"Vurğun Hüseynov mütləq cərimələnəcək" - Nazim Süleymanov

 "Vurğun Hüseynov mütləq cərimələnəcək" - Nazim Süleymanov
PREMYER LİQA 21 Oktyabr 2018 / 20:23 3623
-  A +

"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Topaz Premyer Liqanın 8-ci turunda evdə "Sabah"a 0:1 hesabı ilə uduzduqları oyunda qırmızı vərəqə alaraq komandasını pis vəziyyətdə qoyduğu üçün klub rəhbərliyi tərəfindən cəzalandırılacaq.
 
Qol.az-ın məlumatına görə, bu barədə "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Nazim Süleymanov qarşılaşmadan sonra keçirdiyi mətbuat konfransında açıqlama verib. 53 yaşlı mütəxəssis bildirib ki, təcrübəli müdafiəçi mütləq cərimələnəcək. Süleymanov Hüseynovun sonradan qaydanı pozması ilə nəticələnən epizoddan əvvəl adi vəziyyətdə topu itirməsini düzgün saymayıb: "Rəqib sənə qarşı hirsli olsa da, özün sakit olmalısan. Rəqibdə elə futbolçular var ki, səni təxribata çəkə bilərlər. Bu, özü bir taktiki hazırlıq idi. Biz məşqçilər bunu futbolçuların diqqətinə çatdırırıq. Həmin epizodda sadə oynamaq lazım idi, rəqibi aldatmaq yox".
 
Baş məşqçi matçın gedişini isə belə dəyərləndirib: "Oyuna pis başladıq. Təəssüf ki, yenə qırmızı vərəqə aldıq. Hələ ilk hissədən azlıqda qaldıq. İkinci hissədəki dəyişiklikdən sonra kənardan görünürdü ki, üstünlük bizdədir. Əfsuslar olsun ki, yüzfaizlik qol epizodundan istifadə edə bilmədik. İkinci hissə bizim, ilk hissə "Sabah" üçün maraqlı oldu. Rəqib qol şansından istifadə etdi".
 
Baş məşqçi hesabda geridə olduqları vaxt hücumu gücləndirməmələrinin səbəbini belə izah edib: "Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Bir nəfər azlıqda oynayırdıq, müdafiədə onsuz da boşluqlar vardı. Nə olsun ki, hesabda geridə idik? Sadəcə, qol şansından istifadə etmək lazım idi. Elə epizodlarda qolları vurmalı idilər".
 
Qeyd edək ki, Vurğun Hüseynov bu mövsüm ikinci dəfə qırmızı vərəqə alıb. O, ilk turda "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları qarşılaşmada da meydandan qovulub (Report).

Son xəbərlər