Tarix
Bu mövzuya müraciət etməyimin səbəbkarı yeni dövrdə ölkədə futbol mətbuatının bacarıqlı naşiri və istedadlı qələm sahibi Mahir Rüstəmli oldu: hərəkətsizliyimi nəzərə alaraq televiziya çəkiliş qrupu ilə yaşadığım evə gəldi və xahiş elədi ki, Azərbaycanda idman jurnalistikasının tarixi barədə bir-iki kəlmə söz söyləyim. Mən də müvafiq qeydlər olmadan kameranın qarşısında əyləşib nə söyləmək mümkünsə onu da dedim...
Üstündən təxminən bir ay keçəndən sonra “Futbol +” qəzetindən bir cavan oğlan zəng vurdu və bu mövzuda məndən müsahibə almaq istədiyini bildirdi. Mən telefonla müsahibə vermək kimi iş üslubuna alışmadığıma görə müsahibədən imtina elədim. Amma bilmədim ki, bu mövzu həmin qəzetin səhifələrinə çıxdı ya yox. İndiki yazı bir növ həmin cavanın sorğusuna cavabımdır. Bu həm də feysbukda AFFA Mətbuat Komitəsinin (bilməyənlər üçün deyim ki, onun da rəhbəri M.Rüstəmlidir) himayəsi ilə hazırlanmış bir müsahibədəki yanlış fikirlərə bir növ aydınlaşdırmadır. Həmin müsahibəni verən şəxs bilərəkdən ya bilməyərəkdən özünün vaxtilə redaktoru olduğu xəbər qəzetini az qala Azərbaycan futbolunun salnaməsi kimi qələmə vermiş, futbolumuzun təşəkkül tarixini də özünün bildiyi, yaxud belə deyək, özünə sərf eləyən tərzdə şərh eləmişdi.
Təbii ki, o da, mən də bir məqsəd güdürük: tarixi indiki və gələcək nəsillərə çatdırmaq. Bunun üçünsə deyilənlər kiminsə mənafeyi baxımından deyil, olduğu kimi, tarixi həqiqət kimi izah olunmalıdır...
***
Əvvəl idman, daha doğrusu, futbol mətbuatının tarixi barədə.
Sovet illərində Azərbaycanda idman mətbuatı adına bircə ixtisaslaşmış qəzet vardı – 1932-ci ildən 1970-ci il yanvarın 1-dək “Azərbaycan bədən tərbiyəçisi” – “Fizkulturnik Azerbaydjana” adı ilə Azərbaycan və rus dillərində nəşr olunan “İdman” – “Sport” qəzeti. Mənim həmin qəzetlə daimi oxuculuğa başladığım 1967-ci ildən bəri bu nəşrə mərhum Mirpaşa Miriyev rəhbərlik edirdi. Redaksiyada peşəkarlar çalışırdı, çoxu da idman veteranları idi, amma aralarında xalis jurnalistlər də vardı – elə həmin Mirpaşa müəllim, sovet dövründə respublikadakı azsaylı əməkdar jurnalistlərdən olan Aqşin Kazımzadə, indi “Xalq qəzeti”ndə çalışan Oqtay Bayramov, sonralar Bakıda və Moskvada çıxan digər qəzet-jurnal redaksiyalarında işləyən Yuli Segeneviç, Aleksandr Kiknadze, Telman Fərəcov, Rafiq Sədrəddinov və başqaları.
İxtisaslaşmış olmayan nəşrlərdə də çox peşəkar və istedadlı idman yazarları vardı: “Bakı”da Şamil Şahməmmədov, “Baku”da Oqtay Atayev və Mark Peyzel, “Vışka”da Vaqif Əliyev, “Kommunist”də Zahir Zahirov, “Azərbaycan gəncləri”ndə Firdovsi Zamanov, Yusif İsmayılov və Urxan İsmayılov, “Bakinski raboşi”də Aleksey Balayan və Harun Akopov. Daha əvvəllər – 40-cı illərin sonu və 50-ci illərdə də bu qəzetlərdə azı “statistik” fəaliyyəti ilə məşğul olanlar çalışmışdı. Onların hər birinin həm mətbuat aləmində və həm də oxucular arasında öz nüfuzu və xüsusi “çəki”si vardı...
Sovet dönəminin “yıxılmağıyla” mətbuat sahəsində də bir boşluq yarandı və bu, daha çox maddiyyatla bağlı idi. Deyək ki, o vaxt respublikada idman işlərinə rəhbərlik edən Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin ləğv edilməsi adını çəkdiyim “İdman” – “Sport” qəzetini də Allahın ümidinə qoymuşdu. İndiki “Azərbaycan” nəşriyyatının 9-cu mərtəbəsində bu qəzetin neçə illik bağlamalarının və digər redaksiya müxəlləfatının dəhlizdə qalaqlandığını günlərin birində öz gözlərimlə görmüşəm.
