“Bu ləkə adamın alnında ömürlük qalır”

“Bu ləkə adamın alnında ömürlük qalır”
ÖLKƏ FUTBOLU 27 İyul 2018 / 17:44 6000
-  A +

Danışılmış oyunlarda şübhəli bilinən “Qaradağ Lökbatan”ın müdafiəçisi Ruslan Tağızadə Qol.az-a müsahibə verib. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin fikirlərinə münasibət bildirən futbolçu ittihamlara cavab verib.

- Ramin Musayev bu gün jurnalistlərə açıqlamasında sənin də adının danışılmış oyunlarda hallandığını deyib. Hətta PFL prezidenti bildirib ki, bu məsələyə görə atan ona tez-tez zəng vurub bezdirir...

- Ramin Musayevin fikirləri ilə tanış olduqdan sonra atama zəng vurub doğrudan da belə bir şeyin olub-olmadığını soruşdum. O da dedi ki, zəng vurmuşam. Atama iradımı bildirdim ki, niyə zəng vurmusan. Buna ehtiyac yoxdur. Allah nə yazıbsa, onu da yaşayacağam. İndiyə qədər kiminsə köməyi ilə futbol oynamamışam ki. Yetim uşağam, öz əziyyətimlə gəlib bura çıxmışam, müxtəlif komandalarda oynamışam. Atama dedim ki, belə şey lazım deyil. Alınacaq, oynayacağam, alınmayacaq, oynamayacağam. Futbolla hər şey bitmir.

- Bəs məsələnin ikinci tərəfi barədə nə deyə bilərsən? Adının danışılmış oyunlarda hallandığı söylənilir...

- Bu barədə hələ ötən ilin oktyabr ayında eşitmişdim. Deyirdilər ki, guya mən “Turan Tovuz”da oynayanda oyun alqı-satqısı ilə məşğul olmuşam. Mən də demişdim ki, belə bir şey ola bilməz. Həmin vaxt bu barədə Vaqif Sadıqova demişdim. Çünki Vaqif müəllim məni tanıyır, uşaq vaxtından onun rəhbərliyi altında oynamışam. Belə bir şey mümkün deyil. Kimsə zəif oynayırsa, səhv edirsə, o demək deyil ki, oyun alqı-satqısı ilə məşğul olur. Bu işlərdə əli olanlar federasiya tərəfindən cəzalandırılıb və indi də cəzalandırılır. Bugünkü gündə alnım açıqdır. Belə şey varsa, buyurub araşdırsınlar, problem yoxdur. Amma bu cür hadisələrdə adımın hallanmasını istəmərəm. Çünki elə-belə şey deyil. Bu ləkə adamın alnında ömürlük qalır.

- Bu məsələylə bağlı izahat almaq üçün səni harasa çağırıblar?

- Xeyr, heç yerdən zəng gəlməyib, heç yerə də çağırmayıblar. Heç AFFA-dan da müraciət olmayıb. Adım nədəsə hallana bilər. Tək mənim yox, bəlkə də çox futbolçunun adı çəkilir. Amma bu, o demək deyil ki, həmin futbolçular bu işlə məşğuldurlar. Qurunun oduna yaş da yanır.

- Ümumiyyətlə, son vaxtlar birinci divizionda oyun alqı-satqısı ilə bağlı çox söz-söhbətlər gəzir. AFFA və PFL rəhbərliyi də dəfələrlə öz açıqlamalarında baş verənləri təsdiqləyirlər. Doğrudan da aşağı dəstədə bu cür hadisələr baş verirmi?

- Mənim bu barədə nəsə deməyim yersizdir. Çünki kiminsə haqqına girə bilmərəm. Federasiya bunun üstünə düşübsə, deməli, nəsə var ki, araşdırırlar. Amma mən kimisə günahlandıra bilmərəm. Çünki mənim ixtiyarımda deyil.

- Sən özün neçə ildir birinci divizionda oynayırsan. Bu vaxt ərzində hər hansı şübhəli məqam görmüsən və ya hiss etmisən?

- Həmişə belə işlərdən uzaq olmağa çalışmışam. Ona görə də nəsə deyə bilmərəm. Amma kimsə zəif oynayırsa, o demək deyil ki, oyunu satıb. Hər futbolçu zəif çıxış edə bilər. Universal oyunçu yoxdur ki, hər matçda meydana çıxıb dağıtsın. Ona görə də kiminsə haqqına girə bilmərəm. Bildiyimə görə, əvəzedicilərlə birinci divizion birləşdirilir. Əgər belə şey varsa, federasiya da bunu bilirsə, onları tam dəstəkləyirəm. Araşdırma aparmaqla düzgün addım atırlar və düzgün də qərar verirlər.

- Son mövsümü “Qaradağ-Lökbatan”da keçirmisən. Komandanın dağılması ilə bağlı xəbərlər yayılıb. Bunlar nə dərəcədə həqiqətə uyğundur?

- 2-3 gün bundan qabaq rəhbərlikdən zəng gəldi. Bütün futbolçuların müqavilələrini verdilər ki, özlərinə yeni komanda tapsınlar. Çünki “Qaradağ-Lökbatan”ın gələcəyi bilinmir, sual altındadır. Belə bir söhbət oldu. Amma daha bilmirəm, komanda gəncləşdirilir, yoxsa dağılır.

- Mövzunu dəyişək. “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qiroqçukla bağlı soruşmaq istəyirəm. Mövsümün sonunda komandadan ayrıldı və Qazaxıstanın “Astana” klubu ilə müqavilə bağladı. Bilirəm ki, ukraynalı mütəxəssislə münasibətlərin yaxşı deyildi.Bu mənada, onun Azərbaycandan gedişini necə qarşıladın?

- Şəxsən mən onun gedişini çox yaxşı qarşıladım (gülür). Çünki mənə pislik edən məşqçilərdən biridir. Amma belə götürəndə “Qəbələ” üçün az iş görmədi. Mənimlə arası pis idisə, o demək deyil ki, hamıyla elə idi. Yaxşı münasibətdə olduğu futbolçular da var idi. Komandanın 2 dəfə Avroliqada qruplara yüksəltdi, kubokun finalına çıxardı. Çempionatda gümüş medallar qazandırdı. Lakin mənim fikrimcə, “Qəbələ”ni çempion etməyə və kuboku qazanmağa borclu idi. Çünki rəhbərlik onun üçün hər bir şəraiti yaratmışdı. İstədiyi futbolçuları alırdı. Mən 1 il orada oynadım, gördüm. İstər Tale Heydərov, istərsə də Fariz Nəcəfov olsun, həmişə futbolçuların yanlarında olublar. Bu qədər şəraitin qarşılığında “Qəbələ”yə çempionluq yaşatmalı idi. Son mövsümdə də hamı ümidini kuboka bağlamışdı. Bunu bacarmırsansa, getməlisən. Mən o məşqçini pisləyirəm. Çünki karyeramda yaxşı iz qoymadı. Elvin Məmmədov da onunla bağlı bəzi söz demişdi.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər