“Hər dəfə məni görəndə soruşur ki, pul var?” – “Qarabağ”ın baş meneceri

“Hər dəfə məni görəndə soruşur ki, pul var?” – “Qarabağ”ın baş meneceri
MÜSAHİBƏ 22 Fevral 2017 / 16:35 6307
-  A +

“Almeyda zarafatları ilə yetənə yetir, yetməyənə bir daş atır”


Bu il "Qarabağ"da işləməsinin 13-cü ili tamam olur, Asif Əsgərovun. Kluba gələndə birinci direktorları Əmrah Çəlikəllə görüşüb, o da Asifə mətbuat xidmətində iş verib. Sıradan bir iş, xidmətin rəhbəri filan deyil. İndi isə o, bu böyük klubun (Azərbaycan miqyasında) baş meneceridi...

Vəzifə yüksəlişi təsadüfən olmayıb. Həqiqətən, bacarıqlı adamdı.

İndiyədək Ağdam klubu ilə xaricdə çox səfərdə olmuşam və onun işinə sadəcə heyrət etmişəm. 3 nəfərin yox, 5 nəfərin də yox, təkbaşına bəlkə də 15 nəfərin işini görür. Ondakı bu tükənməz enerji bəlkə də Allah vergisidi.

… Əmrah Çəlikəl iş tapşırmağa adam axtarır. Asifi çağırır.

Qurban Qurbanova nəsə lazımdı, yada yenə birinci Asif düşür.

Və sair və sair...


(Söhbətin əvvəli bu linkdə: 
http://qol.az/?name=xeber&news_id=104099)


***


- Burda bu məsələyə nöqtə qoyub, istərdim, bir az da Qurban Qurbanovdan danışasan. 8 ildən çoxdu onunla işləyirsən. Qurban Qurbanovla münasibətiniz necədi, necə yola gedirsiniz?

- Həssas, təmkinli və həm də bir az qapalı adamdı, Qurban hoca. Olanı desəm, tərifləmiş olaram, hocamız da bunu sevmir. Biz “Qarabağ”da ona məhz “hoca” deyə xitab edirik. Hislərini, fikrini hər dəqiqə büruzə vermir. 2008-ci ildə gəldi “Qarabağ”a. Həmin gün indiyə kimi yadımdadı. Klubumuzun bazası o vaxt “Ruslan-93”ün idman kompleksində idi. Klub rəhbərliyinin yanında oturmuşduq otaqda. Qurban müəllim dəvət edilmişdi, gəldi, ofisdə tanış olduq. Onunla birlikdə işlədiyim üçün demirəm, Həqiqətən də çox sadə insandı. Yol yoldaşlığı superdi. Hər bir işi ölçüb-biçən insandı. Nə desəm azdır...

- Ən çox nədə irad tutur işinizdə?

- Bizim gördüyümüz işin məqsədi eyni olsa da, gördüyümüz işlərimiz fərqlidi. Biz idarəçilər, təşkilatçılarıq, komandanın uğuruna dəstək oluruq, Qurban hoca isə komandanın oyununun, texniki və taktiki məsələlərin dəstəkçisi yox, birbaşa memarıdır. Ümumiyyətlə, onunla çalışmaq çox maraqlıdı. Futbolçuların oyuna yaxşı kökənlənməsinə, rahatlığına xüsusi diqqət yetirir. İstəyir ki, komandada hər şey yerində olsun. Məsələn, “Qarabağ” hansısa bir Avropa ölkəsinə matça getməyə hazırlaşanda Qurban Qurbanovla otururuq, oyun tarixinə baxırıq, neçə gün öncədən səfər edəcəyimizi dəqiqləşdiririk. Ən xırda detalı belə hesablayır. Komandanın rahatlığı üçün hər şeyi nəzərdən keçirib proqram tuturuq. Hər bir detalın komandanın uğuru üçün hesablanması vacibdir.Təsəvvür et ki, futbolçu oteldə otağına girir və orda nəsə çatışmır, yaxud danışılmış vaxtda yemək hazır olmur. Bununla futbolçunun fikri oyundan daşınır, motivasiyasına zərbə vurmuş oluruq. Bunu bütün idarəedici komandamız bilir, məsuliyyətini dərk edir. Yəni bu gün olanlar sabah çıxacağı matça çox təsir edir.




Söhbətin bu yerində  6-7 il əvvələ qayıdıram. “Qarabağ” bir neçə tur ard-arda uğursuz çıxış edir. Tribunadan bəzi azarkeşlərin “istefa” sədası eşidilir. Bir müddət sonra isə Qurban Qurbanov komandadan getmək istədiyini söyləyir. Asifdən bu haqda da soruşuram: necə oldu ki, onun fikrindən döndərdiniz?

- Başqanımız Tahir Gözəlin sayəsində. Ümumiyyətlə, o, böyük şəxsiyyətdir. Həmin vaxt dedi ki, mən məşqçimin arxasındayam, hər uğursuzluqda məşqçi dəyişməklə nəsə həll olunmur. Qurban müəllim o vaxt bir az özünə qapanmışdı, ona görə istefa vermək istədiyini bildirmişdi. Mən də o zaman hələ klub meneceri deyildim.  Təbii ki, onun “Qarabağ”la bağlı öz ideyaları, düşüncələri vardı. Klub rəhbərliyinin dəstəyi, baş məşqçimizin məsuliyyəti ilə daha sonra o ideyalar gerçəkləşməyə başladı: dalbadal üç il çempion olduq, bu mövsümdə də liderik. Rəhbər komandasına, məşqçisinə inanmalıdır. İnam uğurun bir parçasıdı. Bəzi şeylər var ki, onu pul həll etmir. Rəhbərin bir yaxşı sözü çox böyük motivasiya olur. Və o zaman rəhbər də Qurban Qurbanova inandı. Hoca isə futboldakı nəticələrlə komandamızın başını uca etdi.

Asif “Qarabağ”da futbolçularla birbaşa ünsiyyətdə olan, eləcə də transfer danışıqlarında iştirak edən əsas şəxslərdəndi...  Odur ki, Qurban müəllimlə bağlı sualları dayandırıb, keçirik futbolçularla bağlı söhbətə...

- Hərəsi bir cür xasiyyətdədir. Söhbət edib, zarafatlaşırıq. Ümumiyyətlə, “Qarabağ”da bir ailə ortamı yaradılıb. Şəxsən mənim legioner və ya yerli olsun, fərq etmir, hər biri ilə qardaşcasına münasibətim var. Bir də görürsən ki, bazaya girişdə əvvəl mənim otağıma girib, hal-əhval tutub, sonra öz otaqlarına gedirlər.

- Futbolçular daha çox hansı məsələlərə görə yanına gəlirlər?

- İlqar Qurbanovla bağlı bir faktı deyim... Hər dəfə salam verməzdən əvvəl soruşur ki, pul var? (gülür)..

- Yeri gəlmişkən, hazırda klublarımızın çoxunda maddi böhrandı. Bəs, “Qarabağ”da vəziyyət necədi? Futbolçulara borcunuz var?

- Bizim klubun fəlsəfəsi budur ki, futbolçuya və işçiyə borc deyə bir şey ola bilməz.



- Ümumiyyətlə, futbolçularınız nədənsə şikayət edir?

- Onu deyə bilərəm ki, biz razılşadığımız məbləği vaxtı-vaxtında veririk, heç kimin haqqını üstümüzdə saxlamırıq. Hətta gedən futbolçuların da qalan pullarını, çempionluq bonuslarını hesablarına köçürürük. Mən axı, futbolçuya heç vaxt demirəm ki, sən filan yerdə niyə zərbə vurmadın, niyə ötürmə etmədin? Bu, mənə aid məsələ deyil. Futbolçu da bunu dərk edir. Mənim yanıma gələndə də mənim vəzifə səlahiyyətimə aid məsələdən danışır. Əgər mənə aid məsələdirsə o an onun probleminin həlli üçün çalışırıq.

- Yəni rəsmiyyət var aranızda?

- Xeyr, hamısı dostumuzdur. Sadəcə, yanımda nədənsə şikayət etdikləri yadıma gəlmir.

- Futbolçularınızın xarakteri necədi?

- Fərqli xarakterlidirlər, amma hamısı ümumi ortama uyğunlaşırlar. Məsələn, Riçard Almeyda pozitiv insandı, yumor hissi yüksəkdi. Və ya İbrahim Şehiç - daha ciddi biridir. Rəşad Sadıqov isə bir şəxsiyyətdir, xarizmadır. Bizim nəsil xöşbəxtdir ki, belə bir futbolçunu canlı izləmək şansı qazanıb. Keçmişə baxanda futbol tarixində Pele, Maradona, Fiqu və sair xatırlanır. İllər sonra futbolumuzun keçmişinə baxanda Rəşad Sadıqovun xatırlanmaması mümkün olmayacaq. O, futbolumuzun canlı tarixidi...

- Amma Riçard kənardan, meydanda kobud adam təsiri bağışlayır.

- Meydanda o da öz işini görür, elə görünə bilər. Əslində isə həyatda çox zarafatcıldır. Yetənə yetir, yetməyənə bir daş atır.



- Almeydanın zarafatlarından kimsə inciyir?

- “Qarabağ” bir ailədir, amma sayımız 5-6 nəfər deyil, daha çoxdur. Təbii ki, hər ailədə nəsə ola bilər, amma zarafatlardan kiminsə incidiyini hiss etməmişəm. İnanmıram da olsun. Çünki hamı Almeydanı tanıyır. Yeni gələn futbolçular da bu ab-havaya tez uyğunlaşırlar.

- Bəs, Qurban Qurbanovun bunlara reaksiyası necə olur?

- Qurban müəllim futbolçularla pərdəni qoruyur. Futbolçular da onun zəhmini görüb, çəkinir. Amma lazım olanda o özü də zarafatlarından qalmır.

- “Qarabağ”da futbolçularla transfer danışıqları aparan əsas adamlardansan. Necə ortaq məxrəcə gəlirsiniz? Bazarlıq çox olur?

- Konkret bir düstur yoxdu. Əcnəbi futbolçularla danışıqlar menecerləri ilə aparılır. Olub ki, məsələn, bir futbolçu ilə danışıqlarda ya klub, ya da menecer hansısa məsələdə razılaşmayıb. Bu, normal haldır. Amma ən sonda hər iki tərəf dil tapa bilirsə, futbolçu azarkeşlərimizə, mətbuata təqdim olunur. Bundan sonra futbolçu dəvət edilir, onunla söhbət aparılır ki, menecerinlə danışıqlar oldu, filan-filan məsələlər də razılaşdırıldı və müqavilən, deyək ki, 2 il müddətinə artırılır. Yerli futbolçulara gəlincə, danışıqlar birbaşa onların özüylə olur. Danışıqlar zamanı fərqli durumlar da yaranır. Məsələn, Dani Kintana ilə razılaşdıq, o, bizə 2015-ci ilin yayında, mövsümün əvvəli qoşulmalıydı. Amma xahiş etdi ki, “Qarabağ”a yaxşı uyğunlaşmam üçün komandaya daha tez – mart ayında gəlim. Bizə gəldi, məşqlər etdi və növbəti mövsümdə komandaya tam adaptasiya oldu. Bu da öze ffektini verdi, keçən mövsümün bombardiri oldu… Ortaq məxrəcə gəlinməyən futbolçu haqda isə heç kimin xəbəri olmur (gülür)…

... Və sonda

- Ümumiyyətlə, “Qarabağ”da gözəl mühit, bayaq dediyim kimi, bir ailə ortamı var. Hətta İtaliya “İnter”i ilə oyundan bir neçə gün sonra cənab prezident bizi qəbul edərkən də bu faktı xüsusi vurğuladı. Belə bir ortam bir anda deyil, zamanla formalaşır. Bu ailə ortamının bir düsturu yoxdur. Sadəcə, bir açar cümlə var ki, hərə öz işinin məsuliyyətini dərk edir və öz bacarığının maksimumunu verməyə çalışır. Mən demirəm ki, bizim komandanın sürücüsü avtobusu digər komandaların sürücülərindən yaxşı idarə edir. Və yaxud da bizim departamentin işçisi digərlərindən güclüdür. Ancaq onu deyə bilərəm ki, bizim işçilərimiz öz üzərlərinə düşən işi maksimum dərəcədə, məsuliyyətlə yerinə yetirir. Hər kəs öz işini görür, iş görülən yerdə də nəticə öz-özünə gəlir.

Aydın BAĞIROV

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi