Mübariz Mənsimov, “Xəzər Lənkəran”ı xilas et!

Mübariz Mənsimov, “Xəzər Lənkəran”ı xilas et!
ÖLKƏ FUTBOLU 17 Sentyabr 2014 / 15:32 11326
-  A +

Axı, hamı bilir ki, bu qədər pulun, şəraitin qarşılığında “Xəzər Lənkəran” “Neftçi” və “Qarabağ”dan daha əvvəl Avroliqanın qrupunda oynamalıydı. Elə isə azarkeşlərin günahı nədir ki, onlar klub rəhbərliyinin pərdəarxası oyunlarına görə sevimli komandalarının normal uğurlarını görə bilmirlər?



“Xəzər Lənkəran” rəhbərliyi Yunis Hüseynovu yenidən kluba qaytarıb. Bu dəfə idman direktoru qismində. Amma istər media, istərsə də azarkeşlər əmindilər ki, çox yaxın vaxtlarda Hüseynov baş məşqçi vəzifəsinə təyin ediləcək.

Bəli, Hüseynovun idman direktoru vəzifəsinə gətirilməsinin klub rəhbərliyinin məkrli planının tərkib hissəsi olduğu şübhə doğurmur. Hüseynov əvvəlcə idman direktoru oldu, sonra isə baş məşqçi təyin ediləcək. Çox yaxın vaxtlarda biz buna şahid olacağıq. Onsuz da artıq neçə vaxtdır mediada türkiyəli mütəxəssis Oğuz Çətinin istefaya göndəriləcəyi xəbəri yayılıb. Bundan da qeyri-adi nəsə yoxdur. Çünki Mais Mənsimov-Tuyqun Nadirov cütlüyü indiyədək baş məşqçilərinə heç bir peşəkar çərçivəyə sığmayan münasibət göstəriblər... Ad çəkilsə, siyahı çox uzanacaq. Amma bu siyahıda elə həmin Yunis Hüseynovun da adı var.

Yunis Hüseynovun “Xəzər Lənkəran”a qayıtmasında qeyri-adi heç nə yoxdur. Qeyri-adi və çox məntiqsiz görünən “Xəzər Lənkəran” rəhbərliyinin atdığı addımdır. Axı, elə həmin Yunis Hüseynov 2012/13 mövsümündə “Xəzər Lənkəran”ın baş məşqçisi olub, amma çox yox, bir-iki xırda uğursuzluqdan sonra klub onunla yolları ayırıb. İndi isə Hüseynov idman direktoru vəzifəsinə gətirilib. Amma maraqlıdır, “Xəzər Lənkəran”da idman direktorları nə iş görür və nə iş görüblər?

Ümumiyyətlə, Mais Mənsimov-Tuyqun Nadirov cütlüyü “Xəzər Lənkəran”ı elə bərbad halda idarə edirlər ki, idman direktorlarının orda nə işlə məşğul olduğunu və ümumiyyətlə, o vəzifəyə niyə gətirildiyini kimsə bilmir. Yunis Hüseynovu cəmi bir mövsüm keçəndən sonra komandaya qaytaracaqdınızsa, onda onu niyə qovurdunuz? Elə iki il əvvəl vəzifəsində qalıb işləyər və normal bir komanda yaradardı də...

Hüseynovdan sonra Toşak, sonra Mustafa Dənizli, lap sonra Oğuz Çətin gətirildi, indi də Yunis Hüseynov yenidən baş məşqçi vəzifəsinə təyin olunacaq. Bu, son iki ildə üçüncü baş məşqçi dəyişikliyi olacaq. Tam məntiqsiz, düşüncəsiz və klubun inkişafına birbaşa əngəl olan bir addımdır!

“Xəzər Lənkəran” rəhbərliyi təkcə indi deyil, həmişə öz məşqçilərinə qarşı belə məkrli üsullardan istifadə edib. Zərbə isə birbaşa kluba dəyib. Mənsimovlar bu klubu yaradıb, sağ olsunlar, amma azarkeşlərə də hörmət qoymaq lazımdı. “Xəzər Lənkəran”a sadiq azarkeşlərinə görə təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda həsəd apara bilərlər. Bu azarkeşin günahı nədir ki, onlar klub rəhbərliyinin pərdəarxası oyunlarına görə sevimli komandalarının normal uğurlarını görə bilmirlər. Axı, hamı bilir ki, bu qədər pulun, şəraitin qarşılığında “Xəzər Lənkəran” “Neftçi” və “Qarabağ”dan daha əvvəl Avroliqanın qrupunda oynamalıydı. Amma ora qədər gedə bilməyib. Niyə? Məgər günahkar məşqçidir? Məgər günahkar Mais Mənsimov və Tuyqun Nadirovun bugünə qədər “Xəzər Lənkəran”a gətirdikləri yararsız legionerlərdi? Təbii ki, yox!

“Xəzər Lənkəran”ın uğursuzluqlarının birinci səbəbkarı, təəssüf ki, elə onun yaradıcısı, klub üçün, Cənub zonasının futbolu üçün bu qədər təmənnasız fədakarlıqlar edən Mübariz Mənsimovdur. Görünür, hər şeyə bilərəkdən, ya bilməyərəkdən göz yumub.

Amma axı bu cür yarıtmaz idarəçiliklə, baş məşqçilərə, ən başlıcası öz işinə belə qeyri-peşəkar münasibətlə “Xəzər Lənkəran” hara qədər gedəcək? Uzağı Azərbaycan çempionatında 2-3-cü yeri tutub, Avroliqaya vəsiqə qazanacaq, orada da cəmi bir-iki mərhələ keçəcək. Bu isə 10 illik tarixi olan bir klub üçün uğur yox, biabırçı göstərici olacaq.

Heyf ki, “Xəzər Lənkəran” azarkeşlərinin taleyinə belə məyusluqları yaşamaq yazılıb...

Hərçənd, bu proses nə vaxta qədər davam edəcək? Mübariz Mənsimov əvvəl-axır klubdakı bu yarıtmaz idarəçiliyə nə vaxtsa son qoyacaqmı?

Hər şey ondan, onun iradəsindən asılıdır, Mübariz Mənsimov əvvəl-axır hər şeyə şəxsən özü  müdaxilə etməli və klubdakı bu biabırçı idarəçiliyə son qoymalı, “Xəzər Lənkəran”ı xilas etməlidir.

Elgün MƏMMƏDOV

Daha çox


Son xəbərlər