"Neftçi" ilə oyunda "Qarabağ"ın futbolçularının yarısı qızdırma içində idi"

"Neftçi" ilə oyunda "Qarabağ"ın futbolçularının yarısı qızdırma içində idi"
XƏBƏR 28 Fevral 2023 / 14:37 3994
-  A +

"Heyətdəki problemlərə görə meydanda öyrəşdiyimiz "Qarabağ"ı görə bilmədik. Bu qısa zaman kəsiyində "Qarabağ"dan daha artığını gözləyə bilməzdik. "Neftçi" daha aqressiv oynadı".

Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib. O, ötən gün Misli Premyer Liqasının 24-cü turunda "Qarabağ" və "Neftçi" arasında keçirilən matçdan (1:1) danışıb.

A.Kərimov qeyd edib ki, Ağdam təmsilçisinin istədiyi oyunu nümayiş etdirə bilməməsinin səbəbi fubolçularının əskəriyyətinin zədəli, xəstə olması və psixoloji gərginlikdir: "Maraqlı oyun izlədik. Əslində izlədik demək düzgün olmur (gülür). Duman səbəbindən heç oyunu normal görə bilmirdik, yalnız şərhçinin dediyinə qulaq asa bilirdik. Amma oyundan danışası olsaq, avrokuboklarda 120 dəqiqə oynamış və məğlub olmuş "Qarabağ" var idi. Psixoloji olaraq komanda çox gərgin idi. Çünki mərhələ adlamağa bu qədər yaxın olub, sonra Konfrans Liqasından uzaqlaşmaq o qədər də asan məsələ deyildi. Digər tərəfdən də komandada xəstə, zədəli futbolçular çox idi. Mən özüm də futbolçularla zəngləşirəm. Demək olar ki, komandanın yarısı qızdırma içində idi. Məsələn, Maksim Medvedev. Qara Qarayev də xəstə idi, yeni sağalıb. Futbolçuların belə vəziyyətdə olması "Qarabağ"ın oyunda özündən asılı olmayan durumlara düşməsinə gətirib çıxarırdı".

A.Kərimovun sözlərinə görə, sözügedən görüşdə "Neftçi" daha üstün oyun sərgiləyib: "Zaman-zaman "Qarabağ"ın boşluqlarını görmək mümkün idi. Amma bütünlükdə "Neftçi" demək olar ki, "Qarabağ"ın cinahlarını üstələyə bilmişdi, yaxşı qol imkanları da yaradırdı. "Qarabağ" öz oyununu ortaya qoya bilmirdi. Bu da təbii ki, futbolçuların vəziyyəti ilə bağlıdır. Məsələn, topa sahib olmaq "Qarabağ" üçün vacibdir. Amma dünən "Neftçi" ilə oyunda topu özlərindəsaxlamaqda çətinlik çəkirdilər. Yalnız "Neftçi"nin səhvlərindən istifadə etməyə çalışırdılar. "Neftçi" daha aqressiv idi. Meydanda 70 dəqiqə "Neftçi"ni, 20 dəqiqə "Qarabağ"ı gördük. Amma nəticə etibarı ilə "Neftçi" qələbəni əldən verdi. Çünki yaxşı qol imkanları var idi. "Neftçi" həmin şanslardan yararlansaydı, "Qarabağ" 1 qol vurmaqdan daha çoxuna nail olmayacaqdı. Dediyim kimi, bu da gözlənilən idi. Qeyd etdiyim kimi, bu zaman kəsiyində "Qarabağ"dan daha artığını gözləyə bilməzdik".

Mütəxəssis "Neftçi"nin futbolçusu Höccət Haqverdinin avtoqola imza ataraq hesabı bərabərləşdirməsinə də toxunub: "Düzdür, oyunun 1:1 hesabı ilə başa çatmasının səbəbi "Neftçi"nin futbolçusu Höccət Haqverdinin qolu oldu. Amma "Qarabağ" qol vurmadı demək düzgün olmaz. "Qarabağ"ın hücumu Abdullah Zubiin cinahda rəqibi aldatması sayəsində olur. Dünən də Zubir meydana çıxandan sonra "Qarabağ" təhlükə yaratmağa başladı. Amma "Qarabağ"ın qol vurmadığını qeyd etmək düzgün olmaz. Çünki Höccət olmasaydı da, Zubir əvvəl-axır qolu yekunlaşdıracaqdı. Həmin epizodda qapıçının da səhvi var idi".

Aslan Kərimov düşünür ki, "Qarabağ" mövsümü turnir cədvəlinin ilk pilləsində başa vuracaq: "Çempionatın hazırkı durumundan çox da nəsə gözləmirəm. Hər şey artıq məlumdur. Lider dəyişəsi deyil. Düşünürəm ki, "Qarabağ" birinci olaraq qalacaq".

Sonda Kərimov "Neftçi" ilə "Sabah" arasındakı rəqabətdən də danışıb. O qeyd edib ki, "Neftçi"nin "Sabah"ı keçərək 2-ci pilləyə yüksələcəyinə inanmır: "Məncə, ümumiyyətlə, nəinki lider, ilk "3-lük" dəyişməyəcək. Düzdür, "Sabah" son oyunlarda məğlub oldu. Amma bu da onların baş məşqçisinin günahıdır. Çünki bir məşqçinin komandasının yanında ola bilməməsi 2 məğlubiyyətə gətirib-çıxardı. Bu çılğınlıq, qırmızı vərəqə almaq tamamilə məşqçinin üzərində olan bir yükdür və onun günahıdır. Bu, mənim subyektiv fikrimdir. Olmayan yerdə etiraz etməyin yeri yox idi. Düzdür, hakim o cərimə zərbəsini verə bilərdi. Amma hay-küy salmaq, vəziyyəti qırmızı vərəqəyədək gətirmək lazım deyildi. Mən əminəm ki, Murad Musayev komandasının yanında olsaydı, "Sabah" nə "Turan Tovuz"a, nə də "Şamaxı"ya uduzmayacaqdı. Ən azından həmin oyunlar heç-heçə ilə başa çatardı. Lakin bu, o demək deyil ki, "Neftçi" "Sabah"ı üstələyəcək. Çünki "Neftçi" uzun müddət həddindən artıq çox səhvlərə yol verdi. "Neftçi"nin çempionatın gedişatında bu məğlubiyyətlərin əvəzini çıxacağına inanmıram. Sözsüz ki, bu, futboldur, hər şey baş verə bilər. Amma hazırda inandırıcı görünmür. Çünki fikrimcə, "Sabah" da yaxında bu qara zolaqdan çıxacaq. "Neftçi"nin "Qarabağ"a çatmaq şansı ümumiyyətlə, yoxdur. Gərək, "Qarabağ" bundan sonra bütün oyunlarda bərbad oynaya ki, "Neftçi" onlara çatsın. Amma "Neftçi" "Sabah"la 2-ci yer uğrunda mübarizə apara bilər. Lakin mən buna ümid etmirəm. Məncə, "Neftçi" mövsümü elə 3-cü pillədə başa vuracaq".

Nur Zeynalova

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin 


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner