2001-ci il sentyabr ayının ilk günlərində Moskvada çıxan "Sport-Ekspress" qəzeti arxiv sənədlərinə əsaslanaraq, SSRİ çempionatı-71-in 28-ci turu çərçivəsində keçirilmiş OİK (Rostov) - “Neftçi” matçı barədə geniş təhqiqat materialı dərc etmişdi. Müəllifin (Aksel Vartanyan) kimliyindən öncə, yazının futbol tariximiz, o cümlədən ayrı-ayrı idmançıların (məsələn, A.Banişevskinin) futbolçu taleyi baxımından maraq doğurduğu üçün mən həmin materialı nöqtə-vergülünə əl dəymədən “BANİŞEVSKİ OLDUĞU KİMİ” kitabıma (Bakı, 2002) daxil etmişəm.
Oxucular üçün maraqlı olacağını və aktuallığını nəzərə alıb onu bu gün oxuculara ayrıca olaraq təqdim etməyi də lazım bildim...
***
“70-ci illərin əvvəllərində Bakıda çox maraqlı, perspektivli bir komanda mövcud idi. Kramarenko (Dmitrinin atası Sergey), Bruxti, Semiqlazov, Quliyev, Mirzoyan, Hacıyev, Tuayev, Banişevski, Smolnikov, Şevçenko İttifaqın müxtəlif yığma komandalarına cəlb olunurdular. Zaqafqaziyanın (Cənubi Qafqazın - Ş.Y.) bütün komandaları kimi, bakılılar da qeyri-adi, bəzən də gərəksiz emosionallıq və temperamentləri ilə seçilirdilər. Bir dəfə isə bu, az qala, faciəyə gətirib çıxarmışdı.
... 1971-ci il oktyabrın 8-də "Neftçi" Rostovda yerli OİK-lə çempionatın təqvim matçını keçirirdi. Birinci hissədən sonra qonaqlar 1:0 hesabıyla irəlidə idilər. İkinci hissənin ortalarında meydan sahibləri bir dəqiqənin içində dalbadal iki qol vurdular.
Elə ikinci qoldan sonra Futbol Federasiyasının oktyabrın 22-də keçirilmiş iclasında idman-texniki komissiyanın sədri Boris Toporninin aşağıda təsvir etdiyi hadisə baş verdi: "Hakimlikdən narazı qalan Kramarenko ikinci qolu buraxdıqdan sonra yumruqlarını düyünləyərək hakim Y.Balıkinin üstünə cumdu və onun sifətinə iki zərbə endirdi. Müdafiəçi Quliyev nümayişkaranə şəkildə topu tribunalara vurdu və buna görə xəbərdarlıq aldı. Müdafiəçi Mirzoyan Kramarenkoyla münaqişə zamanı meydandakı hakimə havadarlığa gələn yan xətt hakiminin üzünə tüpürdü. Komandanın kapitanı Banişevski isə oyunçuları meydançanı tərk etməyə çağırdı".
Rostovdakı hadisəni araşdıraraq, federasiya görünməmiş, humanist sovet ədalət mühakiməsi üçün son dərəcə sərt bir qərar çıxardı: Kramarenko üç illiyə diskvalifikasiya olundu, Quliyev də bir illiyə (eləcə topu tribunalara vurduğu üçün! Halbuki bizdə bu hərəkətə görə "sarı vərəqə"ni də nadir hallarda göstərirdilər); Mirzoyan isə 1972-ci ilin birinci dövrəsinin sonuna qədər cəzalandırıldı. İlk iki futbolçunun idman ustası adını da aldılar. "Neftçi"ni isə heç nədən "güllələnməyə" məhkum etdilər: qalan üç oyun üçün (29-30-cu turun oyunları, habelə "Paxtakor"la yenidən oynanılmalı matç nəzərdə tutulur - Ş.Y.) texniki məğlubiyyət verib komandanı aşağı dəstəyə keçmək məcburiyyəti qarşısında qoydular. Üç oyunçunun hərəkətinə görə bütün komandanı cəzalandırdılar: qaydaları pozmayan futbolçuları da, oyunda iştirak etməyənləri də! Bu halda federasiya "prokurorları" qanunu pozmuş futbolçuları cəzalandırarkən sağlam düşüncəyə deyil, emosiyalara üstünlük vermişdilər. Görünməmiş, cəfəng, qeyri-qanuni qərardı - yol verilmiş hərəkətlərə görə belə cəza növü çempionat haqqında əsasnamədə nəzərdə tutulmamışdı. Buna görə "Futbol-Xokkey" həftəliyinin redaktoru Lev Filatov qətiyyətlə federasiyanın özbaşınalığına qarşı çıxdı. Rəyasət heyətinin üzvləri S.Savin, V.Nekrasov, L.Neruşenko və V.Osipov da onu dəstəklədilər.
Ona təəssüf etmək qalır ki, futbol rəhbərləri araşdırma zamanı Bakı komandasının rəisi Kamal Axundovun dediyi aşağıdakı sözlərə məhəl qoymadılar: "Komandadan getmək fikrindəyəm. Həm də, tutalım, Kramarenko və ya Quliyevi tərbiyələndirməyə gücüm çatmadığına görə yox, bizdə futbolun ətrafında hökm sürən ab-havaya görə..."
"Neftçi"nin məşqi, 1971-ci il
Mətbuatda və Futbol Federasiyasının iclaslarında bakılı futbolçuların ünvanına xeyli sərt və xoşagəlməz sözlər söylənmişdi, lakin heç yerdə onları müəyyən addımlar atmağa sövq edən səbəblər yada salınmamışdı. KİV-də onlara söz demək imkanı verməmişdilər, Futbol Federasiyası iclasının protokollarında (Rusiya Federasiyasının Dövlət Arxivində saxlanılır) Kramarenko, Quliyev və Mirzoyanın izahatları əksini tapmamışdır.
Bir neçə il qabaq mən Rostov matçında baş vermiş hadisələr barədə Sergey Kramarenko, Rafiq Quliyev və Aleksandr Mirzoyanı sorğu-suala tutdum. Eşitdiklərimi bu qaydada ümumiləşdirmək olar:
Oyuna qədər və oyun vaxtı əsəbi vəziyyət yaranmışdı: məğlub olacaqları təqdirdə meydan sahibləri güclülər dəstəsini tərk edəcəkdilər. Kramarenkonun qapısı arxasında dayanan naməlum adamlar onun fikrini yayındırır, təhqir edirdilər, ona daş atırdılar. Qapıçıyla müdafiəçi Quliyev dəfələrlə hakimin diqqətini bu biabırçılığa yönəltsələr də, o, heç bir reaksiya verməmişdi. Və budur, meydan sahibləri cavab topunu vururlar. Bakılılar oyuna mərkəzdən başlayırlar, OİK-in oyunçusu Serostanov isə meydançanın qonaqlara aid olan hissəsində qalır. Hakim qayda pozuntusuna diqqət yetirmir. Meydan sahibləri dərhal topu ələ keçirib Yeskova ötürürlər. O, qapıya yaxınlaşıb qüvvətli zərbə endirir. Kramarenko topu qaytarır, lakin hücuma yardımçı olan Serostanov (o, necə deyərlər, kişi kimi "yad ərazi"ni tərk etməmişdi) təkrar zərbəylə topu qapıdan keçirir (Ədalət naminə qeyd etmək lazımdır ki, "Neftçi"nin qapısına vurulmuş ikinci qolun müəllifi B.Serostanov yox, V.Çurkin olmuşdu - Ş.Y.). "Neftçi"nin futbolçuları hakimin səhv etdiyini ona başa salmağa çalışırlar, Balıkin isə inadından dönmür. Buradaca onsuz da hədsiz dərəcədə tarıma çəkilmiş əsəblər davam gətirmir...
Sergey Kramarenko təqsirkar olduğunu gizlətmədi, eləcə yalnız özünün barəsində çıxarılmış hökmün sərtliyindən gileyləndi. Qapıçı haqlı idi. Bu cür pozuntulara görə bizdə belə sərt cəza vermirdilər. Məsələn, 85-ci ildə moskvalı hakim Kirill Doronini "nokdauna göndərən" Odessa "Çernomorets"inin hücumçusu İvan Şarini cəmi on oyunluğa diskvalifikasiya etmişdilər...
Sergey Kramarenko
... Dörd gündən sonra - oktyabrın 26-da Futbol Federasiyasının qərarı barədə məlumat mətbuat orqanlarına daxil oldu.
