Ötən həftə Ueyn Runinin mövsümün sonu “Mançester Yunayted”i tərk edəcəyi ilə bağlı yayılan xəbərlər diqqəti yenidən bu klubun üzərinə yönəltdi. Görəsən, nə baş verir? “MY”nin ulduzu nə üçün ona doğma olan bir komandanı tərk etsin? Runi son vaxtlar niyə əsas heyətdə oynamır?
Suallar çox idi. Bir müddət keçəndən sonra “MY”nin baş məşqçisi Aleks Fergüsson bildirdi ki, Runinin hazırkı fiziki durumu onu qane etmədiyi üçün bu futbolçunu ehtiyatda saxlayıb.
Bəs, həqiqətdə belədirmi?
27 ildir “Mançester Yunayted”in baş məşqçisi işləyən ser Aleks Fergüssonun bu müddətdə Runi kimi ulduz futbolçularla münaqişəsi az olmayıb. Biz də bu gün yaxın tarixə nəzər salıb “MY”dəki məşqçi-futbolçu münasibətləri ilə bağlı yazını oxucularımızın diqqətinə çatdırmaq istəyirik.
Beləliklə...
POL MAKQRAT
1988/89-ci il mövsümü
Fergüsson futbolçunun statusu haqda: «Makqrat inanılmaz dərəcədə istedadlı idi, elə bil anadangəlmə atlet idi. Öz dövründə bacarığı ilə heç bir mərkəz müdafiəçisinə uduzmurdu”.
Səbəblər: 1986-cı ildə “MY”yə gəldiyi ilk gün Fergüsson spirtli içki içən və idman rejimini pozan futbolçulara “müharibə” elan etdi. Həmin zaman belə oyunçular çox idi. Aleks düz üç il azarkeşlərin sevimlisi və komandasının ən yaxşılarından olan Pol Makqratı düz yola gətirmək istəsə də, buna nail olmadı. Fergüssonun səbr kasasının daşmasının son həddi isə Makqratın komanda yoldaşı Norman Uaytsaydla birgə... sərxoş halda televiziyada müsahibə verərkən görünməsi oldu. Həmin gündən ulduz futboluçunun “MY”dəki karyerası sona çatdı.
Hadisələrin sonrakı axarı: Makqrat 1989-cu ildə “Aston Villa”ya satıldı. O, Fergüssonla münaqişəyə görə hətta “MY”də vida matçı keçirməkdən belə imtina etdi. Birmingem klubunda o, karyerasının yaxşı dövrlərini keçirdi, 1992/93-cü il mövsümünün ən yaxşı oyunçusu seçildi. Azarkeşlər arasında isə Makqratı tanrı adlandıranlar da oldu.
Aleks Fergüsson: “Onun həyat tərzini nəzərə alsaq, uzun müddət belə yüksək səviyyədə oynaması inandırıcı görünmürdü. Mən azarkeşlərin onu niyə bu qədər sevdiyini başa düşürəm. Corc Best nümunəsi də göstərdi ki, insanlar çatışmazlıqları çox olan tanınan insanlara rəğbət bəsləyirlər”.
NORMAN UAYTSAYD
1988/89-ci il mövsümü
Futbolçunun statusu: Onun 14 yaşı olanda qəzetlər belə başlıq vermişdilər: “Mançester Yunayted” yeni Corc Bestini tapdı”. 17 yaşı olanda o, dünya çempionatının final mərhələsinin ən gənc iştirakçısı olmaqla Pelenin rekordunu qırdı. 18 yaşında isə İngiltərə kubokunun finalında qələbə qolunu vurdu. O, ötən əsrin 80-ci illərində, “MY” üçün yaxşı keçməyən dövrdə Brayn Robsonla birgə komandasının ümidinə çevrildi, fanatların sevimlisi oldu.
Səbəblər: Komandanın Bəhreynə səfəri zamanı Aleks Fergüsson səhər tezdən Norman Uaytsaydı Brayan Robsonla barda spirtli içki içərkən yaxalayır və onları otelin yaxınlığında üç kilometr qaçmağa məcbur edir. Amma Pol Makqratda olduğu kimi, Norman Uaytsaydda da cəza tədbirləri alkoqol asılılığından zəif çıxdı.
Hadisələrin sonrakı axarı: 1989-cu ildə “Everton”a satılır. “MY”dən qovulmasına baxmayaraq, Uaytsayd Fergüssona qarşı qəzəbli deyildi. Əksinə o, keçmiş məşqçisinin tənqid olunması üçün ona təklif olunan 50 min funt-sferlinqdən imtina edir. “Everton”da zədə səbəbindən onun karyerası uğursuzluğa düçar olur.
Brayan Robson: “Mənim fikrimcə, “MY”də əsl inqilab Pol Makqratla Norman Uaytsaydın satılmasından sonra başladı. Azarkeşlərin sevimliləri olan futbolçulardan canını qurtarmaqla Fergüsson sübut etdi ki, o, çox ağır və gözlənilməz qərarlar verə bilir. Çoxları düşünür ki, Fergüsson sırf həyat tərzlərinə görə bu futbolçuları komandadan göndərdi. Amma mənə elə gəlir ki, bu məsələdə əsas amil Norman və Polun zədələri idi. Fergüsson başa düşürdü ki, bu problem səbəbindən həmin futbolçulardan istədiyini ala bilməz”.
QORDON STRAKAN
1988/89-ci il mövsümü
Futbolçunun statusu: Fergüssonun “Aberdin”dəki keçmiş futbolçusu, onun “MY”yə gəlişindən sonra komandanın əsəs yarımmüdafiəçisi.
Səbəblər: Münaqişənin kökü hələ hər iki şəxsin “Aberdin”dəki faəliyyəti zamanına gedib çıxır. O zaman Strakan Fergüssondan gizli iş görərək “Köln”ə keçmək üçün ilkin razılığa gəlir. Amma nəticədə Qordon “MY”yə keçməli olur, bir neçə il sonra isə Fergüssonla “toqquşur”. Üç il birgə iş zamanı onlar münasibətlərini qaydasına sala bilmədilər.
Hadisələrin sonrakı axarı: Qordon “Lids”ə satılır. O, bu komandayla İngiltərə çempionu olur, jurnalistlərin versiyasına əsasən, mövsümün ən yaxşı futbolçusu seçilir.
“Mən başa düşdüm ki, bu insana heç bir halda inanmaq olmaz” - deyə Fergüsson özünün avtobioqrafiyasında yazır.
PETER ŞMEYHEL
1993/94-cü il mövsümü
Futbolçunun statusu: Danimarka millisinin tərkibində Avropa çempionu, dünyanın ən yaxşı qapıçılarından biri
Səbəblər: “Liverpul”a “Enfild”də keçirilən acınacaqlı oyundan və üç qol buraxmasından sonra Fergüsson Şmeyheli tənqid edir. Danimarkalı baş verənləri belə xatırlayır: “O gün ciddi mübahisəmiz düşdü. Ertəsi Fergüsson məni iş otağına çağırıb dedi: “Mən səni komandadan göndərməli olacağam. Futbolçumun mənimlə bu tərzdə danışmasını qəbul edə bilmərəm. Bu, mənim komandadakı nüfuzuma zərbə vurur”.
Hadisələrin sonrakı axarı: Şmeyhel bütün komandanın qarşısında Fergüssondan üzr istəyir. Bundan sonra o, “MY”də dörd dəfə İngiltərə çempionu və bir dəfə Çempionlar Liqasının qalibi olur.
Aleks Fergüsson: “Bir dəfə mənim paltardəyişmə otağında Şmeyhellə münaqişəm düşdü. O, futbolçuların yanında mənə hədə-qorxu gəlirdi. Mən Şmeyhelə baxdım və özüm haqda düşündüm: əgər o, mənə bir zərbə vursa, buradan meyitimi aparacaqlar. Mənim əsəbi görünməmə baxmayaraq, belə insidentləri tez unuduram. Əgər mənimlə futbolçu arasında oyun günü nəsə baş veribsə, bu, sonradan unudulur”.
POL İNS
1994/95-ci il mövsümü
Futbolçunun statusu: “Mançester Yunayted”in kapitanı.
Səbəblər: Fergüssonla İns arasında uzun müddət gərgin münasibətlər var idi. Məşqçi futbolçunun öz işinə münasibətindən narazı idi.
Hadisələrin axarı: İns “İnter”ə satılır, Fergüsson isə sonralar sənədli filmlərdən birində kapitanı özünü komanda yoldaşları yanında yuxarıdan aparmasına görə tənqid edirdi. Buna baxmayaraq, onlar münasibətlərini qaydasına sala bildilər. “İnter”ə keçidi haqda danışarkən İns “MY”ni tərk etməyin onun üçün yaxşı olmadığı desə də, İtaliyaya getməyi həyatının ən yaxşı transferi adlandırır və buna görə hətta Fergüssona minnətdarlıq edir.
Aleks Fergüsson: “O, ləqəbi ilə bağlı axmaq addım atdı. Dedi ki, məni bundan sonra “İnsi” yox, “Komandir” çağırın. O zaman başa düşdüm ki, işlər qaydasında deyil. Polun həmin sözləri deyəndə kifayət qədər yaşı vardı. Hiss olunurdu ki, o, çox havalanıb”.
ANDREY KANÇELSKİS
1994/95-ci il mövsümü
Futbolçunun statusu: “MY”nin dörd mövsüm əsas yarımmüdafiəçilərindən biri
Səbəblər: Bəzi məlumatlara görə, Andrey zədədən sonra ona çox oynamaq imkanı verilməməsindən narazı olub. Amma Fergüsson avtobioqrafiyasında bildirir ki, Kançelskisin müqaviləsinin müddətinin uzadılması üçün futbolçuya yaxın olan rus mənşəlli bəzi şəxslər klubun prezidenti Martin Edvardsa rüşvət təklif ediblər, iş alınmayanda ona hədə-qorxu gəliblər.
Hadisələrin axarı: Azarkeşlərin gözləmədiyi halda Kançelskis “Everton”a satılır. O, burada bir mövsüm normal oyun sərgiləyir, lakin sonradan oyununda geriləmə baş verir.
Andrey Kançelskis: “Mən deməzdim ki, Fergüssonun ağır xasiyyəti var. Sadəcə, o, işinə bağlı insandır və çalışır ki, bunu ən yüksək səviyyədə həyata keçirsin. Əlbəttə, onun qəddarlığı da vardı. Hələ o zamanlar çox cavan olan Devid Bekhemlə aralarındakı problemi necə həll etməsini çoxları bilir. Amma heç kim məşqçiyə qarşı kin saxlamırdı. Hamı başa düşürdü ki, o, böyük iş görür, azarkeşlərə yaxşı oyun bəxş etmək istəyir”.
YAAP STAM
2001/02-ci il mövsümü
Futbolçunun statusu: 1990-cı illərin sonu, 2000-ci ilin əvvəlləri üçün Avropanın ən yaxşı mərkəz müdafiəçilərindən biri
Səbəblər: Stam xatirələrində qeyd edir ki, onu başqa kluba satmaq üçün Fergüsson çox cəhdlər edib, bundan başqa onun bəzi futbolçu dostları haqda təhqiramiz ifadələr işlədib
Hadisələrin axarı: Stamın “Fulhem”lə matçda zəif oyunundan sonra hollandiyalı müdafiəçi “Latsio”ya satılır.
Fergüsson: “Stamın satılması mənim səhvlərimdən biri idi. Mən çox səhv etmirəm, amma Stam məsələsində buna yol verdim. Ona “Latsio” ya 18,5 milyon, ya da 16,5 milyon funt-sterlinq təklif edirdi. Mən isə fikirləşdim ki, belə təklifdən imtina etmək olmaz. Axı, o zaman Stamın 30 yaşı vardı. Hesab edirdim ki, Stamın gedişindən sonra boşluğu 36 yaşlı Loran Btanla doldura bilərik, sonra isə cavanlara - Ues Braun və Con O’Şiyə şans vermək olar. Amma bu ehtimallarım özünü doğrultmadı. Hazırda Yaapla münasibətimiz yaxşıdır”.
POL SKOULZ
2002/03-cü il mövsümü
Futbolçunun statusu: “MY”nin yetirməsi, komandanın və İngiltərə millisinin liderlərindən biri
Səbəblər: “Liverpul”la matçda əsas heyətdə meydana buraxılmaması Skoulzun narazılığına səbəb olur. “MY”nin 0:2 hesabı ilə uduzduğu həmin görüşdə Skoulz yalnız oyunun son beş dəqiqəsində meydana daxil edilir. Növbəti matçda, İngiltərə Liqa kubokunun “Arsenal”la görüşündə adını iştirakçılar sırasında görən Skoulz oyuna çıxmaqdan imtina edir. O məşqçiyə bildirir ki, “uşaq-muşaqla bir komandada oynamayacaq”.
Hadisələrin axarı: Skoulz cərimə olunur, amma insident sonradan unudulur. O, ser Alekslə isti münasibətləri bərpa edə bilir.
Pol Skoulz: “Fergüssona fikrimi dedikdən sonra evə qayıtdım. Fikirləşdim ki, bu, mənim “MY”dəki karyeramın sonu ola bilər. Axı, onun mənimlə müqaviləni ləğv etmək üçün tam hüququ vardı. Amma Fergüsson bunu etmədi”.
DEVİD BEKHEM
2002/03-cü il mövsümü
Futbolçunun statusu: dünyanın ən məşhur futbolçusu, “MY”nin əsas ulduzu
Səbəblər: “Arsenal”la İngiltərə kubokunun oyunundan sonra, paltardəyişmə otağında Bekhemlə Fergüsson arasında insident baş verir. Əsəblərinə hakim ola bilməyən Aleks butsu düz Bekhemin başına vurur. Amma deyilənə görə, bu, gərginliyin son həddi olur. Bildirilir ki, buna qədər Fergüsson dəfələrlə Bekhemə xanımı Viktoriya Bekhem tərəfindən təsir göstərilməsindən narazılıq edib.
Hadisələrin axarı: Mövsüm başa çatandan sonra Bekhem “Real”a satılır.
Aleks Fergüsson: “Bekhem evlənənə qədər onunla heç bir problemim yox idi. O, hər dəfə məşqdən sonra bazada qalaraq öz üzərində işləyirdi. O, həqiqətən çox əla bir oğlan idi. Amma toyu olandan sonra Bekhem dəyişdi. Onun şəxsi həyatı ətrafında çox söhbət dolaşmağa başladı. Bekhemin həyatı çox dəyişdi. O, böyük bir ulduza çevrildi, futbol isə onun həyatında az rol oynamağa başladı. Bu zaman onun eqosu üzə çıxmağa başladı”.
ROY KİN
2005/06-cı il mövsümü
Futbolçunun statusu: komandanın kapitanı, “MY”də 12 il çıxış edib
Səbəblər: Kinin klubun televiziyasına verdiyi, amma yayımlanmayan qalmaqallı müsahibəsi onun komandadan uzaqlaşdırılmasına səbəb olur. Müsahibədə o, bir çox komanda yoldaşını və Fergüssonun köməkçisi Karluş Keyruşu tənqid edir. O, Rio Ferdinandın “bostan”ına da daş atırr: “Həftədə 120 min funt sterlinq qazanmaq, “Tottenhem”ə qarşı 20 dəqiqə pis oynamamaq səni superulduza çevirmir”.
Hadisələrin axarı: Fergüsson Kini kapitanlıqdan məhrum edir və onu əvəzedici komandaya göndərir. Bir az sonra isə klub futbolçuyla müqaviləni ləğv edir. Kinin növbəti klubu “Seltik” olur.
Roy Kin: “Çoxları deyir ki, Fergüsson hər şeyi “Mançester Yunayted”in mənafeyi üçün edir. Mən isə belə düşünmürəm. O, yalnız öz şəxsi maraqlarını güdür”.
RUUD VAN NİSTELROY
2005/06-cı il mövsümü
Futbolçunun statusu: “MY”nin son illərdəki ən yaxşı bombardiri
Səbəblər: Liqa kubokunun finalı ərəfəsindəki məşqdə Nistelroy Kriştiano Ronaldo ilə dalaşır və ona belə atmaca atır: “Get, öz atanın qabağında ağla”. Ehtimal olunur ki, hollandiyalı bununla Fergüssonun yardımçısı Keyruşu nəzərdə tutur. Amma bu söz həm də ikibaşlı səslənirdi. Çünki bu hadisədən bir müddət əvvəl Kriştianonun atası dünyasını dəyişmişdi.
Bu hadisə səbəbindən Fergüsson Nistelroyu finalda ehtiyat oyunçular skamyasında saxladı. Nistelroy mövsümün son oyununda adını əsas heyətdə görməyəndə, görüşün başlamasına üç saat qalmış stadionu tərk edir. Bu isə məşqçiylə futbolçu arasında münasibətləri daha da gərginləşdirir.
Hadisələrin axarı: Nistelroy yayda “Real”a keçir.
Ruus van Nistelroy: “Həmin məsələdə Fergüsson ədalətli davrandı. Mənim üçün onun qərarını qəbul etmək çətin idi. Sonradan mən onunla barışdım. Əgər özünə yeni komanda tapırsansa, məhz belə addım atmalısan. “MY”ni bu səviyyətə gətirdiyi üçün hamı Fergüssona minnətdar olmalıdır. O hesab edir ki, klub hər şeydən vacibdir. O, həmişə bu fikri təkrarlayırdı”.
UEYN RUNİ
2010/11-ci il mövsümü
Futbolçunun statusu: “MY”nin ulduzu, İngiltərə millisinin ümidi
Səbəblər: Fergüsson Runinin zədəli olduğunu bildirərək onu bəzi oyunlarda əsas heyətdə buraxmadı. Amma futbolçu reportyorlara açıq şəkildə dedi ki, onun heç bir zədəsi yoxdu: “Mən başa düşmürəm, nə üçün Fergüsson insanlarda başqa fikir formalaşdırır”. Çox tezliklə Runinin nümayəndələri bildirdilər ki, futbolçu komandanı tərk etməyə hazırlaşır.
Hadisələrin axarı: Runi gözlənilmədən mövqeyini dəyişir, “MY”dən getmək əvəzinə klubla müqavilənin müddəti uzadır. Yeni müqaviləyə əsasən, o, həftədə 250 min funt qazanır. Bu isə Runinin “MY”nin ən bahalı futbolçusu olması deməkdir. “MY”də qalmaqla o, komandasına 19-cu dəfə ölkə çempionluğunu qazanmağa kömək etdi.
Uyen Runi: “Mən öz məşqçimizi dahi hesab edirəm. O, mənə inanır və dəstək verir. Fergüsson məni komandasında saxlamağa inandıra bildi. Mən “MY” ilə yeni müqavilə imzalamaqdan məmnunam”.
2012/13-cü il mövsümü
Səbəblər: Fergüsson Runini “MY” üçün mövsümün ən vacib matçlarından birində ehtiyatda saxladı. Bundan sonra gənc futbolçunun mövsümün sonu klubu tərk edib xaricə gedəcəyi xəbərləri yayıldı.
Aleks Fergüsson: “Mənim Runinin növbəti mövsümdə də “MY”nin futbolçusu olacağına şübhəm yoxdur. Zamanı gələndə ona yeni müqavilə imzalanaq təklif irəli sürüləcək. Biz öz futbolçularımızı itirmək istəmirik”.
Tərcümə etdi:
Aydın BAĞIROV
Rusiyanın sports.ru və Britaniya mətbuatının yazıları əsasında
"Real" yeni transferini açıqladı
"Milan" Modriçin keçidini rəsmiləşdirdi
"Komandamdan narazı qalmadım" - Elmar Baxşıyev
Modriç "Milan" azarkeşlərinə səsləndi
"Araz-Naxçıvan" Superliqa klubuna uduzdu
"Qəbələ" "Şamaxı"ya qalib gəldi
"Real"ın oyunçusu: "Betis" mənim evimdir"
PSJ-nin kapitanı: "Bu məğlubiyyət bizə dərs olacaq"
"İmişli"nin yayda daha iki rəqibi bəlli oldu
Klublararası dünya çempionatının rəmzi komandası
"Sumqayıt" onu da göndərdi
Adama Diakabi Almaniya klubuna keçdi
Daha bir azərbaycanlı futbolçu Qırğızıstan klubunda
“Qarabağ” İsveçdə qələbə ilə başladı
U-15 "Region Kuboku"nun qalibi məlum oldu - Şəkillər
"Barselona" transferi açıqladı
Dünya çempionatının ən yaxşıları
Avropa birinciliyi: 4 boksçumuz finalda
Mahir Emrelini vurdular, ara qarışdı - Video+Şəkillər
"Neftçi" İsrail və Polşa klubları ilə qarşılaşacaq
Redon Cica "Qarabağ"la belə vidalaşdı
Azərbaycan boksçusu Portuqaliyada qızıl medal qazandı
Dünya çempionu olan “Çelsi”nin fantastik gəliri
"Turan Tovuz"un növbəti rəqibi məlum oldu
"Futbolu Səudiyyə Ərəbistanına uduzduq"
“Fənərbaxça”dan yeni transfer