“Santuş millimizə xeyiri dəyə biləcək bir məşqçidir” - Qismət Alıyev

“Santuş millimizə xeyiri dəyə biləcək bir məşqçidir” - Qismət Alıyev
XƏBƏR 14 İyun 2024 / 10:17 1665
-  A +

Azərbaycan millisinin üzvü və "Zirə”nin kapitanı Qismət Alıyev Qazaxıtanla keçirilən yoxlama oyunundan (3:2) sonra QOL.az-ın Macarıstana ezam olunmuş müxbirinin suallarını cavablandırıb.

- Azərbaycan millisinin Albaniya və Qazaxıstanla keçirilən yoxlama oyunlarını necə dəyərləndirirsən?

- Milli komandamız ilk gündən istəkli idi. Hamı çox həvəslə çalışır, məşq edirdi. Albaniya millisinə qarşı da uyğun məşqlərimizi keçirdik. Bilirdik ki, bizi çətin oyun gözləyir. Çünki Avro 2024-ün iştirakçısına qarşı oyuna çıxırdıq. İlk 15-20 dəqiqədə istədiyimizi meydanda göstərə bilmədik. Sonradan bacardığımız qədər həm hücumda, həm müdafiədə daha səliqəli oynadıq. İkinci hissədə bəlkə də, bizə düşən fürsətlərdən yararlana bilsəydik, hesab tam başqa ola bilərdi. Həmin oyunu sonradan unudub Qazaxıstanla matç üçün eyni istəklə çalışmağa başladıq. Bu oyunda erkən qolu buraxdıq. Ardınca bir qol da buraxandan sonra istəkli və mübariz şəkildə oynayaraq 3:2 hesablı qələbə qazana bildik. Fikrimcə, gələcək oyunlarda da millimiz bu istəklə, əzmlə çalışsa, hər şey tamam başqa ola bilər.

- Qazaxıstan üzərində qələbənin sevindirici tərəfi o oldu ki, millimiz geri dönüş etdi. Bizim millidə çox vaxt çatışmayan keyfiyyətlərdən biri də bu əzmkarlıq olub.

- Hesab 1:2 olanda paltardəyişmə otağında uşaqların bir-birilərinə güvəni, inamı var idi. Hamı hiss edirdi ki, biz Qazaxıstan millisindən geri qalmırıq. İkinci hissədə oyun baxımından Qazaxıstandan daha üstün idik və qələbə qazandıq. Oyundan sonra da soyunub-geyinmə otağında məşqçimiz Arif Əsədov qeyd etdi ki, bizim bu cür geridönüş etməyimiz millimiz üçün təkan ola bilər. Biz bir birimizə güvənsək, hər oyun bizim üçün daha rahat ola bilər.

- Keçirilən son iki yoxlama matçında millimizin heyətini, oyununu gördük. Bu oyunla, komanda ilə Millətlər Liqasında nəyə nail olmaq olar?

- Düşünürəm ki, istəmədiyimiz bir qrupa düşmüşük. Sentyabrda İsveç və Slovakiya ilə qarşılaşacağıq. Hər iki komanda reytinq cəhətdən bizdən öndədir. Yaxın keçmişə baxdıqda görə bilərik ki, bu üç rəqibin hamısına qalib gələ bilmişik. Onları məğlub etmişiksə, hər bir rəqiblə oynamaq olar. Fikrimcə, digər millilər bizə qarşı daha istəkli olacaqlar, başqa cür yanaşacaqlar. Bizi çətin oyunlar gözləyir. Bizim də məqsədimiz var. Yaxşı nəticələrlə millətimizi sevindirmək istəyirik.

- Son vaxtlar futbolda istər klub, istər milli səviyyəsində gözlənilməz nəticələr qeydə alınır. Bizim millimizdən də Millətlər Liqasında sürpriz gözləmək olar?

- Təkrar edim ki, İsveç və ya Slovakiya millis ilə yaxın keçmişdə oyunumuz onlardan geri qalmırdı. Qazaxıstanla matçda da göstərə bildik ki, istənilən rəqibə qarşı oynaya biləcək bir milliyik. Bundan sonra oyunlarda səhvlərimizi daha da azalda bilsək, düşünürəm ki, Millətlər Liqası bizim üçün başqa cür ola bilər.

- Tanınmış portuqaliyalı mütəxəssis Frenandu Santuş millimizə baş məşqçi təyin edildi. Bu haqda nə düşünürsən?

- Yeni baş məşqçi haqda danışmağa məncə, ehtiyac yoxdur. Onu hamı tanıyır. Onun sayəsində Portuqaliya millisi Avropa çempionu olub. Bunları izləmişik. Futbolçulara gəldikdə, millinin formasını geyiniriksə, o forma uğrunda hər şeyi qurban verə bilərik və verməliyik də. Məşqçimiz isə düşünürəm ki, həm millimiz üçün düşərli olar, həm Azərbaycan futbolu üçün. 

- Santuş “Beşiktaş”da uğurlu olmadığı üçün bu seçim həm də tənqid olunur...

-  “Beşiktaş”da bəlkə də istədiyi kimi alınmadı. Bundan əvvəl Portuqaliya millisi ilə nailiyyətləri göz qabağından keçirəndə bilmək olur ki, böyük təcrübəyə malik və millimizə xeyiri dəyə biləcək bir məşqçidir.

- “Zirə” haqda danışaq. Gərgin mübarizədən sonra mövsümü 2-ci pillədə tamamladınız. Geridə qalan mövsüm haqda nə deyə bilərsən?

- Həqiqətən də, mövsümə yaxşı başlamışdıq. İlk dövrədə komanda istədiyi oyunu göstərə bilirdi. İkinci dövrəyə başlayanda isə zədəli futbolçularımız daha çox oldu. Rafael Utziq və Ceyhun Nuriyev gələndən sonra komandamız hücumda daha da effektiv oldu. Fikrimcə, mövsümün sonluğu bizim üçün yaxşı oldu. Düşünürəm ki, yalnız “Qarabağ”dan geri qalmağımız bizim üçün yaxşı nəticədir.

- “Zirə”ni oyun tərzinə görə tənqid edənlər də olurdu.

- İstəməsək də, sosial şəbəkələrdə qabağımıza yazılar çıxırdı ki, müdafiə futbolu oynayırıq və sairə. Baş məşqçimiz Rəşad Sadıqov isə heç bir oyunda bizə müdafiədən oynamağı tapşırmayıb. Sadəcə olaraq hər komandaya uyğun oynumuzu qururduq. Birinci dövrə elə fürsətlərimiz olurdu ki, onu tamamlaya bilmirdik. İkinci dövrədə isə istədiyimiz oyunu olsun və ya nəticəni olsun, komandamız icra edə bildi. Bizim Avropa Liqasına getməyimizi uğur hesab edirəm.

- Avropa Liqasında “Zirə”dən nə gözləyək?

- Avroliqada 5-6 potensial rəqibimiz artıq bilinir. İyunun 18-i püşk atılmalıdır. Əvvəlcə düşən rəqibi analiz edib tanımalıyıq. Avroliqada məqsədimiz bacardığımız qədər mərhələlər keçməkdir.

Ramiq Ağaməmmədov


Son xəbərlər
27.09.24  15:09

UEFA-dan cəza