İKİNCİ HİSSƏ
(Birinci hissə burada)
Roman Qriqorçuk. Ukraynanın Azərbaycandakı ilk və hələlik sonuncu uğurlu futbol elçisi. Uğursuz çıxışları da az olmayıb. Amma bu, tarixdəki nəticəni dəyişmir: "Qəbələ"ni dalbadal iki dəfə Avropa Liqasının qrup mərhələsinə çıxaran məhz 52 yaşlı bu futbol adamı olub.
Özünü təsdiq etmiş məşqçi olmaqla yanaşı, həm də maraqlı, pozitiv və yüksək yumor hissi olan şəxsdi. Eyni zamanda kübar və alicənab biridi. Əyalət komandasını çalışdırsa da, uzun müddətdi Bakının mərkəzində, elit "Port Baku Residence" adlı 5 ulduzlu yaşayış kompleksində yaşayır. Onun təklifi ilə söhbətimiz də elə “Port Baku”da baş tutdu...
***
- Eşitdiyimə görə, artıq siz də memuar yazmağa başlamısınız.
- (gülür) Yox, bu, memuar deyil. Sadəcə, üzləşdiyim maraqlı hadisələrlə bağlı özlüyümdə bəzi qeydlər aparıram. Bilmirəm, gələcəkdə memuar yazacağam, ya yox. Unudulmaz çox hadisə olub. Təəssüf ki, onların xronoloji ardıcıllığını aparmamışam. Həqiqətən maraqlı bir şey alınardı.
- Azərbaycanda da başınıza maraqlı əhvalat gəlmişdi. Əvəzedicilərinizin oyunu zamanı müsahibə verərkən bir azarkeş sizə yaxınlaşıb alışqan istəmişdi.
- (gülür) Hələ bir gülməli hadisə də olub, onu da danışım. “Bakı”nın stadionunda oyuna baxıram. Deyəsən, rəqiblərimizdən hansınınsa yoxlama matçı idi. Operator da oyunu çəkir. Bu zaman stadionun yanından – hansı ki, ordan adətən, kiçiktutumlu maşınlar və komandanın avtobusu keçir – bir böyük benzindaşıyan maşın göründü. Bu zaman operator nə etsə yaxşıdı? Kameranı meydançadan həmin yola, maşına doğru istiqamətləndirdi. Nəyə görəsə bu maşın ona maraqlı gəldi. Təsəvvür edin də, futbol qalıb kənarda, operator hardasa 3 dəqiqə maşının necə hərəkət etməsini, necə dayanmasını elə həvəslə çəkir ki... (gülür) Oyun da qalıb bir kənarda. Belə təəccüblü məqamları necə unutmaq olar?!
- Bəzən oyunun gedişatı zamanı futbolçulara söyüş söyürsünüz.
- Etiraf edirəm ki, söyüşü mən özüm də xoşlamıram. Əlbəttə, çox istəyirəm ki, bu, mənim tərəfimdən bir də olmasın. Bu yaxşı hal deyil. Söyüş söyülməməlidi. Həm də bütün dinlərə görə söymək günah sayılır. Etiraf edirəm ki, bu, elə məqamdı ki, onu mütləq düzəltməliyəm.
Fotolar: Ramin Aslanov
- Bu söyüşünüzə görə sizə futbolçularınızdan cavab qaytaran olub?
- Olmayıb. Amma deyim ki, təkcə bu deyil, başqa məsələrə görə də futbolçuların nədənsə narazılıq etməsinə çox sakit yanaşıram. Siz jurnalistsiniz, bu cür məqamlar təbii ki, diqqətinizi çəkir. Təkcə bizdə deyil, çox komandada olur ki, futbolçu əvəzlənəndə meydanı əsəbi tərk edir, məşqçi ilə görüşmür, əlini sıxmır. Açığı, əgər futbolçunu dəyişdiyimə görə o sevinsə, mən buna daha pis yanaşaram. Yox, əgər narazıdısa, deməli, o, prinsipialdı.
- Azərbaycanda baş verən sonuncu devalivasiyadan sonra “Qəbələ”nin büdcəsi, eyni zamanda, bildiyimə görə sizin maaşınız iki dəfə azaldıldı. Yəqin siz özünüz rəqəmi açıqlamayacaqsınız. Amma bildiyimə görə, söhbət illik 300-400 min dollardan gedir. Bir dəfə klubunuzun vitse-prezidenti Fariz Nəcəfovla söhbətim zamanı o bu haqda mənə belə demişdi: “Həmin vaxt Qriqorçukun söylədiyi sözləri heç vaxt unuda bilmirəm. Soruşdu ki, komandanın nəticə verməsi üçün lazım olan büdcə qalırmı? Yəni hətta belə bir vaxtda da birinci özünü deyil, komandanı düşündü. Özüylə bağlı isə dedi ki, yeni müqavilədə hansı məbləği istəyirsinizsə, onu da yazın. Tam səmimi deyirəm, bundan sonra ona hörmətim birə-beş artdı”.
- Bəli, belə bir fakt həqiqətən də olub.
- Maraqlıdı, pulunuz iki dəfə azaldıldığı halda, sizi “Qəbələ”də qalmağa nə vadar etdi? Özü də yəqin ki, həmin vaxt başqa ölkələrin klublarından da normal təkliflər almışdınız.
- Xahiş edirəm, indi deyəcəklərimi özüm barədə yüksək fikirlər kimi qəbul etməyin. Həyatda insanın mənəvi təmizliyi hər şeydən əvvəl gəlir. Birgə çalışdığın adamlara hörmət də həmçinin. Birinci il hər şey yaxşı idi, sonra müəyyən problemlər yarandı deyə, mən komandanı necə atıb gedə bilərdim? Sizin söylədiyiniz rəqəmlər... Elə bir durum yarandı ki, bəli, maaşım iki dəfə azaldı. Amma hesab edirəm ki, bu, tamamilə normaldı. Mən həmin vaxt məhz o cür addım atıb “Qəbələ”də qalmalıydım.
- Getsəydiniz, bunu kişiyana addım saymazdınız?
- Əgər insanlar belə bir vəziyyətlə üzləşiblərsə və məcburiyyətdən mənim də pulumu azaldıblarsa, elə vaxtda getsəydim, sadəcə, özümə hörmətim qalmazdı.
- Klubunuzun prezidenti Tale Heydərov və vitse-prezidentiniz Fariz Nəcəfovla aranızdakı münasibət, onların şəxsi insani keyfiyyəti bu qərarınızın verilməsində çoxmu rol oynadı?
- Əlbəttə. Mən artıq bayaq çalışdığım insanlara hörmət barədə danışdım. Bizim prezidentimiz Tale ilə mənim çox yaxınlığım yoxdu ki, o, mənə özü barədə nələrsə desin. Amma başqalarından prezidentimiz barədə eşidirəm. Bildiyim odur ki, gənc olmasına baxmayaraq, o, çox xeyirxah işlər hayata keçirib. Razılaşın ki, əgər bir insan digərləri üçün yaxşılıq edirsə, bu, həyatda hər şeydən qiymətlidi. Tale məhz həmin insanlardandı. Eşitməmişəm və inanmıram da ki, onun barəsində kimsə mənfi nəsə desin.
Farizə gəlincə, ona böyük hörmətim var. Onunla söhbət edəndə də demişəm, mənim idmanda fərdi qaydada yüksək uğurlar əldə edən şəxslərə simpatiyam var.
- Yeri gəlmişkən, o, karate üzrə 7 dəfə dünya, 8 dəfə Avropa çempionudu...
- Bu, əlbəttə, çox böyük göstəricidi. Komanda idman növüylə fərdi idman növləri tam fərqlənir. Burada uğurların necə çətin qazanıldığını bilirəm. Bir zamanlar mən özüm də həm fərdi idman növü - yüngül atletikayla, həm də komanda idman növü - futbolla məşğul olmuşam. Ona görə də şəxsi yarışlarda bir idmançının uğuru hansı çətinliklər hesabına qazandığını yaxşı bilirəm. Bundan başqa, onun dürüstlüyünü də xüsusi qeyd etmək istəyirəm. Belə adamlarla çalışmaq həqiqətən çox xoşdu.
- Nəcəfovla münasibətləriniz yalnız işgüzar səviyyədədi, yoxsa?
- Biz onunla söhbətləşirik, klubumuzun strateji hədəfləri barədə müzakirə aparırıq. Amma deyim ki, işdən kənar özümünüzün görüşüb harasa getməyimiz, yaxud ailəvi görüşməyimiz, bunlar yoxdu. Çünki o, mənim, mən də onun çox məşğul olduğunu bilirik. Bakıda olanda kofe içib nələrsə haqda danışa bilərik. Həm də təlim-məşq toplanışları zamanı o, hər zaman bizim yanımızda olur.
- Bir az klubunuzun təmsil etdiyi Qəbələ şəhərindən danışaq. Oranın timsalında gözər bir turizm bölgəsi yaradılıb. Amma istər siz, istərsə də klubunuzun legionerləri o şəhərə uyğunlaşa bilmirsiniz. Niyə?
- Düzü, əgər özüm olsaydım və 10 yaşlı oğlum burda olmasaydı, o zaman Qəbələdə yaşamaqda bir problem görməzdim. Mənim üçün ən gözəli sakit bir mühitdə işləmək, fikirləşməkdi. Qəbələ məhz elə bir yerdi. Amma söhbətimizin əvvəlində də dediyim kimi, uşağımızın inkişafı üçün meqapolisdə yaşaması vacib idi.
- Bəs legionerlər niyə qala bilmirlər?
- Onlar da balaca uşaq kimidilər. Böyük şəhərlərdə yaşamaq istəyirlər və bunu anlayışla qarşılamaq lazımdı.
- Siz söhbətimiz zamanı qeyd etdiniz ki, Qurban Qurbanovla telefonla danışa, hansısa məsələni müzakirə edə bilərsiniz. Bəs, ondan başqa, azərbaycanlı məşqçilər arasında başqa kimlərsə varmı ki, onlarla da belə münasibətiniz olsun?
- Mən indi bir az fikrə getdim. Bu üç ildə digər məşqçilərlə hansısa məsələyə görə söhbət etmək, görüşmək... Yox, olmayıb. Ukraynada isə həmkarlarımla daha çox söhbət, müzakirə etmək imkanı olurdu.
- Sizin həmyerliniz Yuri Maksimov “Keşlə”yə baş məşqçi təyin edildi. Onunla necə, söhbətiniz olub?
- Onunla tanış olsam da, hələ burda görüşməmişik. Meydanda görüşəcəyik (gülür).
- Bura gəlməzdən əvvəl sizin məsləhətinizi, tövsiyənizi aldı?
- Yox. O, mənim köməkçilərimdən olmuş Matveyevlə yaxın olub. Burda olsaydı, yəqin onunla daha çox ünsiyyət qurardı.
- Deyəsən, elə də yaxın deyilsiniz.
- Dostluq, yaxınlıq edək, bunlar yoxdu. Sadəcə, işimizə görə bir-birimizi tanıyırıq.
- Gələk, bizim məşqçilərə. İşinə görə hansı mütəxəssisimizin adını qeyd edə bilərsiniz? Əlbəttə, Qurban Qurbanovdan başqa.
- Qurban xüsusidi. Həm də mən onun işini müzakirə etməyə utanaram. Onun çəkisi, nüfuzu, gördüyü işi hamımız bilirik. Digər məşqçilərə gəlincə, deyə bilərəm ki, onların səviyyəsi artır. Çünki oyunlarımız zamanı şahid oluram ki, rəqiblərimiz daha da çətinləşir. Bizim oyunlarda elədi ki, “Qəbələ” daha çox hücumda olur, rəqiblər isə güclü, təşkilatlanmış şəkildə müdafiə olunur və yaxşı əks-hücumlar qururlar. Bu cür futbolun inkişaf səviyyəsinin artdığını qeyd edə bilərəm. Məsələn, ötən ilin payızında biz “Səbail”ə 1:0 hesabı ilə qalib gəldik, amma daha çox qol vura bilərdik. O vaxt qeyd etmişdim ki, bu komandanın bu qədər hücumun qarşısını necə aldığına çox təəccüblənmişəm. Müdafiədə necə də əla oynayırdılar. Biz güclü oynasaq da, onlar komandamızın hücumlarının əksəriyyətini zərərsizləşdirməyi bacarmışdılar.
- “Səbail”in baş məşqçisi gənc Samir Əliyevdi. Bizim Premyer Liqada Samir adlı başqa bir baş məşqçi də var, bilirsiniz yəqin ki. “Sumqayıt”ın çalışdırıcısı. Son vaxtlar onun məşqçi fəaliyyəti barədə də əsasən xoş sözlər söylənilir. Sizin onun barəsində fikirləriniz necədi?
- Onlar haqda yaxşı söz söyləyə bilərəm. “Sumqayıt”la oyunlarımız həmişə ağır olur. Onlara qalib gəlmək asan deyil, bir çox matçda xal da itirmişik. Bu, təsadüfi deyil, əlbəttə. Məşqçinin yaxşı işinin nəticəsidi. Bu mənada, mən sizin fikirlərinizi təsdiq edə bilərəm.
- Məşqçilərdən keçək oyunçulara. Azərbaycanda çalışdığınız üç ildən artıq müddətdə liderlik keyfiyyətlərinə görə fərqləndirəcəyiniz futbolçular varmı?
- Öz işlədiyim futbolçulardan Aleksey Qayın adını qeyd edə bilərəm. Yaxud Cavid Hüseynov. Onun xarizması, xarakteri var və meydanda əsl liderdi.
- Azərbaycan mediasının haqqınızdakı tənqidlərindən necə xəbər tutursunuz?
- Məni tanıyanlar jurnalistlərə səmimi və xoş münasibətimi bilirlər. Kim ki, peşəkar səviyyədə işləyir, onlara hörmətim böyükdü. Yeri gəlmişkən, sizdə peşəkar jurnalist çoxdu. Amma 1-2 nəfər qərəzli də ola bilər, onlara da xoşbəxtlik arzulayıram. Futbolla jurnalistikanı bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Sualınıza gəlincə, mən Azərbaycan dilini bilmirəm, daha dəqiqi, çox az söz bilirəm. Amma haqqımda yaxşı, yaxud pis yazılar olanda bu haqda mənə məlumat verilir.
- Yeri gəlmişdən, Azərbaycanda dilində nə qədər söz öyrənmisiniz?
- Çox deyil, amma bəzi sözləri bilirəm. Məsələn, “yakşı” (yaxşı – A.B), “ela” (əla – A.B.), getti (getdi – A.B.)...
- Mən indi Azərbaycan dilində sizə sadə bir sual verəcəyəm: necəsiniz?
- Əlbəttə, mən bu sözü başa düşürəm. Вы спросили как дела? (Siz soruşdunuz ki, necəsiniz? – A.B.) Əsas sözləri bilirəm (gülür). Bəzi rəqəmlərin sizin dildə necə deyildiyini də öyrənmişəm.
- Yerli futbolçulara Azərbaycan dilində daha çox hansı sözləri deyirsiniz?
- Ən çox topla hərəkət zamanı Azərbaycanca bunları söyləyirəm: bır, iki, uç (bir, üç – A.B.).
- Jurnalistlərdən söhbət düşəndə, sizin mətbuat konfransına “aerodrom kepka” ilə gəlməyiniz də yadıma düşür. Niyə məhz "aerodrom kepka"?
- 2015-ci il idi. Sizin həmkarlarınızdan biriylə belə şərtimiz olmuşdu ki, əgər Avroliqada “pley-off”a çıxsaq, o mənə kepka hədiyyə edəcək və mən də mətbuat konfransında başıma qoyacam. Mən də ona hamının qarşısında söz vermişdim. Amma işimi ehtiyatlı tutub özüm o kepkadan birini almışdım. Fikirləşdim, insandı, birdən yadından çıxar gətirməz, ona görə də hələ oyundan əvvəl o kepkadan almışdım. Mətbuat konfransında həmin jurnalistlə kepkaları dəyişdik.
- Üzünüzə demək olmasın, yumor hissiniz həqiqətən çox yüksəkdi.
- Bunlar insan həyatında xoş məqamlardandı. Daha da xoş olan isə bu kepkayla olan banneri sonrakı matçımızda “Bakcell Arena”da görməyim idi.
- Müsahibəyə görə, təşəkkür edirəm. Bizə bir saat yarıma yaxın vaxt ayırdınız.
- Doğrudan deyirsiniz? Heç hiss olunmadı. Vaxt sürətlə keçdi...
Söhbətləşdi: Aydın BAĞIROV
Email: [email protected]
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol
"Qalatasaray" və "Fənərbaxça" səfərdə qalib gəldilər
"Borussiya" və "Bayer"dən inamlı qələbə
"Tottenhem" "Mançester Siti"ni darmadağın etdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi
Cavid Hüseynov: “Futbolçu kasadlığı yaşayırıq”
"Qarabağ"ın 3 qollu qələbəsindən - Video
Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Neftçi" - "Zirə" - Heyətlər
Ançelotti Mbappenin mental durumundan danışdı
Amorim: "Transferlərdə son sözü baş məşqçi deməlidir"
“Qarabağ”ın oyunlarını izləyirəm” - Akinfeyev
"Səbail" - "Qarabağ" : Heyətlər
Qvardiola: "Təsəvvür edin ki..."