Rəşad Sadıqov: "Qış fasiləsinin tərəfdarı deyiləm"

Rəşad Sadıqov: "Qış fasiləsinin tərəfdarı deyiləm"
ÖLKƏ FUTBOLU 6 Fevral 2014 / 18:56 3585
-  A +

"Qarabağ" klubunun kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi


- Uzun müddətdir ki, zədədən əziyyət çəkirsən. Hazırda durumun necədir?

- Demək olar ki, tam sağalmışam. Ancaq birdən-birə məşqlərə qoşula bilmərəm. Fərdi məşqlər edirdim. Artıq üç gündür ki, komanda ilə birgə də hazırlığa başlamışam.

- Növbəti oyuna çıxa bilərsən?

- Xeyr. Meydana çıxmağım üçün hələ tezidr. Oynamağa hazır deyiləm.

- Komandanın durumu necədir?  "Qarabağ" bərpa prosesini keçə bilib?

- Komandada işlər qaydasındadır. Fasilədən sonra ilk oyunumuzu "Xəzər Lənkəran"a qarşı keçirdik. Yetərincə qol imkanlarımız olsa da, istifadə edə bilmədik. Rəqib isə ilk hissədə cəmi bir qol epizodu yaratdı. İkinci hissədə isə standart vəziyyətdən qol vurdular. Bu cür oyunlarda qələbə qazanmaq çox çətin olur. Xeyli qol imkanını boşa verirsənsə, rəqib də bir şansdan istifadə edib qol vurursa, oyunun taleyini dəyişmək olmur.

- Məğlubiyyətdə başlıca səbəb kimi nəyi göstərmək olar?

- Əsas səbəb elə əlimizə düşən qol imknalarından istifadə edə bilməməyimiz oldu. İlk hissədə hesabı 3:0 edə bilərdik.Biz bunu etmədik, əvəzində rəqib daha inamlı təsir bağışladı və qol vurdu. Bundan sonra heç cür özümüzə gələ bilmədik.

- Qış fasiləsindən sonra ilk oyundaca "Xəzər Lənkəran"a gözlənilməz məğlubiyyət komandada ruh düşkünlüyü yaratmayıb?

- Allaha şükür ki, ruh düşkünlüyü yoxdur. Ağır bir çempionatda iştirak edirik. Hər bir komanda öz meydanında və ya səfərdə uduza bilər. Biz də məğlubiyyətə hazırıq. Əsas odur ki, məğlub olanda da buna hazır olasan və toparlanmağı bacarasan. Bundan sonra da məğlubiyyətlər qaçılmazdır.

- "Təlim-məşq toplanışından sonra "Qarabağ"da uğursuzluqlar olur" fikri ilə razısan?

- Əksinə əvvəlki illərdə bizdə belə problem olmamışdı. Bu dəfə isə toplanışa yaxşı başlamadıq. Tam heyətlə hazırlıq keçə bilmədik. Son yoxlama oyunumuz da baş tutmadı. Əsasən son yoxlama oyunu üçün hazırlaşmışdıq. Koamanda əsas heyətlə həmin qarşılaşmada oyanayacaqdı. Çünki buna qədər tam heyətlə oynamamışdıq. Bütün taktiki planlarımızı da həmin baş tutmayan oyunda istifadə edəcəkdik. Ona görə də bu matçın baş tutmaması hazırlığımıza təsir etdi. Ancaq artıq həmin problem arxada qalmaldır. Çünki "Xəzər Lənkəran"la qarşılamışıq. Növbəti oyuna qədər də hazırlaşmağa vaxtımız var.

- Növbəti oyun demişkən, qarşıda sizi "Qəbələ" ilə çətin oyun gözləyir. Ancaq  kubok oyunlarını da nəzərə alsaq, "Qəbələ" 7 oyundur ki, "Qarabağ"a qalib gələ bilmir.

- "Qəbələ"  çox ciddi rəqibdir. Düşünürəm ki, maraqlı və gərgin oyun keçəcək. Statistika bizə heç bir üstünlük vermir. "Xəzər Lənkəran"da bizi uzun müddətdir ki, məğlub edə bilmirdi. Keçmişdə "Qəbələ"nin bizi ardıcıl 7 oyunda məğlub edə bilməməyinin bu gün bizə heç bir xeyri yoxdur.

- Önümüzdəki tur əsas rəqiblərinizdən biri olan "Neftçi" "Xəzər Lənkəran"la qarşılaşacaq. Yəqin sənin üçün də maraqlıdır bu oyun.

- Həmişə bu komandaların oyunu maraqlı olub. Məncə, bu oyun da çox gərgin keçəcək. Xüsusilə Lənkəranda baş tutan oyun daha maraqlı olur. Mən də bir azarkeş kimi oyuna baxacam. Həmişə bu oyunu izləmişəm.

- Üçüncü dövrənin ilk turundan sonra komandalar haqda nə demək olar?

- Komandaların durumu hələlik istənilən səviyyədə deyil. Yəqin ki, 3-4 turdan sonra komandalar özünə gələr. Ümumiyyətlə mən qış fasiləsinin tərəfdarı deyiləm. İstərdim ki, mövsümün sonuna qədər fasiləsiz oynayaq. Artıq bir çox ölkələr də bu sistemə keçib və bəhrəsini görüblər. Qırx günlük fasilənin cəmi 15 gününü dincələ bilirik. Sonra ağır məşqlərə başlayırıq. Bununla da komanda formadan düşür. Sadəcə qışda havalar bir qədər əlverişsiz keçdiyi üçün ürəkli deyə bilmirəm ki, fasilə lazım deyil. Ancaq göründüyü kimi "Qarabağ" öz oyununu yenicə tapmışdı ki, fasilə yarandı. Bundan sonra 3-4 tur lazımdır ki, komandalar əvvəlki səviyyəyə gəlsinlər.  Tək bizdə yox, bir çox komandalarda toplanışdan sonra müəyyən çatışmazlıqlar hiss olunur.

Ramiq AĞAMƏMMƏDOV    

Daha çox


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner