“Avro-2020” və AFFA-nın ən ciddi uğuru

“Avro-2020” və AFFA-nın ən ciddi uğuru
ÖLKƏ FUTBOLU 19 Sentyabr 2014 / 18:11 5550
-  A +

Azərbaycan Avropa çempionatına ev sahibliyi edəcək 13 ölkə arasında 2-ci oldu


Bu gün, sentyabrın 19-u heç şübhəsiz, Azərbaycan futbolunun tarixinə düşdü. UEFA-da keçirilən səsvermədə Bakı “Avro-2020”yə ev sahibliyi edəcək 13 şəhərdən biri oldu.

UEFA İcraiyyə Komitəsində keçirilən səsvermədə Azərbaycan 19 namizəd şəhər arasında ən çox səs toplayanlardan olub. Bu yerdə diqqəti bir məqam çəkir. 1/2 finalın iki matçı və finalı qəbul edəcək London istisna olmaqla, Bakı “Avro-2020”nin 1/4 finalına ev sahibliyi edəcək 4 şəhərdən biri olub ki, təkcə bu faktın özü Azərbaycan üçün ayrıca bir uğurdur.

Qeyd edək ki, 1/4 final Bakı ilə yanaşı Münhen (Almaniya), Roma (İtaliya) və Sankt-Peterburq (Rusiya) şəhərlərində də keçiriləcək.

Bugünkü tarixi uğuru AFFA hazırkı rəhbərliyinin Azərbaycan futbolundakı ən ciddi uğuru kimi də dəyərləndirmək olar. Buna qədər Azərbaycanda qızlar arasında yalnız U-17 dünya çempionatı keçirilmişdi. Təbii ki, həmin yarış nə qədər yüksək səviyədə təşkil olunsa da, bugünkü uğurun miqyasına heç yaxın da dura bilməz.

Şübhəsiz ki, Bakının 19 namizəd şəhər arasında seçilməsi adi səsvermə nəticəsində mümkün olmayıb. Məlumdur ki, uzun illərdir AFFA rəhbərliyi UEFA-nın prezidenti və qurumun İcraiyyə Komitəsinin üzvləri ilə uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində UEFA prezidenti Mişel Platini bir neçə dəfə ölkəmizdə səfərdə olub, AFFA tərəfindən tikilən stadionların açılışında iştirak edib. Bu səfərlər zamanı şəxsən Mişel Platini özü Azərbaycandakı iqtisadi inkişafa şahid olub. Bu inkişafın ölkədə böyük yarışların keçirilməsi üçün idman arenalarının tikilməsinin təminatçısı olması faktını qəbul edib.
Ən başlıçası Avropa çempionatı kimi yarışın final mərhləsinin keçirilməsi üçün digər mühüm məsələ - ölkədəki sabitlik və təhlükəsizlik bugünkü toplantıda Bakının lehinə qərar verilməsində əsas rol oynayıb.

Təbii ki, həm Azərbaycanda sürətlə inkişafın getməsindən, həm də artıq UEFA ilə münasibətlər inkişaf etməyə başlayandan sonra AFFA Azərbaycanın siyası rəhbərliyinin razılığı və dəstəyi ilə Bakının “Avro-2020”yə namizədliyini irəli sürdü. Sonra təbii ki, bu istiqamətdə faəl iş aparıldı. Ən başlıcası AFFA rəhbərliyi UEFA-da ciddi və etibarlı bir qurum kimi qəbul olundu. Bu amil bu gün Azərbaycanın lehinə qərarın verilməsində az rol oynamadı.

Düzdür, Bakı onsuz da əvvəldən çempionata ev sahibliyi edəcək 13 şəhərdən biri kimi göstərilirdi. Amma bugünkü səsvermənin yekunu AFFA-nın daha ciddi iş apardığını ortaya qoydu. Fikir verin, Azərbaycan nəinki 19 ölkə arasından seçildi, həm də digər qalib ölkələr - Avropada söz sahibi olan səkkiz dövləti – Belçika, Danimarka, Macarıstan, Hollandiya, İrlandiya, Rumıniya, Şotlandiya və İspaniyanı geridə qoyaraq 1/4 finalı oyunlarından birini qazandı. Razılaşın ki, ölkəmizin hələ də Ermənistanla müharibə şəraitində yaşaması amili belə, Bakının 1/4 finalı qəbul etməsinə əngəl törədə bilmədi.

Və əgər şərti hesablasaq, Azərbaycan “Avro-2020”ni qəbul etməyə namizəd olan 19, qalib gələn 13 ölkə arasında isə ikinci (Almaniya, İtaliya və Rusiya ilə birgə) yeri tutdu ki, buna görə həm ölkəmizin futbol ictimaiyyətini, həm də AFFA rəhbərliyini təbrik etmək olar.
 
Beləliklə, cəmi altı ildən sonra Azərbaycan böyük futbol bayramına ev sahibliyi edəcək. AFFA-ya bundan sonra həmin yarışı yüksək səviyyədə qəbul etmək üçün daha səylə çalışmaq, biz azarkeşlərə isə bu böyük bayramı səbirsizliklə gözləmək qalır.

Elgün MƏMMƏDOV,
Qol.Az


Son xəbərlər