"Oyun günü stadionun ən az 80-90 faizi dolacaq"

"Oyun günü stadionun ən az 80-90 faizi dolacaq"
XƏBƏR 16 Mart 2023 / 12:24 2449
-  A +

"Oyuna azarkeş marağının böyük olduğunu deyə bilərəm. Çünki Azərbaycanda Türkiyə futboluna maraq həddindən artıq çoxdur".

Bu sözləri Qol.az saytına açıqlamasında İdman Könüllüləri və Azarkeşləri İctimai Birliyinin İdarə Heyətinin rəhbəri Atanur Cəfərli deyib. O, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" xeyriyyə oyununa azarkeş marağından danışıb:

"Qalatasaray" kimi böyük bir klubun ölkəmizdə minlərlə azarkeşi var. Onların da, "Qarabağ" fanatlarının da sayı kifayət qədər çoxdur. Düşünürəm ki. stadionun ən az 80-90 faizi dolacaq. Həm "Qalatasaray" qardaş ölkə Türkiyənin komandası olduğuna, həm də oyunun xeyriyyə matçı olmasına görə məncə, azarkeşlər stadiona gedib zəlzələdən əziyyət çəkən insanlara dəstəklərini ifadə edəcəklər. Oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi qərarı da azarkeşlərin sayı ilə bağlı idi. Çünki matç Tofiq Bəhramov adına Respublika Stadionunda olsaydı, azarkeşlərin bir çoxu biletsiz qalacaqdı. Oranın tutumu 30 min nəfərlikdir. Bakı Olimpiya Stadionunda isə azarkeşlər üçün kifayət qədər yer olacaq".

A.Cəfərli qeyd edib ki, ictimai birlik olaraq oyun üçün əllərindən gələn dəstəyi nümayiş etdirəcəklər: "Biz də İdman Könüllüləri və Azarkeşləri İctimai Birliyi olaraq həmin oyunda könüllü fəaliyyət göstərəcəyik. Azarkeşlərin stadiona rahat şəkildə daxil olmasına, stadionu tərk etmələrinə, onların tribunalarda yerləşdirilməsinə öz köməkliyimizi göstərəcəyik, əlimizdən gələn dəstəyi verəcəyik. İnanıram ki, bu matç azərbaycanlı azarkeşlərin xatirəsində uzun illər qalacaq".

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" görüşü martın 26-da keçiriləcək və saat 20:00-da başlayacaq. Oyunun bilet satışından əldə olunan gəlir Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə göndəriləcək. Görüş üçün bilet satışı bu gün başlayıb.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin


Son xəbərlər
topaz banner