– İçirmi?
– İçir.
– Çəkirmi?
– Çəkir.
– Arvadını döyürmü?
– Arvadı nədir, hələ qayınanasını da!
– Menecerini də vurub, deyirlər.
– Meneceri kələk gəlibmiş. Gedib ofisə, çənəsinə birini ilişdirib.
– Bəs niyə insanlar onu bu qədər sevirlər?
– Hə, qəribədir, çox sevirlər. Məğlub olduğu boksçulardan da çox...
Futbolla təzə tanış olduğum uşaqlıq illəri...
Hamının azarkeşlik etdiyi kluba yox, onun rəqibinə tərəf durmaq əlahiddə bir həyəcan verirdi mənə. Yoldaşlarımdan fərqlənmək, heç kimin bilmədiyini bilmək kimi çocuqca istəklərim vardı onda.
Evdəkilərin, məhəllə uşaqlarının sevimli komandaları “Real-Madrid”, “İnter”, “Bayern”, “Mançester Yunayted” kimi nəhəngləridisə, mən həmin nəhənglərin qabağına çıxan ortabablardan yana olurdum. Ara-sıra mən deyən də olurdu bu dünyada. Məsələn, bir dəfə “Fənərbağça” “Old Trafford”da “Mançester Yunayted”i məğlub etmişdi. Çox sevinmişdim onda. “Sevimli ortabablar”ım qalib gələndə, bu qələbənin həyatımızdakı başqa olaylara da təsir edəcəyini düşünürdüm. Saf-saf xəyallar qurur, “Fənərbağça” “Mançester Yunayted”ə qalib gəldi, deməli, qardaşım bu il universitetə daxil olacaq, atam yaxşı işə düzələcək, dərslərim qaydasına düşəcək,” – deyə ümidlənirdim.
Bir dəfə Türkiyə Hollandiya yığmasına 1- 0 qalib gəlmişdi. (Onda türk futbolu təzə-təzə dirçəlirdi). Səhəri dərsə gedəndə elə bildim, sevdiyim qız mənə “hə” deyəcək. Ondan pis üz görəndə: “Axı, axşam türklər uddular, sən niyə belə eliyirsən?” – deməkdən güclə saxlamışdım özümü.
Allahdan gizli deyil, sizdən də gizli olmasın, mən bu duyğunu bu yaşımda da ara-sıra təzələyirəm. 2008-ci ilin Avropa Çempionatında Türkiyə Xorvatiyaya qalib gəldiyi oyunun sonunda gözümün sevinc yaşlarını silə-silə dostuma demişdim:
– Qaqa, and olsun Allaha, biz Qarabağı alacağıq!
* * *
Mayk Tayson dünyada ən çox sevdiyim boksçu idi. Çünki onun bədbəxt adam olduğunu düşünürdüm.
* * *
“Uşaqlıqda göyərçin saxlayırdım. Göyərçinlər dəhşətli və ümidsiz reallıqdan qaçmağa kömək edirdilər. Kök və hərəkətsiz uşaq olmuşam. Oğlanlar həmişə pulumu əlimdən alır, məni təhqir edirdilər. Bir gün quşlarımdan birinin başını üzdülər və mən dəliyə döndüm”.
1991-ci ilə qədər keçirdiyi 36 matçın hamısından qalib ayrılan Tayson həmin il ilk dəfə məğlub olur. Mətbuatda onu göylərə qaldıran jurnalistlər yerdən-yerə vururlar, ətrafında olan dostlar Maykdan səssizcə qırılırlar. Bu arada, o həm də sevdiyi qadınla sorunlar yaşayırdı... Və, beləliklə, başı üzülmüş göyərçinin çırpınan bədəni Maykın zədəli uşaqlıq yaddaşının ürkək pərdələrini yırtıb üzə çıxır. Zəncirvari nadincliklər başlayır; Amerika gözəllik yarışmasının qalibini zorlamaq, gecə barlarında nəzarətçiləri vurub aşırmaq, kokaindan asılılıq, menecerini xosunvay eləmək, arvadını döymək, hətta qayınanasına belə əl qaldırmaq:
“Birinci arvadım aktrisa idi. Onu çox sevirdim. Ancaq bir gün ayıldım ki, onun mənə məhəbbəti yoxdur, sadəcə, anası ilə birləşib pullarımı xərcləyirlər. İkisini də döydüm”.
* * *
Taysonun meneceri ilə münasibətləri “Koroğlu” dastanını, Koroğlu ilə Keçəl Həmzənin “dostluğ”unu xatırladır. Koroğlu Keçəl Həmzənin namərdlik edəcəyini ağlının ucundan belə keçirmirdi.
Ol səbəbdən də Həmzə Qıratı qaçırıban kitabında namərdlik yazmayan Koroğlunu aldada bilmişdi.
“Menecerimin pulu öz adına keçirmək istədiyini eşidəndə dəliyə döndüm. Bunu heç vaxt ağlıma gətirməzdim. Axı biz uzun illər idi birlikdə işləyirdik. Məsələni öyrənən kimi ofisə getdim və onu döydüm”. Yəqin bu əhvalatı eşidənlər: “Mayk başını itirib, işlərini aparan adama əl qaldırır,” – deyirmişlər.
* * *
1997-ci ildə döyüş zamanı rəqibi Evander Hollifildin qulağını dişlədiyinə görə diskvalifikasiya edilir. Dəfələrlə rinqə qayıdıb əvvəlki döyüş bacarığını bərpa etmək istəsə də, heç nə alınmır. Dəmir Mayk Lennoks Lyuisə, Denni Vilyamsa və nəhayət, sonda Mak Bredə məğlub olur. Sonuncu məğlubiyyəti barədə mətbuata deyirdi: “Daha döyüşmək istəmirəm. Rinqə çıxmağımın səbəbi borclarımdır. Çoxlu borcum var. Ona görə döyüşməyə razı oldum. Bu gün boksla vidalaşıram”.
Beləliklə, Mayk Tayson erası bitir. Bəşəriyyət Dəmir Mayka da qalib gələ bilir. Bu işlərdə onun böyük təcrübəsi var. Bundan əvvəl Maradona, Corc Best, Banişevski məğlub edilmişdi.
* * *
Qızı Eksodusun müsibəti də onu silkələyir.
“O, dörd yaşında bədbəxt hadisə nəticəsində öldü. Evimizdəki məftillərin içində dolaşıb, boğulmuşdu. Həkimlər heç nə edə bilmədilər. Bu hadisədən sonra iki yolum vardı. Ya küçəyə çıxıb kimisə öldürməli, ya da yeni həyata başlamalı idim. Mən ikincini seçdim. Çünki yerdə qalan səkkiz uşağım mənimlə nəfəs alır. Qızımın ruhunu şad etmək üçün yaşamalı idim”.
* * *
Onun barəsində bir sənədli film var. Filmin sonunda indiki ailəsi ilə birlikdə dəniz kənarına, gəzintiyə çıxır. Pələng Mayk qızı ilə oynayanda pişiyə dönür. Cuppulu, qapqara Liza zərif əllərini düyünləyib atasına yumruqcuq vurur. Pah! Qəhrəmanımız bir teatr açır ki, gəl görəsən. Arxası üstə yerə yıxılır, kor-kobud səsi ilə guya qışqırır:
– Liza çempioooon!, Liza çempioooon! Liza çempioooon!
O nəhəngliyində adamı – atasını yerlərdə sürünən görən Liza uğunur, böyük sevinclə atılıb-düşür.
Filmin sonunda Mayk dənizə baxır. Lap bizim şairlər kimi. “Kimdir şair?” – düşünürəm. Qələm yoldaşının səsini diktofona yazan bizimkilər, yoxsa aldanışların adamı, zəmanəmizin “Don Kixot”u Dəmir Mayk?
Taysonun səsi gəlir:
“Səkkiz uşağım var. Lakin düşünürəm ki, heç vaxt yaxşı ata olmamışam. Duman içində yaşamışam. “Dəmir Mayk” olan vaxtlarımda xoşbəxtliyin nə olduğunu bilmirdim. İndi ailəmi xoşbəxt etmək istəyirəm. Mən sizin tanıdığınız Mayk deyiləm.
Şübhəsiz, mən daha yaxşı adamam”.
* * *
Etimad Başkeçid deyir:
– Dostum, tüm dünyanın qaranlıqları,
Yığılsa, bir mumun vecinə gəlməz.
Yüz türlü söz söylər yüz türlü xiyar,
Yenilən pəhləvan savaşa doymaz.
* * *
Biz həmişə səninləyik, Mayk!
Mövlud MÖVLUD
"Atletiko"da yeni yarımmüdafiəçi
Avropa çempionatına 3 gümüş medalla start
"Arsenal" keçidi rəsmən açıqladı
"Sabah" Fransa klubunun yetirməsini transfer etdi
Kontedən Osimhenlə bağlı sürpriz qərar
Azərbaycan millisi Belarusa yenə uduzdu
"Barselona" futbolçusunu satdı
“Şamaxı”da növbəti ayrılıq
"Ondan Azərbaycan futbolu haqda soruşdum” - Müsahibə
"Əl-Nəsr"in hücumçusu "Fənərbaxça"ya keçir
"Qarabağ"ın Avstriyadakı sonuncu rəqibi də bilindi
Ansu Fati rəsmən "Monako"da
“Mançester Yunayted” sabiq futbolçusuna vəzifə verdi
"Hayduk" 4 futbolçusu ilə yolları ayırdı
"Zirə" 4-cü transferini açıqladı
"Sabah"ın rəqibindən yeni transfer
"Qarabağ"da qolları sıralayırdı, indi aylardır ehtiyatda qalıb... - Juninyoya nə olub?
Hamidu Keyta yenidən Azərbaycan klubunda - Rəsmi
"Çelsi"dən 70 milyonluq transfer
"Kayzerslautern" Mahiri təbrik etdi
"Beşiktaş" "Roma"dan futbolçu aldı
"Qarabağ"la "Zalsburq" 11 il sonra yenidən qarşılaşacaq
"Mançester Siti" "Əl-Hilal"a belə uduzdu - Video
Remzinin yeni klubu bəlli oldu
Qvardiola "Əl-Hilal"a məğlubiyyət haqda nə dedi?
"Bavariya" iki futbolçu ilə vidalaşdı
Klublararası dünya çempionatında sensasiya
“Zirə”nin rəqibindən qələbə
“İnter” 1/8 finalda uduzdu - Dünya çempionatı
“Qəbələ” təlim-məşq toplanışına start verdi
Beş futbolçu komandanı tərk etdi - Reşford, Asensio...
Aksel Vitsellə bağlı qərar verildi - Rəsmi
"Zirə"də Utziq problemi
"Komanda gözlədiyimizdən yaxşı çıxış etdi" - Rəşad Sadıqov
"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi
"Portu"da yeni baş məşqçi
"Liverpul" milli üzvü ilə müqaviləni yenilədi
"Beşiktaş"da ayrılıq
Azərbaycan millisinin üzvü Polşa klubundan ayrıldı
Aspilikueta "Atletiko"dan ayrıldı
"Sabah"ın rəqibi "Everton"un sabiq qapıçısını transfer etdi
Qvardiola: "Klublararası dünya çempionatı bizi məhv edəcək"