"40 gün məşqsiz qalmaq çoxdur" - Müsahibə

"40 gün məşqsiz qalmaq çoxdur" -  Müsahibə
MÜSAHİBƏ 26 Mart 2020 / 13:42 2543
-  A +

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Qol.az-ın sullarını cavablandırıb.
 
- Koronavirus epidemiyasına görə çempionatda yaranan fasiləni necə keçirirsiniz?

- Demək olar ki, evdəyəm. Çalışıram ki, evdən çıxmayım. Gözləyirik ki, bu virus bitsin, hər kəs öz işinin başına qayıtsın.

- Futbolçularınız fərdi məşq edirmi? Onlara nəzarət edə bilirsiniz?

- Çempionatda fasilənin yaranması ilə bağlı qərardan sonra futbolçularımıza 4 günlük istirahət vermişdik. Ağır oyunlara görə istirahət etməli idilər. İndi verdiyimiz fərdi proqramlarla məşq edirlər. Bəzi futbolçularımızın yaşadığı yerə yaxın park var, bəziləri dənizə yaxın yaşayır. Bəziləri isə demək olar ki, evdən çıxa bilmir. Ümumən fərdi çalışırlar, nəzarət edirik. Çalışırıq ki, növbəti dəfə yığışanadək maksimum tonusda qalsınlar.

- Yəqin futbolsuz darıxırsınız.

- Əlbəttə. Neçə illərdir ki, bu işlə məşğuluq. Futbolçu olanda deyirdik ki, qış və ya yay fasiləsi olsun, istirahət edək, ancaq 5 gün keçən kimi darıxırdıq, yığışıb, futbol oynayırdıq. Bizə deyirdilər ki, istirahətdəsiniz, niyə futbol oynayırsınız? Məncə, hamı razı olar ki, bizim istirahətimiz elə futbol oynamaqdır. Planlarımız var idi. Çətin oyunlar, stress filan... İstirahət  etmək istəyirdik. Amma indi düşünürük ki, kaş həmin vaxtlar olaydı. Həqiqətən komanda üçün də çox darıxıram. Uşaqlarla hər gün bir yerdəydik, ünsiyyətdəydik. Ancaq əsas sağlamlıqdır. İnanıram ki, bu virusdan ən az zərər çəkən ölkələrdən olacağıq. 

Maraqlı məqamdır. Həmişə ildə iki dəfə fasilə olurdu, indi üç dəfə oldu. Düzdür, mən futbolçu olan vaxtda da bir dəfə futbol tam dayanmışdı, onda da çox əziyyət çəkmişdik. Ancaq indi psixoloji  yorğunluq çox olur. Bilirsən ki, evdən çıxmaq olmaz, heç kimlə görüşmürsən. Bunun özü bir psixoloji gərginlik yaradır. Ancaq nə qədər də çətin olsa, özümüz və yaxınlarımızın səhhətinə zərər verməmək üçün buna dözməliyik. Özümüzə məşğuliyyət tapmalıyıq. Şükürlər olsun ki, televiziya proqramları, internet var. Bu bir ay ərzində nəyləsə başımızı qatmalıyıq.

- Siz özünüz koronavirusdan necə qorunursunuz?

- Maksimum çalışıram ki, evdən çıxmayım. Ancaq marketdən alış-verişə gedirəm. Evə gələn kimi əllərimiz spirtlə yuyuram. Bir də ən əsası ünsiyyətdən qaçırıq.

- Sizcə, komandaların bu qədər müddətdə futbolsuz qalması fasilədən sonra onlara necə təsir edəcək? Futbolçuların formaya düşməsi çox vaxt aparacaq?

- Bugünkü günlə götürsək, demək olar ki, futbolçular 40 günə yaxın məşqsiz qalacaqlar. Bu, çoxdur. Biz qış fasiləsində futbolçulara 20 günə yaxın istirahət verirdik, sonra isə məşq etmək üçün bir ay vaxtımız olurdu, təlim-məşq toplanışında komanda formaya düşürdü. Hətta bundan sonra da ilk üç tur çətin keçirdi.  İndi elə bir məqamdır ki, komandaların birlikdə məşq etməyi üçün vaxt olmayacaq. Futbolçular da bunu düşünüb, fərdi məşqlərini dayandırmamalıdırlar. Çəkilərinə fikir verməlidirlər. Ən azı iki həftə hazırlıq keçib və iki yoldaşlıq oyunu keçirsək, çempionata davam edə bilərik. Yenə də 1-2 tur çətin olacaq. Komandalar xarakter göstərməlidirlər.

- Komandanızda İrandan olan iki futbolçu var. İranda koronavirusun geniş yayıldığını nəzərə alsaq, yəqin onlar da ailələri üçün narahatdır.

- Bəli, onlar bu virusun yayılmasından 4-5 ay əvvəl İrana getmişdi. Həmin futboçularla danışmışam, onlara da çox çətindir, darıxırlar. Biz Azərbaycanda öz ailəmizin yanında, evdə darıxırıq. Onlar isə təkdirlər. Həqiqətən çətin durumdadırlar. Ancaq yenə də dözümlü olmalıdırlar. Çünki öz ölkələrinə getsələr, sonra qayıda bilməmək təhlükəsi yarana bilər. Ona görə də gözləyirlər.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq