“Qrupdakı yerimiz elə 4-cüdür” – Yunis Hüseynov

“Qrupdakı yerimiz elə 4-cüdür” – Yunis Hüseynov
XƏBƏR 17 Oktyabr 2023 / 18:18 4532
-  A +

“Milli komandada əhval-ruhiyyə yaxşı idi. Çünki Estoniyaya qalib gəlmişdilər. Estoniya həmişə güc futboluna üstünlük verir. Bizim millimiz isə topla yaxşı davranır. Həmişə belə komandaların qarşılaşmasında topla yaxşı oynayan tərəf qalib gəlir”.

Bu sözləri Qol.az-a açıqlamasında futbol mütəxəssisi Yunis Hüseynov deyib.

Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsində keçirdiyi son iki oyunu dəyərləndirən Hüseynov yığmamızda çox ciddi çatışmazlığın olmadığını bildirib: “Avstriya ilə dünənki oyunu stadiondan izlədim. Rəqib güclü komandadır. Qrupun favoritlərindən biri idi. Təsadüfi deyil ki, dünənki qələbədən (1:0) sonra Avropa çempionatına vəsiqəni təmin etdilər. Amma buna baxmayaraq, onlardan xal götürmək mümkün idi. Ələ düşən imkanlardan istifadə edə bilsəydik, bir xal qazana bilərdik. Ümumi götürəndə komandamız pis təsir bağışlamadı.

Deməzdim ki, nədəsə çatışmazlıq var. Futbolu 11 nəfərlə oynayırlar. Bəzən hamının oyunu yaxşı alınmır. Rəqiblərdən çox şey asılıdır. Biri var Estoniya ilə oynayasan, biri də var ki, Avstriya ilə”.

Y.Hüseynov millimizin heyəti ilə bağlı da danışıb: “Son günlər millimizin 10 üzvünün legioner həyatı yaşamasından çox danışılır. Amma millidəki legioner futbolçular heç olmasa ortabab çempionatlarda çıxış etməlidirlər. Biz heç vaxt deməmişik ki, futbolçularımız zəif bir xarici komandada oynasa, hər şey düzələcək. Millimizin legioner həyatı yaşayan futbolçularından yaxşı klubda çıxış edənlərini barmaqla saymaq olar. 3-4 nəfər yaxşı klubda oynayanı var. Amma digərlərinin klubları istənilən səviyyədə deyil. Futbolçu həmişə rəqabət olan yerdə artırır. Rəqabət də güclü kublardadır. Deyə bilmərik ki, bizim futbolçular çox yaxşı klublarda çıxış edirlər. Bəli, onlar Azərbaycan Premyer Liqasından gediblər. Amma bəzilərinin klubları bizim çempionatdakından zəifdir. Yüksək liqada çıxış etmək o demək deyil ki, bizim klublardan yaxşıdır”.

Millimizin baş məşqçisi Canni De Byazi son mətbuat konfranslarında haqqında səslənən tənqidi fikirləri qəbul etmir və aqressiv reaksiya verir. Yunis Hüseynov bu durumla bağlı da fikirlərini bildirib:

“Tənqid həmişə olmalıdır. Azarkeşlər, jurnalistlər həmişə istəyir ki, komanda qələbə qazansın. Qələbə olmayanda təbii ki, tənqidlər olmalıdır. Amma gərək tənqid də düzgün ola. Tənqiddən isə nəticə çıxarmaq və səhvlərin üzərində işləmək lazımdır. Təbii ki, bəzi oyunlarda səhvlər çox olub. Həmişə düzgün tənqidin tərəfdarı olmuşam. Bəzi oyunlar var ki, mən də tənqid etmişəm, çatışmazlığı demişəm. Yəqin baş məşqçi nəyisə öz istədiyi kimi görmək istəyir. Ona görə də tənqidlərlə razılaşmır”.

Y.Hüseynov qeyd edib ki, millimiz bu qrupda daha artığını bacarmazdı: “Bizim qrupumuz çətindir. Reallıqla baxsaq, elə yerimiz 4-cüdür. Çünki bircə Estoniyadan güclü idik. O biri komandalardan zəif olduğumuzu demirəm, mübarizə apara bilərdik. Məsələn, Estoniyanı hər iki oyunda udmalıydıq. Belçika və Avstiya isə bizdən çox güclü idi.Bizim hazırda gücümüz budur”.


Son xəbərlər
04.04.26  14:17

Kadidən 40-cı qol

topaz banner