"Azərbaycanda simvolik yığmaya düşmək istərdim"

"Azərbaycanda simvolik yığmaya düşmək istərdim"
XƏBƏR 28 Avqust 2013 / 16:54 2549
-  A +

“İnter”in yeni transferi İlço Naumoski klubun rəsmi saytına müsahibə verib. Qol.Az saytı həmin müsahibəni təqdim edir:


- Futbol karyeranız barədə məlumat verməyini istərdik. Məlumdur ki, siz uzun müddət Avstriyada çıxış etmisən...

- Bəli, futbol karyerama məhz Avstriyada başlamışam. 11 yaşımda Vyananın “Rapid” klubunda futbolla məşğul olmuşam. Peşəkar karyeram 16 yaşımda  Avstriyanın 3-cü divizionunda çıxış etdiyim zaman başlamışdı. Bu klubda bir mövsüm keçirdim və turnirin ən yaxşı bombardiri oldum. 18 yaşımda Qrats şəhərində yerləşən QAK komandasına keçdim. Bu komandanın heyətində Avstiya çempionatının qalibi oldum. Həmin mövsüm biz həm də kuboku qazandıq, beləliklə də “qızıl dubl” etdik.
 
QAK-ın heyətində iki mövsüm keçirdikdən sonra Türkiyənin “Malatyaspor” klubunda çıxış etməyə başladım. Qeyd edim ki, bu komandaya tanınmış mütəxəssis Aykut Qocaman rəhbərlik edirdi. Etiraf edim ki, Malatyada yaşamaq mənim üçün çətin idi. Bəli, Türkiyə çempionatı yaxşı səviyyəsilə seçilirdi, amma mən tezliklə bu ölkəni tərk etdim. Türkiyədə təqribən yarım il keçirdim. Sonra İtaliyaya yollandım. Amma orada da gözlənilməz problemlərlə qarşılaşdım. Belə ki, mənim yeni klubum “Kataniya” vaxtında transfer vərəqəmi almadı və bu isə o demək idi ki, mən rəsmi oyunlarda meydana çıxa bilməyəcəyəm. Buna görə də, məqş etmək və yoldaşlıq oyunlarında iştirak etməklə kifayətlənmək məcburiyyətində qaldım. Bundan sonra Avstriyaya qayıtmağa qərar verdim və növbəti səkkiz mövsüm “Mattersburq” klubunda çıxış etdim.
 
- Bəs “İnter”ə keçidin necə baş verdi?
 
- “İnter” tərəfindən mənə təklif göndərildi və təklifə razılıqla cavab verdim. Azərbaycana da belə gəldim. Etiraf edim ki, məhz bu komandaya qoşulmağıma şadam.
 
- Buraya təşrif buyurmamışdan öncə "İnter" klubu və ölkəmiz haqqında nə bilirdin?
 
- Səmimi deyirəm ki, “İnter” haqqında məlumatım vardı. Makedoniya millisində birlikdə çıxış etdiyimiz Slavço Georgiyevski klub barədə məlumatları mənimlə paylaşdı. O mənə dedi ki, “İnter” Azərbaycanın ən ambisiyalı komandalarından biridir. Ölkəniz haqqındasa onu bilirdim ki, Azərbaycan əvvəllər SSRİ-nin tərkibində olub. Bilirdim ki, 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində “Avrovizion” musiqi yarışması keçirilib. Bundan başqa, mənə məlumdur ki, bu ölkənin millisinə alman mütəxəssisi Berti Foqts rəhbərlik edir. “Neftçi” və “Qarabağ” kimi Azərbaycanın digər klubları haqqında da eşitmişdim.
 
- 2011-ci ildə Makedoniya milli komandası yoldaşlıq matçı keçirmək məqsədilə Azərbaycana gəlmişdi. Həmin oyunu xatırlayırsan?
 
- Bəli, xatırlayıram. Lakin həmin oyunda iştirak edə bilmədim. Xatırlayıram ki, bu oyunda iştirak etmək üçün mənə dəvət gəlmişdi, amma mən “Mattersburq”da keçirdiyim ağır mövsümdən sonra yorulmuşdum və istirahət üçün məşqçidən icazə almışdım.
 
- Artıq bir həftədən çoxdur komandayla birlikdə məşq edirsən. Klub sənə necə təsir bağışladı?
 
- Slavço Georgiyevskilə yaxşı tanış olduğumu bir az əvvəl qeyd etdim. Bundan başqa, Almaniyanın Bundesliqasında çıxış edən Aleksandr İaşvili ilə də mənə tanış idi. Bilirsiniz, Almaniya çempionatı Avstriyada çox populyardır. Digər uşaqlarlasa burada tanış oldum. Baş məşqçimiz Kaxaber Sxadadze haqqında da çox eşitmişdim. O, yaxşı futbolçu idi və güclü klublarda çıxış etmişdi, hazırda o, məşqçilik fəaliyyətilə məşğuldur. Əminliklə deyə bilərəm ki, bizim yaxşı komandamız var. Düşünürəm ki, növbəti matçlarda biz lazımi nəticələri əldə edə biləcəyik.
 
- Şəxsən bu mövsüm öz oyununuzdan nə gözləyirsən?
 
- Öncədən nəsə demək istəməzdim, ancaq ümid edirəm ki, komandaya fayda vermək mənə müyəssər olacaq. İstərdim ki, “İnter” mövsümü mükafatla başa vursun. Kimin qol vurmasısa ikinci dərəcəli məsələdir. Futbol komanda oyunudur, buna görə də hamımız birlikdə uğur qazanmağa can atmalıyıq.
 
- “İnter”in azarkeşlərinə nə qədər qol vuracağına vəd verə bilərsiniz?
 
- Bu, yenə də komanda oyunundan asılıdır. Hücumçu heç nədən qol yarada bilməz. Əgər komanda yaxşı oynayacaqsa, o zaman hücumçulara da asan olacaq, nəticədə daha çox qol vuracaqlar. “Mattersburq”da keçirdiyim səkkiz mövsüm ərzində mən altı dəfə çempionatın yekunlarına əsasən turnirin simvolik yığma komandasına düşmüşəm və Azərbaycan çempionatında da belə uğurla çıxış etməyimi istərdim.

Daha çox


Son xəbərlər
topaz banner