"Türkiyə Superliqasına dəvət almamağımız normaldır" - Turan Manafov

"Türkiyə Superliqasına dəvət almamağımız normaldır" - Turan Manafov
XƏBƏR 21 Mart 2021 / 10:44 3899
-  A +

"Səbail" klubunun müdafiəçisi Turan Manafov Qol.az saytına müsahibə verib.

- "Səbail"in bu mövsümkü çıxışı haqda fikrin necədir?

- İstədiyimiz qədər xal qazanmasaq da, yaxşı oyunlarımız da oldu. Elə oyunlar var idi ki, 3 xalı son anlarda əldən vermişik, elə oyun da oldu ki, ani vəziyyətdə buraxdığımız qol səbəbindən məğlub olmuşuq. Etiraf edək ki, komandamızın heyəti o qədər də geniş deyil. Güclü futbolçulara ehtiyacımız var. Amma bu heyətlə yaxşı çıxış edib xal aldığımız oyunları da deyərdim. Umumi olaraq 50/50-yə dəyərləndirərdim.

- Sonuncu dövrəyə qədəm qoyuruq. Maksimum gözləntiniz nədir?

- Məqsəd Konfrans Liqasına vəsiqə qazanmaqdır. Hər şey özümüzdən asılıdır.  İstədiyimiz kimi oynaya bilsək, oyunlarımız alınsa, çox şey edə bilərik. Rəqiblərlə aramızdakı xal fərqimiz böyük deyil. Sonadək mübarizə aparmalıyıq.

-  Mövsümün sonu klubunu dəyişmək fikriniz var?

- Bu haqda heç bir xəbər yoxdur. Heç kimlə danışıq olmayıb. Yayda bu barədə klubla danışacağıq, şərtlər qane eləsə qalacam, alınmasa, başqa kluba keçərəm. Bunu zaman göstərəcək. Hazırda bu barədə heç bir fikrim yoxdur.

- Azsaylı oyunçulardansınız ki, bütün oyunlarda meydana əsas heyətdə çıxmısınız. Amma sizdən az oyunda meydana çıxan oyunçular milliyə çağrıldı. Bu məqam sizi məyus etdi?

- Əlbəttə, məyus etdi. Mediada da bu haqda eşitdim ki, çağrılmamağım barəsində söhbətlər getdi. A millidə oynamaq hər bir oyunçunun arzusudur. Şans verilsə, ürəklə oynayacağam. Məyus olsam da, olmasam da, onsuz çağrılmamışam. Buna görə ruhdan düşmərəm. Şans gözləyirəm. Əksinə daha güclü məşq edəcəm, yaxşı oynayacağam ki, özümü sübut edim.


- Özünüzü milliyə hazır görürsünüzmü?

- Əlbəttə, özümə inanıram, hazır bilirəm. Dediyim kimi şans verilsə yaxşı çıxış edəcəm.

- 22 yaşınız var, amma hələ də gənc oyunçu deyirlər. Amma digər ölkələrdə 22 yaşlı futbolçu daha gənc sayılmır.

- Görürəm ki, Azərbaycan sanki qayda belədir. Şəxsən mən özümü gənc saymıram,  həyatı düşüncə ilə orta yaşdır, 2-3 ilə də ailə quracağam. Eyni zamanda neçə ildir peşəkar futboldayam. Hər an nəsə öyrənirik. Futbolda 22-23 yaşda gənc olmur. Gənc olar 17-18 yaşda. Yenə deyirəm bu fikirlə razı deyiləm, bir neçə ildən karyeranın qızıl dövrünə qədəm qoyacağam.

- Uzağa getməyəcəm, qonşu Gürcüstanın gənc futbolçuları Avropada çıxış edir. Ən azı sizin Türkiyə Superliqasında oynamağınız üçün nə lazımdır? Yaxud nə mane olur?

- Çempionatımızın səviyyəsi xaricə çıxmağımıza təsir edir. Skautlar, menecerlər oyunlarımıza baxmır. Menecerləri pisləmək istəmirəm. Ola bilsin, biz oyunumuzla onları cəlb edə bilmirik. Məncə, oyunçunun tanınmasında öz istedadı, öz oyunu rol oynayır. Amma burada menecerin də rolunu qeyd etmək lazımdır. Çempionatın bu gün belə vəziyyətdə olmasına görə bizə heç kim baxmır, xaricdə oynayan da yoxdur.

- Türkiyədə ən yaxşı halda birinci divizionunda çıxış edirik. Superliqaya isə heç cür qalxa bilmirik. Ən azı onlar bizə 1 pillə yaxındır...

- Türkiyə Superliqasının səviyyəsi açıq-aşkar bizdən üstündür. Sadalamıram, hər bir cəhətdən üstündür. Ora dəvət almamağımızı normal hesab edirəm. Ora dünya ulduzları dəvət olunur, amma bizdə demək olar ulduz yoxdur.

- Amma Maykl Essyenlə komanda yoldaşı olmusunuz. Ondan nələrsə öyrənə bildinizmi?

- Essyen əfsanədir. Onun oyun üslubu, təcrübəsi, özünü meydanda və meydandankənar aparması örnəkdir. Əlavə olaraq onun ötürmələri, təmkini, dəqiqliyi bir başqa idi. Hər bir şeyi nümunədir.

- Hansı xarici klublarda oynamaq istəyirsiniz?

- Elə bir klub yoxdur ki, sırf onun adını çəkim. Ən yaxşı klublardan birində oynamaq istəyirəm.

- Bəs, Azərbaycan klublardan hansında çıxış etmək istərdiniz?

- Ən yaxşı "Qarabağ" və "Neftçi" sayılır. Hər ikisi Avropa Liqasında çıxış edib. "Qarabağ" ÇL-ə qədər yüksəldi. Ən çox "Qarabağ"... Amma Azərbaycanın tarixi "Neftçi" klubunda da çıxış etmək istəyərəm.

- Milli komandadan nə gözləyirsiniz?

- Çətin olacaq, çətin qrupdur. Səviyyə fərqi göz qabağındadır. Uğurlar arzu edirəm, çalışıb-vuruşub xal əldə etmək olar. Uğurlar arzu edirəm.

Ağa Dadaşzadə


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner