Rəşad Sadıqovun ilk qələbəsi və hədəfləri - Yeni açıqlamalar

Rəşad Sadıqovun ilk qələbəsi və hədəfləri - <b style="color:red">Yeni açıqlamalar</b>
ÖLKƏ FUTBOLU 13 Sentyabr 2020 / 12:06 3368
-  A +

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov dünən klub baş məşqçisi kimi ilk rəsmi qələbəsini qazanıb. Bu, Premyer Liqanın 2-ci turunda "Səbail"ə qarşı səfər matçında (2:1) baş verib.

Qol.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında həm bu oyun, həm məşqçi kimi baxışları və hədəfləri, eləcə də milli komanda haqda fikirlərini bildirib.

Oyun haqda

"Maraqlı oyun alındı. Necə gözləyirdiksə, elə də keçdi. "Səbail" ilk turda "Neftçi"yə qarşı yaxşı, əzmkar mübarizə aparmışdı. Səfər matçında təzyiq yarada bilmişdi. Bilirdik ki, bu komanda ilk saniyədən son saniyəyə qədər yaxşı mübarizə aparacaq, təslim olmayacaqlar. Düşünürəm ki, komandamız üçün çox vacib 3 xal qazandıq. Gələcəkdə də çalışacağıq ki, bu uğurların davamını gətirək".

"Zirə"də nə çatır, nə çatmır?

"Təbii ki, komandada çatışmayan şeylər var və bu, həmişə olacaq. Birinci oyunla müqayisədə məncə, topa nəzarət, güc baxımından komanda daha hazırlıqlı idi"

"Futbolçulara aşılayıram ki, biz əvvəlcə təmiz futbol oynamalıyıq"

"Hədəflərimlə bağlı bunu deyə bilərəm ki, mən qarşıma mütləq birinci yeri qazanmalıyam, Avroliqaya getməliyəm deyə qoyulan məqsədləri sevmirəm. Biz hər matçda uğur qazanmağı qarşımıza vəzifə qoymuşuq. Rəhbərliklə danışanda onlar da qarşıma hədəf, məqsəd qoydu ki, düzgün oyun, komandanın inkişafı istənilir. Biz də komanda olaraq günü-gündən bu inkişaf yolunda düzgün addımlar atmaq istəyirik. Mən elə bir insanam ki, həm beynəlxalq matçlarda, həm milli komanda səviyyəsində oyunlarda həmişə hər şeyin ən yaxşısını istəmişəm. Hələ tək özümdən danışsam, bir baş məşqçi kimi istəyirəm ki, qələbə qazanım, ən azından Avroliqaya düşüm. Özümü sığortalamıram. Qarşıma hədəflər qoymuşam. Amma çalışıram ki, o hədəflərə doğru yolla, düzgün futbolla çataq. Yəni  futbolçularımız taktiki cəhətdən, oyun planında inkişaf etsinlər, daha yaxşı oynasınlar, kollektiv şəkildə çıxış etsinlər, komanda şəklində formalaşaq. Məhz bu yolla nəticə qazanmaq istəyirəm. Nəyin bahasına olursa-olsun, qələbə qazanmalıyıq deyə bir şey yoxdur. Futbolçulara da aşılayıram ki, biz əvvəlcə təmiz futbol oynamalıyıq. Təbii ki, qələbə həmişə şirindi. Amma adam istəyir ki, qələbə baxımlı, gözəl futbolla olsun. Lap çıxdıq Avroliqaya. Burda yolla nəticə əldə edəndə, sabah eyni yolla Avropa Liqasında uğur qazana bilməyəcəksən. Avroliqada çıxış edəndə istər "Qarabağ",  istər digər klublar səviyyəsində baxanda görürdün ki, adları böyük deyil, amma meydançadakı davranışları, futbol oynamaqları, taktiki gedişatları adamı xoş mənada təəccübləndirdi. Mən də istəyirəm ki, nəticə qazansaq, Avropa Liqasına düşsək belə, komandamız oradakı matçlara hazır olsun. Biz böyüyək, mən məşqçi kimi böyüyüm, futbolçularım da. "Zirə"də çox keyfiyyətli oyunçular var. Onlar oynadıqları futboldan daha yaxşısını oynaya bilərlər. Komanda şəklində çıxış etsələr, hər kəs meydançada nə edəcəyini daha yaxşı bilsə, düşünürəm ki, daha üstün oyun olar, hər biri inkişaf edər, böyüyər, milli səviyyəsində yüksələr. Məncə, komandamızda 5-6 namizəd var ki, futbolumuzun bugünü və gələcəyidir. Sadəcə onlar öz potensiallarını düzgün qiymətləndirmirlər. Yanaşmalarına, oyundakı davranışlarına baxıram, artıq fikirləri dəyişməyə başlayıb. İndi fərqli yanaşırlar. Oyunlarda görürsən ki, daha cəsurdurlar, inamlıdırlar. Belə deyim, komanda ilə nəticə barəsində danışmamışam. Amma bu, mənim üçüm sığorta deyil. Harda oluram-olum, nəticə qazanmaq istəyəcəm. Amma bunun hansı yollarla olmağı mənim üçün çox önəmlidir".


 
Lazar Corceviç kobud səhvi haqda

"Lazarla bağlı bunu deyim ki, onun potensialına çox güvənirəm. Xüsusilə də hücumlara başlaması, topla davranışı ən çox bəyəndiyim keyfiyyətlərdəndir. Mən də istəmərəm ki, futbolçum hər epizodda topu hara gəldi,  vursun. Təbii ki, qapının yaxınlığında yersiz risklər də istəmirəm. Düzü, həmin epizodda köməkçilərimlə danışan vaxt bir də gördüm, penalti oldu. Yenə də həmin epizoda diqqətlə baxacağam. Biz bu gün xal itirə də bilərdik. Amma mən yenə onu qınamayacaqdım. Futbolçudur, potensialına, insanlığına güvənirəm. Səhvdən heç kim sığortalanmayıb. Gələcəkdə yenə belə şeylər olacaq. Əsas odur ki, bu cür səhvdən sonra komanda 10-15 dəqiqə "Səbail"in hücumlarının, təzyiqinin qarşısında dözə bildi. Qol imkanı vermədik. Bu, çox önəmlidir. O səhvdən sonra 2-ci qolu buraxsaydıq, mənim üçün düşündürücü ola bilərdi ki, psixoloji cəhətdən komanda bu situasiyanı qaldıra bilmədi. Amma şükürlər olsun ki, soyuqqanlı oldular və düzgün davrandılar. Qol epizodu vermədilər və sonda qələbə qazandıq"

Ağabala Ramazanovun milliyə dəvət edilməməsi haqda

"Ağabala bu gün ona görə oynamırdı ki, 2 gün əvvəl məşqdə zədə almışdı. Bu, bizim üçün çox gözlənilməz oldu. Ağabala komandanın aparıcı futbolçularındandır, kapitandır. Futbolda zədələr olur. Buna həmişə hazır olmalıyıq. Bu gün Ruslan onu layiqincə əvəzlədi və yaxşı matçlarından birini keçirdi. Ruslan Qurbanov uzun müddətdir ki, zədədən əziyyət çəkirdi. Pandemiyadan sonra toparlanmaq üçün ona vaxt lazım idi. Şükürlər olsun ki, yaranan fürsətdən yaxşı istifadə etdi. O ki qaldı milli komandaya, mənim Ağabala ilə söhbətim olub. Səbrli olmaq lazımdır. Milli komanda elə bir yerdir ki, ola bilər təklif gəlsin, ola bilər, gəlməsin. Hər bir məşqçinin düşüncəsi, taktiki gedişatları var. Bu dəfəki heyətdə şans verilmədi. Ola bilər ki, gələn dəfə də dəvət olunmasın. Amma bu, o demək deyil ki, ruhdan düşmək lazımdır və ya haqsız qərardır. Qətiyyən belə düşünmək lazım deyil. Mən də nə vaxtsa millidə işləmişəm və uzun illər yığmanın formasını geyinmişəm. Seçimlər etmək çox çətindir. Baxırsan ki, eyni mövqedə 2 eyni səviyyədə oyunçu var. Amma sən ikisindən birini seçməlisən. Artıq orada xırda detallar seçimlərə təsir edir. Həm Ağabala, həm də digər bir neçə futbolçu dəvət almadı. Onların hamısı ilə söhbətlərim oldu. Səbrli yanaşmaq və daha çox çalışmaq, həm klubdakı, həm də millidəki məşqçilərin etmadını qazanmaq lazımdır".

Rəşad Sadıqov hansı oyun üslubunu seçəcək? 

"Biz maksimum çalışacağıq ki, pozitiv futbol oynayaq. Amma bu, nə qədər alınacaq, nə qədər alınmayacaq, bilmirəm. Bayaq da qeyd etdim ki, biz düzgün futbolla nəticəyə getməyə çalışacağıq. Elə matçlar olacaq ki, müdafiə futbolu, elə qarşılaşmalar da olacaq ki, dağıdıcı futbol oynayacağıq. Rəqib imkan verdiyi qədər biz baxımlı, pozitiv futbol oynamağa, düşünülmüş hücumlar qurmağa  çalışacağıq".

"Səbail"lə oyunda uzaqdan zərbələr olmadı. Niyə?

"Açığı, mən uzaqdan zərbələri sevmirəm. İstəyirəm ki, topu ən əlverişli mövqedə olan futbolçuya çatdıraq.  Amma elə oyunlar da olacaq ki, uzaqdan zərbələrə üstünlük verəcəyik. Elə vaxt da olacaq ki, qərarı futbolçunun özünə buraxacağam. Yəni, mən ötürmə, kombinasiyalı futbol istəyərəm. Amma elə də ola bilər ki, sən qərar verəsən, driblinq edəsən, aldadasan, zərbə vurasan. Meydanda son qərar futbolçunundur.
Ümumiyyətlə, mən hər şeyin qarışığını xoşlayıram. Özünüz də kənardan görürdünüz, azarkeşlər yoxdur, tribunalar da açıqdır. Elə epizodlar olurdu fərdi oynamalarını istəyirdim. Amma elə epizodlar da var idi ki, istəyirdim, topa nəzarət etsinlər. Məb remix xoşlayıram. Biz çalışacağıq ki, bunların ortasını tapaq, belə oyun quraq. Yəni, futbolçular həm fərdi olaraq öz üzərlərinə götürsünlər, həm də lazım olanda topa nəzarət etsinlər. Çünki bizim individual oyunu öz üzərinə götürəcək futbolçularımız da var".

Məşqçi kimi ilk qələbə haqda

"Düzü, hələ də oyunun içindəyəm. Son 10-25 dəqiqə çox gərgin və stressli keçdi. Təbii ki, xoşdur. Qələbə hər zaman xoşdur. Mənim üçün də Premyer Liqada birinci dəfə qalib gəlmək çox vacib amildir. Bir növ psixoloji baryer var. Görürsən ki, qələbə olmadıqdan sonra bir az  futbolçularda və özündə  inamsızlıq yaranır. Ona görə bugünkü qalibiyyət çox vacib idi. İlk 2 turda səfərdə oynadıq. O demək deyil ki, evdə oynayanda bizim hər hansı bir üstünlüyümüz olacaq. Amma istər-istəməz, "Səbail" də, "Qəbələ" də daim meydançada məşq edən, oynayan komandalardır. Onlar öz meydançalarına daha çox uyğunlaşmışdılar. Həqiqətən də o səfər aurası hiss olunurdu. Bu gün heç-heçə etsəydik belə, mən komandamın oyunundan razı olacaqdım. Bəlkə də mənə yaxşı görünürdü, kənardan sizə başqa cür görünmürdü. Bəlkə də mən videosuna baxsam, fikirlərim dəyişəcək. Amma ümumən mənim üçün vacib olan oyun idi. Tam olmasa da, razı qaldım".



Yeni transfer Kayo Rangel haqda

"Bəli, vurğuladığınız kimi, Kayo tam hazır deyil. Həm komandaya gec qoşuldu, cəmi 20-25 gündür ki, sıralarımızdadır, həm də pandemiyaya görə Braziliyada çempionat dayandığı üçün və orada yoluxma da çox idi deyə nə fərdi, nə də komanda ilə məşq edirdi. 4-5 ay məşqlərdən kənarda qalıb. Amma çox istəklə çalışır. Bu gün planlaşdırdım ki, ona təxminən 30 dəqiqə şans verim. Yoldaşlıq görüşündə də 30 dəqiqə oynamışdı. Sadəcə oyun elə getdi ki, dəyişiklik edə bilmədik. Son 10-15 dəqiqədə meydanda oldu. Amma yenə də çox böyük ustalıq namayiş etdirdi. Əlini qapıçı ilə qarşı-qarşıya çıxardı. Mən bu futbolçunun potensialına çox inanıram. Bu istəklə, çalışqanlıqla davam etsə, məncə, uğurlu transferlərdən olacaq. Mənim üçün bəzi futbolçular əsas heyətin, digərləri ehtiyat  oyunçusudur deyə fikir yoxdur. Çalışıram ki, belə fikirləri nə özümə, nə də komandaya yansıdım"

Canni De Byazi klub məşqçiləri ilə müzakirə aparıbmı?

"Hər bir məşqçinin öz yanaşma prinsipləri var. Elə mütəxəssis var ki, gəlir klubdakı məşqçilərlə nəyisə müzakirə edir, danışır. Eləsi də ola bilər ki, gəlib, danışmasın. Və ya hansısa klubun məşqçisi ilə danışsın, o biri ilə danışmasın. Hərənin bir yanaşması var. Bunlar sırf onların öz qərarlarıdır. De Byazi bizim məşqimizi izlədi. Ayaqüstü də olsa, müzakirə etdik, komanda haqda danışdıq. O ki qaldı millinin nəticələrinə, ilk oyundan sonra həm komanda, həm də kapitanı böyük zərbə aldı. İkinci oyunda isə həm komanda, həm də kapitan bu sınaqdan başıuca çıxdı. Çox ağır məğlubiyyətdən sonra səfərdə çox çətin qələbə qazandılar. Həm də oyun planında xüsusilə ilk hissədə hər şey çox yaxşı alınırdı. Sonra futbolçular həyəcanlanırdılar, hesabı qorumağa çalışırdılar. Amma yenə də rəqibə qol imkanı vermədən çox vacib 3 xal qazandılar. Maksimə gəldikdə isə kapitan kimi ilk sınağı idi və o sınaqdan, qeyd etdiyim kimi, başıuca çıxdı. Söhbət qoldan getmir. Komandanı öz arxasıyca daşıyırdı, soyuqqanlı qalmağa çalışırdı, səhv etməkdən qorxmurdu. Bunlar çox vacib idi. Ümumiyyətlə, bu 2 qarşılaşmanı pozitiv dəyərləndirirəm. Baş məşqçinin ilk matçlarıdır. Birinci oyunlar çox çətin olur. Yeni qoşulub, yava-yavaş komandanı daha yaxşı tanıyacaq və futbolçulara uyğunlaşacaq. Kipr üzərində qələbə çox vacib idi. Qarşıda çətin oyunlar var. Mən bizim yığmamıza güvənirəm.  İnanıram ki, uğurlu çıxışları ilə bizi sevindirəcəklər".

 

Daha çox


Son xəbərlər
22.09.20  12:13

Kavani "Atletiko"da?