“Millimiz birabırçı məğlubiyyətdən nəticə çıxarmalıdır”

“Millimiz birabırçı məğlubiyyətdən nəticə çıxarmalıdır”
ÖLKƏ FUTBOLU 4 Sentyabr 2014 / 17:30 4290
-  A +

"Milli komandamızda ilk hissədə müəyyən çaşqınlıq baş verdi. Müdafiə xətti ilə qapıçımız bir-birini yaxşı anlamırdı. Müdafiədə xeyli boşluq oldu.  Ümumiyyətlə, komandamız belə oyuna öyrənməyib. Yəni adətən biz fasiləyə qol buraxmadan yollanıb, ikinci hissədə isə əzmkar oyunla diqqət cəlb edirik. Bu dəfə erkən qollar buraxdığımız üçün komandamız özünə gələ bilmədi”.

Qol.Az saytına açıqlamasında bu sözləri  “Turan” klubunun sabiq baş məşqçisi Əfqan Talıbov milli komandamızın Rusiya ilə yoldaşlıq oyunu (0:4) haqda danışarkən deyib.

O, komandamızın biabırçı məğlubiyyətini Foqtsun eksperimental heyəti ilə bağlayıb: “Rusiya millisi sürətli oynamağa başlayanda komandamızda problemlər yarandı. Çünki eksperimental heyətlə oynayırdıq. Foqtsun dəvət etdiyi yeni futbolçular sürətli oyunu bacarmırlar. Elə bir heyətimiz olmadı ki, biabırçı məğlubiyyətdən qurtaraq.  Yəqin ki, Foqts müəyyən qənaətə gələcək və seçmə mərhələnin ilk oyununda meydana fərqli heyət buraxacaq”.  
 
Veteran futbolçu Rusiyaya məğlubiyyətin gözlənilməz olmadığını bildirib: “Futbolda hər cür hesabı gözləməlisən. Oyuna həm fiziki, həm də mənəvi cəhətdən hazır olmalısan ki, belə məğlubiyyətlə üzləşməyəsən.  Qoy, belə məğlubiyyətlər yoldaşlıq oyununda olsun. Əsas odur ki, seçmə mərhələnin ilk oyununda  Bolqarıstana qalib gələk.  Rusiyaya 0:4 hesablı məğlubiyyət komandamız üçün seçmə mərhələ oyunları  öncəsi siqnal idi”.

Ə.Talıbov millimizin baş məşqçisi  Berti Foqtsun  Rusiya ilə qarşılaşmadan sonra "Ev oyunlarında biz bütün güclü rəqiblərə sürpriz etməyə qadirik. Mən komandama inanıram” deməsinə də münasibət bildirib: “ Artıq bizim millimizdə ev komandası imici formalaşıb. Bütün rəqiblər Azərbaycan millisi ilə səfər matçından ehtiyatlanır. İstər İngiltərə olsun, istərsə də Almaniya.  Seçmə ərhələnin ilk oyununda Bolqarıstana qalib gələ bilsək, bunun  komandamıza hərtərəfli faydası olacaq. Futbolçularda əhval-ruhiyə yüksələcək. Bolqarıstan üzərində qələbə bizə hava və sukimi lazımdır. Belə olsa, İtaliya və Xorvatiya da bizdən çəkinəcək. Bütün bunlar baş versə, Foqtsun dediklərinə inanmaq olar. Ancaq məğlubiyyətlə başlasaq, çox çətin olacaq. Bolqarıstan millisinin bir neçə futbolçusu “Ludoqorets”də oynayır. Bildiyiniz kimi, bu komanda Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. Bu da göstərir ki, Bolqarıstan millisi kifayət qədər güclü rəqibdir. Buna görə də həmin oyuna çox ciddi yanaşmaq  və Rusiyaya biabırçı məğlubiyyətdən nəticə çıxarmaq lazımdır”.  

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə