"Azərbaycan və Kosovo milliləri arasında ciddi fərq yoxdur" - Farruciya
"Sabah çox çətin oyun olacaq. Üç gün ərzində ikinci səfər oyunumuza çıxacağıq. Bundan başqa, Farer adaları üzərində qələbə Azərbaycan millisi üçün böyük motivasiyadır".
Qol.az-ın xəbərinə görə, bu sözləri Malta millisinin baş məşqçisi Rey Farruciya UEFA Millətlər Liqasının 4-cu turunda Azərbaycan millisi ilə sabah Bakıda keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
- Kosovo ilə görüşdə 1:1 hesabını qoruya bilmədiniz və məğlub oldunuz. Oyundan hansı nəticələri çıxardınız?
- Kosovo çox çətin komandadır. Azərbaycan da həmçinin. Səhv etməməyə çalışacağıq. Müdafiədə kompakt oynamaq lazımdır.
- Malta hazırda qrupda sonuncu yerdədir. Rəqiblərlə aradakı xal fərqi artacaq?
- Aramızdakı xal fərqinin get-getdə artacağını deməzdim. Mən yeni komanda qurmağa başlamışam. Bu, bizim üçün keçid dövrüdür. Heyətə 4-5 nəfər gənc futbolçu cəlb etmişik.
- Heyətdə zədəlilər var?
- Zədəlilərimiz yoxdur. Amma iki önəmli futbolçumuz - Zak Muskat və Luk Qambin bizimlə deyil. Maykl Mifsud isə cəzalıdır.
- Kosovo və Azərbaycanı necə müqayisə edərdiniz?
- İlk oyuna baxmışam. Komandalar arasında ciddi fərq yoxdur. Amma Azərbaycan bu rəqiblə səfərdə oynaycaq. Çətin olacaq.