərar veriləcək. Bundan sonra tam aydın şəkildə məsələ ilə bağlı məlumat verə biləcəyik.
- “Araz Naxçıvan”ın Premyer Liqada iştirakı üçün hər hansı problem var?
- “Araz Naxçıvan”ın Premyer Liqada iştirakı üçün klub tərəfindən müəyyən işlər aparılır. Bunlar hamısı nəzərə alınır. Aparılan proseslər həm AFFA, həm də PFL tərəfindən müşahidə olunur. Bu gün üçün onu deyə bilərəm ki, “Araz Naxçıvan”ın Premyer Liqada oynaması üçün bir problem görünmür.
- “Zaqatala”nın prezidenti Musa Qurbanov bir neçə dəfə bildirib ki, "divizion klubları arasında ən yaxşı infrastrukdur bizdə olsa da, Premyer Liqaya buraxılmırıq".
- Burada ən əsas amil lisenziyalaşdırmadır. Bu isə tək infrastrukturdan ibarət deyil. Burada bir neçə istiqamətlər var. Bəli, infrastruktur da onlardan biridir, lakin yeganə kriteriya deyil.
- AFFA dövlətdən klublara ayrılan 3 milyon manatın legionerlərə xərclənməsinə qadağa qoymaq istəyir. Buna isə əsasən “Qəbələ” olmaqla klublar etiraz edir. Məsələ nə yerdədir, qadağa olacaqmı?
- Bu məsələ müzakirə mövzusudur. AFFA-nın İcraiyyə Komitəsinin mart ayında keçirilən iclasında müzakirə olunub. Daha sonra klublara bununla bağlı məlumat verilib. Lakin klublara belə bir məsələnin gündəmdə olduğu, ehtimal olunduğu bildirilib. Yəni qərar kimi deyilməyib. Məlum olduğu kimi, Klublar Komitəsi bu məsələ ilə bağlı bəyanat yayıb. Yaxın günlərdə Klublar Komitəsinin iclası olacaq və orada bu məsələ bir daha gündəmə gətiriləcək, müzakirə olunacaq. Klublarla bilikdə yenidən fikir mübadiləsi aparılacaq. Bundan sonra yekun qərar veriləcək.
- Legioner transferinə qadağa qoyulması onsuz da az olan sponsorların əlavə büdcə ayırması deməkdir ki, bu də ortabab və zəif klubların vəziyyətini bir qədər də çətinləşdirə bilər. Bununla iddalı klublarla zəiflərin arasında uçurum daha da dərinləşə və çempionatın səviyyəsi aşağı düşə bilər. Bununla bağlı nə düşünürsünüz?
- Qeyd etdiyim kimi, bu məsələ hələ ki, müzakirə mövzusudur. Klublarla birgə yenidən fikir mübadiləsi aparılacaq.
- Hakimliklə bağlı son zamanlar narazılıq artıb. “Sabah”ın rusiyalı baş məşqçisi Murad Musayev isə son açıqlamalarının birində bildirmişdi ki, Azərbaycanda hakimliklə bağlı böyük problem var. Onun bu fikrinə münasibətiniz necədir?
- Hər bir klubun baş məşqçisinin fikri bizim üçün önəmlidir. Hər bir məşqçinin fikrinə hörmətə yanaşırıq. Klubları ayrı-ayrılıqda sadalamaq istəmirəm. Ümumi olaraq qeyd etmək istəyirəm ki, biz klubların fikirlərini nəzərə alırıq, analiz edirik və əlbəttə ki, haqlı iradlar olduğu təqdirdə onların üzərində müəyyən işlər aparılır. Çalışırıq ki, tək hakimlik yox, hər bir sahənin inkişafına nail olaq. Konkret hakimliyə gələndə, Hakimlər Komitəsinin sədri Barış Şimşek bu yaxınlarda müəyyən açıqlamalar verib. O, hakimlərin müəyyən qərarları ilə bağlı peşəkarcasına fikirlər bildirib. Buna görə də hakimliklə bağlı əlavə qeyd etmək istəməzdim. Çalışırıq ki, bu sahəyə diqqət yetirək, seminarlar təşkil edək, gənc hakimləri bu sahəyə cəlb edək. Hakimliklə bağlı maksimum inkişaf əldə etməyə çalışırıq.
- Uşaq futbolunun durumu həmişə tənqid olunur. Sizcə, hansı işlər görülməlidir ki, futbolumuzun bünövrəsi möhkəmlənsin? Uşaq futbolunu yaxşı vəziyyətə gətirmək üçün kadr dəyişikliyi edilə bilər?
- Uşaq futbolu ilə bağlı daim müəyyən mütəxəssilərlə söhbətimiz olur. Mütəmadi olaraq şəxsən özüm bu sahə ilə bağlı məşqçilərlə danışıram. Hazırda əsas problem peşəkar səviyyədə uşaq futbolu ilə məşğul olan akademiyaların çatışmazlığıdır. Belə akademiyaların olması mütləqdir. Bununla uşaq futbolunun bünövrəsi möhkəmlənə bilər. Bunsuz inkişaf əldə etmək mümkün deyil. Əlbəttə, bundan da başqa, uşaq futbolunda çalışan məşqçilər peşəkarlığını artırmalıdır, onlarla müəyyən təcrübə mübadiləsi aparmaq olar. Xarici ölkələrdən uşaq futbolu ilə məşğul olan məşqçilərin müəyyən vaxtlarda ölkəmizə dəvət edilməsi məqsədəuyğun olar. Mütəmadi olataq mütəxəssislərlə bu məsələ ilə bağlı fikir mübadiləsi aparırıq. Bugünkü durum bizə onu göstərir ki, işə aşağı yaşlardan başlamaq lazımdır. Ehtiyac var ki, bu gün 11, 12 yaşlı uşaqlarla işlərə başlansın.
- Əcnəbi futbolçuların milliləşdirilməsinə münasibətiniz necədir?
- Mən bu məsələni iki yerə bölərdim. Ramil Şeydayev, Emin Mahmudov, Eddi İsrafilov – bunlar Azərbaycan köklü futbolçulardır. Şəxsi fikrim budur ki, onların milliləşdirilməsinə münasibətim pis deyil. Çünki onlar sırf Azərbaycan köklüdürlər. Müəyyən səbəblərdən onlar xarici ölkələrdə anadan olublar, boya-başa çatıblar və müəyyən bir yaşda bildiriblər ki, Azərbaycan millisində oynamaq istəyirlər. Onlara bunun üçün şərait yaratmaq məncə, müsbət haldır. Digər hal isə odur ki, Azərbaycan köklü olmasa da, 5 il ölkəmizdə yaşayıbsa, həmin futbolçu milliləşdirilə bilər. Bu futbolçu həm də yerli oyunçularımızdan bir neçə qat üstün olmalıdır. Zamanın tələbi varsa, bunu da etmək olar. Lakin ümumi olaraq fikrim budur ki, milli komandada məhz Azərbaycan köklü oyunçular çıxış etməlidir. Bu fikrim milliləşdirmə məsələsinə aiddir. Ola bilər ki, futbolçu Azərbaycan köklü deyil, amma burada anadan olub, uşaqlıqdan Azərbaycanda futbol oynayır. Belə futbolçunun millimizdə oynamasına fikrim müsbətdir.
- ”Qarabağ”ın futbolçusu Abdullah Zubirin milliləşdiriləcəyi ilə bağlı məlumatlar yayılır. Gündəmdə belə bir məsələ var?
- FİFA-nın əsasnaməsinə görə, futbolçu 5 il ərzində davamlı olaraq bir ölkədə yaşamalıdır ki, ona milliləşdirilmə ilə bağlı müraciət olunsun. Zubir üçün bu 5 il hələ tamam olmayıb. Ona görə də məsələ bu gün üçün gündəmdə deyil.
- Ayaz Quliyevin də millimizə cəlb olunması müzakirə olunurdu. Özü açıqlamasında bildirib ki, AFFA-dan konkret addım atılmır. Bu məsələ nə yerdədir?
- Müəyyən vaxtlarda Ayaz Quliyevlə təmaslar olub. Bəzi söhbətlər aparılıb. Son dəfə yanvar ayında Ayaz Quliyevlə AFFA-nın skautu İlqar Qurbanov tərəfindən danışıqlar olub. Danışığın nəticəsində onun Azərbaycan vətəndaşlığı ilə Rusiyada legioner həyatı yaşamaq tərəddüdü ortaya çıxıb. Lakin məsələ daim nəzarətimizdə saxlanılır. Yalnız Ayaz yox, ümumiyyətlə, əslən azərbaycanlı olan futbolçularla mütəmadi şəkildə əlaqələrimiz olur. Razılıq əldə olunacağı təqdirdə millimizə çağırıla bilərlər. Əlbəttə ki, burada əsas məsələ bütün bunlar müzakirə edilərkən hər hansı bir futbolçu tərəfindən AFFA-nın qarşısına şərt qoyulmamasıdır. Buna çox diqqət yetiririk.
- Futbolun dirçəldilməsi üçün yeni inkişaf proqramı, hansısa layihə nəzərdə tutulub?
- Futbolun inkişafı ilə bağlı müəyyən layihələrin tətbiq olunması ilə bağlı danışıqlar aparılır. Lakin bu məsələ danışıq prosesində olduğuna görə daha detallı məlumat verə bilmirik. Çalışacağıq ki, gələcəkdə bu məsələ ilə bağlı da açıqlamalar verək.
- Millimizin Avro-2024-dəki uğursuz startının səbəbi kompleks şəkildə araşdırılmalı olduğunu bildirmişdiniz. Yəqin ki, bununla bağlı müzakirələriniz olub. Uğursuzluğun səbəbi kimi nələri qeyd etmək olar?
- Burada bir yox, bir neçə səbəb var. Millimizin baş məşqçisi Canni De Byazinin AFFA İcraiyyə Komitəsinə hesabatı oldu. İcraiyyə Komitəsinin üzvləri bu cür uğursuz startla bağlı ciddi narahatlıqlarını bildirdilər. Lakin ümumi olaraq texniki sual olduğuna görə məhz məşqçi heyətinə ünvanlandırılsa, daha doğru olar.
- Birinci divizionda şübhəli oyunlara görə iki komanda ilə bağlı araşdırma aparılır. Bu məsələ nə yerdədir? Təqsirlilər müəyyənləşibmi, onları hansı cəzalar gözləyir?
- Bu məsələ hər zamankı kimi bizim nəzarətimizdədir. Daima AFFA-nın bu xəstəliyə qarşı mübarizəsi davam edir. Aidiyyatı dövlət qurumlarına da öz minnətdarlığımızı bildiririk ki, bizə köməklik göstərirlər. Hazırda məsələdə həssas proses olduğuna görə bir sıra detalları açıqlaya bilmirik. Həm AFFA, həm də müəyyən qurumlar tərəfindən araşdırma aparılır. Məsələyə aydınlıq gəldikdən sonra ictimaiyyətə açıqlama verəcəyik.
Ramiq Ağaməmmədov
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi
PSJ güclü qar altında məşq etdi - Video
"Milan"da 5 illik müqavilə