Nazim Əliyev: «Klubların pulu qurtaranda yəqin ki, yenə yada düşəcəyik»

Nazim Əliyev: «Klubların pulu qurtaranda yəqin ki, yenə yada düşəcəyik»
ÖLKƏ FUTBOLU 19 Yanvar 2009 / 19:02 3757
-  A +

Azərbaycan çempionatları tarixində ən məhsuldar hücumçu adını hələ də özündə saxlayan Nazim Əliyev Qol.Az saytına müsahibə verib.

- Premyer Liqanın səviyyəsi barədə fikriniz necədir?
- Mənə görə hələ ki, kafidir. Görək, bəlkə ikinci dövrədə maraqlı oyunlar izlədik.
- Sizi nə qane etmir?
- Gəlmə oyunçuların çoxluğu. Sayları çox olsa da, Azərbaycan futboluna heç bir xeyir verməyiblər. Yerli futbolçular əvəzedici komandalara göndərilirlər. Hətta 23-25 yaşlı futbolçunu bura da qəbul eləmirlər. İş o yerə çatıb ki, həmin futbolçular karyerasını erkən yaşda başa vururlar. Birinci divizionun səviyyəsi də yuxarı deyil ki, gedib orada oynasınlar. “Şahdağ” liderdir, amma baş məşqçisini komandadan çıxardıb.
- Milli komanda haqqında hansı fikirdəsiniz?
- Həmişə demişəm ki, milli komandalarda yerli mütəxəssislər işləməlidir. Elə klublar da işləyənlər də, ciddi uğur qazana bilməyiblər. Heç bir klub öz oyun tərzi ilə digərlərindən fərqlənmir. İddialı klublar MOİK-dən səviyyəcə o qədər üstün deyillər. Sadəcə müəyyən epizodlarda rəqibin təcrübəsizliyindən istifadə edib qələbə qazanırlar.

- Qayıdaq milli komandaya.
- Bilirsiniz, hazırda yoldaşlıq görüşlərinə hazırlaşırlar. Bu isə heç bir əhəmiyyət daşımır. Seçmə mərhələ oyunları gələndə hər şey məlum olacaq.
- Əvvəlki illərlə müqayisədə milli komandada irəliləyiş görürsünüz?
- Xeyr. Bunun da əsas səbəblərindən biri legioner limitilə bağlıdır. Bu cəhətdən Foqtsu qınamıram. İddialı klublarda oynayanların hamısı legionerlərdir. Belə olan halda o, milli komandaya hardan futbolçu seçsin? Qoy, limiti 5-ə endirsinlər, klublar da zəhmət çəkib səviyyəli futbolçu gətirsin. 15-16 futbolçunun hər birinə 200 min dollar verincə, 5 futbolçu gətirsinlər, dəyəri də 2 milyon, 3 milyon olsun. Bu qiymətdə olan futbolçunun səviyyəsi yüksək olacaq, bizimkilər də ondan nəsə götürəcəklər. Bu günlərdə futbol adamlarından olan bir dostum deyir ki, əvəzedici komandaların yaranması əla oldu. Yaxşı mən razı, əla. Bəs bu futbolçunu yetişdirdikdən sonra harada oynayacaq? Onu əsas komandaya heç kim götürməyəcək. Bu sistem sovet vaxtı da var idi. Amma indiki kimi yox. O vaxtı əsas komanda ilə əvəzedicilər səfərə eyni gündə gedib, eyni şəraitdə hazırlıq keçirdi. Yalnız oyunlarını fərqli gündə oynayırdılar. Amma indi əksər elita klubları əvəzedici komandalara dırnaqarası baxır. Elə hamı deyir, stadion, stadion. İstəmirəm, lazım deyil stadion. Mənə yararlı meydança verin. Əsl qazon e, rezin yox. O süni meydançalar bizi uçuruma aparır. Bunu tibb mütəxəsisləri də deyiblər ki, rezin meydança insan orqanizminə zərərdir. Cavan-cavan futbolçular sağlamlıqlarını süni meydançalara qurban verirlər.
- Azərbaycan futbolunun ən yaralı yeri olan hücumçu problemi də həllini tapmır. Qol vuran yoxdur...
- Elə bu da bayaqdan sadaladığımız problemlərin nəticəsidir.
- Ümumiyyətlə futbolçunun uşaqlıqdan qol duyumu olmalıdır, yoxsa bunu məşqçi öyrətməlidir?
- Təbii, qol duyumu olmalıdır. Amma onu hazırlayan yaxşı məşqçi də olmalıdır.
- Azərbaycanda oynayan legionerlərdən yəni heç bəyəndiyiniz yoxdur?
- Yox, az da olsa var. Amma onlar da bu şəraitdə səviyyələrini itirirlər. Məsələn, Bamba, Banquranı göstərə bilərəm. Səviyyəli futbolçu heç vaxt gəlib bu şəraitdə oynamaz. Onlar gəlib süni meydançanı görən kimi qaçıb gedirlər.
- Bəzən əksinə də olur. Məsələn Subaşiç Azərbaycanda özünü göstərib “Srvena Zvezda” kimi kluba keçdi.
- Burada futbolçunun peşəkarlığından da çox şey asılıdır. Bir müddət milli komandada Subaşiçlə birgə işlədiyimdən deyə bilərəm ki, o, çox məsuliyyətli və işinə peşəkar yanaşan futbolçudur.
- “Birlik kuboku”nda oynayan “İnter”in baş məşqçisi Xodukin də hücumçularının real imkanlardan istifadə edə bilməməsindən narazılıq edir.
- Diqqət yetirin. Elvin Məmmədov, Xaqani Məmmədov, Cavid Hüseynov komandanın Moskvada ən yaxşı təsir bağışlayan futbolçularıdır, hamısı da yerli. Konkret olaraq Xaqani son çempionatın da bombardiridir. Həmin Xodukin cari mövsümdə niyə ona oynamaq şansı vermir?
- Azərbaycan çempionatları tarixində ən çox qol vuran futbolçusunuz. Heç milli komanda rəhbərliyi bu təcrübənizdən istifadə etmək üçün sizə müraciət edib?
- Hələ ki, heç kim tərəfindən belə dəvət almamışam.
- Bəlkə Foqtun sizdən xəbəri yoxdur?
- Nəinki Foqts, heç buradakıların çoxu mənim Azərbaycan çempionatlarının bombardiri olmağımı bilmir. Bir dəfə bir jurnalist məndən soruşdu ki, “istərdiniz kimsə sizin rekordunuzu təzələsin?”. Mən də cavab verdim ki “niyə istəmirəm, təki kimsə bu rekordu qırsın bəlkə, o zaman mən də yada düşərəm”.
- Bəlkə sizinlə münasibəti olmayan federasiyanın hansısa nümayəndəsi milli komandalarda işləməyinizə mane olur?
- Kim bunu niyyətə düşübsə, deməli, düşməninin çox olmasını istəyir. Açığı “Olimpik”ə gələndə elə bilirdim, buna sevinənlər çox olacaq. Amma əksinə, bəzi ağzıgöyçəklər dedilər ki guya mən təzə-təzə işləməyə başlamışam. Halbuki 12 ildir məşqçilik sahəsində çalışıram.
- Əvvəllər futbol oynamaq hücumçu üçün çətin idi, yoxsa indi?
- Əvvəllər. Arxadan sürüşmə fəndinə görə nəinki vərəqə, heç cərimə zərbəsi də vermirdilər.
- Daha çox hansı müdafiəçilərə qarşı oynamaq çətin olub?
- Zaur Qarayev başla yaxşı oynayırdı. Arif Əsədov, Əsgər Abdullyev, Elşad Əhmədovun da adlarını çəkə bilərəm.
- Karyeranızda sizə ən doğma klub hansı olub?
- “Neftçi”də futbola başladığımdan bu klub daha doğmadır. Sumqayıt “Xəzər”i və “Qarabağ”ın da öz yeri var. “Xəzər”in heyətində “Neftçi”yə 3:0 qalib gəldiyimiz oyunu yada salardım. İlk oyunda Tofiq Bəhramov adına stadionda “Neftçi” son dəqiqədə şübhəli penalti ilə bizi udmuşdu. Təkrar oyun Sumqayıtda keçirilirdi və stadion ağzına qədər dolu idi. Hesab 0:0 olarkən 16 metrdən başla Kramarenkoya qol vursam da, müəmmalı şəkildə qolu hesaba almadılar. Həmin oyunda hakimlər də “Neftçi”yə kömək edirdilər. Bununla belə hə
min gün rəqibdən iki baş üstün idik və 3:0 hesabı ilə qalib gəldik. Ümumiyyətlə, ilk milli çempionatın qalibi biz olmalı idik. Sadəcə imkan vermədilər və bu adı “Neftçi” qazandı.
- Ən gözəl qolu hansı komandanın qapısına vurmusunuz?
- Səhv etmirəmsə, ikinci çempionatda “Xəzər”in heyətində Sumqayıtda “Turan”a vurduğum qolu hələ də unuda bilmirəm. Həmin oyunda 1:0 hesabı ilə qalib gəlmişdik.
- Sonda. Bu cür gedişlə futboldan birdəfəlik aralanmağınız mümkündür?
- Mənim başqa sənətim yoxdur. Bir də öz peşəmi çox sevirəm. Milli komandada ikinci məşqçi kimi çalışanda pulsuz işləmişəm. Sadəcə, indi pul var deyə, futbolumuzda əsasən əcnəbilər işləyir. Klubların pulu qurtaranda yəqin ki, biz yenə yada düşəcəyik.

Daha çox


Son xəbərlər