Ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” bu gün olduqca vacib oyuna çıxacaq.
Qol.az-ın məlumatına görə, Qurban Qurbanovun komandası Avropa Liqasının pley-off mərhələsinin cavab matçında Tofiq Bəhramov adına Respublika stadionunda “Şerif”i qəbul edəcək.
Tiraspoldakı ilk görüşdə Moldova klubuna 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi qrup mərhələsinə vəsiqə qazanmaq üçün rəqibinə ən azı 2 top fərqi ilə qalib gəlməldir. Qarşılaşma öncəsi “Qarabağ”ın heyətində ciddi itkilər var. Dani Kintananın oynamayacağı çoxdan bilinirdisə, zədəlilər karvanına son olaraq, Miçel də qoşulub. Əvəzində isə Çempionlar Liqasının pley-off mərhələsinin BATE ilə cavab matçında qırmızı vərəqə görən İnnosent Emeqaranın cəzası başa çatıb. Nigeriya əsilli isveçrəli hücumçu bugünkü qarşılaşmada “Qarabağ”ın əsas qol ümidlərindən biri olacaq.
İstər ilk oyundakı nəticəni, istərsə də komandanın hazırkı durumunu nəzərə alıb, mütəxəssislərə müraciət etdik: “Şerif”lə cavab oyununda “Qarabağ”dan nə gözləmək olar?
Əməkdar məşqçi, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov “Qarabağ”ın rəqibdən üstün olduğunu düşünür.
Amma o hesab edir ki, Ağdam klubu axşamkı qarşılaşmada sakit oynamalıdır: “Məşqçilər korpusunda artıq rəqiblə bağlı lazımı məlumatlar var. Moldova klubunu yaxşı analiz edib, istənilən nəticəni əldə etmək olar. Mən özüm ilk oyuna baxa bilməmişəm. Amma həmkarlarımdan müəyyən fikirlər öyrənmişəm. Deyilənə görə, “Şerif”in müdafiəsi əvvəlki illərlə müqayisədə çox güclüdür. Mən bir məqamı da qeyd etmək istərdim. Moldovalılar yeni baş məşqçinin rəhbərliyi altında avrokuboklarda keçirdiyi oyunların çoxunda 1 topdan artıq buraxmırlar. 2-sini buraxanda isə ən azı 1-ni vururlar. Bu isə ondan xəbər verir ki, “Şerif”in hücum xətti də güclüdür. Amma ümumilikdə “Qarabağ”ın rəqibdən üstün olduğunu düşünürəm. Düzdür, Miçelin cavab matçında oynamaması bizim üçün ciddi problemdir. Çünki ispan yarımmüdafiəçi meydanın mərkəzində hava toplarını götürür, yerlə yaxşı oynayır, mübarizə aparır. Bununla yanaşı, cərimə meydançasına da yaxın oynayıb vacib qollar vurur. Buna baxmayaraq, “Qarabağ”ın meydanda rəqibdən daha yaxşı mübarizə aparacağını gözləyirəm. Artıq iş görülüb, bura qədər gəlib çıxıblar. Son məqamdır, bundan yaxşı istifadə etmək lazımdır.
Sevindirici məqam isə odur ki, Emeqaranın cəzası bitib, cavab matçında meydana çıxa biləcək. Ümumiyyətlə, 3 cür hücumçu olur: birincisi, çox qol vuran, ikincisi, az qol vursa da, çox qol vəziyyəti yaradan, 3-cüsü isə həm qol vuran, həm də qol vəziyyəti yaradan. Emeqara birinci kateqoriyaya aiddir. Amma onun çox qol vurması cinahlar və orta xəttdən asılıdır. “Neftçi” ilə son oyunda da göründü ki, lider olmaq istəyir. “Şerif”lə bugünkü oyunda oynaması “Qarabağ”a xeyir verəcək. Daim rəqibin mərkəz müdafiəçilərini təzyiq altında saxlayacaq. Hamı “Qarabağ”dan qələbə gözləyir. Bunun üçün komanda şəklində tam sakit oynamalıdırlar”.
Milli komandamız və “Kəpəz”in sabiq çalışdırıcısı Şahin Diniyev isə deyir ki, “Şerif”lə matç, azarkeşlərdən də çox, “Qarabağ”ın özü üçün vacibdir: “Komandanın avrokuboklarda yoluna davam etməsi baxımından əhəmiyyətli oyundur. Çünki bu qədər legioner Azərbaycan çempionatı üçün çoxdur. Deyərdim ki, “Qarabağ” ən çətin oyunlarından birini keçirəcək. İnanıram ki, Qurban Qurbanovun komandası bu imtahandan da üzüağ çıxacaq. “Şerif” çox çətin rəqibdir. Nə etməli olduğunu bilən komandadır. Ümid edirəm ki, yaxşı oyunla yanaşı, bəxt amili də “Qarabağ”ın tərəfində olacaq. Bunu bacara biləcək gücləri var. Komanda üçün hər oyunçu önəmlidir. Xüsusilə də Miçel kimi futbolçu. Standart vəziyyətlər zamanı cərimə meydançasında çox yaxşı oynayır. Qol duyumu, hava toplarında üstünlüyü olan yarımmüdafiəçidir. Buna baxmayaraq, “Qarabağ bir futbolçudan asılı komanda deyil. Meydana çıxan hər bir oyunçu digərini əvəzləyə biləcək səviyyədədir. Emeqaranın cavab matçında oynaması isə “Qarabağ”ın qol yollarında işini asanlaşdıra bilər”.
“Neftçi”nin sabiq baş məşqçisi, son olaraq isə birinci divizionda “Sabah”ı çalışdırmış Arif Əsədov “Qarabağ”ın cavab oyununda daha inamlı oynayacağını və hücumda fəal olacağını bildirib: “Qarabağ”ın cavab oyununda lazımı nəticəni qazanıb qrup mərhələsinə yüksələcəyini gözləyirəm. Avrokuboklarda son təmsilçimizdir. Səfərdə 0:1 hesabı ilə uduzmalarına baxmayaraq, şansları davam edir. İlk oyunda da göründü ki, “Qarabağ” ərazi üstünlüyünə malikdir. Amma hücumda “dişsiz” idilər. Rəqibin qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmaq alınmırdı. Bu da Emeqaranın cəzalı olması ilə bağlı idi. Artıq cəzası bitib. İnanıram ki, onun qayıdışı “Qarabağ”ın hücumlardakı kəsərini artıracaq və rəqibin cərimə meydançasında daha təhlükəli epizodlar yaradacaqlar. Miçelin olmaması isə ciddi itkidir. Çünki son oyunlarda qolları demək olar ki, o vururdu. Amma indi bunu düşünməyin vaxtı deyil. Futbolçular bütün problemləri kənara qoyub, oyuna köklənməlidirlər. Heyətdə Miçeli əvəzləyə biləcək futbolçular var”.
Elnur SALAHOV
"Liverpul" Salahı itirdi
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev
“Qarabağ”ın lehinə penalti verilməli idimi? - Video
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
Mahir Emreli keçmiş komandasına qarşı oynadı
Hidayət Heydərov bürünc medal qazandı
Qəzaya görə Premyer Liqa matçı gec başladı
"Mançester Yunayted" hakimlərə qarşı şikayət hazırlayır