“Qarabağ” bizim nəticəmizi təkrarlamalıdır”

“Qarabağ” bizim nəticəmizi təkrarlamalıdır”
ÖLKƏ FUTBOLU 24 Sentyabr 2014 / 15:27 7289
-  A +

”Neftçi” klubunun müdafiəçisi Elvin Yunuszadə Qol.Az saytına müsahibəsində Premyer Liqamızın son turunda “Qəbələ” ilə heç-heçə (0:0) etdikləri görüşdən və növbəti turda “Qarabağ”a qarşı keçiriləcək qarşılaşmadan danışıb.
 
- Əvvəlcə “Qəbələ” ilə oyununuz haqda fikirlərini bilmək istərdik.
 
- “Qəbələ” səfəri hər bir komanda üçün çətin keçir. Şəxsən mən oranın havasına uyğunlaşa bilmirəm. Bu, istər-istəməz oyunumuza da təsir edir. Ancaq pis oynamadıq. Başabaş mübarizə getdi. İki real qol epizodumuz oldu. Üç xalla geri dönə bilərdik. Ötən mövsümün son iki oyununda “Qəbələ”yə öz meydanında qalib gəlmişik. Ümumiyyətlə, son vaxtar bizim qələbələrimiz daha çoxdur.

- Artıq Arif Əsədovn rəhbərliyi altında iki oyun keçirmisiniz. Oyununuzda yeniliklər hiss olunur?

- Əlbəttə ki, yaxşılığa doğru dəyişiklik var. Hər iki oyunda qapımızı toxunulmaz saxlamışıq. Bu, müsbət cəhətlərdən biridir. Məncə, indi müdafiədə daha düzgün oynayırıq. Mövqe seçimində dəqiq oluruq. Arif müəllim bunların üzərində daha çox çalışmağımızı istəyir. Artıq bu hazırlıqların nəticəsini görürük. İnanıram ki, qarşıdakı oyunlarda Arif müəllimin futbol biliyi komandamıza çox köməklik edəcək.

- Premyer Liqamızın növbəti turunda sizi “Qarabağ”la oyun gözləyir…

- İlk növbədə “Qarabağ”a Avropa Liqasında uğurlar arzu edirəm. “Qarabağ” nə qədər güclü olsa da, biz bu matça adi oyun kimi yanaşırıq. Qələbə qazanmaq istəyirik.

- Bir həftədən sonra “Qarabağ” Avropa Liqasının qrup mərhələsində İtaliya “İnter”i ilə qarşılaşacaq. Rəqibiniz son vaxtlar çempionat oyunlarına yaxşı köklənə bilmir. Bunları nəzərə alsaq, işinizin çətin olmayacağını demək olar?

- Hazırda bir çox komandamızın iki eyni gücdə olan heyəti var. Həm bizdə, həm də “Qarabağ”da ikinci heyət əsas komandadan geri qalmır. İnanmıram ki, “Qarabağ” bizimlə oyuna az əhəmiyyət versin. Tam gücləri ilə oynayacaqlar. Çünki onlar üçün vacib oyunlardan biridir. Heç bir komanda çempionat oyunlarına laqeyd yanaşmaz.

- Baş məşqçiniz Arif Əsədov müsahibəsində bildirib ki, “Qarabağ” hazırda Premyer Liqamızda ən yaxşı oynayan komandadır. Bu fikirlə razısan?
 
- Ən yaxşı komandalarımızdan biridir desək, düzgün olar.

- Avropa Liqasının qrup mərhələsində İtaliya “İnter”inə qarşı oynamısan. “Qarabağ”ın bu komanda ilə matçından nə gözləyirsən?

- Düzdür, “İnter”in adı böyükdür. Ancaq məğlubedilməz komanda yoxdur. Biz bunu bir qədər gec başa düşdük. Səfərdə “İnter”lə heç-heçə oynadıq. Ancaq bir qədər də özümüzə inansaydıq, qələbə qazana da bilərdik. “Qarabağ” futbolçuları da bunu nəzərə almalıdır.

- Sizin səfərdə “İnter”lə heç-heçəniz “Qarabağ”a stimul ola bilər?

- Əlbəttə, bir komanda ilə heç-heçə edirsənsə, deməli, qalib gəlmək də olar. Burada özünəinam hissi çox vacib şərtdir. Gərək “Qarabağ” futbolçuları öz oyununu sərgiləsin. Qarşısındakı komandanın gücünə fikir verməməldirlər.

- Yəni sizin Milandakı nəticənizi (2:2) “Qarabağ”da təkrarlaya bilər?

- Təbii ki, mümkündür. “Qarabağ” bunu etməlidir. Heç-heçə yaxşı nəticə olar. Qalib gəlsələr, lap yaxşı olar. Hər halda Milandan məğlub qayıtmasalar, bunu uğurlu nəticə saya bilərik.
 
Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər