Bakıdan... Tuluzayacan

Bakıdan... Tuluzayacan
YAZARLAR 6 Mart 2017 / 13:42 13567
-  A +

YAXUD BU DA BIR TARIXDIR

İndi yaşı 60-a çatan və ya 60-ı adlamış  “Neftçi” azarkeşlərinin yaddaşında bir xatirə də yaşayır. Elə bir xatirə ki, “Neftçi”nin bürünc medallar qazanması qədər unudulmazdır, xoş duyğular oyadır.  Hərçənd... həmin olayı yada salanda dəyərli həmkarım, istedadlı qələm sahibi Rövşən Binnətli ilə təxminən 20 il əvvəl həmsöhbət olduğumuz adamların çoxu  - təəssüf ki, onların arasında indi həyatda olmayanları da var - yalnız bir-iki kəlməlik ümumi sözlər söyləməklə kifayətləndilər. Təfsilat az adama bəllidir.

Söhbət 1966-cı ilin yayında Bakıda keçirilmiş “Neftçi” - “Tuluza” beynəlxalq futbol matçından, daha doğrusu, həmin matçda bakılıların idman və idmandankənar şücaətindən gedir...

***

1966-cı il avqustun 11-də “Azərbaycan bədən tərbiyəçisi” (1970-ci il yanvarın 1-dən bu qəzet “İdman” adıyla nəşr olunur - Ş.Y.) qəzetində Yuli Segeneviçin dərc etdirdiyi “Tuluza”, dünya çempionatı və sairə” adlı yazıdan aydın olur ki, 1965-66-cı illərin futbol mövsümündə Fransa milli çempionatını dördüncü yerdə başa vuran “Tuluza” klubu ikinci il dalbadal mövsümlərarası dövrdə SSRİ-yə qonaq gəlib; “Neftçi”ylə görüşə qədər Almatıda “Kayrat”a (2:3), Daşkənddə isə “Paxtakor”a (0:5) məğlub olub. Fransızlar Bakıda respublika stadionunu da başıaşağı tərk ediblər - həm 1:2 hesabıyla uduzublar, həm də möhkəmcə döyülüblər.

Bəs hadisə necə olub?

O dövrün qəzetlərini vərəqləyirik. Ölkənin əsas idman qəzeti olan “Sovetski sport”da “Tulu-za”nın SSRİ macəraları barədə bircə kəlmə də yoxdur; “Futbol” həftəliyi cəmi bir cümləlik məlumat dərc edib - o da fransızların kimə, hansı hesabla uduzması barədədir. “Azərbaycan bədən tərbiyəçisi” və “Azərbaycan gəncləri” qəzetləri nisbətən insaflı olublar: “Neftçi”-“Tuluza” matçına, bizim komandadan qol vuranların adını qeyd etməklə, bir abzas həsr ediblər. “Kommunist” (indiki “Xalq qəzeti”) heç nə yazmayıb, əvəzində “Bakı” qəzeti dərhal diqqəti çəkən “Oyunu hakim pozdu” başlığıyla geniş informasiya verib - lakin burada da “qonaqların incidilməsi”, başlıcası da kimlər tərəfindən və nə üçün “incidilməsi” barədə, habelə bizim bildiyimiz fakt - oyunun gedişində 20 dəqiqəlik fasilə yaranması haqqında bircə kəlməylə olsa da, söz açılmayıb.

Hər halda, “Neftçi”-“Tuluza” matçında nə olmuşdu axı?

Suala dəqiq cavabı canlı şahidlər verə bilərdilər...

“Bəli, belə bir şey olub. 1966-cı ildə deyirsiniz?!. Elədir, dəqiq bilirəm ki, mən onda Şəkidə, pioner düşərgəsində dincəlirdim. Oyuna da televizorla baxmışam. Təfərrüatı yadımda deyil. Burasını da xatırlayıram ki, oyun ya iyulun sonunda, ya da avqustun əvvəllərində olub” -  “AFFA news” qəzetində daimi müəllifimiz, o vaxt M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri namizədi Məmməd Adilov belə cavab verdi.

“Yox, mən o barədə heç nə bilmirəm. 1961-ci ildə Moskvaya oxumağa gedib 66-cı ildə ... “Neftçi” bürünc medalı nə vaxt alıb? - hə, həmin ildə Bakıya qayıtmışam. Stadiona da o il bircə dəfə getmişəm - bizimkilər Moskva “Torpedo”suyla oynayanda. Streltsovu yaman çox tərifləyirdilər, getmişdim ona baxmağa...” - Azərbaycan Tibb Universitetinin kafedra müdiri Kamal Axundovun dedikləri bunlar oldu. O, müxtəlif illərdə “Neftçi” futbol komandasının rəisi, 1975-1983-cü illərdə isə Azərbaycan Futbol Federasiyasının sədri olub.

“Təfsilatı yadımda deyil, ancaq bilirəm ki, elə bir oyun olub və Kramarenko da birinin ənginə möhkəm ilişdirib” - Azərbaycanın əməkdar jurnalisti Aqşin Kazımzadənin sözləridir bu. Aqşin müəllim təxminən 30 il idman jurnalistikasıyla məşğul olub, “Azərbaycan bədən tərbiyəçisi” (“İdman”) qəzetində redaktor müavini və baş redaktor işləyib.

“Mənim yaddaşım bir az zəifdir. Heç nə yadıma gəlmir. Bəlkə də elə bir şey olub” - “bürünc “Neftçi”nin sol kənar müdafiəçisi, idman ustası Yaşar Babayev də belə dedi.


“Onda mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun tələbəsiydim, həvəskar səviyyədə futbol da oynayırdım. “Tuluza”yla oyuna stadionda tamaşa eləmişəm. Fransızlar texniki-taktiki hazırlıq baxımından bizimkilərdən qətiyyən geri qalmırdılar, bununla birlikdə onlar “BMT”ni - Banişevski-Markarov-Tuayev üçlüyünü zərərsizləşdirməkdə çox çətinlik çəkirdilər və bunun da əvəzini kobud oyunla çıxmaq istəyirdilər. Bizimkilərin uduzmaqda ikən iki top vurub hesabda irəli çıxmaları “Tuluza”nın Daşkənddə olduğu kimi, Bakıda da iri hesabla uduzacağından xəbər verirdi.
Özlərinin cərimə meydançası qarşısında onların Markarova qarşı son dərəcə kobud oynaması “Neftçi”nin hövsələsini daşdırdı və bununla da aləm qarışdı. Birinci olaraq özünü hadisə yerinə çatdıran Kramarenko fransızlardan birini nokauta saldı - o vaxt deyirdilər ki, Sergey boksla da məşğul olub və hətta dərəcəsi də var, onun yumruq zərbəsi də əsil boksçu zərbəsi oldu... Sonra azarkeşlər də meydançaya doluşdular və oyun təxminən 20 dəqiqəlik fasilədən sonra bərpa edildi” - Bu, Ağdam Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Afiq İsmayılovun xatırladıqlarıdır. O, Ağdamın işğalından əvvəl rayonda futbol hakimi kimi də tanınırdı.

“Hadisə belə oldu: fransızlar topu kobudluqla Markarovdan alsalar da, Mübariz Zeynalov cərimə meydançasının küncü yaxınlığında onu ələ keçirə bildi və elə bu vaxt kimsə sol kənar hücumçumuzu da yerə sərdi. Bütün bu məqamlarda hakimin fiti susurdu. Yeri gəlmişkən, hakim Xarkovdan... yox, Minskdən idi, həm də stadionda elan olunduğu kimi, saatsaz idi. Mübarizə qarşı yol verilən kobudluğa - əsil gəncəli kimi - daha Sergey də dözmədi və özünü yetirib sərrast zərbəylə fransızlardan birini yerə sərdi. Digər oyunçular da, sonra isə bir dəstə azarkeş də onlara qoşuldu. Milis işçiləri də cəld tərpəndilər və camaatın qonaq futbolçulara xətər yetirmələrinin qarşısını tez aldılar. Cavan bir oğlan, hər halda, girəvə eləyib bir nəfəri vurdu, fransız da həmin oğlanı tribunalaracan qovdu. O oğlanı milislər də tutmağa cəhd göstərdilər, lakin o, qaçıb aradan çıxa bildi” - “Tuluza”yla oyunun təfərrüatı Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunun baş müəllimi Akif Fəttahovun hafizəsində belə qalıb.


Bu da hadisənin geniş mənzərəsi: “Dava-dalaşacan biz iki oyunçumuzu “itirmişdik” - əvvəlcə Vyaçeslav Semiqlazov, onun ardınca isə Tolik Banişevski ağır zədə alıb meydanı tərk etmişdilər. İkinci hissəyə biz bu oyunçular olmadan başladıq, amma tezliklə Kazbek Əliyeviç... hə də, Tuayev hesabı artırdı və bununla da fransızlar özlərinə nəzarəti tamamilə unutdular. Həm də hakimin liberallığı onların əl-qol açmasına rəvac verdi. Görünür, fransızlar hiss edirdilər ki, hakim onların xətrinə dəyməyəcək. Ona görə də növbəti dəfə eyni bir oyun epizodu ərzində əvvəlcə Markarova, sonra isə Zeynalova qarşı edilən aşkar kobudluğa da göz yumulanda səbr kasamız daşdı. Yox, bizim dava eləmək fikrimiz yoxdu - futbolda dalaşqanı həm hakim cəzalandırır, həm də rəqib - biz bunu bilirdik. Amma indi necə oldusa, bir də gördüm ki, Seryoja Kramarenko özünü yetirib hadisə yerinə - təxminən mərkəz dairə ərazisinə və kiminləsə əsil boks döyüşünə çıxıb. Sonra bir dəstə azarkeş də ora tələsdi. Amma bunlar azarkeş deyildilər, məlum idarənin - “KQB”nin mülki paltarlı əməkdaşlarıydı və onlar meydana dalaşmaq üçün yox, dalaşanları ayırmaq, daha doğrusu, fransızları qorumaq üçün çıxmışdılar. Milislər özlərini tez yetirib onları meydançadan çıxardılar, mərkəzi tribunaların qabağında süpürləşdilər, amma nədənsə sonra hamısını sakitcə sektora ötürdülər. Görünür, həmin süpürləşdikləri yerdə bilmişdilər ki, bu “azarkeşlər” əsil həqiqətdə kimdirlər ... İnsident 20 dəqiqə çəkdi və... hakim bizdən nədənsə heç kimə heç bir cəza vermədi - yəqin ki, günahın özündə olduğunu başa düşmüşdü. Təzədən oyun bərpa edildi, təxminən yarım saat da oynadıq, amma bu, daha oynamaq deyildi, vaxt öldürməkdi. Bu müddətdə hesab da dəyişmədi. Sonra da stadionun radiosuyla elan etdilər ki, bir nəfər azarkeşi tutublar. Ona hansı cəzanın verildiyini bilmirəm, amma SSRİ Futbol Federasiyası “Neftçi”ni iki il müddətinə beynəlxalq yoldaşlıq görüşləri keçirmək və bu məqsədlə xaricə getmək hüququndan məhrum elədi... Dalaşanlar kim olub? Bizdən Kramarenko, Mübariz Zeynalov, Valera Hacıyev, elə mən özüm ... Yox, bizə fərdi qaydada heç bir cəza vermədilər”. - Bürünc medallı Vladimir Bruxti isə həmin hadisəni belə xatırladı.



Həmin oyundan bir şəkil (Şəkil "Neftçi" - 70: Unudulmayan keçmiş"
kitabından götürülüb - red.)

Xatirələrə xırda əlavə və düzəlişlərimiz də var. Əvvəla, “Neftçi”-“Tuluza” görüşünün hakimi Minskdən yox, elə Xarkovdan olub - Mixail Pinski. Matçda hesabı birinci hissənin or-talarında “Tuluza”nın oyunçusu Sükan Əbdürrəhman açıb, 35-ci dəqiqədə A.Banişevskinin əla ötürməsiylə M.Zeynalov cavab topunu, 47-ci dəqiqədə isə K.Tuayev fərdi reydlə qələbə topunu vurublar.
Avqustun 24-də “Azərbaycan gəncləri” qəzetində dərc edilmiş “İdmançı şərəfi” adlı məqalədən məlum olur ki, Azərbaycan komsomolu Mərkəzi Komitəsinin bürosu “Neftçi” komandasıyla bağlı xüsusi qərar qəbul edib. Qərarın preambulasında deyilir: “Avqustun 10-da Vladimir İliç Lenin adına respublika stadionunda “Neftçi” komandası ilə Fransanın “Tuluza” kollektivi arasında keçirilən beynəlxalq yarış zamanı qonaqların, sonra isə bakılıların yol verdikləri xoşagəlməz hadisə “Neftçi”nin bir çox oyunçuları arasında hələ də möhkəm intizam, sovet idmançısı ləyaqətini yüksək tutmaq hissi olmadığını göstərir”.

MK bürosu bu oyunda baş verənləri, habelə avqustun 2-də Moskvada “Dinamo” ilə oyundan sonra “Sport” mehmanxanasında “komandanın qrup komsomol təşkilatçısı V.Hacıyevin, oyunçulardan A.Rzayev və V.Fedortsovun gözü qarşısında” futbolçulardan Yuri və Sergey Melkumovların dava-dalaş salmasını, daha əvvəllər - “Neftçi”nin Tbilisi və Yerevan şəhərlərindəki oyunları zamanı “komanda üzvlərindən bir neçəsinin görüşlərə məsuliyyətsiz yanaşdığını pisləyərək”, Azərbaycan Futbol Federasiyasının “Melkumovları mövsümün axırınadək komandadan çıxarmaq” barədə qərar qəbul etdiyini nəzərə almış”, V.Hacıyevə, A.Rzayevə və V. Fedortsova şiddətli töhmət vermişdir. “Komandanın rəhbərliyini möhkəmləndirmək” zəruri hesab edilmişdi...

Əlavə olaraq deyim ki, həmin 1966-cı ildə “Neftçi”nin heyətində  Arif Rzayev 9, Vitali Fedortov isə cəmi 6 oyun keçirmişdi. Melkumovlara gəldikdə isə il ərzində 18 oyun keçirib 5 top vuran Sergey və 16 oyun keçirib 4 qol vuran Yuri nəinki mövsümün sonunacan, ümumiyyətlə, həmişəlik “Neftçi”nin heyətindən çıxarılmış və burada “yandırıcı məqam” o olmuşdu ki, mövsüm ərzində çempionat oyunlarının düz yarısında iştirak eləmiş S.Melkumov haqq  elədiyi bürünc medaldan da məhrum olmuşdu.
“Neftçi”nin beynəlxalq görüşlər keçirmək və xaricə getmək hüququndan məhrum olunması barədə V.Bruxtinin dediklərində isə yaddaşın vəfasızlığı özünü göstərir: elə “Tuluza”yla bağlı qalmaqaldan sonrakı il “Neftçi” üst-üstə 16 beynəlxalq yoldaşlıq görüşü keçirib; o cümlədən 11 oyunu səfərdə - AFR, Mali, Somali və Qvineyada yerli futbolçulara qarşı...

Şakir YAQUBOV


Son xəbərlər