Bax, elə təxminən o dövrdə, yəni 1992-ci il martın 12-dən respublikada A4 formatlı “Futbol dünyası” – “Mir futbola” qəzeti çıxmağa başladı. Hər iki nəşrin baş redaktoru bundan əvvəl “İdman” – “Sport” qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbiri, bizim Mişa deyə çağırdığımız Mixail Panin, təsisçiləri isə “Neftçi” futbol klubu və redaksiyaların yaradıcı kollektivi idi. İndiki meyarlarla yanaşanda məhdud sayda yaradıcı heyətlə ərsəyə gələn qəzet yetərincə normal tirajla çap olunurdu: Azərbaycan dilində – 7000, rus dilində 3500 nüsxə tirajla.
Həftədə bir dəfə çıxan qəzetdə o dövr üçün nələr yox idi? İlk nömrədə baş redaktor yazırdı: “Əziz oxucumuz, bizim həftəliyi alsanız, birinciliyin (hələ necə olacağı bilinməyən futbol üzrə ölkə çempionatı nəzərdə tutulur – Ş.Y.) gedişindən ətraflı xəbər tuta biləcəksən. Sən həm də planetimizin qalan yerlərində, o cümlədən də keçmiş İttifaqda baş verən futbol hadisələrindən hali olacaqsan. Biz səni Azərbaycan futbolunun yarandığı vaxtdan indiyədək onun tarixi ilə tanış edəcək, respublikamızın və dünyanın keçmişdə və indiki məşhur futbolçularından söhbət açacaq, Cimmi Qrivsin, Ələkbər Məmmədovun, Mişel Platininin, Renat Dasayevin, Toni Şumaxerin, Tofiq Bəhramovun, İvo Viktorun, Eduard Streltsovun xatirələrini təqdim edəcək, Pele, Qarrinça, Bekkenbauer haqqında kitabların qəzet variantını verəcəyik...”
Elə təqdimat nömrəsinin rubrikaları çox şeydən xəbər verirdi: “Həftədən-həftəyə”, “Azərbaycan futbolunun qvardiyaçıları”, “Ev-eşik qayğıları”, 13-cü səhifənin qonağı”, “Ətrafımızda və yanımızda”...
12-ci nömrədən, yəni 28 may 1992-ci ildən etibarən AFFA-nin loqosu ilə nəşr olunan, 31-ci nömrədən etibarən isə təsisçilərinin sırası (AFFA və redaksiyanın yaradıcı kollektivi) təzələnən qəzet sonuncu dəfə 5 noyabr 1992-ci ildə 1-ci səhifədəki “Çempionat başa çatdı...Yekunları növbəti nömrədə” manşet-anonsuyla çıxdı. Sonrakı nömrələri isə gözləməyə lüzum qalmadı: naşirlər, yəni təsisçilər öz fəaliyyətinə nöqtə qoymuşdular.
Cəmi 7 aylıq fəaliyyətinə baxmayaraq, “Futbol dünyası” – “Mir futbola” qəzeti sözün əsil mənasında 1992-ci il üçün Azərbaycan futbolunun tarix salnaməsidir! Burada müstəqil Azərbaycanda futbolun təşəkkülü, ilk çempionatın təşkili və keçirilməsi, milli yığma komandanın formalaşdırılması və Gürcüstan milli seçmə kollektivi ilə ilk yoldaşlıq matçının keçirilməsi və s. barədə vacib tarixi əhəmiyyəti olan məlumatlar toplanmışdır.
“Futbol dünyası” – “Mir futbola” qəzeti bağlandıqdan təxminən iki ay sonra – 1993-cü il yanvarın 6-da rus dilində eyni formatlı “Futbol-ekspress” qəzeti nəşrə başladı. “Centaur corporation” adlı kiçik müəssisənin təsis etdiyi bu qəzet sanki bir qədər əvvəl nəşrini dayandırmış qəzetin davamı idi. Belə ki, yeni qəzetin 5000 nüsxə tirajla çap olunmuş birinci nömrəsinin təxminən yarısı Azərbycanın futbol üzrə ilk çempionatının yekunlarına, o cümlədən “İlin ən yaxşı futbolçusu”na həsr olunmuşdu. Nömrədə tarixi mənada əhəmiyyət kəsb edən əsas material isə AFFA İcraiyyə Komitəsinin 1993-cü il dekabrın ortalarında keçirilmiş iclası barədə məlumatdır.
“Futbol dünyası” – “Mir futbola” ilə müqayisədə fakt və rəqəmlərlə bol olan bu qəzet də 1993-cü ildəki nəşrini noyabrın 27-də dayandırmışdır. Qəzetin sonrakı – 47-ci nömrəsi təxminən beş ay sonra... 1994-cü il aprelin 21-də çıxmış və bununla da qəzet öz varlığına son qoymuşdur. Hər halda “Futbol-ekspress”dən ikinci və üçüncü çempionatlar barədə kifayət qədər məlumat əldə etmək olur.
1994-cü ildə AFFA ikinci dəfə qəzet nəşr etdirməyə təşəbbüs göstərmiş və “AFFA news” qəzetini təsis etmişdi. Maddi çətinliklər ucbatından yetərincə ardıcıl çıxmayan bu qəzetin əsas nöqsanı onun idarə mənafeləri çərçivəsindən kənara çıxmaması idi. Təxminən bir il sonra AFFA bu qəzeti İcraiyyə Komitəsinin üzvü, “Səhər” qəzetinin baş redaktoru Məzahir Süleymanzadənin himayəsinə verdi. Artıq bu prosesdə mən də iştirak edirdim. 1995-ci il noyabrın 17-də qəzetin 25-ci nömrəsini buraxdıq. Bir sıra vacib yeniliklər etdik: məsələn, qəzetin əvvəlki nömrələrində olmayan oyun protokollarını dərc etməyə, protokollarda yol verilmiş xətaları düzəltməyə başladıq, həmin dövrdə ölkənin futbol həyatında baş verən hərc-mərcliyə məhəl qoymayaraq, qalmaqallı materiallar vermədik, bir sözlə, klassik qəzet nəşr elədik. Və bu qəzet də pulsuzluğun badına getdi: 1998-ci il yanvarın 11-də qəzetin 128-ci nömrəsini buraxdıq və bununla da “AFFA news”u tarixin arxivinə verdik...
Bundan təxminən 8 il sonra AFFA “Futbol dünyası” adlı qəzetin nəşrinə başladı, daha doğrusu bu adda qəzetin nəşrini bərpa etdi. Baş redaktoru ali futbol qurumunun şöbə müdiri Mikayıl Nərimanoğlu olan qəzetin ilk nömrəsi 2006-cı il aprelin 12-də çıxmış və Bakıda keçiriləcək Azərbaycan-Türkiyə yoldaşlıq matçına həsr olunmuşdu. Həftədə üç nömrə olmaqla çıxan qəzetin sonuncu nömrəsi 21 dekabr 2015-ci ildə işıq üzü görmüşdü. O vaxt bəyan edilmişdi ki, “2016-cı ildən qəzet buraxılmayacaq. Futbolun təbliği üçün sosial şəbəkələrdən – facebook və twitterdən istifadə ediləcək. “Futbol dünyası” isə sayt formasında da aktiv olmayacaq”.
Belə də oldu. Amma bizim bununla işimiz yox, bu, sonranın – idman (futbol) nəşrlərinin yetərincə bol olduğu bizim günlərin söhbətidir, buna isə ilk nömrəsi 1997-ci il oktyabrın 22-də çıxan müstəqil “Futbol +” qəzeti rəvac vermişdi. Həmin vaxtdan bəri ölkədə futbol qəzetləri və saytlarının sayı-hesabı bilinmədi. Qəzet aləmində baş verən müxtəlif dərəcəli çətinliklərə duruş gətirən də elə bu qəzet oldu: artıq 23-cü ildir ki, normal dövriliklə çıxmaqda davam edir...
Şakir YAQUBOV
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi
PSJ güclü qar altında məşq etdi - Video
"Milan"da 5 illik müqavilə
San-Marino üçün daha bir tarixi imkan
"Kəpəz"in futbolçusu əməliyyat olundu
Haaland buzlu suya girdi - Şəkillər
Fağır bir komandaya 20 qol vurmağın ayıbı...
Endrik üçün Premyer Liqadan təklif
Xuan Mata MLS klubunun ortaq sahibi oldu
Rodri: "Messi tarixin ən yaxşısıdır"
"Barselona"nın futbolçusu: "Ronaldo mənim kumirimdir"
"Real"a "yox" dedi, "Siti"ni seçdi
La Liqada ən yaxşı məşqçi adına üç namizəd
"Qəbələ" 20:0 hesablı qələbə qazanıb
"Yunayted" də onunla maraqlanır
"Onlar mənə satqın deyirdilər"
"Tottenhem" ona görə apellyasiya şikayəti verdi
Yamal UNİCEF-in səfiri oldu
Kosovo millisinə texniki məğlubiyyət verildi
"Yaxşı işləyirsənsə, nəticəsi olacaq” - "Kəpəz"in legioneri
"Real" Diası satmaq fikrində deyil
Xavi "İnter Mayami"ni çalışdırmayacaq
Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
Tayson - Pol döyüşü ən çox izlənilən idman hadisəsi oldu
"Real"ın futbolçusu əməliyyat olundu
"Şamaxı" məşqçisi ilə yolları ayırdı
Acun Ilıcalı haqqında araşdırma başladıldı
Patrik Vieyranın təyinatı açıqlandı
"Arif Əsədov Santuşdan qat-qat yaxşı işləyirdi”