Ertəsi gün Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri Sergey Pavlov MK-ya (Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinə - Ş.Y.) müfəssəl məlumat yolladı. Bakı futbolçularının son üç ildəki bütün xətalarını birər-birər sadaladıqdan və Rostov stadionundakı münaqişədən ağızdolu bəhs edəndən sonra o yazırdı:
"SSRİ Futbol Federasiyası rəyasət heyətinin qərarına yenidən baxılması barədə Azərbaycan KP MK-nın (yol. Kozlov) xahişi ilə əlaqədar (Moskvanın təmsilçisi olan V.Kozlov o vaxt Azərbaycan KP MK-nın ikinci katibiydi - Ş.Y.) Komitənin rəhbərliyi aşağıdakı təklifləri SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsinin bu il oktyabrın 29-da keçiriləcək kollegiya iclasının müzakirəsinə çıxarmağı nəzərdə tutur:
- "Neftçi" (Bakı) komandasının diskvalifikasiya edilməsi barədə SSRİ Futbol Federasiyası rəyasət heyətinin qərarından daha əvvəl təyin olunduğu üçün "Neftçi" (Bakı) komandasının "Paxtakor" (Daşkənd) komandası ilə oyununun yenidən keçirilməsinə icazə verilsin;
- "Zenit" (Leninqrad) və "Dinamo" (Moskva) komandalarıyla qalan oyunlarda "Neftçi" (Bakı) komandasına məğlubiyyət verilsin;
- ədəbsiz davranışa, dəfələrlə qaydaları pozmağa, meydançada kobudluğa, hakimlərlə mübahisə etməyə və hakimləri təhqir etməyə görə oyunçular V.Hacıyev, S.Kramarenko, R.Quliyev, A.Mirzoyan və V.Semiqlazov cəzalandırılsınlar;
- oyunu pozmağa cəhd göstərdiyinə, idmançıya və komandanın kapitanına yaraşmayan davranışına görə A.Banişevski bir il müddətinə diskvalifikasiya edilsin;
- Azərbaycan SSR Bədən Tərbiyəsi və İdman Komitəsinə tapşırılsın ki, komandanın heyətinə intizamlı gənc futbolçuları daxil etməklə, onu yenidən təşkil etsin, kapitanını və rəhbərliyini yenidən seçsin;
- Azərbaycan LKGİ MK (Lenin Kommunist Gənclər İttifaqının, yəni komsomolun Mərkəzi Komitəsi - Ş.Y.) ilə birlikdə "Neftçi" (Bakı) komandasında tərbiyə işi barədə xüsusi məsələ müzakirə etsin.
SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsi hesab edir ki, yalnız belə tədbirlər "Neftçi" komandasına və respublikanın idman təşkilatlarına xuliqanlığın, komandadakı hərc-mərcliyin, məsuliyyətsizlik və cəzasızlıq şəraitinin kökünü kəsmək üçün təsirli və səmərəli ölçü götürməyə imkan verər.
"Neftçi" (Bakı) komandası barədə belə ölçü götürülməsi digər komandalarda da vəziyyəti xeyli dərəcədə sağlamlaşdıracaqdır.
Razılıq verməyinizi xahiş edirik".
Sonuncu sətirlərə əsasən güman etmək olar ki, qeyri-sağlam vəziyyət digər komandalarda da hökm sürürmüş, lakin onlara qarşı cəza tədbirləri tətbiq edilməmişdi. Bir komandanı məhv etməklə qalanlarını da ölüncəyədək qorxutmaq, bir gülləylə futbolda qayda-qanun yaratmaq daha asan idi.
Bir neçə gün ötəndən sonra Pavlovun aqressiv qətiyyətindən əsər-əlamət də qalmamışdı.
Oktyabrın 30-da mətbuatda ("Sovetski sport" qəzetində - Ş.Y.) "Neftçi" komandası barədə aşağıdakı məzmunda daha bir informasiya peyda oldu: “Azərbaycanın Bədən Tərbiyəsi və İdman Komitəsinin təqsirkarları ciddi cəzalandırdığını və "Neftçi" komandasında intizamı möhkəmləndirmək, onu yenidən təşkil etmək üçün ölçü götürdüyünü qeyd edərək, habelə "Neftçi" komandasında vəziyyəti sağlamlaşdırmaq üçün əlavə tədbirlər görüləcəyi barədə respublikanın Bədən Tərbiyəsi və İdman Komitəsinin, digər təşkilatların vədlərini nəzərə alaraq, SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsinin kollegiyası Bakı futbolçularına çempionatın qalan oyunlarını keçirməyə icazə verməyi mümkün hesab etmişdir".
Çox qısa, dörd günlük müddət aralığında Bədən Tərbiyəsi və İdman Komitəsinin belə qeyri-ardıcıl, ziddiyyətli addımları nə ilə izah oluna bilər? Bu sualın cavabı "Məxfidir" qrifli sənəddə əksini tapmışdır. Həmin sənəddən xırda bir parçanı sitat gətirirəm. Partiya MK-sı təbliğat şöbəsinin bölmə müdiri B.Qonçarov və onun müavini Y.Sklyarov Sov.İKP MK-ya aşağıdakıları bildirmişdilər:
"... 1971-ci il oktyabrın 29-da Azərbaycan KP MK (yol. H.Ə.Əliyev) xəbər vermişdir ki, respublika komitəsi (yəni Bədən Tərbiyəsi və İdman Komitəsi - Ş.Y.) intizamsız futbolçular barədə ciddi ölçü götürmüş və "Neftçi" komandasına məğlubiyyət verilməməsi barədə vəsatət qaldırmışdır. H.Ə.Əliyev yoldaş, həmçinin, Sov.İKP MK-ya məlumat vermişdir ki, Bakı komandasının diskvalifikasiyası barədə SSRİ Futbol Federasiyasının qərarı ilə əlaqədar respublika əhalisinin bir qismi, xüsusən gənclər arasında ciddi narazılıqlar yaranmışdır ki, bu da arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Onun məlumatına görə, Neft Daşlarının bəzi fəhlələri etiraz əlaməti olaraq, işə başlamaqdan boyun qaçırmışlar.
Sov.İKP MK-nın tövsiyəsinə uyğun olaraq, SSRİ Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi "Neftçi" komandasına 1971-ci il çempionatının qalan oyunlarını keçirməyə icazə vermişdir...”
Ah, bu Əliyev! Sistemin ağrılı nöqtələrini əla bilən təcrübəli siyasətçi həmin nöqtələrə bacarıqla təsir etdi. Neftçilərin başlanmaqda olan tətili, əhalinin “arzuolunmaz nəticələrə gətirib çıxara bilən” narazılığı - səhərdən-axşamacan rejimi ifşa etməklə məşğul olan “düşmən səslər” (xarici radio stansiyaları - Ş.Y.) üçün bunlar necə də ləziz təam olardı! Çətin vəziyyətə düşən “böyük qardaş” hövlnak əlini yerə döyməyə məcbur oldu. Heydər Əliyev təmiz qələbə qazandı!
... Biz partiya bosslarının ölkənin idman həyatına kobud müdaxilələrini yorulmadan ifşa edirik. Bu misal - “Neftçi” ilə bağlı əhvalat həmin sırada istisnalıq təşkil edir. Azərbaycanın kommunist rəhbərinin münaqişəyə vaxtında müdaxilə etməsi ədaləti bərpa elədi".
***
Vəssalam! Bu da XXI əsrin ilk ilində erməni müəllifin Moskva mətbuatında etirafı. Bu mövzuda daha artıq nə demək olardı ki?!. Yalnız əlavə olaraq onu söyləyək ki, həmin 71-ci il mövsümünün yekunlarına əsasən “Neftçi” güclülər dəstəsinin 16 komandası arasında 9-cu yeri tutmuşdu...
Şakir YAQUBOV
Redaksiyadan: Yazıdakı şəkillər "Neftçi" - 70. Unudulmayan keçmiş. 1937-2007" kitabından götürülüb
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi
PSJ güclü qar altında məşq etdi - Video
"Milan"da 5 illik müqavilə
San-Marino üçün daha bir tarixi imkan
"Kəpəz"in futbolçusu əməliyyat olundu
Haaland buzlu suya girdi - Şəkillər
Azərbaycan basketbol millisi İrlandiyaya qarşı
Fağır bir komandaya 20 qol vurmağın ayıbı...
Endrik üçün Premyer Liqadan təklif
Xuan Mata MLS klubunun ortaq sahibi oldu
Rodri: "Messi tarixin ən yaxşısıdır"
"Barselona"nın futbolçusu: "Ronaldo mənim kumirimdir"
"Real"a "yox" dedi, "Siti"ni seçdi
La Liqada ən yaxşı məşqçi adına üç namizəd
"Qəbələ" 20:0 hesablı qələbə qazanıb
"Yunayted" də onunla maraqlanır
"Onlar mənə satqın deyirdilər"
"Tottenhem" ona görə apellyasiya şikayəti verdi
Yamal UNİCEF-in səfiri oldu
Kosovo millisinə texniki məğlubiyyət verildi
"Yaxşı işləyirsənsə, nəticəsi olacaq” - "Kəpəz"in legioneri
"Real" Diası satmaq fikrində deyil
Xavi "İnter Mayami"ni çalışdırmayacaq
Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
Tayson - Pol döyüşü ən çox izlənilən idman hadisəsi oldu
"Real"ın futbolçusu əməliyyat olundu
"Şamaxı" məşqçisi ilə yolları ayırdı
Acun Ilıcalı haqqında araşdırma başladıldı
Patrik Vieyranın təyinatı açıqlandı
"Arif Əsədov Santuşdan qat-qat yaxşı işləyirdi”
Xavi Messinin baş məşqçisi ola bilər
"Qarabağ" - "Lion" oyununa 1 gündə nə qədər bilet satılıb?